Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:52

Bu dibsiz quyunun ağzını bağlamaq lazımdır


Denis Diderot (1713 – 1784)
Denis Diderot (1713 – 1784)

- Fransız maarifçi filosofu Deni Didronun "Rahibə" əsərindən vəkil Manurinin məhkəmə monoloqu Günel Mövludun tərcüməsində

"Bu monoloq insanı cəmiyyətdən, çevrəsindən ayrılmağa, onu təməl instinktlərindən imtina etməyə məcbur qoyan qaydalara qarşı yönəlmiş əvəzsiz arqumentlərdir."

Deni Didro

RAHİBƏ

Ön söz

"Rahibə" filmindən. Rejissor Guillaume Nicloux
"Rahibə" filmindən. Rejissor Guillaume Nicloux

"Rahibə" (fransızcası "La Religieuse") materialist filosof, sənət nəzəriyyəçisi, yazıçı, dramaturq Deni Didronun 1780-ci ildə qələmə aldığı və yalnız filosofun ölümündən sonra - 1796-cı ildə nəşr edilmiş romanıdır.

"Rahibə" romanı əsərin baş qəhrəmanı olan gənc qızın zorla monastıra göndərilməsi ilə başlayır.

Süzanna - nikahdankənar doğulmuş övladdır. Bunu bilmədiyinə görə uzun müddət valideynlərinin ona olan soyuq və xoşagəlməz münasibətinin səbəbini başa düşmür.

Anasının ona xəyanət etməsinə baxmayaraq, o, necə doğulması barədə sirri açmır - halbuki, bu, onu kilsə zəncirlərindən xilas edə bilərdi.

Monastırdan çıxmaq uğrunda uzun-uzadı mübarizə aparandan sonra Süzanna uğursuzluğa məruz qalır, məhkəmə onun iddialarını qəbul etmir və Süzanna monastırdan qaçmalı olur.

Filosofun yaşadığı dövrdə hər bir insan müəyyən məbləğ ödəyib, monastır üzvü ola bilərdi.

Didro bu qaydanı qəhrəmanın dili ilə belə izah edir: 2 min ekünün xətrinə rahibələr ömür boyu yalan danışmağa və sadəlövh qızları əlli, altmış illik ümidsiz bir həyatın içinə atmağa hazırdırlar".

Romanın əhəmiyyəti yalnız filosofun kilsə həqiqətlərini ifşa etməsi ilə deyil, cəmiyyətin inkişafına mane olan feodal-dini prinsiplərin ifşasındadır.

Didro fərdin sosial çevrə sayəsində formalaşan intellektual və əxlaqi bazasına əsaslanaraq, insanı cəmiyyət və təbiətdən təcrid edən monastırların ləğvini tələb edir.

"Rahibə" - maarifləndirici, fəlsəfi romandır.Didro özü roman barədə deyirdi: "Düşünürəm ki, hələ heç vaxt monastır əleyhinə bundan dəhşətli satira yazılmayıb."

"Rahibə"ni yazmağa filosofu həvəsləndirən şərtlərdən biri, on səkkizinci əsrin əllinci illərində Avropa monastır həyatının ifşası olmuşdu.

Kilsə həyatı, məişəti inqilabaqədərki Fransanın ən həyacanlandırıcı mövzularından biri idi.

O illərdə Didro öz dostları ilə birlikdə monastırdan qaçmış, təqiblərdən cana doymuş bir rahibənin məktubunu insanlar arasında yaymağa başlamışdılar. Əsas məqsəd müqəddəs adlanan məkanlarda hökm sürən əxlaq və qaydaları ifşa etməkdən ibarət idi.

Başqa bir versiyaya görə, markiz de Kruamar adlı şəxs Didro və digər ensiklopediyaçılarla dostluq edirdi. Markiz Parisi tərk edəndən bir müddət sonra dostlar onu Parisə qaytarmaq üçün vasitə fikirləşirlər.

Yadlarına düşür ki, markizi bərk narahat edən məsələlərdən biri Lonşandakı monastıra zorla qapadılmış gənc rahibə Süzanna Simonenin məhkəmə işi idi.

D. Didro və dotsları bu məsələdən istifadə edərək, belə bir əhvalat uydururlar ki, guya Süzanna monastırdan Parisə qaçıb və markizdən kömək istəyir. Normand ucqarlarında bu məktubları oxuyan markizin ağlına da gəlmirmiş ki, bu məktubları yazan əslində Didrodur.

Süzannanın real prototipi, həyatının altmış ilini zorla monastırda keçirməli olmuş Mariya Telamarın həyatını əsər halına salandan sonra əsərdəki güclü anti-klerikal mövqeyə görə onu nəşr etmək mümkün deyildi.

1760-cı ildə, əsər tam hazır olandan sonra da yalnız filosofun ən yaxın dostları oxuya bilmişdi.

Əsərin işıq üzü görməsi ancaq 1796-cı ildə, bütün maneələr aradan qalxandan sonra mümkün oldu. "Rahibə" bir çox dillərə çevrilərək, Fransa, Belçika, Hollandiya, İngiltərədə böyük uğur qazandı.

Oxuduqlarınız roman barədə qısa məlumat idi. "Rahibə"nin ən təsirli hisslərindən biri, Süzannanı məhkəmədə müdafiə edən, monastırdan buraxılmasını tələb edən vəkili cənab Manurinin monoloqudur.

Bu monoloq insanı cəmiyyətdən, çevrəsindən ayrılmağa, onu təməl instinktlərindən imtina etməyə məcbur qoyan qaydalara qarşı yönəlmiş əvəzsiz arqumentlərdir.

Günel Mövlud

Vəkil Manurinin məhkəmə monoloqu

Əslində, insanlar gizlicə də olsa, anlayırlar ki, bu məhbəslərin qapıları bircə nəfər bədbəxtin üzünə açılsa, böyük bir izdiham bu qapıdan zorla çıxmağa can atacaq.

Buna görə də, onlar bizim əzmimizi əlimizdən almağa, taleyə boyun əyməyə, hər cür dəyişikliyə olan ümidimizi öldürməyə çalışırlar.

Mənə elə gəlir ki, yaxşı idarə olunan dövlətdə monastırdan çıxışı deyil, ora girişi çətinləşdirmək lazımdır.

Məgər dövlət quruluşu üçün monastırlar bu qədərmi vacibdir? Məgər rahib və rahibələr institutunu İsa Məsihmi təsis etmişdi? Məgər kilsə monastırlarsız keçinə bilməzmi?

Bu qədər çılğın gəlin səmavi adaxlının, bu qədər qurban bəşəriyyətin nəyinə lazımdır?

Məgər insanlar heç vaxt başa düşməyəcəklərmi ki, gələcək nəsilləri də məhv edən bu dibsiz quyunun ağzını bağlamaq lazımdır?

Bütün çeynənmiş dualar bir fağıra mərhəmət göstərib, uzatdığınız sədəqəyə dəyərmi?

İnsanı sosial məxluq kimi yaradan Tanrı, onun hücrəyə qapadılmasını təqdir edə bilərmi? İnsanı bu qədər fikirləri dəyişkən, nizamsız məxluq kimi yaradan Tanrı onun andlarının dəyişməzliyini, sabitliyini qanuni saya bilərmi?

Təbiətin bizim mayamıza qoyduğu meyllərə tamamilə zidd olan bu andlara ehtirasları artıq ölmüş o azsaylı, gücsüz məxluqlardan başqa kimsə əməl edə bilərmi?

Belələrini isə biz, əgər insanın mənəvi quruluşundan onun bədən anatomiyasından baş çıxardığımız qədər rahat və asanca baş çıxara bilsəydik, ancaq eybəcərlərin siyahısına əlavə edə bilərdik.

Məgər qadını və kişini rahibliyə, rahibəliyə, bununla da bədbəxtliyə təşviq edən zaman baş tutan o qaramat andlar, o qaramat mərasimlər içimizdəki heyvani instinktləri kökündən yox edirmi?

Əksinə, başları çoxlu əyləncələrə qarışan günahkar bəndələrdən fərqli olaraq, monastırdakı susqunluq, məhrumiyyətlər bu instinktləri zahidlərin içində daha da dərinləşdirmirmi?

Kabusların, natəmiz güclərin təqib edərək, dəlilik həddinə çatdırdığı iltihablı beyinləri ən çox harada görmək mümkündür?

Dərin məyusluğu, avazımış, qanı qaçmış üzləri, arıqlığı, çürüyüb gedən, özünü üzüb bitirən insan təbiətinin bütün bu göstəricilərini ən çox harada görmək mümkündür?

Gecələr ən çox harda narahat iniltilər eşidilir, gündüzlər isə səbəbsiz kədərin doğurduğu səbəbsiz göz yaşları axıdılır? Başqa harada zorakılığa məruz qalmış, qəzəblənmiş təbiət öz qarşısındakı bütün maneələri qıraraq, dəli olur və orqanizmi xilası mümkün olmayan pozğunluğa aparıb çıxarır?

Başqa harada kədər və qəzəb bütün ictimai instinktləri məhv edir? Başqa harada insan atadan, anadan, bacıdan, qardaşdan, doğmalarından və dostlarından məhrumdur?

Başqa harada özünü müvəqqəti və gəldi-gedər varlıq hesab edən insan dünyadakı ən incə bağlara yolçunun yoldakı əşyalara bəslədiyi laqeyd, ögey münasibəti bəsləyir?

Başqa harada bu qədər nifrət, bu qədər ikrah, bu qədər çılğınlıq yaşayır? Başqa harada bu qədər köləlik və bu qədər despotluq var?

Başqa harada bu qədər doyub-dolanmaq bilməyən qəzəb var? Sükut içində yetişmiş ehtiraslar başqa harada ölüb gedir? Qəddarlıq və xəstə maraq başqa harada bu qədər çoxdur?

Heç kim bu sığınacaqların tarixini bilmir, heç kim.

Kasıblıq andın içmək, tənbəl və oğru olacağına and içməkdir.

Bəkarət andın içmək Tanrının ən müdrik və ən vacib qanununu daimi pozmaq andı içməkdir.

Tabe olacağına, boyun əyəcəyinə and içmək, insanın ən təməl haqqından - azadlıqdan imtina etməkdir.

Əgər insan bu andlara sadiq qalırsa, o cinayətkardır. Əgər bu andı pozursa, kafirdir. Monastır həyatı ya fanatikin, ya da riyakarın həyat tərzidir.

XS
SM
MD
LG