Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:05

Ankarada terror [Partlayış anının videosu]


Ankarada terror. Partlayış anı
Gözlə

No media source currently available

0:00 0:00:18 0:00

Ankarada terror. Partlayış anı

-

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

ÖLƏNLƏRİN SAYI 86, YARALILAR 186 OLDU

Ankaradakı iki partlayışda 86 nəfər ölüb, 186 nəfər yaralanıb, onlardan 28-i reanimasiyada yerləşdirilib.

Bu haqda səhiyyə naziri Mehmet Müezzinoğlu məlumat verib.

Türkiyə rəsmiləri terror aktının intiharçı tərəfindən törədildiyini bildiriblər.

Partlayışın baş verdiyi ərazidə solçuların təşkilatçılığıyla sülh marşı keçirilməliydi. Onlar ölkənin cənub-şərqində Türkiyə hökuməti ilə kürd yaraqlıları arasında gedən silahlı münaqişənin dayandırılmasına çağırış edəcəkdilər. Aksiya təxirə salınıb.

Partlayışa görə hələlik heç kim məsuliyyəti üzərinə götürməyib.

Terror aksiyasından sonra Kürdüstan İşçi Partiyası - PKK bəyan edib ki, noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində hərbi əməliyyatları dayandırır.

Türkiyə Hərbi Hava Qüvvələri iyulun 25-dən PKK-nın İraqın şimalında yerləşən hərbi bazalarına zərbələr endirməyə başlayıb. Bundan sonra təşkilat Ankarayla iki il öncə əldə olunmuş atəşkəsin dayandırıldığını elan edib. Türkiyə PKK-nı separatçılıqda ittiham edir.

ƏLİYEV ERDOĞAN-A ZƏNG EDİB

Prezident İlham Əliyev oktyabrın 10-da Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la telefonla danışıb.

Prezidentin mətbuat xidmətinin məlumatında deyilir ki, İlham Əliyev Ankarada terror aktı nəticəsində xeyli sayda insanın ölməsi və yaralanması xəbərindən dərin sarsıntı hissi keçirdiyini bildirib.

Prezident bu ağır dəqiqələrdə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu vurğulayıb.

PKK, YOXSA İŞİD?

«Ankarada baş verənlərdə iki terrorçu qruplaşmadan birinin əli ola bilər. Bu ya PKK-nın işidir, ya da İŞİD-in».

Politoloq Elxan Şahinoğlu oktyabrın 10-da Türkiyə paytaxtında partlayışlardan danışarkən belə deyir. O yada salır ki, İŞİD bu yaxınlarda Türkiyədə 30-40 nəfərin ölümünə səbəb olmuş partlayış törətmişdi, PKK da çox sayda belə terror aksiyalarına imza atıb.

Politoloq hesab edir ki, bütün bunlardan sonra Türkiyə hökuməti daha sərt addımlar atmağa məcbur qalacaq: «İstər PKK-ya, istərsə də İŞİD-ə qarşı mübarizəni gücləndirməyə məcburdur».

Elxan Şahinoğlu deyir ki, hökumətdən sərt davranmağı həm də toplumun təpkisi də tələb edə bilər. O bir müddət öncə iki polisin ölümündən sonra toplumun reaksiyası nəticəsində güc strukturlarının keçirdiyi əməliyyatları xatırladır: «Hakimiyyətdə olduğu 13 ildə ilk dəfə Erdoğan PKK ilə danışıqlara ara verib silah diliylə danışdı. Bunu tələb edən də cəmiyyət idi».

Elxan Şahinoğlu diqqəti həm də ona yönəldir ki, hadisələr seçkiöncəsi baş verir. Bu hadisələrin kimin lehinə, kimin əleyhinə işləyəcəyini qırağa qoyaq. Politoloq deyir ki, indi çoxu düşünür: «Bu partlayışlar seçki günündə də baş verəcəkmi?». Hökumət öz addımlarıyla bu suallara aydınlıq gətirməli olacaq.

İLHAM ƏLİYEV BAŞSAĞLIĞI VERDİ

Azərbaycan prezidenti İlham Əliyev Ankaradakı partlayışla bağlı türkiyəli həmkarına başsağlığı verib.

«Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizəni zəruri hesab edirik» - məktubda bildirilir.

AZI 30 ÖLÜ

Oktyabrın 10-da Türkiyə paytaxtı Ankarada dəmiryolu vağzalı yaxınlığında səhər saat 10-da iki partlayış baş verib. Ən son xəbərə görə, 30 nəfər ölüb, 126 nəfər yaralanıb.

Türkiyə mətbuatı yazır ki, şənbə partlayışı Ankarada son illərdə baş vermiş ən ağır terror hadisəsidir.

Cümhuriyyət Partiyasının lideri Kemal Kılıçdaroğlu deyib: «Mən hər zaman bunu təkrarlamışam və yenə təkrar edirəm, siyasi görüşündən asılı olmayaraq, inancından asılı olmayaraq, hamımız terroru bir yerdə qınamalıyıq. Türkiyə layiq olmadığı bir tablo ilə qarşı-qarşıyadır. Biz terrora qarşı mübarizəmizi davam etdirəcəyik».

HDP başqanı Selahattin Demirtaş isə bu hadisəni Türkiyənin hər cür axmaqlığın baş verdiyi ölkəyə çevrilməsi ilə izah edib. «Bizi gecə-gündüz təqib edən, üç adamın nümayişə çıxacağı yerə yüzlərcə polisi yığan hökumətin bu hücumdan xəbəri olmaması mümkün deyil», - o deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG