Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:54

«Azərbaycan qapılarını bağlayır»


Heydər Əliyev Hava Limanı.
Heydər Əliyev Hava Limanı.

-

«Aldadıcı müasir görünüşlü Heydər Əliyev aeroportuna bir ilıq və dumanlı axşamüstü çatdıq», - «Amnesty International» hüquq-müdafiə təşkilatı Azərbaycan üzrə tədqiqatçısı Natalia Nozadze-nin məqaləsini dərc edib. Nozadze həmkarıyla birlikdə oktyabrın 7-də Azərbaycandan deportasiya olunub.

Müəllif yazır ki, immiqrasiya nəzarət masaları yuxulu, rahat, dostyana sifətli əməkdaşlarla doluydu, növbəyə düzülənləri beləcə rahatlıqla yola salırdılar. «Ancaq həmkarımla yaxınlaşanda sifətlər çaşqın bir görkəm aldı. Bir neçə dəqiqəyə digər mühacirət rəsmiləri bizi dövrələdi və dalbadal telefon zəngləri etməyə başladılar. «Deport» və «problem» sözlərini eşidirdim, ancaq heç kəs bir izahat vermirdi… Nəhayət, başçıları bizə yaxınlaşdı və dedi ki, ölkəyə girişimiz qadağandır. «Sizə izahat verə bilmərəm, sistem belə göstərir», - bunu deyib pasportlarımızı aldı və bizi növbəti uçuş üçün gözləmə zalına müşayiət etdi».

«Gözləyərkən görüşməyi planlaşdırdığım adamlar barədə düşünürdüm. Bu dəfə siyahım həmişəkindən qısaydı: hökuməti tənqid etməyə hələ də cəsarəti çatan bir neçə jurnalist, onlardan da az insan haqları müdafiəçisi və bir neçə müxalifət partiyası… Son 5 ildə siyahı getdikcə qısalır və Azərbaycanda hazırda 20-dən çox vicdan məhbusu var. Onları sadəcə hökumətə dinc müqavimət üstündə həbsə atılıblar».

Müəllif «Amnesty International»a qoyulan qadağanın son illər Azərbaycanın beynəlxalq tənqidi susdurmaq yönündə son addımlarından olduğunu bildirir.«Beynəlxalq ictimaiyyət nadir hallarda Azərbaycanda insan haqlarının son illər bərk pisləşməsinə reaksiya verib. Təəssüf ki, Azərbaycana görünməmiş repressiya dalğasını sürdürməyə və vətəndaş cəmiyyətinin, demək olar, kökünü kəsməyə imkan verilib», - müəllif yazır.

Qaçqınlar Almaniyada.
Qaçqınlar Almaniyada.

QAÇQINLAR AVROPA ƏHALİSİNİ CAVANLAŞDIRIR

Suriya, Əfqanıstan və digər müharibə zonalarından Avropaya qaçqın axını qabarıq bir demoqrafik ziddiyyəti üzə çıxarır: yüz minlərlə əsasən gənclərdən ibarət dalğa dünyanın ən yaşlı əhalisinin toplaşdığı bir məkana üz tutub.

«Pew» Araşdırmalar Mərkəzi yazır ki, Avropa on illərdir yaşlaşır – əhali qocalır, doğum səviyyəsi aşağıdır. 1950-ci ildə qitə əhalisinin 8%-i 65 və ya daha yaşlı idisə, 1990-cı ildə bu rəqəm 12.7%-ə, bu il isə 17.6%-ə çatıb.

Əvvəllər də miqrasiya Avropanın demoqrafik mənzərəsini dəyişib – türklər Almaniyaya, şimali afrikalılar Fransaya, qərbi hindistanlılar və pakistanlılar Birləşmiş Krallığa üz tutub. Ancaq indiki miqrasiya qitənin dinamikasını büsbütün dəyişə bilər.

Avropa Birliyinin statistika agentliyi olan «Eurostat»ın məlumatına görə, bu il AB ölkələrində sığınacaq üçün müraciət edən 689 min insanın 81%-nin yaşı 35-dən azdır; yarıdan çoxu (55%) 18-34 yaşlıdır.

Bəzi təhlilçilər qaçqın axınının qocalan Avropaya uzun müddətə fayda verəcəyini, gənc işçi qüvvəsini artıracağını deyir. Skeptiklər isə miqrasiyanın qocalma tendensiyasını əngəlləyə bilməyəcəyini düşünür. Məsələn, BMT-nin 2001-ci ildə açıqladığı hesabata görə, 1995-2050-ci illərdə 17.8 milyon miqrant Almaniya əhalisini qocalmaqdan xilas edə bilər. Ancaq bu halda belə işçi qüvvəsinin qocalara nisbəti düşməkdə davam edəcək.

Vladimir Putin və Alyaksandr Lukashenka
Vladimir Putin və Alyaksandr Lukashenka

AVROPANIN SONUNCU DİKTATORU

«Ukrayna böhranı bütün tərəflər üçün ağrılı oldu. Rusiya sanksiyalar altındadır. NATO «soyuq müharibə»dən bəri ən ciddi problemlə üz-üzədir. Parçalanmış, müharibəyə boğulmuş Ukrayna isə özünə gəlməyə çalışır. Bu qarışıqlıqdan bir nəfər qalib çıxıb: Ukraynanın şimalındakı Belarusun bığlı rəhbəri Alyaksandr Lukashenka». Bunu «The Economist» yazır.

«Lukashenka 21 ildir Belarusu idarə edir. Oktyabrın 11-də beşinci dəfə prezident seçkisinə qatılır. Onun qələbəsi heç kəsi təəccübləndirməyəcək. «Avropanın sonuncu diktatoru» kimi tanınır və hər yerə 11 yaşlı oğlu ilə gedir».

«Kiyevdə inqilabdan sonrakı xaosu görən belaruslar Likashenka-nın sabitliyi saxladığını düşünürlər», - bunu siyasi təhlilçi Valery Karbalevich deyir... Ukrayna münaqişəsində Lukashenka özünü dövlət xadimi kimi göstərə bilib. Neytral mövqe tutub, Rusiyanın Krımı anneksiya etməsini tanımayıb. Paytaxt Minskdə sülh danışıqları keçirilib.

Məqalədə vurğulanır ki, Lukashenka üçün Qərb Belarusun Rusiyadan asılılığına balans yaradır. Nə qədər yaxın olsalar da, Rusiya ilə münasibətlərdə gərginliklər baş verir... Belarus Putin hökumətinin yardımına bel bağlayır, bu il o da kəsilib. İxracın azalması bu il ÜDM-nin 3.5% düşməsinə gətirə bilər. İlk dəfə olaraq seçkidən öncə dövlət müəssisələrində çalışanların maaşları artırılmayıb. Bu yay böyük südçülük fabrikində işləyənlərə maaş yerinə qatılaşdırılmış süd verməyə başladılar. Pul axtaran Lukashenka BMT Baş Assambleyasında Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde-ı bir dəstə güllə qarşıladı.

«The Economist» vurğulayır ki, Lukashenka-nın Belarusu Qərbə istiqamətləndirdiyini düşünmək sadəlövhlük olardı. Hər halda son bir neçə ildə Belarus daha çox Rusiya ilə yaxınlaşıb: «Nüfuzlu bir biznesmen deyir ki, Lukashenka Qərblə yaxınlaşır ki, Rusiyadan qızıl yağsın. Prezident məhsulu yığmağa hazır vəziyyətdə durur».

XS
SM
MD
LG