Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:40

-

AXCP Rəyasət Heyətinin üzvü olan Qarabağ qazisi Asif Yusiflinin işi üzrə apellyasiya məhkəməsi başa çatdı. Oktyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində Faiq Qasımovun sədrlik etdiyi hakimlər heyəti Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxardı.

Məhkəmənin nəticəsi elan olunmamışdan əvvəl dövlət ittihamçısı çıxış etdi. Prokuror bildirdi ki, birinci instansiya məhkəməsində həm Asif Yusifli, həm də onunla birlikdə mühakimə olunan Rafiq Hüseynova qarşı ittihamlar sübuta yetirilib, onlara verilən cəzalar da əməllərinin ictimai təhlükəlilik dərəcəsinə uyğundur: «Apellyasiya şikayətləri əsassızdır, ona görə də təmin olunmamasını və hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edirəm».

Asif Yusiflinin vəkili Fəxrəddin Mehdiyev replika hüququndan istifadə edərək, prokurorun çıxışından təəccübləndiyini dedi: «Prokuror şikayətimizin əsassız olduğunu bildirsə də, əsassızlığın nədən ibarət olduğunu göstərmədi. Apellyasiya şikayətimizdə qeyd etdiyimiz pozuntu hallarını təkzib edən bircə dəlil ortaya qoymadı. Zərərçəkmiş qismində tanınan şəxs ərizəsini geri götürübsə, şikayətçi, maddi ziyan yoxdursa, bu işin ictimai təhlükəliliyi haradadır? Ümumiyyətlə, prokurorluq son vaxtlar qanunsuzluq nümunələri yaradır, bu da növbəti presedentdir».

Vəkilin çıxışından sonra müşavirəyə gedən məhkəmə təxminən iki dəqiqə sonra qayıdaraq, hökmün qüvvədə saxlanıldığı elan etdi.

Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna açıqlamasında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti veriləcək.

AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusifli Fəridə Zülfüqarova adlı bir zərərçəkənin şikayəti əsasında həbs olunub, onun vəsaitini mənimsədiyi iddia olunur. Asif Yusifli 7 il yarım həbs cəzası alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG