Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:51

Tolstoy. Hakimiyyətə soxulan yaltaq və axmaqlara niyə tabe olmalıyam?


Lev Tolstoy. Nesterovun çəkdiyi portret

Lev Tolstoy. Nesterovun çəkdiyi portret

- "Dörd ay keçdi, ancaq çarın bu təhqirinə qarşı heç bir qımıltı belə, olmadı, əksinə, indi hamılıqla, ürəkdən, çarın Moskvada keçiriləcək tacqoyma mərasiminə hazırlaşırlar."

"Məmurlar. Kimdir, bu məmurlar? Onlar öz şəxsi mənfəətlərini təmin eləmək üçün hakimyyət idarələrinə soxulmuş adamlardır və onların özləri üçün daha çox pul qazana bilməkdən başqa bir məqsədləri yoxdur"

"İdarəçilik adı altında anlamsız yalanları və yaltaqlığı özünə peşə eləmiş bu adamlar..."

Rus dilindən Araz Gündüz çeviribdir

LEV TOLSTOY

ANLAMSIZ XƏYALLAR

Lev Tolstoy

Lev Tolstoy

Bu il, 17 yanvar 1895-ci ildə, rus aristokratiyasının və Rusiyanın 70-dən artıq quberniya və oblastının yerli idarəetmə orqanlarının nümayəndələri, ölmüş atasının yerinə keçən yeni, gənc rus imperatorunu təbrik eləmək üçün Peterburqda yığışmışdı.

Rusiyanın bütün quberniyalarından olan bu nümayəndələrin gəlişinə bir neçə ay qalmış, çarın təntənəli təbrik mərasiminin hazırlanması üçün, aylarla gərgin işlər görülmüşdü:

təcili yığıncaqlar çağırılmış, burada təkliflər verilmiş, seçkilər keçirilmiş, çəkişmələr olmuşdu; təbəə sadiqliyinin göstəricisi olan formalar düşünmüşdülər, bunun üstündə söz güləşdirmişdilər, hansı hədiyyələrin gətirilməli olduğunu götür-qoy eləyib bunun üçün də söz güləşdirmişdilər, pul toplamışdılar, şəxsən mərasimə gəlib öz yaşadıqları yerlərin adını səsləndirmək və hədiyyələr vermək xoşbəxtliyinə çatacaq adamların adlarını irəli sürmüş, onları seçmişdilər;

bütün bu işlərin sonunda isə, adamlar Rusiyanın bütün bucaqlarından, bir çoxları min kilometrlərlə yol keçib gələrək, əllərində hədiyyələr, əyinlərində yeni tikilmiş mundirlər, düşüncələrində öncədən hazırlanmış təbrik nitqləri olmaqla, çarı, onun xanımını görəcəkləri, onlarla danışa bilmək sevincinə qovuşacaqları anı gözləməyə başlamışdılar.

Beləliklə də, hamı gəlib çıxdı, toplaşdılar, gəldiklərini xəbər verdilər, hərəsi bir nazirin qəbuluna getdilər, yüksək çinli məmurların onlara qarşı yaratdıqları bütün sıxıntıları adladılar, sonda, təntənəli gün yetişəndə, öz hədiyyələrini də götürüb saraya gəldilər.

Çoxsaylı kuryerlər, qofmeysterlər, furyerlər, çeremonimeysterlər, kamer-lakeylər, adyutantlar habelə bu kimi başqaları, onları çağırdılar, ötürdülər, dayanacaqları yerləri göstərdilər və bütün bunlardan sonra gözlənilən təntənəli an gəlib çıxdı.

Çoxu artıq yaşlı, evli, ağsaçlı, yaşadığı yerlərdə sayılıb-seçilən bu yüzlərlə adam yerlərində donub qalaraq təntənəli mərasimin açılışını gözləməyə başladılar.

Çar II Nikolay, məmur Vladimir Frederiks və məmur Nikolay Nikolayeviç, 1914

Çar II Nikolay, məmur Vladimir Frederiks və məmur Nikolay Nikolayeviç, 1914

Budur, qapı açılır, gödəkboylu, çəlimsiz, mundir geyinmiş, gənc bir adam içəri girir və əli ilə qarşısında tutduğu papağına baxaraq danışmağa başlayır, papağın içində onun danışmalı olduğu sözlər yazılmış kağız qoyulmuşdur.

Onun danışığının özəti belə idi:

“Buraya, təbəəlik sadiqliyini bildirmək üçün gəlmiş bütün təbəqələrin nümayəndələrini görməyimə çox sevinirəm.

Keçmişlərdən bu yana, hər bir rus adamına xas olan bu duyğuların səmimiliyinə inanıram.

Ancaq, bildiyimə görə, son çağlarda bir neçə yerli idarəetmə orqanlarında, bir sıra adamlar ölkənin idarə olunmasında iştirak eləməklə bağlı anlamsız bir xəyala qapılmış və bunu səsləndirməkdən çəkinməmişlər.

Qoy bunu hamı bilsin, mən bütün gücümü və bacarığımı xalqın rifahı üçün çalışmağa qoyaraq, mütləqiyyət hakimiyətini, mənim unudulmaz atamın qoruduğu kimi, qətiyyətlə qoruyub saxlayacağam”.

Qoy bunu hamı bilsin, mən bütün gücümü və bacarığımı xalqın rifahı üçün çalışmağa qoyaraq, mütləqiyyət hakimiyətini, mənim unudulmaz atamın qoruduğu kimi, qətiyyətlə qoruyub saxlayacağam”.

Gənc çar çıxışının bu yerinə çatanda bir anlıq duruxaraq, dilə gətirmək istədiyi: onun hər şeyi öz istədiyi kimi eləyəcəyi, ona kimsənin böyüklük eləməyi bir yana qalsın, heç məsləhət də verə bilməyəcəyi kimi düşüncələrinin çox yersiz və anlamsız alındığını və onların deyiliş formasının da ədəbsiz göründüyünü ürəyinin dərinliklərində anlamağa başladığından, özünü itirdi və bu şaşqınlığını gizlətmək yerinə, acıqlı və cır səslə qışqırmağa başladı...

Nə baş vermişdi? Buraya xoş niyyətlə gəlmiş adamları belə alçaltmaq nə üçün idi?

Bunun niyəsi belə idi: bir neçə quberniyada, o sıradan, Tver(ən başlıcası burada), Tula, Ufa, bir də hansısa başqa oblastların birində, yerli idarəetmədə çalışan bir neçə nümayəndələr, bir sözlə, idarəçilik adı altında anlamsız yalanları və yaltaqlığı özünə peşə eləmiş bu adamlardan birazı, olduqca qaranlıq və qeyri-müəyyən bir şəkildə, belə bir istəklərinin olduğuna eyham vurmuşdular:

yerli idarəetmə orqanlarının öz yaradıldığı məqsədə qulluq eləməsi üçün, özlərinin ehtiyacları ilə bağlı çara birbaşa müraciət eləyə bilsəydilər, bu daha düzgün və daha yaxşı olardı.

Bu yaşlı, ağıllı, təcrübəli adamlar öz eyhamları ilə, çara dövləti hansısa bir ağıllı üsulla idarə eləmək imkanı yaratmaq istəklərini dilə gətirmək istəmişdilər, axı insanların yerlərdə necə yaşadığını, onlara nələrin gərək olduğunu bilmədən, onları idarə etməyin mümkün olmadığını kim bilmir,–ancaq idarəetmənin və həyatın nə olduğunu bilməyən gənc çar, onların bu istəklərini anlamsız xəyal adlandırmışdı.

Çar öz çıxışını qurtarandan sonra ortaya bir susqunluq çökdü.

Ancaq saray adamları durumu dəyişmək üçün “ura” qışqırışmağa başladılar və zalda olanların da, demək olar hamısı, onlara qoşulub “ura” qışqırdılar.

Bundan sonra nümayəndələr hamılıqla kilsəyə getdilər və orada şükranlıq duası oxudular.

Oradakı nümayəndələrdən bir neçəsi mərasimdə “ura” qışqırmadıqlarını və kilsəyə getmədiklərini deyirlər; doğrudan da belələri olmuşsa da, onların sayı çox azdırr və onlar “ura” qışqırmadıqlarını və kilsəyə dua eləməyə getmədiklərini ictimailəşdirməmişlər; ona görə də, nümayəndələrin hamılıqla, ya da böyük çoxluqla, çarın bu söyüş dolu nitqini alqışladığını və bunun ardınca kilsəyə gedib, çarın təbrik və hədiyyələri qəbul eləyəndən sonra, lütf eləyib onları qanmaz uşaqlar adlandırdığına görə, şükranlıq duası oxuduqlarını demək daha düzgün olardı.

Üstündən dörd ay keçsə də, nə çar dediyi bu kobud sözü geri götürməyə gərək duydu, nə də ictimaiyyət onun bu davranışını qınamağa qalxdı (çarı bu danışığına görə qınayan bir anonim məktubdan başqa).

Deyəsən, artıq hamılıqla, bunun elə belə də olmalı olduğunu qəbul eləmişlər. Yenə də nümayəndələr özlərini alçaltmaq üçün çarın qəbuluna gedirlər, çar isə onların öz qarşısında alçalmalarını olduqca təbii və gərəkli bir iş kimi qəbul eləyir.

Bu azmış kimi, bütün işlər yenə də köhnə məcrası ilə getməkdədir, getdikcə hər şey öncə olduğundan da pis durumlara düşməyə başlamışdır.

Gənc çarın düşüncəsizlik və qabalıqla elədiyi uşaqcasına davranışı artıq baş vermiş fakta çevrilmişdir; ictiamiyyət, bütün rus toplumu onun bu təhqirini uddu və indi təhqir eləyən belə düşünməkdə haqlıdır (o belə düşünməsə də, ən azından bunu duyur): bu ictimaiyyətə nə eləsən yeri vardır, onlarla elə belə də davranmaq gərəkdir və bunun ardınca o, bu ictimaiyyətə qarşı daha böyük qabalıq, təhqir və alçaldıcı davranışlar eləməyin mümkün olduğunu düşünməkdə də haqlıdır.

17 yanvardakı epizod iki toqquşan tərəfin biri-birinin güclərini sınayıb bunu dəyərləndirərək, münasibətlərini yenidən qurması anlarından biri sayıla bilər.

Burada, bu duruma uyğun gələn, belə bir bənzətməyə baxmaq olar: yaşlı və güclü bir işçi qapının ağzında gücsüz və cılız bir oğlan uşağı ilə, tutalım, usta şagirdi ilə qarşılaşır.

Onlar qapıya eyni vaxtda çatdıqlarından, hər birinin içəri birinci olaraq keçməyə haqqı çatır, ancaq sırtıq uşaq işçini köksündən geri itələyir və kobudluqla onun üstünə qışqırır: “Yoldan çıx, zibilin birisi!”

Bu, həlledici bir andır: yaşlı işçi oğlan uşağının əlini toxdaqlıqla qırağa itələyib, qapıdan birinci keçmək üçün, irəliləyə və ona deyə bilər:

“Əzizim, belə hərəkət yaxşı deyildir, mən səndən yaşca böyüyəm, sən gələcəkdə, bir də belə iş tutma”. Yaxud da, bu yaşlı işçi oğlan uşağına yol verib, onun qarşısında papağını çıxara, üzr istəyə də bilər.

Bu adamların sonrakı münasibətləri və mənəvi-əxlaqi durumları bu andan asılıdır.

Birinci halda oğlan uşağı ayılacaqdır, ağıllı və xeyirxah olmağa yönələcəkdir, işçi isə, azad və qorxmaz olduğunu göztərəcək, onunla qaba davranışın yolverilməzliyini anladacaqdır; ikinci halda isə, sırtıq oğlan biraz da artıq həyasızlaşacaq, işçi isə daha çox itəatkar və qorxaq olacaqdır.

Rus toplumu ilə çar arasında buna bənzər bir toqquşma baş vermişdi və düşüncəsiz olduğuna görə gənc çar özünün yararına, rus toplumunun ziyanına olan bir hərəkət eləmişdi.

Rus toplumu bu təhqiri uddu və toqquşma çarın xeyrinə həll olundu. İndi çar daha da artıq qaba olmaqda və bundan sonra rus toplumuna yuxarıdan aşağı baxmaqda büsbütün haqlıdır; rus toplumu bu alçalmağa dözürsə, deməli, qaçılmaz olaraq, özünü alçaldacaq yeni addımlar da ata bilər və atacaqdır, özünü daha da müti və alçaq günlərə salacaqdır.

Belə də oldu. Dörd ay keçdi, ancaq çarın bu təhqirinə qarşı heç bir qımıltı belə olmadı, əksinə, indi hamılıqla, ürəkdən, çarın Moskvada keçiriləcək tacqoyma mərasiminə hazırlaşırlar.

Bu gün üçün yeni ikona hədiyyələr və müxtəlif bu kimi axmaq şeylər düzəltməyə başlamışlar, qəzetlərdə isə çarın, igidlik eləyərək, rus xalqının müqəddəs dəyəri olan mütləqiyyəti qorumasından gen-bol yazılar verilir.

A.Çexov (solda) və Lev Tolstoy

A.Çexov (solda) və Lev Tolstoy

Bu azmış kimi, bugünlərdə, bir nəfər sözuyduran da tapılıb ortaya çıxmış, gənc çarı qızışdırmağa çalışaraq, ona məsləhət verməyə ürək eləmiş, çarın, dövləti yaxşı idarə eləmək üçün xalqın durumunu öyrənməli olduğunu demiş, yaramazlarla yumşaq davrandığını anlatmağa başlamışdır.

Onun deməsindən belə çıxır: çarın, onu öyrətməyə ürək eləyən və rus xalqının müqəddəs dəyəri olan mütləq monarxiyanı sarsıtmağa çalışan bu adamların dediklərini “anlamsız xəyal” adlandırmasına lüzum yox idi, gərək çar, göy kimi guruldayıb, ildırım kimi çaxıb, bu adamları yandırıb yaxaymış.

Xaricdə nəşr olunan qəzetlərdə (“Times”, “Daily News” və başqalarında) bununla bağlı çıxan məqalələrdə yazırdılar:

Rus xalqından başqa, hansısa bir Avropa xalqı, öz hökmdarının belə bir danışığını özü üçün təhqir sayardı, ancaq biz ingilislərə bu məsələni öz baxışlarımıza görə araşdırmaq yaramaz, ruslar belə şeyləri sevirlər və görünür, onlar özlərinə nə gərək olduğunu bizdən yaxşı bilirlər.

Dörd ay keçdi və rus toplumunun bəlli olan yüksək çevrələrində gənc çarın çox gözəl bir iş gördüyü, necə gərəksə eləcə də elədiyi ilə bağlı rəy formalaşdı.

Çarın sayıbilinməz əmisi uşaqları isə onu öyərək deyirlər: “Afərin Niki, afərin sənə, onlara elə belə də lazım idi”.

Beləliklə də, həyat və idarəetmə nəinki köhnə qaydada davam eləməyə başladı, üstəlik, bunadək olandan da pis bir duruma düşdü; yenə də, məhkəmə qərarı olmadan baş verən sürgünlər; yenə də uşaqları valideyinlərindən ayırıb hərbi qulluğa göndərmək; həmən dar ağacları, katorqalar, edamlar; həmən gülünc olmağa qədər gedib çıxan senzura, senzorun və ya onun rəisinin doğru saymadığı bütün düşüncələrin yasaqlanması; yenə də xalqın uyuşdurucularla keyləşdirilməsi və başqa vasitələrlə pozğunlaşdırılması.

Rusiyada ndiki durum belədir: 100 milyondan artıq əhalisi olan böyük bir dövlət vardır və bu dövlət bir adam tərəfindən idarə olunur. Bu adam isə təsadüflərdən asılı olaraq təyin olunur, onu, ən yaxşı, təcrübəli və idarəetmə bacarığı olan adamların arasından seçmirlər, dövləti bunadək idarə eləmiş adamın birinci doğulan övladı olduğuna görə bu vəzifəyə təyin eləyirlər.

Bunadək dövləti idarə eləyən də, birinci doğulmaq təsadüfiliyinə görə, ondan öncəki də, elə bunun kimi təyin olunmuşdu–ancaq onların ulu babası, hakimiyyətə öz gücü ilə gəlmişdi, o, ya seçilərək hakimiyyətə gəlmişdi, ya da özünün çox böyük istedadı ilə bu vəzifəni tutmağa layiq görülmüşdü, yaxud da, çox vaxt olduğu kimi, yamanlıq eləməyi və yalan danışmağı daha yaxşı bacardığı üçün bu mərtəbəyə dırmaşa bilmişdi.

Belə çıxır, 100 milyonluq bir xalqı idarə eləməli olan adam özünün böyük bacarığı və ya yamanlıq eləməkdə zirəkliyi, yaxud da bunların iksindən də yararlanaraq hakimiyyətə gəlməyi bacarmış bir adamın nəvəsi yaxud törəməsi olduğu üçün hakimiyyətə gəlmişdir, – baxmayaraq, o keçmiş hakimin törəməsi olan bu adamın idarəetmədən başı çıxmır, özü də çox anlamaz və pis bir adamdır.

Lev Tolstoy

Lev Tolstoy

Belə bir duruma yol vermək, bu yolla hakimiyyətə gəlmiş adamın xalqın rifahı üçün nəsə yaxşı bir iş görəcəyinə inanmaq, bütün bunlara gözüaçıqlıqla baxanda, doğrudan da anlamsız bir xəyalpərəstlik adlana bilər.

Heç bir ağıllı adam sürücünün fayton sürməyi bacardığını biməyincə onun faytonuna minməz, eləcə də, maşinistin öz işini bacardığını bilməyincə onun sürdüyü qatara minməz, kimlərinsə sürücünün və ya maşıinistin bu işi bacara biləcəyi ilə bağlı rəyi onu faytona və ya qatara minməyə yönəldə bilməz;

yaxud da, hansısa paraxodun kapitanı yalnız haçansa bu paraxodun kapitanı olmuş və onu idarə eləməyi bacarmış adamın nəvəsidirsə, onun paraxodla bundan başqa heç bir bağlılığı yoxsa, heçbir ağıllı adam bu paraxodla yola çıxmaq istəməzdi.

Heç bir ağıllı adam özünün və ailəsinin taleyini belə bir fayton sürücüsünün, qatar maşınistinin, gəmi kapitanın ümidinə buraxmazdı, ancaq bizlər haçansa hakimiyyət sürməyi bacarmış adamların oğlanlarının, nəvələrinin, qardaşı oğlanlarının heç bir məhdudiyyət tanımayan səlahiyyətlərlə idarə elədiyi dövlətdə yaşayırıq.

Ən acınacaqlısı isə bu adamlar nəinki pis hakimlərdir, əslində addımbaşı özlərinin adamları idarə eləmək üçün heç bir bacarığı olmadığını göstərən kəslərdir.

Bax, bu durum, doğrudan da, büsbütün anlamsızlıqdır və belə bir durum yalnız uzaq keçmişlərdə: hakimiyyətə gələnlərin xüsusi, fövqəladə qabiliyyəti olan adamlar olduğu, onları Tanrının hakimiyyət üçün seçdiyi və ilahi seçimə qarşı çıxmağın, bu hakimlərin buyuruğuna boyun əyməməyin bağışlanmaz suç sayıldığı çağlarda formalaşmış geriçi düşüncələrlə, doğruldula bilərdi.

Ancaq bizim yaşadığımız indiki çağda artıq heç kim bu, hakimiyyətdə olan adamların fövqəladə özəllik daşıyıcıları olduğuna inanmır, indi heç kim hakimiyyətin kimlərəsə ilahi iradənin buyuruğu ilə verilməsinə və bunun irsən keçməli olmasına da inanmır.

Artıq tarix insanlara ilahi vergi ilə hakimiyyətə gəldiyi deyilən adamların devrilmələrinin, hakimiyyətdən qovulmalarının, edam olunmalırının çoxsaylı örnəklərini göstərəndən sonra, bu kimi uydurmalra inanmaq onsuz da mümkün deyildir–ona görə də, indi hakimiyyətin irsən verilməsini yalnız və yalnız bir arqumentlə doğrulda bilirlər:

hakimiyyət başında dayanacaq adamın seçilməsi ölkədə qarışıqlıq və çəkişmələr yarada bildiyi durumlarda hakimiyyətin irsi yolla verilməsi xalqı bu acınacaqlı durumdan qurtara bilər, habelə, bu sayaq seçilmiş dövlət başçısının səriştəsizliyinə, pozğunluğuna, amansızlığına, xalqın başqa bir durumda düşə biləcəyi ağrı-acıların indiki halda sovuşdurula bilməsi ilə haqq qazandırılır.

Həm də, bu yolla hakimiyyətə gəlmiş adamların bacarıqsızlığının xalq nümayəndələrinin hakimiyyətdə iştirakı ilə aradan qaldırıla biləcəyi, eyni zamanda xalqın hakimiyyətə bu cür təsirinin, hakimiyyət başında dayanan adamın pozğunluğuna və amansızlığına da məhdudiyyət qoyacağı da düşünülür.

Bu gün, hakimiyyətin idaretmə işlərində iştirak etməsi və bununla da onu xalqın xeyrinə məhdudlaşdırmaq istəyinin dilə gətirilməsi, nə qədər qalın bir yaltaqlıq tozu ilə örtülsə də, belə bir fikri ortaya atanlar tapılanda, irsi olaraq aldığı hakimiyyəti kiminləsə bölüşmək istəməyən çar özünün bu düşüncəsini qətiyyət və qabalıqla dilə gətirmişdi: “İstəmirəm, qoymaram. Özüm eləyəcəyəm.”

17 yanvardakı bu epizod uşaqlarla tez-tez baş verən bir olayı xatırladır. Görürsən, uşaq gücü çatmayan bir işdən yapışır. Böyüklər ona kömək eləməyə qalxışır, bacarmayacağı bu işi onun yerinə görmək istəyirlər, ancaq uşaq şıltaqlıq eləyir, cır səslə qışqırır:

“Mən özüm, özüm” və bacarmayacağı işi görməyə davam eləyir; kimsə ona kömək eləməyəndə, çox keçmədən uşaq ya əlini yandırır, ya suya yıxılır, ya da burnunu əzir, ağlamağa başlayır və bundan sonra ağlı başına gəlir.

Ona görə də, uşağın özbaşına görmək istədiyi iş onun həyatı üçün qorxulu deyilsə, onda onu bu işi görməkdən çəkindirməmək uşağı anladır, ona gələcəkdə ağılsızlıq eləməməsi üçün görk olur.

Ancaq nə yazıq! Görürsən, çox vaxt, belə bir uşağın yanında ona yarınan bir qulluqçu tapılır, uşağın eləmək istdiklərinin hamısını onun yerinə eləyir və uşaq da buna baxıb sevinməyə başlayır, ona elə gəlir, bütün bunları o özü eləmişdir, bununla da o iş görməyi öyrənmir, nəsə eləmək istəyəndə də, başqalarına ziyan vurmağa başlayır.

Bu, hökmdarlarla da eyni ilə bunun kimi olur. Birdən, doğrudan da, onlar özləri hər şeyi idarə eləsəydilər, bu idarəetmə çox çəkməzdi, onlar elə işin başlanğıcında olduqca böyük qanmazlıqlar eləyər, bununla özlərini gözdən salıb məhv eləyər, hakimiyyətlərini də itirərdilər və bu da xalq üçün çox yaxşı olardı.

Ancaq yazıqlar olsun! Şıltaq uşaqların onların yerinə hər şeyi eləyən dayələri olduğu kimi, çarların da həmişə belə dayələri olur,–nazirlər, rəislər, öz tutduqları vəzifələri itirməkdən qorxan və buna görə də hakimiyyəti qorumağa çalışan məmurlar bu sıradandır, onlar yalnız çar hakimiyyətinin qeyri-məhdud olduğu durumda işə yaradıqlarını bildiklərindən, özlərinin bu dayəlik qulluqlarını canla-başla yerinə yetirirlər.

Çoxları dövlət işlərini çarın idarə elədiyini sanır və düşünürlər; ancaq bu, yalnız elə düşüncə və təsəvvürlərdə belədir: dövlət işləri yetərincə mürəkkəb olduğundan, çar onları təkbaşına idarə eləyə bilməz, o yalnzı əlinə gəlib çatan işlərə öz düşüncəsi üzrə yanaşıb onları yoluna qoymaq üçün göstərişlər verə bilər, habelə o, yenə düşüncəsinə arxalanaraq özü üçün köməkçilər təyin eləyə bilər; bütün bu işləri bir adamın görməsi mümkünsüz olduğu üçün də o, bu işləri təkbaşına görə bilməz.

Özlüyündə isə dövlət işlərini idarə eləyənlər: nazirlər, müxtəlif şuraların üzvləri, bəlli işləri yönətən direktorlar və rəislərdir.

Bütün bu nazirlər və başçılar daşıdıqları vəzifələri öz bacarıqlarına görə deyil, müxtəlif dolayı və əyri yollarla, çəkişmələrlə, çox vaxt qadınların köməyi ilə, bir sıra durumlarda isə, qohumçuluq, yarınmaq və təsadüfilik vasitəsi ilə tuturlar.

Yaltaqlar və yalançılar, bütün xalqların keçmişində olub-keçmiş mütləqiyyət rejimini rus xalqının özünəməxsus müqəddəs dəyəri kimi tanıdan, çarın təkbaşına və heç bir məhdudiyyət tanımadan hakimiyyət sürməli olduğu ilə bağlı məqalələr yazan bu boşboğazların heç birisi mütləqiyyət idarəçiliyinin necə qrulmalı və çarın təkbaşına bütöv bir xalqı necə idarə etməli olduğu ilə bağlı heç bir aydın söz danışmırlar.

Keçmişlərdə, slavyanofillər mütləqiyyətçiliyi təbliğ eləyəndə, onlar belə bir hakimiyyəti yerli idarəçilikdən ayrı təsəvvür eləmirdilər və çoxlu yamanlıqlar törətmiş bu slavyanofillərin xəyalları necə sadəlövh olsa da, ancaq onlar üçün, heç olmasa, çarın mütləq hakimiyyətinin necə olacağı aydın idi və onların düşüncəsinə görə çar yerli idarəetmə yığıncaqlarının təkliflərini və xalqın iradəsini öyrənməklə öz idarəçiliyini yürütməli idi.

Yaxşı, indi hər şeyi özü təkbaşına eləyəcəyini deyən çar, bu xalq yığıncaqları olmadan dövləti necə idarə eləyəcəkdir?

Məmurlar. Kimdir, bu məmurlar? Onlar öz şəxsi mənfəətlərini təmin eləmək üçün hakimyyət idarələrinə soxulmuş adamlardır və onların özləri üçün daha çox pul qazana bilməkdən başqa bir məqsədləri yoxdur.

Yoxsa o, dövləti Kokand xanı kimi idarə eləmək istəyir?

Axı bu mümkün olan bir iş deyildir, Kokand xanlığının dövlət işlərini səhər başlayıb günorta olmadan yoluna qoymaq olar.

Rusiyada isə, indiki çağımızda dövləti idarə eləmək üçün bir gün ərzində onminlərlə qərarlar qəbul edilməlidir.

Qərar veriləsi məsələləri kimlər hazırlayır? Məmurlar. Kimdir, bu məmurlar? Onlar öz şəxsi mənfəətlərini təmin eləmək üçün hakimyyət idarələrinə soxulmuş adamlardır və onların özləri üçün daha çox pul qazana bilməkdən başqa bir məqsədləri yoxdur.

Son çağlar idarəçiliyə soxulmuş bu adamların mənəvi və əqli baxımdan olduqca aşağı səviyyədə olması bütün çılpaqlığı ilə göz önündədir: düzdür, onlar özlərindən öncə olan, iç üzləri açılaraq idarəçilikdən qovulmuş məmurlar kimi dövlətdən gözgörəti oğurluq eləmirlər, ancaq, onlar hətta boğazdan yuxarı da olsa belə, dövlət maraqları üçün işlədiklərini göstərməyə çalışmadan, yalnız öz maaşlarının, mənzil və dövlət qulluğu ilə bağlı getdikləri yerlərin yol xərclərini artırmaqdan ötrü çalışır, dövlətdən daha çox pul qoparmaq üçün hər cür cildə girirlər.

Ona görə də, dövləti mütləqiyyətə arxalanan hakimiyyət, onun başında dayanan: xüsusi keyfiyyətləri ilə seçilən, müdrik, satınalınmaz, xalqın sayğısını qazanan birisi idarə eləmir, əslində belə bir dövləti, acgöz, hiyləgər, əxlaqsız məmurlar sürüsü idarə eləyir və onlar heç nə anlamayan və anlamaq gücündə də olmayan, gənc bir uşağı qabağa verib, onun arxasında öz çirkin işlərini görməkdədirlər.

Habelə, bu iyrənc adamlar öz işlərini rahatlıqla görə bilmək üçün, bu anlamaz uşağın da beynini guya onun dövləti yaxşı idarə elədiyi ilə bağlı cəfəng düşüncələrlə doldura da bilmişlər.

O da bunların sözlərinə uyaraq, dövləti idarə etməkdə xalq nümayəndələrinin iştirakının heç bir formasına yol verməyəcətini ürəklə dilə gətirərək deyir: “Mən hər şeyi yalnız özüm eləyəcəyəm”.

Deməli, belə çıxır, biz nə xalqın iradəsi ilə, nə də slavyanofillərin bizə sırımaq istədikləri kimi, bütün çəkişmələrdən və şəxsi maraqlardan yüksəkdə dayanan mütləq hakimiyətli çarın əli ilə idarə olunuruq.

Lev Tolstoy

Lev Tolstoy

Biz əslində ən əxlaqsız, hiyləgər, öz şəxsi qazancını güdən, hətta buçağacan olan idarəçilərdəki kimi heç bir yüksək soya bağlılığı, habelə ortalıqda olan Durnovların, Krivoşeinlərin, Delyanovların və bu kimi başqalarının örnəyində göründüyü kimi, nə təhsili, nə də ağlı ilə seçilən, onlarla yaramazların idarəsi altında yaşamaqdayıq, bacarıqsızlıq və alçaqlıqları ilə seçilən bu adamlar Bomarşenin çox yerində dediyi bir üsulla hakimiyyətin yuxarı başında özlərinə yer eləmişlər:

Mediocre et rampant, et on parvient a tout (Adi və bacarıqsız birisi ol, ancaq kölə təbiətin olsun, istədiyinə çatacaqsan).

Ola bilsin, özünün xüsusi bir ailədə doğuluşuna görə yüksək mövqeyə ucaldılmış birisinə boyun əyə bilərsən, ancaq səninlə yaşıd olan, gözünün önündə hər cür alçaqlıq və yaramazlıqlarla yuxarı başa dırmaşıb hakimiyyəti ələ keçirən adamlara boyun əymək, sözsüz, istənilən insan üçün alçaldıcı və aşağılayıcıdır.

Ola bilsin, ürəyinə daş bağlayıb İoann Qroznıya, III Pyotra tabeçilik göstərərsən, ancaq Malyuta Skuratova, III Pyotrun sevimliləri olan alman kaprallarına tabe olmaq adamı çox incidir.

Tanrının iradəsini pozmaq istəyən işlərdə, bu iradəyə qarşı olan davranışlarda, mən heç kimsəyə nə qulaq asa, nə də tabe ola bilərəm; ancaq Tanrının iradəsini pozmağa yönəlməyən işlər görən çarın kimliyindən asılı olmyaraq ona tabe olmağa və sözünə qulaq asmağa hazıram.

O özü bu hakimiyyət mərtəbəsinə qalxmayıb. Onu bu mərtəbəyə qaldıran bizim ulu babalarımızın yaratdığı və ya boyun əydiyi qanunlar olmuşdur.

Ancaq 30 illik, alçaqlıq və yaramazlıqla dolu bir yol keçib hakimiyyətə soxulan, yaltaq və axmaq adamlara nə üçün tabe olmalıyam, onların mənə: hansı qanunlar və həyat tərzi üzrə yaşamağı öyrətməsinə niyə dözməliyəm?

Mənə deyirlər: ali şəxsin buyuruğuna görə, hansısa əsərlərimi çap elətdirməyim, dua eləmək üçün kilsəyə getməyim, öz uşaqlarımı yaxşı saydığım biliklər və kitablar üzrə oxudub öyrətməyim, onları yalnız cənab Pobedonosovun seçib ayırdığı kitablar üzrə oxuyub öyrənməyə göndərim; mənə deyirlər: ali şəxsin buyuruğuna görə, mən gərək zirehli gəmi tikilməsi üçün vergi ödəyəm, öz uşaqlarımı və ya mülkümü kimlərinsə sərəncamına verəm, və ya öz istədiyim yerdə yox, mənə deyilən yerdə yaşayam.

Bütün bunlar çarın buyuruğu olsaydı, yenə də canını dişinə tutub bunların hamısına dözmək olardı; ancaq burada ali şəxsin buyuruğunun yalnız quru bir söz olduğunu bilirəmsə, bütün bu buyuruqları, bizi sözdə idarə elədiyi deyilən çarın deyil, Pobedonosovun, Rixterin, Muravyovun və bu kimi başqalarının verdiyi bəllidirsə, mən bu adamları çoxdan tanıyır və onları yaxşı tanıdığıma görə bu adamlar mənim gözümdən düşmüşlərsə, onda bu duruma necə dözməli?

Mən axı nə üçün belə adamlara tabe olmalı və mənim üçün dəyərli olan şeyləri öz əlimlə götürüb onlara verməliyəm?

Bütün bu işlər, ancaq insan kimliyini aşağılamaqla bağlı olsaydı, yenə də birtəhər dözmək olardı. Ancaq, yazıqlar olsun, bu işlər yalnız eə bununla bitib qurtarmır.

Xalqı pozğunluğa və onun beynini kütləşdirən düşkünlüklərə sürükləmədən çar olmaq və onu idarə eləmək mümkün deyildir, habelə, bu idarə üsulu nə qədər çox yarıtmazdırsa, idarə eləyənlər xalqın iradəsini ifadə eləməkdən nə qədər çox uzaqlaşmışlarsa, elə xalqı o qədər də çox pozğunlaşdırmağa və düşkünləşdirməyə çalışırlar.

Araz Gündüz

Araz Gündüz

Bizdəki idarəetmə çox anlamsız və xalqın iradəsini ifadə eləməkdən çox uzaq olduğundan, belə bir idarəetməni həyata keçirmək üçün, xalqı pozğunlaşdırmaq və düşkünləşdirmək üçün daha da çox və gərginliklə çalışmağa ehtiyac duyulur.

Elə buna görə də, xalqın müxtəlif yollarla düşkünləşdirilməsi və pozulması Rusiyada belə bir geniş miqyas almışdır və bu pozğunlaşdırma və düşkünləşdirmənin hansı vasitələrlə həyata keçirildiyini və onların nələrə gətirib çıxardığını görən insanlar gərək bütün bunlara dözməsinlər.

1895-сi il.

Günün bütün mövzuları

XS
SM
MD
LG