Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:15

Svetlana Aleksieviçin yazısında Dağlıq Qarabağ


Svetlana Alexievich, 1988

Svetlana Alexievich, 1988

- "Ruhun, rus ruhunun tarixini yazıram. Daha doğrusu, rus-sovet ruhunun."

"Bu, artıq başqa müharibədir, ondakı insan da başqadır. Biz sonra insanı yeni müharibələrdə görəcəkdik: Yuqoslaviyada, Çeçenistanda, Dağlıq Qarabağda..."

"Müharibədən sonra qadınların bir müharibəsi də oldu. Onlar hərbi kitabçalarını, yaralanmalar haqda arayışlarını gizlətdilər, çünki yenidən gülümsəməyi öyrənmək, hündür kablukda gəzmək, ərə getmək gərək idi."

Svetlana Aleksieviç

Bioqrafiya əvəzi. Əbədi insan axtarışında


Uzun müddət dünyanı mənim gördüyüm kimi ifadə edən janr axtardım. Gözümə, qulağıma uyğun janr. Özümü sınadım...

İnsan səslərini özümə janr seçdim.

...Kitablarımı küçələrdə axtarır və dinləyirəm. Pəncərə arxasında. Kitablarımda real insanlar həyatlarının əsas hadisəsindən – müharibədən, sosialist imperiyasının dağılmasından, Çernobıldan danışırlar.

Onların sözləri ölkənin tarixinə və böyük mənada tarixə çevrilir. Yeni və köhnə tarixə. Və kiçik insan həyatının tarixinə.

Dünyanın və insanın çoxtərəfli və çoxvariantlı olduğu günümüzdə incəsənət getdikcə öz gücsüzlüyünü etiraf edir, incəsənətdə sənəd getdikcə daha böyük maraq kəsb edir, sənədsiz artıq dövrümüz insanının həyatını təsəvvür etmək olmur.

Sənəd bizi reallığa yaxınlaşdırır, olmuşun, keçmişin əslini tutub saxlayır. 20 ildən artıq sənədli materiallarla işləmişəm, beş kitab yazmışam, hər dəfə buna bir daha əmin olmaqdayam: incəsənət insan haqda çox şeyin fərqinə varmır, bir çox şeyin varlığından belə, şübhələnmir və onda bu dərk olunmamış şeylər itib gedir, izi-tozu da qalmır.

Amma mən faktların quru, çılpaq tarixini yazmıram, mən hisslər tarixini yazıram. Onu buraxılmış tarix də adlandırmaq olar.

Hadisə vaxtı insan nə düşünüb, nə anlayıb və nə yadda saxlayıb? Nəyə inanıb, nəyə inanmayıb, nə xəyalları, ümid və qorxuları olub?

Bunları, ən azı bu qədər detal və təfərrüatla xəyal etmək və özündən fikirləşib qurmaq mümkün deyil.

Biz 10, 20, 50 il bundan əvvəl necə olduğumuzu tez unuduruq, Bəzən hətta o yaşadıqlarımızdan utanırıq, özümüz də inanmırıq ki, onlar olub. İncəsənət yalan danışa bilər, sənəd isə yox.

Hərçənd, sənəd də kiminsə iradəsidir... Amma mən kitablarıma minlərlə səs, tale, varlığımızın bir hissəsini qoyuram.

Hər kitabımı 4-7 ilə yazıram. Hər kitab üçün 500-700 adamı dinləyirəm, qeydlər aparıram.

Mənim xronikam onlarla nəsli əhatə edir. İnqilabı xatırlayan, müharibəni keçən, Stalin düşərgələrində olan insanlardan bugünəcən – haradasa 100 il.

Ruhun, rus ruhunun tarixini yazıram. Daha doğrusu, rus-sovet ruhunun.

Böyük və dəhşətli Utopiyanın, ideyası təkcə Rusiyada deyil, bütün dünyada ölməyən – kommunizmin tarixini yazıram. O, insan əqlini ələ almaq və idarə etmək üçün hələ çox iblislik edəcəkdir. Onun şahidlərinin və iştirakçılarının hekayələrini qoyub getmək istəyirəm.

Mənim xronikam davam edir. Zaman boyu öz qəhrəmanlarımın ardınca getməkdəyəm.

Birinci kitabım "У войны не женское лицо" olub.

İkinci Dünya Müharibəsinin cəbhələrində 1 milyondan çox qadın döyüşürdü. Elə bir o qədəri də partizan müqavimətində və gizli mübarizədə fəaliyyət göstərirdi.

Onların 15-30 yaşları vardı. Aralarında tankçı, təyyarəçi, snayper, pulemyotçular vardı. Qadınlar təkcə həkim, tibb bacısı işləyərək əsgərləri xilas etmir, həm də öldürürdülər.

Kitabda həmin qadınlar müharibə haqda bizə kişilərin danışmadıqlarını danışırlar. Biz müharibənin bu üzünü bilmirdik. Kişilər hücum, hərəkət, hərbi rəislər haqda danışırdılar, qadınlar isə başqa şeydən – ilk dəfə öldürməyin nə qədər dəhşətli olmasından, döyüşdən sonra ölülərlə dolu tala ilə addımlamaqdan.

Ölülər kartof kimi ora-bura səpələniblər. Hamısı gəncdir, yazıqdır, aralarında almanlar da var, öz əsgərlərimiz də.

Müharibədən sonra qadınların bir müharibəsi də oldu. Onlar hərbi kitabçalarını, yaralanmalar haqda arayışlarını gizlətdilər, çünki yenidən gülümsəməyi öyrənmək, hündür kablukda gəzmək, ərə getmək gərək idi.

Kişilərsə öz hərb rəfiqələrini unutdular, onlara xəyanət etdilər. Onlardan Qələbəni oğurladılar. Bölüşmədilər.

İkinci kitabım “Son şahidlər” (100 qeyri-uşaq hekayəsi) olub.

Müharibədə 7-12 yaşı olanların xatirələri. Bu kitabda uşaqlar müharibə haqda danışırlar. Siyasətçilər, əsgərlər, tarixçilər deyil, ən məsum şahidlər. Uşaqların gözülə müharibə daha da dəhşətlidir...

Üçüncü kitabım "Цинковые мальчики"

Kitab öz xalqına məlum olmayan, ondan gizlədilən müharibədən – sovet qoşunlarının Əfqanıstanda apardığı müharibədən bəhs edir.

İnsanlar ondan yalnız tanımadıqları ölkədən gələn sink tabutlar vasitəsilə xəbər tuturdular.

Bu, artıq başqa müharibədir, ondakı insan da başqadır. Biz sonra insanı yeni müharibələrdə görəcəkdik: Yuqoslaviyada, Çeçenistanda, Dağlıq Qarabağda...

***

Məndən tez-tez soruşurlar: niyə müharibə haqda bu qədər kitab yazmısan? Axı siz qadınsınız, müharibədənsə adətən kişilər yazarlar?

Cavab verirəm, bizim tariximiz başqa idi – hərbi tarix idi. Biz ya döyüşür, ya da döyüşə hazırlaşırdıq. Başqa cür həyat yaşamamışdıq.

Biz heç nə qədər hərbçi olduğumuzun fərqində deyildik. Bizim qəhrəmanlarımız, ideallarımız, həyat haqda təsəvvürlərimiz – müharibə idi. Bax, buna görə keçmiş imperiya torpağında qan belə asan axır...

Dördüncü kitabım “Чернобыльская молитва" (gələcəyin xronikası)

Çernobıldan sonra biz başqa dünyada yaşayırıq. Amma iki faciə üst-üstə düşdü: Çernobıl və sosial faciə - nəhəng sosialist materiki suya batdı.

Bu ikinci dağıntı kosmosu qaraltdı, çünki o, bizə daha yaxın və aydın idi.

Çernobılda baş verən hadisə yer üzündə ilk hadisəydi və biz onu yaşamış ilk insanlar idik. Biz onunla yaşamağa davam edirik, başımıza nə isə gəlir: qanımızın tərkibi dəyişilir, tanış landşaft itir...

Bunu dərk etmək üçün başqa bir insan təcrübəsi, başqa bir alət gərəkdir ki, o alət hələ bizdə yoxdur.

Gözümüz yeni düşməni görmür, qulağımız yeni düşməni eşitmir, gələcəkdən gəlmiş o düşmən – radiasiyanı ifadə etməyə söz və hisslərimiz yoxdur, iztirablı təcrübələrimiz, zatən bizim tariximiz ondan ibarət deyilmi, burada köməyə çatmır. Dəhşət ölçümüz birdir – müharibə. Şüur orada donur, hərəkət etmir.

Çenobıl, sonra Qulaq, Osventsim, Holokost...

Bilmədiyimiz şeydən qorunmaq çətindir. Nə vaxtsa bizim illərimiz, Çernobıl illəri mif olacaq. Bir-birinin ardınca yeni nəsillər bizdən soruşacaqlar: bu necə olmuşdu, o vaxt yaşayan insanlar necə insanlar idi, nə düşünürdünüz, nə danışırdınız, nələri yadda saxladınız?

Bu kitab Çernobıl və ondan sonrakı dünya haqdadır. Şahidlər danışırlar... Çatdırıb danışdılar... Onların çoxu artıq həyatda deyil... Hər halda bizə siqnal göndərə bildilər.

İnsanların necə öldürdükləri və öldürüldükləri, necə qurub-yaratdıqları və Böyük Utopiayaya inandıqları, insan həyatının həmişə nəyəsə - ideyaya, dövlətə, gələcəyə bərabər tutulduğu haqda beş kitab.

Biz yeraltı qazmalarda, barrikadalarda, sosializm inşaatında yaşadıq.

Amma sonra mən düşündüm: “Bütün bunlar dəhşətli həqiqətlər olsa da, insan haqda həqiqətin hamısı deyil.” Onda rus sevgisi haqda hekayələr kitabım olan "Чудный олень вечной охоты" yarandı.

Bu kitab rus insanının necə xoşbəxtlik istəməsi, arzulaması, amma buna nail ola bilməməsi haqdadır.

Niyə alınmır? O, öz Evini necə təsəvvür edir? Bəs sevgini? Həyatın mənası nədir onun üçün?

İnsan dəyişilir. Xronika isə davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG