Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:08

- "Bizim İstanbulda dədə-babadan qalma qanunlara uyğun olaraq, əmr edirik: bütün təbəələrimiz öz danışıqlarında ancaq heç bir mənası olmayan sözlər işlətsinlər."

"Kitab çap eləyən qurğunu - bu cəhənnəm qurğusunu mühakimə eləmək, ölkədən çıxarmaq və lənətləməyi ən savab işlərdən biri sayırıq."

Rus dilindən Araz Gündüz çeviribdir

Volter

OXUMAĞIN QORXUNC ZİYANLARI HAQQINDA FİTVA

(pamflet)

Biz, Yusif Heribi, tanrının mərhəməti ilə Osmanlı imperiyasının müftisi olmuş, işıqlara nur verən, seçilmişlərin üstünü olan kimliyimizlə, bu sətirləri oxuyan bütün möminlərə bolluca qanmazlıq arzulamaqla öz xeyir-dualarımızı göndəririk.

İş burasındadır, Səid əfəndi1 bizim ölkəmizə çox ziyanlı bir kitab çap eləyən qurğu gətirmişdir.

Ən pisi də, bu yeniliyi ölkəmizə gətirməzdən qabaq o, bizim qazi qardaşlarımızla, imperiyanın baş şəhəri olan İstanbulun imamları ilə, ən başlıcası isə əqlə qarşı savaş açmaqda ad-san qazanmış dərvişlərlə gənəşməmişdir, – peyğəmbərimiz Məhəmmədin və özümüzün adından, aşağıda göstərdiyim səbəblərə görə, bu cəhənnəm qurğusunu mühakimə eləmək, ölkədən çıxarmaq və lənətləməyi ən savab işlərdən biri sayırıq.

1. Düşüncələrin asanlıqla yayıla bilməsi bütün sivil dövlətlərin qurulması və qorunması üçün gərəkli olan anlamazlığın aradan qaldırılmasına gətirib çıxarır.

2. Qərbdən gətirilən bu kitabların arasında kənd təsərrüfatı işlərini yoluna qoymağı öyrədən, habelə sənayeni inkişaf elətdirməyə yarayan mexaniki qurğularla bağlı biliklərin olması qorxusu vardır.

Belə əsərlər isə, – Tanrı bizi onlardan qorusun! – bizim əkinçilərimizin və fabrikantlarımızın gözünü aça bilər, onlar kənd təsərrüfatını və sənayeni inkişaf elətdirə, beləliklə də, varlana bilərlər.

Bu isə öz növbəsində haçansa onların mənəvi yüksəlişinə gətirib çıxara bilər, onlara xalqın ümumi mənafeyi ilə bağlı sevgi duyğusu aşılaya bilər, belə duyğuların yaranması isə, bəlli olduğu kimi, bizim onlara öyrətdiyimiz düzgün təlimə ziddir.

3. Ola bilər, bizdə də, xalqı anlamazlıq xoşbəxtliyində uyudan möcüzələrin yer almadığı gerçək tarix kitabları da yazılmağa başlayar.

Belə kitablar isə, insanlara yaxşını-pisdən seçib ayırmağı öyrədə bilər və onları ədalətli olmağa, vətəni sevməyə alışdıra bilər, bütün bunlar isə bizim ölkəmizin hüquq sistemi ilə daban-dabana ziddir.

4. Bu kitablar Tanrıya olan inamı gücləndirə bilər və Tanrının dünyanın hər yerində təzahür elədiyini insanlara anlatmaq kimi bir biabırçılığı yaymaqla, Tanrı evi sayılan Məkkəyə gedən ziyarətçilərin sayını azaldar və onların ruhunu xilas eləyə bilmək işinə qorxunc ziyanlar vura bilər.

5. Çox ola bilsin, xarici müəlliflərin yoluxucu xəstəliklərlə bağlı kitablarını oxuyub öyrənən kəslər onların yayılmaması üçün tədbirlər görməyə və taun xəstəliyinin qarşısını almağa başlasınlar, bu isə qəzavü-qədərlə bağlı qanunlara öldürücü bir zərbə olardı.

Bu və başqa səbəblərdən, habelə, möminlərin ruhunun xilası üçün, onları doğru yoldan sapmağa qoymamaqdan ötrü bugündən başlayaraq ümumiyyətlə, kitab oxumağı yasaqlayırıq.

Bu yasağı pozanları isə Tanrının sonsuz lənəti ilə qarğıyırıq. Şeytan onları yoldan çıxarıb maarifləndirməyə yönəltməsin deyə, atalara və analara öz uşaqlarına oxuyub yazmağı öyrətmələrini qadağan eləyirik.

Bizim verdiyimiz bu buyuruğu pozmasınlar deyə, bugündən başlayaraq, bütün təbəələrimizə düşünmək də qadağan olunur və bu qadağanı pozanlar ən ağır cəzalar alacaqlar.

Bütün möminlərə tapşırılır: kiminsə üç sözü biri-birinə qoşub aydın bir cümlə qurduğunu görsələr, onları gecikmədən bizə çuğullasınlar.

Bizim İstanbulda dədə-babadan qalma qanunlara uyğun olaraq, əmr edirik: bütün təbəələrimiz öz danışıqlarında ancaq heç bir mənası olmayan sözlər işlətsinlər.

Bizim imperiyanın müqəddəs şəhərinə heç bir qaçaqmal düşüncənin yol tapmaması üçün bu işə nəzarəti ölkənin qərb bataqlıqlarından birində doğulmuş, imperiyamızın baş həkiminə tapşırırıq:

Bugünəcən öz müalicəsi ilə Osmanlı sultanının ailəsindən dörd nəfəri öldürə bilmiş bu həkimin ölkəmizdə hər hansı bir biliyin yayılmasının qarşısını almağa hamıdan artıq maraq göstərəcəyi sözsüzdür.

Biz bu buyuruğumuzla ona çox böyük səlahiyyətlər verir və şəhərimizin darvazası ağzına gəlib çıxan istənilən yazılı və şifahi düşüncəni basmarlayıb, əl-qolu bağlı şəkildə bizim hüzurumuza gətirməsini tapşırırıq, biz isə, ələ keçən belə düşüncələrə lazım bildiyimiz ən ağır cəzanı verəcəyik.

Bu fərman bizim qanmazlıqlar qaynağı olan sarayımızda, Məhərrəm ayının 7-də, 1143-cü hicri ilində buyurulmuşdur.

1 Səid Əfəndi - Osmanlı Türkiyəsinin Avropa ölkələrində səfiri olub və 1721-ci ildə, Türkiyənin tarixində ilk dəfə, İstanbulda tipoqrafiya qurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG