Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:11

Qaçqın böhranı: Avropa keçmişindən öyrənsin


Serbiya-Xorvatiya sərhədində qaçqınlar.
Serbiya-Xorvatiya sərhədində qaçqınlar.

-

«Avropada xaricilərin inteqrasiya prosesi ağrılı məsələ kimi qalacaq. Özəlliklə ona görə ki, miqrant işçilərə yerlilərdən daha az iş yerləri təklif olunur».

«Stratfor» Araşdırmalar Mərkəzi Avropanı ağuşuna alan miqrant böhranı barədə təhlilini və proqnozlarını yayıb. Mərkəz bildirir ki, sağçı partiyalar, qruplar əcnəbilərin gəlişinə müqavimət göstərəcəklər, miqrant sığınacaqlarına hücumlar, immiqrasiya siyasətinə etirazlar təşkil edəcəklər.

«İmmiqrasiya bir tərəfdən əhalinin qocalmasının təsirlərini yumşaltsa da, bunu tamamilə əngəlləyə bilməyəcək. Eləcə də AB-nin heç də bütün üzvləri əcnəbiləri işçi qüvvəsinə cəlb etməyəcəklər».

«Stratfor» Avropaya indiki miqrasiyanın keçmişdəkindən fərqləndiyini vurğulayır. Belə ki, indi Suriya, İraq və Əfqanıstandan sığınacaq axtaranlar, Tropik Afrika və Balkanlardan isə iqtisadi miqrantlar gəlir.

«Bir tərəfdən, bu, etnik almanların didərginliyini, eləcə də keçmiş Yuqoslaviyadan miqrantları xatırladır, çoxları müharibələrdən və etnik təqibdən qaçır. Digər tərəfdən, dekolonizasiya prosesinə bənzəyir, çünki daha çox qeyri-avropalılardır. Ancaq xaotik və kütləviliyi baxımından hazırkı miqrasiya digərlərindən fərqlənir. Avropanın bu miqrasiya köçünə hazırlıqlı olması indiki məqamda dəxlisiz məsələdir. Sadəcə, baş verənlər Avropa Birliyini üstələdi».

Araşdırmalar mərkəzi əvvəlki miqrasiya təcrübələrinə əsasən hazırkı böhranın Avropaya mümkün təsirlərindən bəhs edir: Birincisi, əcnəbilərin inteqrasiyası Avropa ölkələri üçün problem olaraq qalır. Məsələn, Almaniyada açıqlanan hesabat miqrantların daha çox işsiz olduğunu, miqrant gənclərin alman həmyaşıdlarına nisbətən daha uğursuz nəticə göstərdiyini üzə çıxarıb. İkincisi, miqrant axını adətən onları qəbul edən ölkələrdə siyasi və sosial reaksiyalar doğurur. Məsələn, 2000-ci illərin ortalarında Böyük Britaniyaya əsasən polyakların axını immiqrasiyaya qarşı çıxan UKIP partiyasının yüksəlişinə gətirdi. Bir məsələ isə miqrantların özləri üçün daha əlverişli ölkələri seçməsidir ki, bu da AB-nin miqrantları avtomatik yenidən yerləşdirməsini əngəlləyəcək. Belə ki, Avstriyaya getmək istəyən miqrantı Rumıniyada saxlamaq çətin məsələdir. Almaniya qaçqınlara 3 aydan sonra işləməyə icazə verirsə, Fransada bir il gözləyirlər.

Suriyada Rusiya qırıcıları.
Suriyada Rusiya qırıcıları.

KONQRES PUTIN-Ə DAHA ÇOX SANKSİYA QOYA BİLƏR

«Ukraynadan Suriyayadək Obama administrasiyası Rusiya prezidenti Vladimir Putin-in niyyətlərini düzgün anlamayıb. Bunun bədəlini ödəsə də, administrasiya yanaşmasını dəyişənə oxşamır. Konqres boş oturmamalıdır. Rusiyaya yeni sanksiyalar qoymaqla, ABŞ qanunvericiləri Moskvaya güclü siqnal göndərə bilərlər ki, Ukraynaya təcavüzün davam etdirilməsi, Suriyada hərbi cinayətlərə qoşulmanın cəzası ağır ola bilər».

Bunu «The Wall Street Journal»da vaxtilə ABŞ administrasiyasında çalışmış Paula J.Dobriansky və David B.Rivkin yazırlar. Müəlliflərin fikrincə, Krımın ilhaqından sonra Rusiyaya tətbiq olunmuş sanksiyalar yetərli olmayıb və Putin-i nüfuz dairəsini genişləndirmək niyyətindən çəkindirə bilməyib.

Məqalədə qeyd olunur ki, Konqres Rusiyanın neft emalı sənayesindən başlayaraq yeni sanksiyalara əl ata bilər. Belə ki, Rusiyanın ən böyük zəifliyi onun emal zavodlarıdır. Emal infrastrukturu o qədər zəifdir ki, Rusiyada 2001-ci ildə benzin qıtlığı yaranıb. 50 böyük emal zavodunun çoxu sovetdən qalıb. ABŞ-ın hazırkı sanksiyaları ancaq yeni neft və qaz istehsalı layihələrini əhatələyir. Ancaq ABŞ, birtərəfli şəkildə olsa da, emal avadanlığının ixracına embarqo qoya bilər. «Bu, Rusiyanın mülki iqtisadiyyatına və Moskvanın hərbi əməliyyatlarına böyük təzyiq göstərmiş olar, Putin rejimi böyük siyasi ziyan görər».

Paris danışıqları.
Paris danışıqları.

UKRAYNAYA DEYİRLƏR Kİ, PUTİN-LƏ BİRGƏ YAŞA

«Ukrayna prezidenti Petro Poroshenko uzun müddət hökumətinə Qərb dəstəyinin şərtiliyini anlamaqda çətinlik çəkib. İndi isə Fransa və Almaniya liderləri ona bunu açıq deyirlər: Şərqi Ukraynada atəşkəs sazişi Rusiya prezidenti Vladimir Putin-ə deyil, Poroshenko üzərinə öhdəlik qoymaq üçün hazırlanıb».

bloombergview-da Leonid Bershidsky yazır ki, Poroshenko cümə günü fransalı, alman və rus həmkarları ilə Paris görüşünə döyüşkən ruhda gedirdi. Təzəlikcə BMT Baş Assambleyasında sərt çıxış etmiş, Rusiyanın ölkəsini necə talan etməsindən danışmışdı. Poroshenko görüş öncəsi fransalı diplomat Pierre Morel-in hazırladığı planı rədd edib. Həmin plana görə, Ukrayna yaraqlıların nəzarətində olan ərazilərdə yerli seçkilər üçün qaydalar müəyyənləşdirən xüsusi qanun qəbul etməliydi. Baxmayaraq ki, Minsk sazişi çərçivəsində Rusiya və separatçılar ilin sonunadək Ukrayna qanunvericiliyi altında seçki keçirməyə razılaşmışdılar. Ancaq beş saatlıq danışıqlardan sonra «Morel planı» Putin-ə sərfəli bir şəkildə Ukrayna üzərinə yükləndi.

«Bu, Poroshenko-ya bir sillə kimi dəydi. Moskvanın dəstəklədiyi seçki qanununu Ukrayna parlamentindən keçirmək mümkünsüzdü. Parlament yaraqlıların nəzarətində olan ərazilərə xüsusi status verən konstitusiya dəyişikliyini də çətinliklə qəbul etdi; parlament binası qarşısında iğtişaşlar yarandı, polis əməkdaşları xəsarət aldı. Moskvaya sərfəli seçki qaydaları Ukraynada hakim koalisiyanı parçalaya bilər və erkən seçkilər nəticəsində Poroshenko-ya sərf etməyən parlament ortaya çıxar».

«Paris bir daha sübut etdi ki, Ukraynanın milli maraqları məsələsində ukraynalıların özlərindən başqa müttəfiqləri yoxdur. Berlin və Paris arbitr rolunu oynamağı qərara aldılar. Onlardan heç biri Avropanın mərkəzində müharibəni bitirmək üçün qətiyyətli addım atmaq istəmir», - liga.net-də Pyotr Shuklinov yazıb.

XS
SM
MD
LG