Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:56

- "Bir gün filosof Diogendən soruşurlar: “İnsanlar niyə dilənçilərə sədəqə verirlər, amma filosoflara vermirlər?” Diogen: “Çünki bir gün şikəst, kor, kar ola biləcəklərini düşünürlər, amma filosof ola biləcəkləri ağıllarından keçməz, ona görə” - deyə cavab verir."

Yusif Hansen

Dilənçiyə pul verməyin

Elə bir gün olmaz ki, hisslərimizlə oynaya bilən dilənçiyə rast gəlməyək. Niyə məhz hisslərimizlə oynayan? Çünki adi vəziyyətdə insan qarşısındakına pulu qarşılıqsız verməz.

Dilənçilik qədim zamanlardan var. Onu artıq iş növü saymaq olar. Adi günlərdə biz neçə işə gediriksə, onlar da elə. Fərqi odur ki, onlar pulu əziyyət çəkmədən qazanırlar.

Kasıb insan adətən dilənçilərdən fərqli olaraq, bunu gizlətməyə çalışır. Kiməsə ağız açmağa üzü gəlmir.

İnsanın qüruru ona digərlərinə ağız açmağa imkan vermir ki, nəsə istəsin. Amma dilənçilərdə qürur kimi hisslər yoxdur. Bəziləri mükəmməl artistlik qabiliyyətinə malik olurlar.

Uşaq vaxtı qapı qonşumuz lal və kar idi. Müxtəlif səslər çıxardığından hamı onu "Bə-bə" adlandırırdı. Uşaqlarının ayrıca evi olduğundan öz evində tək yaşayırdı.

Bu yaşlı qadın dilənçiliklə məşğul idi. Amma bunu ölənə qədər heç kim bilmədi. Cəsədi evdə neçə gün iyləndikdən sonra dəfn edildi.

Yadıma gəlir ki, qızı evdən böyük məbləğdə pul tapmışdı. Sonra aydın oldu ki, hər gün evdən məhz dilənmək üçün çıxırmış.

Dilənçilik sənəti ilə məşğul olanların əlində böyük pullar olur. Üzdə yazıq sifəti almaqlarına baxmayaraq.

Dəfələrlə dilənçilərin durduqları yer üçün dalaşdığının şahidi olmuşam. Özü də bunu yaşlı, ağbirçək qadınlar da edir.

İndi isə təsəvvür edin ki, sizin verdiyiniz pullar bəzi işbazların cibinə gedir. Rahat yolla pul qazanıb keflə yaşayırlar. Böyük məbləğdə pul aldıqları insanlar barəsində isə hər axşam öz aralarında danışır, necə aldadıb pul qopardıqlarını fəxrlə, nailiyyət kimi qeyd edirlər, bununla öyünürlər.

Dilənçilik bəzi insanlar üçün iş növünə, biznesə çevrilib. Bu biznesdə isə böyük pullar fırlanır.

Adətən bir çörək pulu istəyərək dilənənlərə fikr verək. Gün ərzində yığdıqları pul bir ay rahat yaşamağa imkan verdiyi halda bunlar hər gün dilənməyə çıxırlar.

Bəzi insanlar var ki, dilənərək özünə həyat qurur və bu peşədən uzaqlaşır. Bəziləri isə canını əziyyətə vermək istəmir, rahat şəkildə pul qazanmağa üstünlük verir və dilənçiliyə davam edir.

Gənclik illərində dilənçilərlə rastlaşanda ürəyim ağrıyırdı. İnsanlar yaxşı yaşamadığına görə dövləti günahlandırırdım.

İllər keçdikcə anladım ki, dövlətin günahı yoxdur. Anladım ki, hər nə qədər pulu olsa belə, o, yenə dilənəcək.

Bir gün filosof Diogendən soruşurlar: “İnsanlar niyə dilənçilərə sədəqə verirlər, amma filosoflara vermirlər?” Diogen: “Çünki bir gün şikəst, kor, kar ola biləcəklərini düşünürlər, amma filosof ola biləcəkləri ağıllarından keçməz, ona görə” - deyə cavab verir.

Xeyirxah iş görmək istəsəniz, dilənçiyə pul verməyin. Təhsil almaq istəyən kasıb gənclərin oxumağına yardım edin.

Ac insana balıq verməkdənsə, ona balıq tutmağı öyrədin.

Küçədə xırda şeylər satan insanlardan nəsə alın. Ən azından, dilənçilik etməyib öz əziyyəti ilə pul qazandıqlarına hörmət əlaməti olaraq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG