Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:06

-

Gürcüstan vətəndaşı olan 31 yaşlı Bayram Niyazov Azərbaycan Daxili İşlər Nazirliyindən (DİN) 62 min 200 manatı almaq üçün bir ilə yaxındır hüquqi müstəvidə mübarizə aparır. Amma hələ ki, nazirlikdən bu pulu ala bilmir.

3 MİN DOLLARA SATARKƏN HƏBS OLUNUB

Bayram Niyazovun başına gələnlər barədə vaxtilə mediada məlumat yayılıb. O, iki kiloqramdan artıq narkotik maddənin satışında təqsirləndirilirdi. İttihama görə, Bayram Niyazov tutulduğu gün Balakənin Sarıbulaq kəndi ərazisində baxımsız sahədə bitən çətənə kollarını yığıb və Gəncə şəhərinə gətirib. Həmin gün saat 17.00-da şərti alıcı – Gəncə stansiyası Xətt Polis Şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Vüqar Qədirova 2 kiloqram 159.78 qram narkotik vasitəni 3 min dollara satarkən həbs olunub.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən Bayram Niyazovun vəkili Ceyhun Yusifov iş üzrə hal şahidi olan Kəramət Məmmədov və Tofiq Hüseynovun son 3 ildə 29 işdə eyni qisimdə iştirak etdiyini isbatlayan faktlar ortaya qoyub. Həmçinin Niyazovun ruhi xəstəlikdən əziyyət çəkdiyi barədə sənədlər məhkəməyə təqdim olunub. Sonda məhkəmə Niyazovun şərləndiyi qənaətinə gələrək, ona bəraət verib və o, 18 aylıq həbsdən sonra azadlığa buraxılıb. Eyni zamanda, Bayram Niyazovun tutulmasında iştirak edən polislərin barəsində xüsusi qərardad çıxarılıb.

İttiham tərəfi hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə çıxarılmış bu hökmdən yuxarı instansiya məhkəmələrinə apellyasiya və kasasiya protesti versə də, təmin olunmayıb. Həm Gəncə Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

61 MİN MANATLIQ CƏRİMƏ MÜƏYYƏNLƏŞDİRİLİB

Hökm qanuni qüvvəyə minəndən sonra Bayram Niyazov polislər üzündən il yarım günahsız həbsdə saxlanılmasına görə Daxili İşlər Nazirliyindən kompensasiya almaq istiqamətində hüquqi mübarizəyə başlayıb. Bayram Niyazovun vəkili Ceyhun Yusifov bu barədə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində kompensasiyanın məbləğini 62 min 200 manat müəyyənləşdirib – maddi ziyana görə 12 min 200, mənəvi ziyana görə isə 50 min manat.

Bu kompensasiya məsələsinə, az qala, 15 hakim baxıb, amma hələ də ortada konkret qərar yoxdur. İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən DİN nümayəndəsi Əlirza Əbilov işə bu məhkəmədə baxılmasına etiraz edib. O, vəsatət qaldıraraq bildirib ki, kompensasiya tələbi üzrə iddiaya Səbail rayon Məhkəməsində baxılmalıdır. Çünki iş üzrə cavabdeh olan DİN Səbail rayonu ərazisində yerləşir. Beləliklə, hakim Şərafət Məmmədov iddianı təmin etməyib. Qərarı da belə əsaslandırıb ki, iddiaya İnzibati-İqtisad Məhkəməsində baxılması mümkün deyil.

İNDİ DƏ NƏSİMİ MƏHKƏMƏSİ BAXSIN?

Vəkil Ceyhun Yusifov qərardan yuxarı instansiya məhkəmələrinə şikayət versə də, təmin olunmayıb. Ona görə də Ali Məhkəmənin yekun qərarından sonra bu dəfə iddia ərizəsi Səbail rayon Məhkəməsinə təqdim olunub. Amma DİN təmsilçisi bu dəfə də razılaşmayıb. Hazırlıq iclasında Əlirza Əbilov vəsatət qaldırıb ki, iddia ərizəsinə bu məhkəmədə də baxıla bilməz, bu məsələyə Nəsimi rayon Məhkəməsi baxıb hüquqi qiymət verməlidir. Əbilov vəsatətini belə əsaslandırıb ki, iddia ərizəsində üçüncü şəxs kimi adı keçən Maliyyə Nazirliyi Nəsimi rayonu ərazisində yerləşdiyindən, mübahisəyə də həmin məhkəmədə baxılmalıdır.

Belə olan halda, vəkil Ceyhun Yusifov məhkəmədə DİN nümayəndəsinin prosesi süni şəkildə uzatmağa cəhd göstərdiyini bildirib və onun Mülki Prosessual Məcəllənin tələbinə uyğun olaraq cəzalandırılması barədə vəsatət qaldırıb. Vəsatətdə Əlirza Əbilovun 3 min manat cərimələnməsi istənilib. Lakin hakim Azər Tağıyev vəsatəti təmin etməyib.

Qeyd edək ki, nazirlik nümayəndəsinin Səbail məhkəməsində qaldırdığı vəsatət üzrə qərardad çıxarılıb. Qərardaddan apellyasiya şikayəti verilsə də, təmin olunmayıb. Bundan da kasasiya şikayəti verilib və mübahisəyə hazırda Ali Məhkəmədə baxılır.

«HÜQUQLARINDAN SUİ-İSTİFADƏ EDİRLƏR»

Beləliklə, il yarım günahsız həbsdə saxlanılan Bayram Niyazov ona dəymiş ziyana görə kompensasiya almaq üçün bir ildir çalışsa da, nəinki pulu ala, hələ heç DİN-ə qarşı iddiasına mahiyyəti üzrə baxılmasına nail ola bilmir.

Vəkil Ceyhun Yusifov AzadlıqRadiosuna açıqlamasında bildirib ki, qanunun tələbinə görə, aidiyyət yalnız cavabdehlərdən birinin yerləşdiyi yer üzrə ola bilər. Maliyyə Nazirliyi isə bu işdə cavabdeh deyil: «Eyni məntiqlə, sabah da məsələ qaldıra bilərlər ki, Bayram Niyazov Gürcüstan vətəndaşıdır, gedib orada məhkəməyə müraciət etsin...».

Vəkilin dediyinə görə, faktiki böyük ziyan görmüş şəxsə kompensasiya verilməsinə süni şəkildə maneçilik törədilir: «Onlara verilmiş hüquqlardan sui-istifadə edərək məhkəmə proseslərinin uzadılmasına nail olur və nəticədə iki ilə yaxın qanunsuz olaraq həbsdə saxladıqları şəxsin kompensasiya almasına maneçilik törədirlər».

Vəkil məsələ ilə əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət edib: «Çox ümid edirəm ki, nazirliyə müraciətimin nəticəsi olacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG