Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:43

Azərbaycanla Panama anlaşdılar


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

Xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti və xarici işlər naziri Isabel de Saint Malo de Alvarado ilə görüşüb.

Bu haqda Azərbaycan XİN məlumat yayıb.

Panamanın xarici işlər naziri bu rəsmi səfərin iki ölkə arasında əməkdaşlığa önəmli töhfə verəcəyini bildirib.

O, ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Isabel de Saint Malo de Alvarado iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair imzalanacaq sənədin ikitərəfli siyasi dialoq mexanizminin yaradılmasına xidmət edəcəyini nəzərə çatdırıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Mərkəzi və Cənubi Amerika dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib. O, Azərbaycan və Panama arasındakı əməkdaşlığın enerji və sərmayələr də daxil olmaqla, digər sahələrə də sirayət etməsinin vacibliyini diqqətə çatdırıb. Bu sahələrdə əməkdaşlığın hüquqi çərçivəsinin yaradılması üçün müvafiq hökumətlərarası sənədlərin imzalanmasının və ümumiyyətlə, iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Elm-təhsil, təlim və digər humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu deyən nazir Elmar Məmmədyarov ADA Universiteti və Panamanın diplomatik institutu arasında təmasların yaradılmasının səmərəli olacağını deyib.

Ölkəsində əlverişli investisiya mühitinin yaradıldığını deyən panamalı nazir Azərbaycanın Panama üçün arzuolunan tərəfdaş olduğunu vurğulayıb.

Elmar Məmmədyarov Panamanın Dağlıq Qarabağ münaqişəsiylə əlaqədar beynəlxalq hüququn prinsipləri əsasında tutduğu mövqeyinə və «Xocalı soyqırımı»nı tanıyan qətnamənin qəbuluna görə təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov panamalı həmkarını Azərbaycana səfərə dəvət edib.

Görüşün sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Panama Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında anlaşma memorandumu imzalanıb.

XS
SM
MD
LG