Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:58

Seymur Baycan. Qəbiristanlıq nə üçün lazımdır?


Seymur Baycan
Seymur Baycan

- "O, çıxışında dedi ki, bu günün ali insanı sosial şəbəkələrdən, bahalı restoranlardan, bahalı geyimlərdən, brendlərdən, reklamlardan asılı olmayan adamdır."

Seymur Baycan

Qəbiristanlıq nə üçün lazımdır?

(bazar moizəsi)

Yaxşılıq və ya yamanlıq etmək məsələsini hər kəs özü üçün həll edir. Daha gözləmir ki, bəşəriyyət nə vaxt tədrici inkişaf yolu ilə bu məsələni həll etməyə başlayacaqdır.

Çexov

Əgər küçəyə çıxıb adamlara qəflətən “qəbiristanlıq nə üçün lazımdır” sualı versək, sorğuda iştirak edənlərin böyük əksəriyyətindən belə cavab alarıq:

Qəbiristanlıq ölən adamları basdırmaq üçün lazımdır. Qəbiristanlıq müxtəlif səbəblərdən rəhmətə getmiş adamları basdırmaq üçün nəzərdə tutulmuş məkanın adıdır.

Düzdür, “qəbiristanlıq nə üçün lazımdır” sualına ekzotik cavablar verənlər də tapılacaq. Amma nə yedikləri, nə içdikləri bəlli olmayan ekzotik varlıqların ekzotik cavabları ilə işimiz yoxdur. Onlara vaxt sərf etsək azarıq.

Özümüzü dolaşdırarıq. Mövzudan kənarlaşarıq. Yazıdan heç bir nəticə hasil olmaz. Ən yaxşısı ekzotik varlıqlara baş qoşmamaqdır. Bəli, qəbiristanlıq ölənləri basdırmaq üçün nəzərdə tutulmuş bir məkandır.

Bu məkan haqqında həm şərq, həm də qərb ədəbiyyatında çoxlu əsərlər yazılıb. Biz bu məkanın və bu məkana aid atributların adına əsərlərdə tez-tez rast gəlirik.

Bu məkanı filmlərdə tez-tez görürük. Əgər ədəbiyyatdan söhbət gedirsə, qəbir və qəbiristanlıq dedikdə ilk yada düşən Şekspirin "Qəbirqazanları"dır.

Bəs bu filmlərdə, ədəbiyyat nümunələrində müəlliflər nə demək istəyirlər? Onlar demək istəyirlər ki, qəbiristanlığın ölən adamları öz qoynuna alıb, çürüdüb, torpağa çevirməkdən savayı başqa bir missiyası da var.

Qəbiristanlıq dirilərin ölülərə baxıb ibrət dərsi götürməsi, həyatın faniliyi, hər şeyin gəldi-gedər olması haqqında düşüncələrə dalması üçün çox gözəl məkandır.

Deməli, qəbiristanlığın bir yox, iki vacib missiyası var. Təəssüflər olsun ki, dirilərin böyük əksəriyyəti yalnız bu missiyalardan birini dərk edirlər.

Hər birimizin ildə heç olmasa bir dəfə müxtəlif səbəblərdən qəbiristanlığa yolu düşür. Kiminsə dəfnində iştirak edirik. Ya da kiminsə qəbrinin üstünə gedirik.

Qəbiristanlığa yolumuz düşməsə də, harasa gedəndə qəbiristanlığın yaxınlığından keçirik. Qəbiristanlığı görməmək mümkün deyil. Bunu istəsən belə, alınmaz.

Elə isə daima gözümüzə görünən sadə həqiqəti qəbul etmək niyə bu qədər çətindir? Sadə həqiqət isə ondan ibarətdir ki, ölən adam bu dünyadan o dünyaya pul, var-dövlət, villa, maşın, şöhrət ordeni, əməkdar jurnalist, xalq artisti, qızıl qələm, deputat mandatı, katibə, yapışıb qaldığı kreslo, sürücü, aşpaz janrında heç nə apara bilmir.

Çünki yuxarıda sadaladıqlarımız o dünyada ən azından lazım deyil. Daha aydın dildə deyək. Süleymana qalmayan dünya heç kimə qalmır.

İnsan bu dünyadan o dünyaya iki şey apara bilər. Bu iki şeydən birinin adı lənət, birinin də adı rəhmətdir.

Əgər bu dünyadan o dünyaya var-dövlət, pul apara bilmirsə, nəyə görə insan daha çox pul və mal-dövlət qazanmaq üçün başqalarına bu qədər əziyyət verir?

Yalan danışır, yaltaqlanır, ağa qara deyir, xəbərçilik edir. Bu sadə sualın qarşısında aciz qalmışam. Vəzifəyə, var-dövlətə qarşı intəhasız hərislik insanı nə qədər eybəcərləşdirir.

Onu nə qədər çirkin əməllər törətməyə sövq edir. Burda əsla dərvişliyi, asketizmi, zahidliyi, guşənişinliyi təbliğ etmirəm.

Söhbət ondan gedir ki, insan az pulla da zövqlə geyinə bilər. İnsan az pulla da səyahət edə bilər. İnsan az pulla da hörmət qazana bilər.

Söhbət ondan gedir ki, insan öz imkanları ilə arzularının sərhədini müəyyən edə bilməyəndə, həyatın fani olduğunu yaddan çıxaranda, düşünmək qabiliyyətini itirəndə faciələr baş verir.

Ən pisi də odur ki, bu faciələrdən tək özü yox, ətrafdakılar da əziyyət çəkirlər. Mal-dövlət hərisliyi, sərvətin ədalətsiz bölüşdürülməsi başqalarının da həyatının məhv olmasına səbəb olur.

Adamlar var, əlli dəst paltarından birini öz doğma qardaşına vermir. Adamlar var, əlli cüt ayaqqabısından birini öz doğma bacısına bağışlamır.

Üstəlik, öz mənəvi boşluğunu doldurmaq üçün çox yanlış üsula və vasitəyə əl atır. Öz mənəvi boşluğunu bahalı restoranlara getməklə, bahalı paltarların birini soyunub birini geyinməklə doldurmaq istəyir.

Yaxınlarda dərrakəsinə böyük hörmət etdiyim adamlardan birinin çıxışına qulaq asdım.

O, çıxışında dedi ki, bu günün ali insanı sosial şəbəkələrdən, bahalı restoranlardan, bahalı geyimlərdən, brendlərdən, reklamlardan asılı olmayan adamdır.

Knyajna Mariya, Sergey Bondarçukun "Hərb və Sülh" filmindən kadr
Knyajna Mariya, Sergey Bondarçukun "Hərb və Sülh" filmindən kadr

Tolstoyun “Hərb və Sülh” əsərində ibrətamiz bir yer var.

Knyajna Marya Pyer Bezuxovun boyuk mirasa sahib olduğu xəbərini eşidir və xəbərə belə reaksiya verir:

- Yazıq Pyer, bu yükü necə çəkəcək?!

Pyer Bezuxov. Filmdən kadr
Pyer Bezuxov. Filmdən kadr

Gerçəkdən də böyük miqdarda pul, böyük miqdarda var-dövlət ağır yükdür. Ağır imtahandır.

Bu yükü necə daşıyacağı, bu imtahandan necə çıxacağı insanın mənəvi zənginlyindən, daxili dünyasından, maraqlarının istiqamətindən asılıdır.

Mənəvi cəhətdən zəngin olmaq, rahat yaşamaq, başqalarına da rahatlıq bəxş etmək üçün insan ali dəyərlərə söykənməlidir.

Bu ali dəyərlərdən biri də xeyriyyəçiliklə məşğul olmaq, özündən zəiflərə əl uzatmaq, təmənnasız yaxşılıq etməkdir.

Biz bir kilo düyü verib bunu on kamerayla çəkib külli aləmə göstərənlərdən, görüntü, reklam naminə edilən saxta xeyriyyəçilikdən danışmırıq.

Biz “sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipinə söykənən xeyriyyəçilikdən və bu təmannasız xeyriyyəçilikdən alınan ali həzzdən danışırıq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG