Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 07:09

Italo Calvino. Biri inadcıl çıxmışdı


Italo Calvino
Italo Calvino

- 20-ci əsr ədəbiyyatının görkəmli nümayəndəsi, bugünlərdə ölümünün 30 illiyi qeyd olunan yazıçı Italo Calvino'nun (1923-85) ingiliscə "Qaranlıqda ədədlər və başqa hekayələr" kitabından bir hekayəni təqdim edirik.

Italo CALVINO

Tereza qışqıran adam

Səkidən endim, dal-dalı bir neçə addım atdım və küçənin ortasında əllərimi şeypur edib binanın yuxarısına qışqırdım: “Tereza!”

Ay işığında kölgəm ayaqlarımın altında titrədi. Kimsə gəlirdi.

Bir də qışqırdım: “Tereza!” Adam yaxınlaşdı: “Möhkəm qışqır, yoxsa eşitməyəcək. Qoy sənə kömək edim, birlikdə qışqıraq. Üçə qədər say, eyni vaxtda qışqıraq.”

“Bir, iki, üç” dedi və birlikdə qışqırdıq: “Tereeeezaaaa!”

Aralıdan bir dəstə adam gəlirdi, kinodan, ya da qəhvəxanadan çıxmışdılar. “Biz də kömək edək” dedilər, bizə qoşuldular. Birinci adam “bir, iki, üç” dedi və birlikdə qışqırdıq: “Te-reee-zaaa!”

Bir nəfər də yaxınlaşdı; on beş dəqiqə keçməmiş təxminən iyirmi adam olduq. Bir-birini tanımayan adamlar qoşulmağa davam edirdilər.

Eyni vaxtda qışqırmaq üçün təşkilatlanmaq asan olmurdu. Ya kimsə hamıdan tez qışqırırdı, ya da gec. Axır ki, yaxşı qışqırmağın yolunu tapdıq. Birinci “te” qalın səslə və uzun deyiləcək, “re” nazik və uzun, “za” qalın və qısa, - belə anlaşdıq.

Əla alındı. Sadəcə arada bir, kiminsə səsi itəndə səslərimiz bir az gurultu kimi çıxırdı...

Lap yaxşı qışqırmağa başlamışdıq ki, könüllü təşkilatçılıq edən üzü xallı bir adam soruşdu: “Bəlkə evdə deyil? Əminsən evdədi?”

“Yox” – dedim.

“Pisdi də” – kimsə dedi. “Açarın evdə qalıb, hə?”

“Əslində”, dedim, “açarım var.”

“Bəs onda niyə yuxarı çıxmırsan” – dedilər.

“Ah, burda yaşamıram axı”, dedim. “Şəhərin o biri tərəfində yaşayıram.”

“Onda” – xallı adam dedi, “bağışla artıq sual verirəm, bəs burada kim yaşayır?”

“Bilmirəm ki” – dedim.

Heç nə başa düşmədilər.

“Onda bəs niyə burada dayanıb Tereza, Tereza qışqırırsan?” – cingiltili səsli biri soruşdu.

“Vallah, məndən olsa” – dedim, “başqa ad da qışqıra bilərik, ya da başqa yerə gedib orada da qışqıra bilərik. Mənə fərqi yoxdur.”

Bir az kefləri pozuldu.

“Bizimlə zarafat edirsən?” – xallı adam şübhəylə dedi.

“Necə? Başa düşmədim?” – üzümü onlara tutub dəstək gözlədim. Heç kəsdən səs çıxmadı, maddım-maddım baxırdılar.

Bir anlıq utandım.

“Haydı”, aralarından xoşniyyət biri dilləndi, “bir dəfə də qışqırıb dağılışaq.”

Bir də qışqırdıq: “Bir, iki, üç. Tereza!” Amma bu dəfə yaxşı səslənmədik.

Sonra hamı dağılışdı.

Küçəni burulub meydana çıxmışdım ki, uzaqdan kiminsə hələ də qışqırmaqda olduğunu eşitdim: “Tee-reee-za!”

Kimsə qalmış, qışqırmağa davam edirdi, deyəsən. Biri inadcıl çıxmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG