Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:14

- "...mən sənə və qardaşıma heç nə olmasın deyə dua etmişdim. Onlar isə bizi öldürmək, səni də özlərinə övrət etmək üçün dua edirdilər."

Gənc yazıçı Orxan Bahadırsoyun müstəqil Oda Teatrında tamaşaya qoyulmuş "Suriyalı" romanından bir parçanı təqdim edirik.

Orxan Bahadırsoy

SURİYALI

Suriyadakı vətəndaş müharibəsindən və onun günahsız qurbanlarından bəhs edən, gerçək hadisələr əsasında yazılmış roman...

...Saqqalı uzun və kirli, paltarlarından barıt qoxusu gələn, eybəcər bir şivə ilə ərəbcə danışan, hündür boylu, qarnı qurşağından sallanan Əbu Müafi şit-şit gülüb soruşdu:

-Adın nədir?

-Züeyb. – dedi titrək səslə.

-Hardansan? – deyə Əbu Müafi eyni qaydada sual etdi.

-Deyr əz-Zordan. – həmin titrək səslə dilləndi.

-Neçə yaşın var?

-9.

-Burda nə gəzirsən?

-Anamı və qardaşımı axtarıram.

-Bəs onlar burda nə gəzirdi?

-Hələbə gedirdik.

-Hələbə niyə? Orda nə var ki? Eviniz Deyr əz-Zorda deyil?

-Biz Türkiyəyə getmək istəyirdik.

Əbu Müafi susdu. Ağır-ağır addımlayıb kənarda duran onunla eyni görkəmli 10-15 nəfərdən ibarət bir dəstəyə yaxınlaşdı.

Züeyb onun nə dediyini anlamırdı. Çünki Əbu Müafi rus dilində danışırdı. O, Züeybdən öyrəndiklərini həmin dəstəyə nəql edirdi. Söhbət bitəndən sonra Əbu Müafi yenidən Züeybə yaxınlaşdı.

-Bəs sən ananla qardaşını harda itirdin?

-Ər-Rəqqədə. Onlar yatmışdılar. Mən uzaqdan bir dəstənin gəldiyini gördüm. Anamla qardaşımın yatdığı yerdən bir xeyli uzağa qaçıb özümü onlara göstərdim. Onlar məni gördükləri yerə doğru qaçdılar. Mən də təpələrin arxasında gizlənə-gizlənə geri döndüm. Amma qayıdanda anamla qardaşım yox idi.

Uşaq qorxu içində danışırdı. Zərif əlləri tir-tir əsirdi. Gözləri qızarır, dolurdu, amma ağlamırdı. Bütün qüvvəsini toplayıb məğrur durmağa, özünü güclü göstərməyə çalışırdı.

Əbu Müafi isə yenidən həmin dəstəyə yaxınlaşıb uşaqdan öyrəndiklərini onlara dedi. Daha sonra Züeybə ərəb dilində səsləndi:

-Hey, yanıma gəl!

Züeyb qum dənələrinin üstündə kiçik ayaqlarının rəsmini çəkə-çəkə onlara yaxınlaşdı. Əbu Müafi əlini ona uzatdı. Uşaq qorxa-qorxa onun əlindən tutdu. Birlikdə Hələbə gedən yola doğru addımladılar.

Yolboyu əlisilahlı saqqalı kişilər ancaq rus dilində danışırdı deyə Züeyb onların danışdıqlarından heç nə anlamırdı. Bir onu bilirdi ki, məhz bu saqqallı kişilərin silahdaşları onun atasını öldürmüşdülər.

Anası Zənihəni və 14 yaşlı qardaşı Suheyli də bunlara görə itirmişdi. O qədər ağlamışdı ki, daha ağlamağa gücü də yox idi.

Onu da bilirdi ki, bu silah-sursatla yaraqlanmış yekəpər kişilərin yanında ağlayıb özünü adi qorxaq, cılız bir uşaq kimi göstərə bilməz. O, bütün gökəmi ilə yetkin kişini xatırladırdı və yanındakı saqqallı dəstənin üzvlərindən daha müdrik görünürdü.

Bir xeyli sonra, nəhayət, Hələbə gedən yola çatdılar. Bu yol Ər-Rəqqənin tən ortasından keçirdi. Yolboyu uçulmuş binalar, yandırılan evlərin hissdən qaralanan divarları, ətrafa səpilən zibillər, barıtın, qanın, zir-zibilin bir-birinə qarışmış üfunət qoxusu burun göynədirdi. Züeybin gözü hər tərəfdə anası ilə qardaşını axtarırdı.

Onlar yol kənarında duran yük maşınına yaxınlaşdılar. Dəstə üzvləri öz aralarında zarafatlaşıb gülərək bu yük maşınının arxa hissəsinə doluşdular. Bu əsnada Züeyb bütün qüvvəsini toplayıb qaçmağı düşünürdü.

Elə buna hazırlaşırdı ki, Əbu Müafinin ona uzanan əllərini gördü. Qaça bilməyəcəyini anlayıb Əbu Müafinin əlindən tutdu və maşına qalxdı.

Onlar silahları bir tərəfə yığıb öz çantalarından adyallar çıxardılar. Bu adyalları sərib üstünə uzandılar və əllərini göyə qaldırıb dua etməyə başladılar. Əbu Müafi Züeybin dua etmədiyini görüb ona tərs-tərs baxdı. Züeyb isə bu sərt baxışlara heç bir reaksiya vermədi. Züeybə asta, lakin, qəzəbli bir səslə:

-Dua et! – dedi.

-Etmək istəmirəm! – deyə Züeyb cavab verdi.

Əbu Müafi daha da hirsləndi amma yoldaşlarının duasına mane olmamaq üçün səsini qaldırmadı. Daha böyük qəzəblə dişlərini qıcıdıb pıçıldadı:

-Sənə dedim ki, əlini göyə qaldır və bizim dediklərimizi təkrarla!

-Niyə axı? Siz Allaha dua edirsiz ki, atamı öldürdüyünüz kimi anamı, qardaşımı və məni də öldürə biləsiz. Mən isə dua etsəm, ondan istəyəcəyəm ki, anamı, qardaşımı və məni öldürə bilməyəsiz. O zaman Allah hansımızı eşidəcək? Hansımızın istəyini yerinə yetirəcək? – deyə Züeyb qətiyyətlə sual etdi.

Əbu Müafi əl uzadıb üst-üstə çinlənmiş silahlardan birini götürdü və Züeybə tuşladı. Bu dəfə yüksək səslə:

-Ya bizim kimi dua edəcəksən, ya da bu dəqiqə başını uçurdacağam! – dedi.

Züeyb tərəddüd edərək Əbu Müafiyə baxdı. Sonra astaca əllərini onlar kimi göy üzünə tutub durdu.

-İndi mənim dediklərimi təkrarla! – dedi Əbu Müafi və dua etməyə başladı.

Züeyb də onun dediklərini təkrarlayırdı. Dualar bitəndən sonra hamı yatmağa hazırlaşırdı. Əbu Müafi çantasından zəncir, kilid və açar çıxarıb Züeybin ayağını zəncirlədi. Zəncirin digər ucunu maşına kilidlədi. Daha sonra Züeybə tərs-tərs baxıb:

-Yat! Hələbə çatanda oyadaram səni! Bir də mənə qarşı çıxma. Nə desəm, onu da et! – dedi.

Züeyb uzanıb arxasını onlara çevirdi. Körpə gözlərindən yaş damcıları axırdı. Bir xeyli müddət onu yuxu tutmadı. Təqribən iki gün olardı ki, yatmırdı. Artıq heç bir çarəsinin olmadığını anlayıb yuxuya daldı.

Əbu Müafinin kobud əlləri onu yuxudan oyatdı. Züeyb gözlərini açan kimi ətrafa boylanıb anasını və qardaşını axtarmağa başladı. Amma eyni ilə Ər-Rəqqənin mərkəzində gördüyü mənzərə idi qarşısında – uçulmuş binalar, yandırılmış evlər, səpələnən zibillər və qan, barıt, zibil qoxusu...

Onlar paltarlarını geyindilər, silahlarını götürdülər və bir-bir maşından endilər. Əbu Müafi Züeybin ayağını zəncirdən açdı və Züeyb də maşından yerə tullandı. Onlar yeyin addımlarla bu xarabalıqların içində addımlayırdılar.

Görünür, harasa tələsirdilər. Züeyb isə nə baş verdiyini, onların hara getdiyini, niyə getdiyini bilmək istəyirdi. Hətta ayaqlarına düşüb yalvarmaq istəyirdi ki, onu buraxsınlar. Amma bütün bunların faydasız olacağına əmin idi və susurdu.

Yarısı uçulmuş bir binanın zirzəmisinə endilər. İçəridən gülüş səsləri eşidilirdi. Qapını açıb içəri girdilər, böyük bir süfrənin başına təqribən 15-20 nəfər adam toplaşmışdı.

Onlar da Əbu Müafinin dəstəsindəki adamlarla eyni görünüşdə idilər – uzun və kirli saqqal, qıvrım saçlar, ətrafı qaralmış və qırışmış gözlər, hündür boy, dolu bədən. Hətta paltarları belə eyni qoxunu veririrdi – barıt qoxusunu.

Dostlar bir-birləri ilə salamlaşdılar. Sonra öz aralarında müxtəlif dillərdə danışmağa başladılar. Bəziləri türkcə, bəziləri rusca, bəziləri ərəbcə danışırdı. Züeybin qulağı ərəbcə danışanlarda idi. Qapının yanında dizlərini qucaqlayıb oturan uşaq hələ heç kəsin diqqətini çəkməmişdi.

Çox keçmədi ki, ərəbcə danışan adamlardan biri Əbu Müafiyə səsləndi:

-Qardaş, dünən Ər-Rəqqənin çöllüyündə bir zənən tapdıq!

-Kim idi? – deyə Əbu Müafi soruşdu və dərhal Züeybə baxdı.

-Deyr əz-Zordan gəlirdi. Yanında bir oğlu da vardı. Deyəsən bir oğlunu da itirmişdi. – dedi həmin adam.

Züeybin gözləri bərələ qalmışdı. Yaş damcıları yanağını isladırdı. Amma səsini çıxara bilmirdi. Əbu Müafi isə kinayəli gülüşlə arabir Züeybi süzürdü. Sonra həmin adamdan soruşdu:

-Bəs zənəni neylədiz?

-Neyləyəcəyik, qardaş? Zənən dul idi. Biz də öz aramızdan seçə bilmədik ki, hansımıza övrət edək onu.

-Hardadır o?

-Otaqdadır.

-Bəs oğlu?

-Gedək otağa, özün gör. – deyib həmin adam ayağa qalxdı.

Daha sonra Əbu Müafi ilə birlikdə o otağa keçdilər. Züeyb dözə bilmədi. Yerindən qalxıb həmin qapıya doğru qaçdı və içəri girəndə anasının Suheyli qucaqlayıb ağladığını gördü.

Zənihə oğlunu görən kimi taqətsizcə qollarını açdı. Züeyb anasının qollarına sığınıb başını onun çiyninə qoyaraq ağladı. Daha sonra Qardaşı Suheyli qucaqlamaq istədi amma gördü ki, Suheyl yerindən tərpənmir.

-Ana, Suheylə nə olub? O niyə tərpənmir? – deyə soruşdu.

Zənihə dinmədi. Çarşabına bürünüb hönkür-hönkür ağladı. Züeyb üzüqoylu uzanan qardaşını var gücü ilə çevirdi.

Sinəsindən ayaqlarınacan yayılan qanı görəndə yerindəcə donub qaldı. İri gözlərini Əbu Müafiyə və onun yanındakı adama dikdi. İkisi də bu uşağa gülə-gülə baxırdı. Əbu Müafi yanındakı adamdan soruşdu:

-Niyə öldürdünüz onu?

-Qardaş, öldürmək istəmirdik. Haqq yoluna dəvət etdik, gəl, döyüşü öyrən, bizimlə Allah yolunda vuruş, cənnəti qazan dedik. Amma o istəmədi. Bizi də, əstəğfürullah, Allahı da təhqir etdi. Həmin andaca ürəyindən nişan aldım.

-Murdar! Cani! – deyə Züeyb var qüvvəsi ilə qışqırdı.

Əbu Müafi heyrət dolu baxışlarla:

-Yolunu azdın? Sən də qardaşının yanına getmək istəyirsən? – deyə soruşdu.

Zənihə bildi ki, Züeyb dillənəcək, cəld onu qucaqlayıb əlini onun ağzına sıxdı və ağlayaraq:

-Uşaqdır. Qardaşının ölümünə döz bilmir. Bağışlayın onu! – deyib yalvardı.

Əbu Müafinin yanındakı adam sual dolu nəzərlərini Əbu Müafiyə dikmişdi. Amma sükutun uzun çəkdiyini görüb soruşdu:

-Hə, qardaş, nə fikirləşirsən? Bu dul zənəni hansımız övrət edək?

-Hansımızın övrəti azdırsa, o eləsin.

-Bəlkə bir neçəsində övrət sayı eynidir.

-O zaman həmin adamlardan hansı çoxdandır ki, övrət almırsa, onun olsun! – dedi və Zənihəyə səsləndi, - xanım, gəl, içimizdən birinin halalı ol, sən də savab qazan, biz də.

-Mən axı istəmirəm... – dedi Zənihə və ardını deyəcəkdi ki, Əbu Müafi onun sözünü kəsdi.

-İstəmirsənsə, sən də, oğlun da öləcəksiz. İndi seç – ya ikinizi də öldürək, ya da sən bizdən birinə övrət ol, oğlun da bizim haqq yolumuzu qəbul edib cihada qoşulsun...

Zənihə bilmirdi nə cavab versin. Züeyb isə hirsli baxışlarını gah anasına, gah da Əbu Müafi ilə onun yanındakı adama dikirdi.

Zənihə də ölən oğlunun meyidinə baxıb ağlayır, ikinci övladını da itirmək qorxusu içində əzab çəkirdi. Ya bu adamlardan birinə övrət olacaqdı, ya da oğlu ilə bərabər öləcəkdi.

Əbu Müafi ilə onun yanındakı adam səbrsizliklə Zənihənin cavabını gözləyirdilər. Onlar savaba batmaq üçün tələsirdilər. Axı onların inancında bu savab idi...

Zənihə başını yuxarı qaldırdı. Gözlərindən yaş axa-axa dodaqaltı pıçıldamağa başladı. Züeyb anasının dua etdiyini anlayıb dilləndi:

-Allah bizi eşitmir, ana! Eşitsə də, dualarımızı qəbul etmir! Çünki mən sənə və qardaşıma heç nə olmasın deyə dua etmişdim. Onlar isə bizi öldürmək, səni də özlərinə övrət etmək üçün dua edirdilər.

Bax, onların duası qəbul olunub. Onda sən niyə dua edirsən? – daha sonra üzünü Əbu Müafiyə tutub davam etdi, - öldürün ikimizi də. Məni də, anamı da... Qardaşımı öldürdüyünüz kimi öldürün.

Əbu Müafi yüksək səslə Züeybin üstünə qışqırdı:

-Çıx, rədd ol bu otaqdan!

Zənihə cəld oğlunu qucaqlayıb sinəsinə sıxdı. Əbu Müafinin yanındakı adam nəzakətlə Zənihəyə yaxınlaşıb:

-Xanım, oğlunuza heç nə etməyəcəyik, buraxın onu, o biri otaqda qalsın. Yeməyin, suyun da verəcəyik. Narahat olmayın. Siz isə tez qərar verin.

Zənihə onlardan möhlət aldığına sevinib Züeybi buraxdı və oğluna işarə etdi ki, sakitcə o biri otağa keçib gözləsin.

Əbu Müafinin yanındakı adam Züeybin əlindən tutdu birlikdə otaqdan çıxdılar. Zənihə isə oğlu Suheylin meyidi ilə baş-başa qalıb divara söykənərək ağlamağa davam etdi...

Günün bütün mövzuları

XS
SM
MD
LG