Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:57

Nazarbaev: «Ayaqqabım da yerli maldır, kostyumum da»


Camaat «Made in Kazakhstan» malı almaq istəmir.

Camaat «Made in Kazakhstan» malı almaq istəmir.

-

Almatılı Farida Qazaxıstanda istehsal olunmuş paltar geymək istəyir. Ancaq yerli mal onun zövqünü oxşamır.

Farida deyir ki, əvvəllər - sovet dövründə Qazaxıstan malları çox keyfiyyətli olub: «Ancaq indi bizdə o cür paltarlar yoxdur».

Farida deyir ki, Qazaxıstan yerli istehsala təzə başlayır. Yeni tikilənlər də həmişə keyfiyyətli olmur: «Yaxşı mal da çox azdır. Ona görə də mən Çində və Qırğızıstanda tikilmiş paltarlardan alıram».

QIRĞIZISTANDAN, ÇİNDƏN VƏ TÜRKİYƏDƏN GƏLƏN PALTARLAR

AzadlıqRadiosunun Qazaxıstan üzrə müxbiri Almatının mərkəzində «Yaşıl bazar»dakı bütün ticarət obyektlərini gəzib. Burda ancaq Türkiyə, Qırğızıstan və Çindən gətirilən malların satıldığını görüb.

Bazardakı satıcılardan biri Gulnisa deyir ki, xaricdən gətirdikləri pal-paltarın üstünə çəkdiyi xərclərdən başqa yol və yemək xərclərini də əlavə edirlər:

«Hələ gömrük rüsumlarını demirəm. Ona görə də gətirilən malın qiyməti Qazaxıstana gələndə iki dəfə artmış olur».

Gulnisa deyir ki, geyimlər Qazaxıstanda ərsəyə gəlsə, ucuz olar.

Zhanar Almatıdakı paltar mağazalarının birinin satıcısıdır. O deyir ki, Qazaxıstanda pal-paltar tikilmir. Tikilsə də, keyfiyyətsiz olur: «Alıcı nə vaxt ucuz pal-paltar axtarsa, Qırğızıstan və Çin malları alır. Bahalı nəsə istəyirlərsə, onda Türkiyədən gətirilmiş mallardan alırlar».

Tikiş fabriki.

Tikiş fabriki.

TÜRKİYƏ ŞİRKƏTİNİN YARLIĞI

Tikiş sexinin satıcısı Nasim danışır ki, camaat «Made in Kazakhstan» malı almaq istəmir:

«Bilmirəm niyə görə. Ancaq onu bilirəm ki, mallarımıza «Qazaxıstanda tikilib» yarlığı yapışdırsaq, onu heç kim almayacaq».

Nasim-in sexində fəhlə və idman paltarları tikilir. Kişilər və qadınlar üçün olan üst geyimləri də tikirlər. Nasim deyir ki, parçanı Türkiyədən gətirirlər. Sexdə paltarları tikənlər də türk dərzilərdir:

«Özü də bizim malların tikilişi heç də Türkiyədə istehsal olanlardan geri qalmır. Amma buna baxmayaraq, alverçilər bizim malı almırlar. Ona görə də mallarımızı Türkiyə şirkətinin yarlığı altında satmağa məcburuq».

Ancaq «Qazaxıstan mallarını heç kim almır» fikri ilə razılaşmayanlar da var. Sayram rayonundakı tikiş şirkətinin meneceri Zhanar Sarsenbaeva deyir ki, bu ilin yayından bazarda onların məhsulları yaxşı satılır:

«Biz kişi kostyumları, tək şalvarlar, məktəb formaları tikirik. Dollar bahalaşsa da, bizim malların qiyməti qalxmayıb, elə keçən ilki qiymətlərdir. Bəlkə də elə buna görə bizim alverimiz yaxşı gedir».

Alıcı paltarı əyninə ölçüb-biçir.

Alıcı paltarı əyninə ölçüb-biçir.

REKLAM FAKTORU

Psixoloq Bakhytgul Abdramanov düşünür ki, Qazaxıstanda tikilən paltarlar keyfiyyətə görə yox, reklam olunmamağa görə satılmır: «Reklam insan psixologiyasına təsir edən əsas faktordur. Mən bu günədək Qazaxıstanda tikilən paltarların reklam olunduğunu görməmişəm. Heç bilmirəm, bu paltarlar harada tikilir, harada satılır. Malı reklam etməyi bacarmaq lazımdır».

Yerli malların reklam olunmasının vacibliyindən hakimiyyət nümayəndələri də tez-tez danışır. Elə prezident Nursultan Nazarbaev də ölkə əhalisini yerli mal almağa, yerli istehsalçıları dəstəkləməyə çağırıb. Sentyabrın 17-dəki çıxışında isə o, özünü qazax mallarının reklam təcəssümü adlandırıb. Deyib ki, əynindəki kostyum da, ayağındakı ayaqqabı da yerli maldır: «Bizi yüngül sənayemizi belə reklam edirik».

Prezidentin bu sözündən sonra AzadlıqRadiosunun müxbirləri Astananın ticarət mərkəzlərində və bazarlarında Qazaxıstan istehsalı olan kostyum və ayaqqabıların axtarışına çıxıblar.

Ancaq həm ticarət mərkəzlərində, həm də bazarlarda yerli məhsulların çeşidi hələ ki, arzuolunan səviyyədə deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG