Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:50

- "Məhz maarifçilik sayəsində cəmiyyət immunitetini qaldıra bilər."

"Süni gündəmlər yaradıb, geriləyən cəmiyyətimizi daha da inkişafdan saxlamayın."

"Kitab sektoru hərətəfli inkişaf etsə, artıq təbii olaraq, qütbləşmə və mədəniyyətsizliyin səviyyəsi aşağı düşəcək."

Orxan Adıgözəl

Yeni dünya

Mütləq nəsə etmək lazımdır! Yazıq-fəqir duruma düşmüşük vallah...

İntiharlar artıb, ətrafdan üzümüzə qara şüalar saçılır. İnsanlarımız bədbinləşib. Dəyərlər gün-gündən Malayziya təyyarəsi kimi itir və tapılmır. Azadlığımız məhdudlaşdırılır.

Bir çoxumuz bu qədər monotunluğun içində qismən azad olan internetdə və sosial şəbəkələrdə elə qismən rahatlıq və xoşbəxtlik tapır, sözünü-problemini bölüşə və yaya bilir. Təəssüf ki, ora da bir çox hallarda öz əks təsirini göstərir iradəcə zəif cəmiyyətimizə.

Ölkəmizdə sensuzarasız və obyektiv informasiya üçün yerli telekanallara yox, internetə və sosial mediyaya üstünlük verirlər. Burda alınan məlumatlardan yeni, azad ictimai fikir, rəy formalaşır.

İctimai rəy ictimai şüurun elə təzahürüdür ki, burada böyük sosial qrupların, bütövlükdə xalqın aktual hadisələrə münasibəti (yaxud onları qiymətləndirilməsi) əks olunur.

İctimai rəyi formalaşdıranlar xalq üzərində müəyyən təsir və nüfuza malik siyasi partiya liderləri, vətəndaş cəmiyyətinin və ictimai sektorun fəalları, ziyalılar və yazıçılardır.

Bu gün Azərbaycan cəmiyyəti mürəkkəb böhran yaşayır. Böyük əksəriyyət durğunlaşıb, süstləşib.

Fəal kütlə arasında isə ziddiyətlər mövcuddur. İnsanlar ifrat dünyəviliklə ifrat mühafizəkarlıq arasında seçim edirlər.

Bu ziddiyətin qaynağı isə plüralizmi qəbul etməməkdir. Plüralizm cəmiyyətdə demoktik işartıları alovlandırır, ictimai həyatı canlandırır, fərqli düşüncələrin meydana gəlməyinə vasitəçi olur.

İnsanları bu monoton həyat tərzindən çıxarıb, orijinal və rəngarəng həyat vermək əsas zərurətdir. Bunu isə vətəndaş həmrəyliyi ilə, maarifçiliklə həyata keçirmək lazımdır.

Məhz maarifçilik sayəsində cəmiyyət immunitetini qaldıra bilər. Maarifçiliyi tətbiq etməyə yerli televiziya kanallarının “vaxtı” yoxdur. Onlar öz mahiyyətlərini unudublar.

Ona görə bu vəzifə düşür sosial medianın üzərindən ictimai rəyi formalaşdırmaq qabiliyyəti olanların üzərinə.

Süni gündəmlər yaradıb, geriləyən cəmiyyətimizi daha da inkişafdan saxlamayın. Yeni tutarlı ictimai rəy formalaşdırıb hər kəsi bu işə səfərbər etmək gərəkdir.

Azərbaycanın soyuq və bulanıq sularında gizlənmiş təhlükəli aysberqləri görən vicdanlı insanlar təcili surətdə hərəkətə keçməlidirlər.

Dünyaya yeni gözlə baxan, müasir təfəkkürlü yeni bir nəsil yetişdirmək gərəkdir.

Kitab sektoru hərətəfli inkişaf etsə, artıq təbii olaraq, qütbləşmə və mədəniyyətsizliyin səviyyəsi aşağı düşəcək.

Sabahkı Azərbaycanı yaşama zövqünü tərk edib, yaşatma eşqinə könül verən səbirli, əzimli, səmimi könüllülər xilas edəcəklər. Şəxsi maraqlarımızı, eqolarımızı bir kənara buraxmaq vaxtıdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG