Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:28

- Azərbaycan yazarları yaradıcı gənclərə məsləhətlər verirlər

1.Mütaliə etmək. Yaradıcılıq intim və fərdi bir sahədir. Kimsə yazara “belə yaz, elə yaz” deyirsə, əmin olsun ki, bu məsləhətlərin heç biri fayda verməyəcək və buna lüzum da yoxdur.

Hər yazıçının öz mətbəxi olduğu üçün heç bir yazıçı öz ədəbi kulinarıyasının sirlərini sizə tam açmayacaq. Ədəbi təfəkkür mütaliə prosesində formalaşır, söhbət düzgün, sistemli mütaliədən gedir.

Özül olmadan bina qurula bilməz, yazıçının da zəngin baqajı olmalıdır və mütaliə ən effektiv öyrənmə üsuludur. Ona görə də davamlı olaraq mütaliə etmək lazımdır.

2.Həyatı öyrənmək. Yaxşı yazıçı olmaq üçün həm də həyatı bilmək lazımdır, bunun üçün də güclü müşahidə qabiliyyəti olmalıdır.

Ətrafınızdakı insanları müşahidə edin, özünüzü həyatın içinə atın. Mən yazıçıyam deyib kənarda durmayın, sadə insanların həyatı yazıçıya zəngin material verir.

Sovet dönəmində yazıçını istehsalata göndərirdilər ki, gedib həyatı öyrənsin və gəlib əsər yazsın. Bu, çox gülünc bir qayda idi, həyatı öyrənmək üçün istehsalata getməyə lüzum yoxdur.

Sənin yaşadığın həyat ədəbiyyat materialıdır və sən bu material üzərində necə işləyəcəksən, bu, sənin istedadından, təxəyyül gücündən asılıdır.

3.Yazdıqlarınızın çapına tələsməmək. İndinin tanınmış yazarları içərisində elələri var ki, ilk kitablarına görə hələ də utanc hissi keçirir və o kitabların üzərindən sükutla keçirlər.

Siz də bu utanc hissini keçirməmək üçün ilk qələm təcrübələrinizə qarşı amansız olun.

Yazı məşqlərinizi mütaliə ilə paralel olaraq davam etdirin. Yazı diliniz cilalalana qədər çap olunmaqdan vaz keçin.

Bir müddət keçdikdən sonra yazılarınızdakı qüsurları özünüz görəcəksiniz və düşünəcəksiniz ki, yaxşı ki, bunları çap etdirməmişəm.

4.Dili yaxşı bilmək. Azərbaycan dilini incəliklərinə qədər öyrənin və eyni zamanda dilə yeni sözlər gətirməkdən çəkinməyin. Unutmayın ki, yazıçı dilin yaradıcısıdır.

5.İmitasiyadan uzaq olmaq. İlkin mərhələdə siz oxuduqlarınız yazıçılardan hansınınsa təsiri altına düşə bilərsiniz. Bu, təbiidir.

Amma hansısa yazıçının təsiri altında yazmaqdan qəti şəkildə uzaq olun. Öz yazı tərzinizi formalaşdırın. Təsirlənmə bütün hallarda qaçılmazdır, amma bu təsirlənmə sizin yaradıcı stixiyanızı üstələməməlidir.

Çalışın, öz üslubunuzu yaradın. Üslub yazıçını digər yazıçıdan fərqləndirir.

6.Əyləncələrdən uzaq olmaq. Əylənmək və istirahət etmək hər bir insanın doğal haqqıdır, o cümlədən yazıçının da.

Amma yazıçılıq davamlı bir prosesdir və ciddi nizam-intizam tələb edir. Əyləncələr isə yazıçını yazı masasından uzaq salır. Mümkün qədər yazıçı üçün zərərli olan bu vərdişdən uzaq olun.

7.Hər gün yazmaq. Siz əgər yazıçı olmağı qarşınıza məqsəd qoymusunuzsa, özünüzdə yazı vərdişini formalaşdırmalısınız. Hər gün yazın, alınıb-alınmayacağından qorxmayın. Onda düşüncəniz, təfəkkürünüz çevikləşəcək.

8.Azadlığı qorumaq. Azadlığınızı qoruyun və onu heç kəsə, heç nəyə qurban verməyin. Onda yaza bilməyəcəksiniz.

Yazıçı nələrdənsə keçməyi, nələrisə qurban verməyi bacarmalıdır. Yazmaq üçün nəsə sizə mane olursa, ondan vaz keçməlisiniz. Təkcə azadlığından başqa.

9.Vicdanlı olmaq. Vicdanlı olmaq o deməkdir ki, sən öz həqiqətinin üzünə dik baxa bilirsən, sənin yazdıqların həm də sənin həqiqətindir, sən öz həqiqətinə xəyanət etmisənsə, oxucunu yazdıqlarına inandıra bilməyəcəksən.

10.Prinspial olmaq. Ədəbi prinsiplərinizdən heç vaxt geri çəkilməyin. Ədəbi prinsip həm də yazıçının imicidir, nüfuzunuzu heç vaxt zərbə altında qoymayın.

Yazdığınız sözün çəkisi həm də bununla ölçülür.

Günün bütün mövzuları

XS
SM
MD
LG