Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:26

Həyatın davam etdiyinə dair heç bir iz yox


Şəhriyar İbrahimov
Şəhriyar İbrahimov

- Şeirlər

Şəhriyar İbrahimov

Payız baxışlım

Bir yandan tənhalığıma üşüyürəm, bir yandan xatirələr məni isti saxlayır.

Xəyalını qurduğumuz bütün sabahlar dünən oldu, bütün gələcək keçmişdə dəfn olundu, xoşbəxtliklər təxirə salındı..

Ürəyimdə olan bütün icazəsiz kədər yürüşləri üsyan qoparır.

Yaşadığın bütün şəhərləri sənə tərk etdim.

Dilbilməz yalqızlığım siqaretin intihar dumanlarına təsəlli tapır.

Sənsiz zaman keçmək bilmir, saat əqrəblərin nazı ilə oynayır.

Bütün soyuq ayrılıq melodiyaları qulaqlarımda isinir.

Külək də qapımı döymür ki yüyürüb açam, özümü bir dəqiqəlik aldadam..

Gözlərim yolların oyuncağına çevrilib.

Zamanın mənasını itirdiyi o nöqtədəym,

Həyatın davam etdiyinə dair heç bir iz yox.

Gözlərinin mavisində gecələdiyim günlər üçün darıxıram.

Üzümdə sənsizliyin kölgələri əks olunub,

Daha içimə həbs edə bilmirəm səni, dilimdə adın düyünlənsə də, göz yaşlarımdan sən tökülürsən.

Mən yenə həmin yerdəyəm, sınıq ürəklər dayanacağında, tənha darıxanlar limanında.

Sənli xatirələr sentyabrdan qalma xəzan yarpaqları.

Dodaqlarım dodaqlarına ac,

Saçlarım əllərinə, gözlərim gülüşünə möhtac..

Amma səni tərk etdim bir başqa şəhərin günəşinə, bir başqa xoşbəxtliyin gülümsəyişinə.

Özünə yaxşı bax payız baxışlım

Son ümid

Bu soyuq yoxuşun vüsalı yoxmuş,

Sənə gələn yollar gözümdən keçir.

Ta ömrüm ötürüb payız təqvimin,

Ta sənə gəlmirəm özümdən keçib...

Yandırdım bu bayat möhnəti, yükü

Ta bundan o yana yox olmaq olmaz,

Ovcumda bir qırıq son ümid büküb,

Həsrətin qoynuna yıxılmaq olmaz...

Daha dodağımda can verir adın,

Bu bədən eşqimin yorğun cismidir.

Sinəmdə döyünən ət deyil,qadın

Daş üstə çəkilmiş ürək rəsmidir...

Yoxsan

Gözlərim səksənir saat səsinə,

Qəlbim kövrəkləşib,amanabənddir.

Yoxsan..bu ağrılı qəm nəğməsinə,

Oynayan kədərdir,oynayan dərddir...

Yoxsan...gözlərim də boşalır-dolur.

Yollar düyün düşür ayaqlarımda..

Ömürdən tökülən gün xəzəl olur,

Adın qıfıllanır dodaqlarımda..

Gözlərim yol çəkir sizin evəcən,

Küçələr qarşıma əliboş çıxır.

Yoxsan..tək dönürəm..bu soyuq ev də,

Yetim uşaq kimi əlimə baxır...

Yoxsan..Yoxluğunu məktublar yuyur.

Hər gün həsrətinlə sevişirəm mən.

Oxu bu məktubu sən də yat uyu,

Öpdüm gülüşünün sahillərindən...

Bir yarpaq şeir

Yıxılar budaqdan yolun üstünə,

Bir yarpaq ömrü də qalar yarıda.

Xəfif payız yeli durar qəsdinə,

Küsdürər özündən durnaları da...

Oyanar nisgilli xatirələrim,

O yarpaq bahara qayıtmaz daha.

Payızda kövrələn düşüncələrim

Bir şair ömrünü ovutmaz daha...

Xəlvətdə alışıb yanar ürəyim,

Tənha bir daxmanın sobası kimi.

Bir soyuq baxışdan sınar ürəyim,

Dağılar qaranquş yuvası kimi...

Tökülər çiynimə bəyaz tellərim,

Çılpaq budaqlara düşən qar kimi.

Hərdən xatirənin soyuq yelləri,

Gələr bir əsimlik gilavar kimi...

Ürəyim çırpınar qızıl qəfəsdə,

Sinəmdə şeirlər aşıb-daşarlar.

Xəzəllər xışıldar sarı sim üstə,

Gözümdə buludlar topalaşarlar...

Ömür də əcələ eyləyər təlaş,

Yollar da köhnələr ayaqlarımda.

Ötdükcə fəsillər,çoxaldıqca yaş,

Şuxluğun itirər dodaqlarım da...

Bir yarpaq altından boylanar çiçək,

Gözləri mürgülü, baxışı xumar.

Təbiət aşiqi, bu payız ürək,

Bir yarpaq şeirdən təsəlli umar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG