Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:01

- "İndi yadıma hörmətli şair R. düşür. Bir il, para il əvvəl idi. Zəng elədi, Xırdalanın parkına çağırdı, durub getdim. Dedi, qadan alaram, mənə bir çarə qıl, arvad-uşağı da götürüm çıxım gedim bu ölkədən."

"Hər mühacir ölkəsində hansısa vicdanlı adamın layiq olduğu, amma imtina edə bildiyi azad və rahat həyatı oğurlayır və bu oğurluq ona rahatlıq vermir, nəticədə yaddaşa güc gəlməli olur, unutmalı olur."

Namiq Hüseynli

Mühacirət yanğısı

Adi günlərdən biridir. Mən evə qayıdıram. Saatıma baxıram, evə qayıtmaq üçün çox tezdir hələ.

Qaranlıq düşməyə 3-4 saat var. Telefonumu çıxarıram, telefon dəftərini açıb nömrələri sürüşdürürəm. Zəng edib görüşməyə bir dost axtarıram.

Əlim T-nin üstündə bir anlığa dayanır. T. indi mühacirətdədir. Onunla yaşadığım şirin-acı günləri qısa bir film kimi gözümün önündən keçirirəm.

“O, heç vidalaşmadan getdi, bir qorxaq kimi, indi də heç məni yada salmır” – öz-özümə deyinirəm. T. indi Avropanın ən gözəl yerindədir.

Onların taleləri qaranlıqdır. Öz ölkələrindəkindən daha qaranlıq.

Arabir Facebook-da gəzməli yerlərdən fotolarını paylaşır, o fotolara əlim əsə-əsə baxıram və tezcə də bağlayıram.

Axı niyə o, daha məni axtarmır?

Bəlkə yanımda üzüqaradır, keçmişi ilə bağlı heç nəyi yada salmaq istəmir, ancaq bu gününü yaşayır? Axı mühacirlərin gələcəyi də olmur. Onların taleləri qaranlıqdır. Öz ölkələrindəkindən daha qaranlıq.

Bir də gördün, küçədə biri bıçaqladı qaçdı, ya da həbsə düşdü. Kim biləcək?

Mənim yadıma sadəcə T-nin qoluna döydürdüyü “Revolution” yazısı gəlir. Mən ona gülürəm. “İnqilabçı gərək hamıdan öncə qaçmayaydı, T”. – deyirəm.

Düşünərkən tez-tez görüşdüyümüz, indi münasibətlərimizin korlandığı Ə. düşür yadıma. O, məşhur yazıçıydı, ciyərli adamıydı, yetənə yetir, yetməyənə bir daş atırdı.

Onunla bax, elə bu şəhərdə nə qədər günlərimiz keçib. Onun sevdiyi hər kafeni, hər çayxananı, hər parkı əzbərdən bilirəm. İndi daha bu şəhərin heç yerində ona rast gəlməzsən.

Bildiyim qədəriylə, Almaniyada taksi şirkətində dispetçer kimi çalışır. Bütün mühacirlər kimi keçmişindən və deməli, məndən imtina edib.

“Heç vaxt dostlarına baxıb mühacirətə getməyə can atma” – özüm-özümə xəbərdarlıq edirəm. “Bu dünyada sıxıntı hər yerdə var, Bakıda da, Londonda da, Vaşinqtonda da”.

“Axı mən niyə getmədim. Bu imkan var idi, heç indi də gec deyil. Yox, gecdir yəqin. Gərək o gözəl Avropaya Suriya qaçqınlarından öncə gedəydim”.

Yadıma V. düşür. Biz eyni ofisdə işləyirdik. Son dəfə onu görəndə küsülüydük. Sonra uzun zaman bir-birimizi görmədik.

Barışmaq üçün zəng edəndə kobud cavab verdi deyə, daha onu axtarmadım. Sonra nə eşitsəm, yaxşıdır. V. də mühacirətə yollanıb. Artıq mühacirətdə olan bacısının yanına. Allah onları qorusun.

Doğrusu, bunu eşitmək çox kədərliydi. İnsan özünə yer tapa bilmir. Biri var, barışmaq istədiyin adam səninlə eyni şəhərdə yaşaya və fürsət gözləyəsən görüşmək üçün, bir də var, o, ümumiyyətlə olmaya.

Hardasa milyonlarla liviyalının, suriyalının, bosniyalının arasında onların rəngi-ruhu üzünə yansımış, artıq başqa dillərdə danışan, başqa adamlarla oturub-duran bir yad V. Yeri gəlmişkən, o da məni axtarmadı.

Mühacirət adamları hamısı belədir. Çünki bilirlər ölkədə onlardan daha çox təhlükəylə üz-üzə, nəfəs-nəfəsə yaşayanlar var. Onların qorxduğu həbsxanalardan qorxmayanlar var.

Hər mühacir ölkəsində hansısa vicdanlı adamın layiq olduğu, amma imtina edə bildiyi azad və rahat həyatı oğurlayır və bu oğurluq ona rahatlıq vermir, nəticədə yaddaşa güc gəlməli olur, unutmalı olur.

Necə ki, bütün səhv əməllərin sonu unutmaqla bitir.

Təskinliyim ondadır ki, bu böyük şəhərdə dostlarsız da qalsam, çoxundan daha azadam. Şəhər ayağımın altındadır.

İstəyərəm metroya minərəm, İçərişəhərdən çıxaram, on dəqiqə sora bulvarda çay içərəm, istəyərəm basıb gedərəm NZS-ə, yarım saat sonra NZS zavodunda pivə içərəm.

Könlüm istəyər, “Road”a baş çəkərəm, könlüm isəyər “Secret”ə. Axşam qatara minib səhər özümü Qaxa çatdıra bilərəm, vurub gedərəm Tiflisə, gələrəm Qazağa, Gəncəyə.

Amma mühacirətdəkilər bunu edə bilməzlər. Allah bilir, ilk altı aylarını yaşadıqları küçənin yerini öyrənməklə keçirirlər.

Düşünürəm ki, V, yaxud T, ya da tanıdığım bütün mühacirlər kimi çıxıb gedə bilərəm. Bəli, bu hələ də gec deyil. Özü də bəhanəsiz-zadsız.

Əlimdə daşdan keçən sənədlərim var. Ancaq nədir məni buraya bağlayan? Bilmirəm.

İndi yadıma hörmətli şair R düşür. Bir il, para il əvvəl idi. Zəng elədi, Xırdalanın parkına çağırdı, durub getdim. Dedi, qadan alaram mənə bir çarə qıl, arvad-uşağı da götürüm çıxım gedim bu ölkədən. Dolanammıram buralarda.

- Hara gedəcəksən?

- Amerikaya, E-də ordadır, S-də.

- Onlar səni çağırırlarmı?

- Yox, mən özüm onlara yazıram?

- Yaxşı, bir səbəbin varmı qaçqınlar idarəsinə göstərməyə?

- Şairəm, məni burda sıxışdırırlar, şeirlərimə və romanıma görə.

- Belə şeirlərin varmı?

- Hələ tam yox, amma yazacam.

- Gərək ya din əleyhinə, ya da hal-hazırda hakimiyyət başında duranların əleyhinə yazasan.

- Lap elə haaa? Dinə sataşa bilmərəm, yolda tutub bıçaqlayarlar məni.

- Onda hökümətdən yazarsan.

- Yuxarıdakılardan qorxuram, getməmiş yaza bilmərəm.

- Onda orta və kiçik məmurlardan yaz.

- Məni tutarlar.

- Lap yaxşı, onda getməyə səbəbin olar.

- Risklidir. Sən jurnalist adamsan, bir şey düzüb-qoşub yaza bilməzsənmi? Bəlkə məndən yaxşı bir müsahibə alasan?

- Gərək bir şey olsun ki, mən də düzüm-qoşum.

R – çox yollara əl atdı amma hələ də gedə bilməyib. Ona mühacirət qaydaları haqda ətraflı məlumatlar verə bilərdim, amma vermədim. Çünki o da qürbət elə düşən kimi ilk olaraq ona yaxşılıq edənləri unudacaqdı, birinci də məni.

Güneyli dostum yazar H. Qısa müddət idi tanış olmuşduq. Dedi: “İranla qurtarmışam, dədəm öldü basdırdım, daha o ölkədə nə ölümüm”.

Ondan planlarını soruşdum:

- İnşallah, Bakıda bir yaxşı qız tapıb evlənəcəm, buranın vətəndaşı olacam.

- Camaat burdan qaçır, ay H. ağlın var, dabanına tüpür qaç Avstriyaya, Almaniyaya, Amerikaya.

- Bəs orda deməzlər ki, nə üçün gəlibsən?

- İrandan qaçmağa həmişə səbəb tapıb, demək olar.

Görünür, mənim H.-yə danışdığım mühacirət xəyalları, gözəl və rahat həyat onu elə tutmuşdu ki, qısa müddətdə məni güneyli ana dili fəalı olduğuna inandırmağa çalışdı.

“Ay məni orda həbsə atdılar, ay maşınımı oddadılar, dədəm mənim dərdimdən öldü, ailəm dağıldı”.

İki güneyliylə birlikdə oturub H.-ni mühacirət qaydaları ilə bağlı təlimatlandırırıq.

Mən: Ankaraya yetən kimi BMT-nin ofisinə yollanırsan.

Birinci güneyli: Maşınımı oddayıblar demə, yalanın üzə çıxar.

H: Ağa, amma oddayıblar, yalan demirəm ki.

İkinci güneyli: Deyərsən Musəvinin “Yaşıllar Partiyası”nda olmuşam. Onlara həmişə sığınacaq verilir.

Mən: Həbsdə səni döyən adamların adlarını bilirsənmi, bədənin işgəncə izləri varmı?

H: Əlbət hamısını bilirəm, izləri də göstərərm.

Birinci güneyli: BMT-də eyni şeyi dəfələrlə soruşurlar, bax adə, birdən yalan deyərsən üzə çıxar, götürüb İrana deportasyon edərlər.

İkinci güneyli: Ya da 3-4 il saxlarlar səni, Türkiyədə yollamazlar.

H: Uşaq deyilik ki, əlbət ordan çıxan kimi danışdıqlarımın hamısını yazacağam ki, növbəti dəfə gedəndə eyni şeyləri deyə bilim.

Mən: Bax, bu, əla fikirdir.

H. Ankaraya yetişəndə çox sevindim, o da uşaq kimi sevinirdi, dayanmadan mənə minnətdarlıq dolu ismarıclar yazırdı, nə vaxtsa borcumdan çıxacağını deyirdi.

Halbuki, mənə nə borcu vardı? Cəmi 2-3 həftə sonra H-dən gələn ismarıclar kəsildi. Bir dəfə maraqlandım, BMT-ni inandıra bildiyini və yarım il sonra Amerikaya yollanılacağını dedi. Odur, budur H-dən bir xəbər, ətər yoxdur.

Axşamın gec düşdüyü bu payız günlərində mən onların hamısını bir-bir xatırlayıram. Çünki indi sıxıntıların birə-min qat artdığı ərəfədə onlara ehtiyacım daha böyükdür. Və anlayıram ki, biz onlarla bir-birimizi yaxından tanımamışıq. Öyrənməmişik.

Biz sadəcə axşamlar işdən çıxdığımız vaxtla, evə getdiyimiz vaxt arasındakı boşluğu birgə, şən və maraqlı keçirmişik.

Məsəlçün, birlikdə elə dar ayağa düşməmişik ki, bir-birimizə bir ömür borclu olacağımız yaxşılıqlar edək, bir ülvi söz pıçıldayaq bir-birimizin qulağına.

Yadıma hələ də mühacirət haqda fikirləri yaxınına buraxmayan bir reportyor dostumun söhbətləri düşür:

“Axşam idi, bir gün əvvəl yuxusuz qaldığım üçün ertədən yatmışdım. Birdən qapıya bir təpik dəydi, sonra biri və başqa birisi də.

Səksəkə içində durub qapıya tərəf qaçdım, gözlükdən mülkü geyimli, qoltuğu papkalı prokurorluq işçilərini tanıdım.

Onların arasında əvvəllər məni dindirən bir nəfər var idi. Qapını açan kimi icazə istəmədən içəri doluşdular, hər yeri axtarmağa başladılar, nə vəkilimi, nə də mən tərəfdən hal şahidlərini çağırmağıma imkan vermədilər.

Təqribən yarım saat sonra evim bir xarabalığı xatırladırdı. Onlara lazım olan hər şeyi sürüyüb evin ortasına yığmışdılar. Kameralarım, fotoaparatlarım, ştativlərim, noutbukum, disklərim, şunurlarımın hamısını müsadirə etdilər.

Əllərinə keçən sənədləri qeydə alıb qovluqlarına qoyurdular. Bütün etirazlarıma baxmayaraq, əşyalarımı da qoltuqlarına vurub evi tərk edən prokurorluq işçilərindən biri qapının kandarından geri döndü, qovluğunu havada dizi ilə tutub açdı, bir az eşələnib, ordan yaşıl rəngli xarici pasportumu çıxardı, mənə uzatdı.

Həm qəzəb, həm də keçirdiyim şok hissindən ona heç bir reaksiya vermədim. O çox düşünmədən pasportu stolun üstünə qoyub sakitcə evimi tərk etdi."

Günün bütün mövzuları

XS
SM
MD
LG