Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:00

Çayın altındakı labirint. Qarabağdan necə çıxırdılar


Azad Qaradərəli
Azad Qaradərəli

- "Əvvəllər gecələr gizlincə köçməyə başlayanlar indi günün günorta çağı evlərinin ağır-yüngülünü yük maşınlarına doldurur, arvad-uşağı da üstünə qoyub rayondan çıxarırdılar."

"Bax, məni gah pala ilə Arazın üstünnən, gah da bu yeraltı yolla İrana keçirirdi bizim kekebeynən urus saldatdarı... "

Azad Qaradərəli

ÇAYIN ALTINDAKI LABİRİNT

(“Müharibə uşaqları” silsiləsindən)

Hekayə

Hamı qaşqabaqlıydı. Adamlar gülmürdülər. Çoxdandı toy da olmurdu kəndimizdə. Heç ölən də yox idi. Nigarançılıq çarəsiz dərd kimi qəfil almışdı üstümüzü.

Qonşu rayonlar bir-bir işğal olunsa da, biz rayonumuzdan çıxmamışdıq. Atam deyirdi ki, yerli batalyonun komandiriylə danışmışıq: bədəbəddə bir gecəyə Meğrini aradan götürüb Naxçıvanla birləşəciyik.

Nənəm də qəmli-qəmli əlini yelləyirdi atamın sözlərinə. Bu nə əl yelləməsiydi, anlamırdım.

Biz uşaqlar atalarımızın bu qorxmazlığını qazlı-qazlı müzakirə edən vaxtlarda kəndin dəlisi Dınış turş almasını duzla yeyə-yeyə ağzını marçıldadıb dedi ki, dədənizin başı haqqı İrasul Quluyev telefonnan deyib ki, maa belə gəlir ki, Mığrı Dağlıq Qarabağın ərazisi dəyil, orya girməy olmaz... ATƏT bizi topa tutar...

Sonra da ləzzətlə bir “març” eləyib davam elədi ki, bəs bizimkilər də götürüb təzə prezident seçilən Heydər Əliyevə zəng eləmək istiyiblər ki, necə yanı Mığrı Dağlıq Qarabağ ərazisi deyil?

Bəs onda Cəbrayıl, Qubadlı Dağlıq Qarabağın ərazisidimi? Yo-ox! Onda niyə onnar oranı tutdular? Bəs ATƏT onnarı niyə topa tutmur?

Dəli Dınış növbəti “març”dan sonra ağzının suyunu qoluyla silib çiynini çəkdi: “Dəən, ATƏT də erməniyə işdiyir, İrasul Quliyev də, hələ... Dədənizin başı haqqı...”

***

Neçə gün idi ki, kimlərsə Bakıdan rayonumuza yük maşınlarından ibarət karvan göndərirdi. (Üstündən iyirmi iki il keçib, hələ də bilmirik o maşınları kim göndərirdi? Özləri gələ bilməzdi, ona görə ki, hamısı bir rəngdə, bir markada olan bu maşınların sürücüləri də bir-birinə oxşayırdılar.)

İlk vaxtlar adamlar bu maşın karvanlarını daşa basır, sürücüləri döyür, qovurdular.

Amma elə ki, qonşu rayonlar bir-bir işğal olundu, bizim rayonun da “köçməyəcəyik!” deyib möhkəm dayanan adamlarının cərgəsinə xal düşdü.

Əvvəllər gecələr gizlincə köçməyə başlayanlar, indi günün günorta çağı evlərinin ağır-yüngülünü yük maşınlarına doldurur, arvad-uşağı da üstünə qoyub rayondan çıxarırdılar.

Kimi Bakıya, (təbii orada qohum-qardaşı olanlar) kimi də təhlükəsiz rayonlara aparırdı köçünü. Rayon mərkəzi və rayonun ikinci böyük yaşayış məntəqəsi olan dəmiryolçular qəsəbəsi tamam boşalandan sonra kəndlərə də ayaq açdı bu yük maşınları.

Pula, iki balon (6 litr) tut arağına, yaxud bir quzuya aparırdılar bu köçləri. Bir dəfə anam bu köçlər barədə atamla danışanda kişi elə bozardı yazığın üstünə, xırp səsini kəsdi.

Amma xəbər çıxanda ki, Qaradiz yolu bağlana bilər, kişi havalanan kimi oldu. Özünü-sözünü bilmir, ora-bura çovuyur, siqareti siqaretə calayırdı. Nəhayət, bir gün atamın bu halına dözməyən nənəm onun yaxasından tutub silkələdi:

-Nədi, ə?! Niyə özüu gözgörəti şəhid eliyirsən?! Tata nə gəlib, türkə də onnan gələcək, nolub?

Kişi udqundu, udqundu, handan-hana dedi:

-Qızdardan, sənnən, Gülannan qorxuram... Ələ düşərsiniz... Gərək elə ermənidən qabax özüm sizi gülləliyəm...

Kişi ağlamaq istəsə də, ağlaya bilmədi. Elə ayaq üstəcə içi keçmiş, gözlərinin işığı sönmüşdü. Nənəm bu dəfə lap hökmlə çığırdı:

-Bə niyə durmusan?! Bir maşın tab, arvad-uşağını çıxard bu xaraba qalmışdan... onsuz da yiyəsizdi...

-Qabaxcan quru fors dolmuşdu içimə, çıxarda bilmirdim... indi də maşın tapayilmirəm...

-Get Cümşüdgilə! Nə təhər olmasa da qahımıx... nolsun aramızda soyuxlux var... biz onnarnan qan qahımıyıx... get...

Cümşüd atamın dayısı oğluydu, bir az sonra sizə tanıdacağım Məti kişinin atabir, ana ayrı ögey qardaşıydı. Qapısında iki maşını vardı. Biri oğlunun sürdüyü yük maşını, bir də QAZ – 69 villis.

Amma bu ailəylə bizim əskidən ədavatımız vardı. Cümşüdün böyük qardaşı Xanlar mənim bibim Narışı (əslində atamın bibisiydi, amma biz də ona bibi deyirdik) alıb iki uşaqla boşamışdı.

Bizdə bu, ən ağır təhqir sayılırdı. Atam and içmişdi ki, ölüncən onlarla barışmayacaq. İndi nənəm ona işarə vururdu.

-Kəs ay arvad, kəs!.. Batalyona gedirəm, komandirdən maşın istiyəcəm...

***

Yola hazırlaşanda atam məni çağırıb evin arxasına apardı. Özünə tərəf çəkib qucaqladı, üzünü üzümə söykəsə də öpmədi. Bunları qulağıma fısıldadı:”Səni arvad-uşağın üstündə kişi qırığı kimi qoyuram. Yolda-kolda özünü kişi kimi apar.”

Gecə saat birə işləyəndə yola çıxdıq. Kabinədə nənəm və balaca qardaş-bacım oturmuşdu. Biz anamla maşının banında yorğan-döşəyin arasında özümüzə yer eləmişdik.

Sağımızda bibim və qızlarıydı. Maşın darvazadan çıxanda anam ağı deyirmiş kimi gumuldanmağa başladı. Mənasını başa düşmədiyim bu sözlər içimi-içalatımı sızıldatdı.

Aşağıdan nənəm də onun səsinə səs verdi. Elə bil patefonun iynəsi valın sonunda fırlanır və çox mənasız, amma qəlbə toxunan səs çıxardırdı...

***

Maşın təzəcə kənddən çıxmışdı ki, dayandı. Nənəm kabinədən başını çıxardıb anamı səslədi:

-Eynihayat, ay Eynihayat...

Anam cavab vermədən səssizcə maşından düşdü. Onlar ağız-ağıza bir xeyli danışandan sonra maşını kəndin lap çıxacağındakı evə tərəf sürdülər. Anam elə maşındanca cağırdı:

-Ay Məti dayı!

Solğun lampa işığında quyudan gəlirmiş kimi lampa işığının özü təki zəif səs eşidildi:

-Heyyyy...

-Bir çölə çıx...

Nənəm də maşından düşdü. Qocayla bir xeyli danışdı, öcəşdi, hələ bir onu acıladı da. Axırda kişi hıqqıldaya-hıqqıldaya içəri girdi, kiçik bir bağlama ilə geri qayıtdı və sürücünün köməyi ilə bizim yanımıza çıxdı. Maşın tərpəndi. Kişi birdən vaysına-vaysına dedi:

-Pəh! Ləmpəni söndürmədim...

***

Həəə, bu Məti kişi ki var, bizim babamızdır. Amma nə biz ona baba demişik indiyəcən, nə o bizə yaxın düşüb. Eləcə, yad adam kimi olub bizə.

Təkcə nənəmiz Xasa arvadın həftədə bir dəfə məni onun evinə göndərməsini nəzərə almasaq. Göndərəndə də qoltuğuma iki-üç büküm (dörd sulanmış lavaşı tək-tək qatlayıb üst-üstə yığanda buna bir büküm deyərdilər) cunaya bükülmüş çörək verər, bu sözləri deyərdi:

“Ay Əmrah, ağrın maa gəlsin, get o Məti kişinin evinə, bı çörəyi də ver ona, bir də gör halı nə təhərdi, ölər-elər, biyabır olarıx el içində...”

Kişi çörəyi məndən alar, heç sağ ol da deməz, amma geri qayıdanda gizlicə arxamca baxıb fərəhəoxşar bir hiss keçirərdi. (Bilmirəm, ya bəlkə bu mənə belə gələrdi.)

Nədənsə bu qoca haqda məndə də qəribə duyğu baş qaldırardı bir anlıq. Onun yanına qaçmaq, oturub söhbət etmək, buyruğuna baxmaq keçərdi könlümdən. Amma bir anlıq olardı bu hiss. Və o bir an ötəndən sonra çıxıb gedərdim.

Axır ki, bir gün nənəmin saqqızını oğurlaya bildim. Yalvardım, yaxardım, soruşdum ki, Məti kişi bizim nəyimizdir, niyə tək yaşayır, niyə mən ona hər həftə iki-üç büküm lavaş aparıram?

Niyə hamı deyir ki, o bizim babamızdır? Babamızdırsa, niyə tək qalır?

O da üzünü anama tutub acı-acı gülümsündü, üz ifadəsiylə sanki “nə eləyim?” demək istəyirdi. Anam qaş-qabağını töküb bozardı nənəmə:

-Ayrısı beşin də qoyub üstünə danışacax havaxtsa, onda yaxşı olacax? Yaxşısı budu, qoy düzünü sənin ağzınnan eşitsin... On dörd yaşı var e. Day uşax dəyil...

...Məti kişi ilə mənim nənəm Xasa dayıoğlu-bibiqızı imişlər. Bir-birilərindən ötrü dəli-divanə olsalar da, adlı-sanlı adam olan babam qızını bacısı oğlu Mətiyə vermək istəməyib.

“Kökü yoxdu bunların deyib. Bacımı verdim o nəsilə, qızı bədbaxt elədi. Getdi Mığrıda gündə bir erməni qızına atıldı, bu da iyrəndi, tüpürdü üstünə. İndi gözüm görə-görə uşağımı bu biqiryətin balasına necə verim?! İt qursağı yal götürməz! Mən ölərəm, bu işə qol qoymanam!”

Nənəm demiş, sən saydığını say, gör fələk nə sayır. Daha doğrusu, Mətiynən Xasa nə sayır! Bir axşam üstü Xasa nənəm atasının atını hörükdən açır, Mətini də çağırır, tərkləşib çapırlar Baharlı çayına.

Ordan da Meğriyə gedən qatara minib qaçırlar Mətinin qardaşı Xanların yaşadığı Lehvaz kəndinə.

İki ilin tamamında nənəm Xasa qucağında da mənim atam qayıdır kəndimizə. Bunu görən atası elə durduğu yerdə, ayaq üstəcə ölür. Xasa nənəm and içirdi ki, kişi yıxılmadı, elə divara söykəli ayaq üstəcə öldü...

Bir il sonra Məti də qayıdır kəndə. Amma nənəm onu qəbul eləmir. Bu da ailə-zad qurmur, nənəmin bir gün onu bağışlayacağını gözləyir. Kəndin ayağında özünə bir otaqlı ev tikir, elə o vaxtdan tək yaşayır...

Bəs babamla nənəmin arasında nə olub ki, ayrılıblar? Bax bunu hələ də bilmirəm.

***

Zil qaranlıqda əlisilahlılar yolu kəsdilər. Sürücü düşüb nə isə danışır, hirsli-hirsli geri qayıdıb deyinir:

“Surətin adamlarıdı, yalan-gerçək deyirlər ermənilər Qaradiz yolunu bağlayıblar, getsəniz əsir düşərsiniz”. Sonra maşını geri sürmək istəyir.

Məti kişi əli ilə maşının kabinəsinin üstünə döyəcləyir və sürücüdən nəsə soruşur. O da içəridən “Xudafərin səmtdəyik” deyir.

Onlar nə barədəsə danışırlar. “Tiriynən Qumlağın arasından bir yol var, ora sür” deyir Məti kişi. Bir xeyli yol gedəndən sonra hansısa kəndin girəcəyində dayanırıq. Kənddə tək-tük evlərdən zəif lampa işığı gəlir. Orda-burda it hürür, eşşək anqırır. Anam azaylanır:”İttərə, eşşəklərə qalan ellərimiz vayyyy,”

Bir azdan Məti kişi (heç bilmirəm buna baba deyim, Məti kişi deyim, eh...) sürücünün köməyi ilə maşının banından enir. Sürücüyə qoşulub Araza tərəf düşürlər. Sürücü əlindəki fənərlə haranısa işıqlandırır.

Təxminən iki saatdan sonra sürücü tək geri qayıdıb bir daşın üstündə oturaraq siqaret çəkir. Nənəm həyəcanla soruşur:

-Ədə, bala, bu kişini hara azdıdın? Bizim axırımız noolacax? Bəlkə geri qayıdaq xarabamıza?

Sürücü əli ilə qeyri müəyyən səmti göstərir:

-Bu kişiyə agent deyirdilər, yadımdadır... İndi maa dedi ki, fanarı ver, buralardan Arazın o tayına yeraltı yol var... Mən oranı tapım, sonra gəlib sizi də apararam... Vəziyyət pisdir, dünən ermənilər rus tanklarıynan bizim pazisiyalara yaxınlaşıblar. Qaradiz yolu da bağlansa, bizi Araza tökəcəylər... Geri hara qayıdax, ay xala? Gerimi var?

Təxminən iki saat yarım vaxt ötüb. Uşaq-muşaq yatıb. Təkcə sürücü, anam, nənəm, bibim və mən oyaqıq. Handan-hana Məti kişi qayıdır. Fanarın işığında görürəm ki, paltarları yaşdır. Fanarı söndürüb, üzünü nənəmə tutub deyir:

-O termosda varsa, maa bir istəkan isti çay verin, canım qızsın, düşək yola... Neçə illərdi bu yol işdək dəyil. İçini ilan-çayan basıb. Amma mən yarıyacan gedib qayıtdım... Bəzi yerlərə su sızıb. Gərək elə eliyək ki, uşaq-muşaq suya düşməsin... Ağırdan-youldan götürün, düşək yola...

***

Üstünü böyütrkən kolu basmış lay dəmiri kənara çəkirlər. Adam keçə bilən dəlik açılıb, amma yük-zad keçməz axı. Nənəm, anam, bibim hərəsi bir dəst yorğan-döşək şəllənib.

Ona görə mən də kömək edirəm, dəmiri lap sonacan basıb dəliyin ağzını böyüdürük. Əvvəl Məti kişi, ardınca da biz aşağı düşürük. Beton divarlarla əhatələnmiş adamboyu yeraltı yolla təxminən iki yüz metr rahat getdik.

Sonra alayı-dolayı pillələr gəlir. Bakıda eskalatorla metronun içinə necə düşürsən, elə. Fərq ondadır ki, burada yol o qədər fırlamadır ki, adamın başı gicəllənir.

Bir də ki, ayağımızın altını Məti kişidəki fanar çox zəif işıqlandırır. Qaranlıqda yerimək olmur. Bir onu bilirəm ki, həm fırlanırıq, həm də aşağı enirik.

Bəzi yerlərdə dik ayaq üstə gedə bilsək də, bəzisində əyilə-əyilə irəliləyirik. Bəzən çaşıb başını qaldırırsan, “tarap” başın dəyir yuxarıdakı tağbənd divarlara. (İndi beton deyil, divardır hər tərəf.)

Bu hörmə divarlardakı daşın rəngindən bilinir ki, çox qədimi hörgüdür. Xudafərin körpüsünün daşlarını görən gözünüz bu daşları da görsün: eynən elədilər.

Gəlib bir yerə çıxmışıq - iri otaq kimidir. Divarlarından hörümçək toru sallanır. Və iş ondadır ki, burdan belə iki yol var. Məti kişi isə hansıyla gedəcəyimizi unudub. Daha doğrusu, onun dediyinə görə qabaqlar cəmi bir yol varmış, bu ikincini yəqin sonradan qazıblar. Bəs niyə qazıblar?

-Belə ola bilər ki, köhnə yol ya batıbmış, ya da İran sərbazları o yolun yerini bilibmişlər. Ona görə bu ikinci lağımı atıblar... Siz oturub dincinizi alın, mən bir qabağı yoxlayım, gəlim...

Nənəm içini çəkir:

-Ay Məti, amanın günüdü, muğayat ol...

Zəif işıqda qocanın dodağının qaçdığını gördüm. Nənəm kişini gözdən qoymaq istəmirdi. Ay səni, nənə, nənə...

Biz qaranlıqda otururuq, Məti kişi yollardan birinə girib yox olur. Qoca təxminən iki saatdan sonra bu biri yoldan gəlib yanımıza çıxır. Fanarı yandırıb-söndürür və üzünün ifadəsindən görünür ki, pərtdir. Həm də yorğun.

-Bu yolların ikisi də hərlənib-fırlanıb bura gəlib çıxır... Heç nə başa düşmürəm? Bu nə işdir? Mən səhv eliyə bilmərəm axı?! Bu yolla azı iyirmi dəfə gedib-gəlmişəm e mən...

Anam dizinə döyür:

-Vaşşş, vaşşş, bu nə iş idi düşdük?!

Nənəm də azaylanır:

-Əşi, nağayraq? Gerimi qayıdaq?

Kişi hirslə lağıma dönür və gedə-gedə:

-Yox, qocalıq fəhmimi bir heylə apardı? Tapacam o yolu! – deyib bu dəfə bu biri yolla gedir. Uşaqlar qaranlıqda nənəmlə anama qısılıblar. Təkcə mən ayaq üstəyəm. Elə ayaq üstdəcə yadıma kimya dərsində apardığımız bir təcrübə düşür: indi kibrit çəkəcəm, əgər yansa, demək yaxında haradasa bayıra yol var və oradan hava gəlir. Yanmasa...

Kibrit çəkirəm və bircə anda bu otaq kimi yer işıqlanır. Sevincək qışqırıram:

-Buradan bayıra yol var hardasa! Kibrit yandısa, demək yaxında hava çəkir...

Nənəm də haranısa qurdalayıb şam çıxardır və ikinci cəhddə şamı alışdırıram. Bu işıq burada bir möcüzə kimi olur. Hamının eyni açılır.

Hətta nənəm düyünçələrindən çörək, pendir, yumurta çıxardıb uşaqlara verir. Mən də bir dürmək alıb dişimə çəkirəm.

***

Burada nə qədər qaldığımızı anlamağa çalışıram. Zaman durub elə bil. Fəhmnən duyuram ki, gecə keçib, bir gün də gedib, yeni gecə gəlib. Və bu daş divarlar arasında taleyimizin necə olacağını heç cür anlaya bilmirəm.

Bir onu bilirəm ki, özünü ora-bura çovuyan bu qocadan mənə güclü bir enerji axır. Nədənsə onun adi adam olmadığı qənaətindəyəm. Sanki mən də labirintə oxşayan, üstündən nəhəng bir çay keçən bu yeraltı yolla bir dəfə gedib-gəlmişəm.

Mənə yad gəlmir buralar. Uşaq ağlımla xəyalımdan keçən düşüncələrimə özümün də gülməyim gəlir.

Əllərimlə divarları yoxlaya-yoxlaya kibrit işığında qabağa gedirəm. Bir iyirmi metr gedəndən sonra fanar işığı düşür və Məti kişinin ayaq səsləri eşidilir.

Qoca yorğun halda lağımın divarına söykənir. Mən ona baxıram və bayaqkı fikrimi ona da deyirəm. “Doğrudan?” deyib sevincək o da mənimlə bərabər divarları barmaqlarıyla yoxlayır və bir azdan məndən bir xeyli aralıda qışqırır:

-Bura gəl, deyəsən tapmışam!

Bu bir kanalizasiya qapağına oxşayan, amma ondan bir az iri olan dəmirdir. Üstündə qəribə oymalar var – paslansa da fanar işığında aydınca oymalar görünür. Kişi barmaqlarıyla dəmirin üstünü təmizləyir və fanarı ora tutur:

-Bu qapaq tuncdan tökülüb. Təzə şeyə oxşamır... Bax bir, bu yazıdı elə bil?

Mən də baxıram və heyrətlə qışqırıram:

-Hə, təzə əlifbayladır... Bu qapağın köhnəliyin, təzəliyin bilmirəm, amma yazılar təzədi!

Kişi pencəyinin qoluyla dəmirin üstünü təmizləyir və mən səkkizguşəli ulduzun içərisindəki yazını soldan sağa hərfləyə-hərfləyə oxuyuram:

-Az-ər-bay-can...

Sonrası da var, amma ərəb əlifbasıyladır. Bunu da ki mən bilmirəm axı. Amma Məti kişi bilirmiş! O, döş cibindən eynək çıxardıb gözünə taxır və eynən mənim kimi, amma sağdan sola barmağını qoyub höccələyə-höccələyə oxuyur:

-Təb-riz... Ba-kı... Bir olsun...

Kişi sevincək deyir:

-Dayan... Bizə çekistlər belə şeyləri öyrədirdilər o zaman... bu elə-belə yazı deyil... Bu həm də açardır... Sağdan sola oxunursa... “bir olsun”... Bəlkə bu bir dəfə bur deməkdir, hə? Gəl köməkləşək, bu qapağı bir dəfə sağdan sola buraq... Dayan, burda tutacağı da varmış ki! Hə, fırla!

Pas elə tutub ki, qapaq tərpənmir. Artıq anam da bizə köməyə gəlib. Kişi disrəyi ilə qapağın üstündən döyəcləyir, bir dəfə buran kimi qapaq açılır və açılmağıynan da təmiz hava ağzımıza dolur! Gözümüz təzə şəraitə alışır. Alaqaranlıqdan başa düşürük ki, hələ səhər tam açılmayıb.

Qocanın köməyi ilə mən qapağın içindən çölə çıxıb ayağımı torpağa vururam. Təxminən əlli metr aralıda şəfəqdən gümüş kimi parıldayan Araz axır.

O tayda isə bizi gətirən maşının silueti güclə seçilir. Mən tez geri dönüb gördüklərimi Məti kişiyə danışıram.

Kişi “ssss” eləyib məni başa salır ki, İran sərbazlarının diqqətini özümüzə çəkməyək. Və biz sevincək anamgilin yanına qayıdırıq.

***

Məti kişi (ha istəsəm də baba deməyə dilim dönmür) nənəmlə diz-dizə oturub. Hərdən başını qaldırıb arvada baxsa da, nənəm gözünü yerə zilləyib. Nəhayət, onların pıçıldaşmalarını eşidirəm:

-A Xasa, yadındadı sən maa sual verərdin ki, gejələr hara yoxa çıxırsan? Bax, məni gah pala ilə Arazın üstünnən, gah da bu yeraltı yolla İrana keçirirdi bizim kekebeynən urus saldatdarı... Orda Sovet hökümətinin propaqandasını aparardım, adamlara partbilet paylayardım... Amma onda saa bunnarı deyə bilməzdim... Desəydim, məni öldürərdilər... Sən də ayrı şey fikirləşdin, həyatımızı korladın, o boyda kişini də infakt eləyib öldüdün... Oğlumuzu da atasız qoydun... Amma sağ ol ki, ərə getmədin... Könlümü qırsan da, ordan o tərəfini eləmədin...

-Eliyə bilməzdim axı... Mən sənnən ayrı kişiylə baş yastığa qoyamməzdim... Sənin də zalımın çıxsın... Heç olmasa, ucunnan-qulağınnan çıtızsaydın, bəlkə səni annıyardım... nəvlim axı... Savadsıazdıx belə şeydi... Oxumuş olsaydım, səni annayardım...

...-Haydı, qalxın! Sizinkilər bir az yuxarıdadılar!

İran sərbazlarıdır. Gəlib bizi tapıblar. Elə bilirlər ki, Araza toxuyub keçmişik. Xəbər verirlər ki, rayonumuz artıq ermənilər tərəfindən bu iki gündə işğal olunub. Bizim camaat da Arazdan adlayıb 20-25 kilometr aralıda – Buyduz kəndinin yan-yörəsindədilər.

Bizi maşına yığıb atamgil düşən yerə apardılar.

Yolda Məti babam əlini əlinə vurub bir “pəh!” dedi. Nənəm ona sarı döndü:

-Noldu, ə genə?

Kişi siqaretini odlaya-odlaya o taya boylandı:

-Bu üzdəki lağımın ağzını bağladım, o üzdəki açıq qaldı...

Anam hirslənir:

-Onsuz da qaldı erməniyə!

Qoca siqaretini sümürüb ona tərəf baxmadan qaralandı:

-O lağımın neçə yüz yaşı var. 1924-də balşeviklərnən vuruşanda Bəhlul Əfəndi ordan addamışdı İrana. Sohra Sovet hökuməti məni yolladı oruynan... Sohra urusdan ayrıldıx, hökümət oldux... Su gəlmiş arxdı...

***

Bir gün sonra İran höküməti biz qaçqınlara maşın verdi, İmişlinin Çaxırlı kəndindəki keçiddən adlayıb öz tərəfimizə gəldik.

Bir-iki nəfər Arazda boğulmuşdu, bir-iki nəfərin ürəyi partlamışdı, rayonumuzun yerdə qalan bütün əhalisi sağ-salamat İrandan keçib gəlmişdi. Təkcə Dınış gəlməmişdi.

Elə kəndin arasıyla o baş-bu başa qaçır, “dədənizin başı haqqı erməni-zad yoxdu” deyirmiş.

Amma Dınışın sözü olmasın, kimi dindirdimsə, “erməni gördüm” deyən olmadı. Deyirəm, bəlkə onlar gözəgörünməz imişlər? Gərək bunu daha baba dediyim Məti kişidən soruşam bir.

aprel 2015

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG