Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:11

75 yaşlı ədəbiyyatşünas-alim, yazıçı diksindi...


- Yazıçı, publisist Əziz Rzazadənin “Qara havası” adlı yeni kitabı nəşr olunub. Kitabın annotasiyasında deyilir:

Bir kitabın nəşrinə görə qısnanan, işini itirən, həmkarlarının tənəsi ilə üzləşən, ictimai qınağa tuş gələn, sonda iflic keçirən və ev dustağı halına düşən yazıçı.

Çıxılmaz durumda kömək diləyəsi, mədəd istənəsi kimsə yoxdur. Amma gözlənilmədən yazıçının halına acıyan tapılır – İblis...

Əziz Rzazadə
Əziz Rzazadə

“Qar havası” – insani duyğu və hisslərini basdıraraq öz meyar və dəyərlərini bütləşdirmiş ahıl bir ədəbiyyatşünas alimin, yazıçının hekayətidir.

Kövrək uşaqlıq illəri yaralı, təbiətən miyanaçı, həyatın hər anında orta xətti gözləməyə alışmış bu adam daima Xeyirlə Şər arasında var-gəl edir. “Mən ədalət və haqqın tərəfindəyəm” söylədiyi halda, Allahdan üz çevirib şeytanla iş birliyinə gedir.

Sonunda ömrünün böyük hissəsini boşuna yaşadığını, iftixar etdiyi nə varsa itirdiyini görüb o, məbəddə deyil, müqəddəs sayıla biləcək yeganə oğlunun məzarı başında tövbə edir.

“Qanun” nəşriyyatında ərsəyə gəlmiş “Qar havası” romanının redaktoru Xalid Kazımlıdır.

Əziz Rzazadə kitabdan bir hissəni Oxu Zalına göndərib.

***

"Qar havası”
(romandan parça)

Səhər yuxudan oyanandan bəri heç bir işi tərs getməmişdi.

Yataqdan qalxarkən ilk olaraq sağ ayağını yerə basmışdı, – bunu dəqiq xatırlayırdı, – təraş edərkən də titrəyən əlləri nədənsə bu dəfə ona xəyanət etmədi – üzündə bircə kiçik kəsik izi belə, yoxuydu.

Qaçay Çəndirli qalın altlıqlı çəkmələrinin tapdaladığı qarın xırçıltısını və sümüklərini sızladan xəfif şaxtanı duyaraq geriyə, evinə üz tutmuşdu.

Başını qaldırmadan gedir və Yazıçılar Birliyində itirdiyi vaxta görə içində özünü söyürdü. Elə bu dəm qarşısındakı adamla toqquşdu.

“Toqquşdu” nə deməkdi, sanki qalın bir divara çırpıldı. Hətta şlyapasının ucu da qatlandı və alnı bir andaca soyuq küləyin nəfəsini duydu. Başını qaldırmadan bir ayağını sola atdı, qarşısındakı maneənin yanından ötmək istədi.

Amma yolunu kəsmiş şəxs də eyni hərəkəti təkrarladı. Yaşlı adam duruxdu və nəhayət, başını qaldırıb iri gövdəsiylə yoluna sədd çəkmiş şəxsə baxdı.

Özünə zillənmiş soyuq baxışlardakı ifadəni oxumağa çalışdı. Amma daş kimi möhkəm bədənin sahibi, div-adam buna macal saxlamadı:

– Ağsaqqal, o tərəfə olmaz!

Yalnız bundan sonra Qaçay Çəndirli asta-asta durumu dərk eləməyə başladı. Gözləri ətrafı əhatəsinə alanda ahıl ədəbiyyatşünas-alim, həm də yazıçı küçədə sərt mühafizə tədbirlərinin görüldüyünü sezdi:

Xaqani küçəsi və Bülbül prospektinin kəsişməsi istər piyada, istərsə də nəqliyyat vasitələri üçün bağlanmışdı. Ətraf mülki geyimli mühafizəçilər və polislə qaynayırdı. Rəssamlar İttifaqının yanında dayanmış qara rəngli üç zirehli “Mercedes” maşını binaya daxil olmuş sahiblərinin dönüşünü gözləyirdi.

Qaçay Çəndirli zehninin verdiyi imkanla nə baş verdiyini tamam-kamal anlasa da, qarşısındakı adama tərs-tərs baxıb dirəşdi:

– Heç bilirsən, mən kiməm? Heç bilirsən, kimin yolunu kəsmisən? Mən xalq yazıçısıyam, Sosialist Əməyi Qəhrəmanıyam, şəhid atasıyam.

Səsi gözlədiyi qədər də sərt çıxmadı, amma ahəngi istədiyi kimi olsaydı belə, cangüdən ona asanlıqla yol verən birinə oxşamırdı.

– Ağsaqqal, axı mən dedim da bə, olmaz!..

Qaçay Çəndirli paltosunun iki düyməsini açıb həm cibindən Yazıçılar Birliyinin vəsiqəsini çıxarmaq, həm də pencəyinin yaxasındakı “Sosialist Əməyi Qəhrəmanı” nişanını görümlü etmək istədi.

Bu təsirləndirici vasitələrlə küçənin o biri başındakı evinə keçəcəyini, hələ üstəlik, ona narahatlıq verildiyi üçün üzrxahlıq eşidəcəyini düşünürdü. Amma saydığının əksinə, cangüdənin yardımına gəlmiş polis daha sərt səslə onu kənara çəkməyə çalışdı.

– Vətəndaş, problem yaratma, çəkil kənara!

– Axı mənin evim...

– Ağsaqqal, söz başa düşmürsən!?

Qaçay Çəndirlinin evi küçənin o biri üzündəydi. Həqiqətən. “Molokan bağı”yla üzbəüz. Evinədək vur-tut yüz əlli metr məsafə ola, ya olmaya. O, bunu qarşısını kəsmiş hər iki şəxsə başa salmağa çalışdı. Amma bacarmadı.

Sonda 75 yaşlı ədəbiyyatşünas-alimi kobud tərzdə tindəki köşkə sıxışdırdılar.

Pərtliyindən yerə girməyə hazır olan Qaçay Çəndirli nə edəcəyini bilmirdi. Tələsik əlini cibinə atıb siqaret çıxardı, əsəbdən titrəyən yeganə işlək əliylə (sağ əli iflic idi) onu odladı və ilk tüstünü məlhəm kimi ciyərlərinə aldı və asta-asta, tədricən rahatlanmağa çalışdı.

Amma gözləri hələ də yolu kəsmiş cüssəli cangüdəndə idi. İçindəki qəzəb gözlərinə yığılmışdı, baxışları od saçırdı və əgər əlində silah olsaydı, bəlkə də heç düşünmədən, azca mərhəmət belə duymadan onu güllələyərdi.

Cangüdən elə bil arxadan lazer şüası kimi peysərini dələn baxışlardakı buz soyuqluqdan diksindi. Çönüb ona baxdı və toqquşan gözlər sanki yarışa, hansısa mənəm-mənəmlik savaşına girdi və Qaçay Çəndirli bu dilsiz müharibədə, deyəsən, qalib çıxdı.

Gədə (yazıçı fikrən ona belə ad vermişdi) özünü yana tutdu, sonra əlindəki xəbərləşmə cihazıyla nəsə dedi və küçənin o üzündə dayanmış özü kimi pəzəvəng cangüdənə əllə işarə elədi.

Köşkün piştaxtasına söykənmiş Qaçay Çəndirli ağır düşüncələrdən, qəzəbin qalın, şimşəklə yarılan buludlarından asta-asta yer üzünə qayıdırdı və xəyalları onu gerçək, bəsit aləmlə üzü-üzə qoyduqda zaman və məkan anlayışları artıq beynində oturuşdu. Sinni ədəbiyyatşünas-alim üzünü köşkdəki satıcıya tutub:

– Salam, Süleyman, mənə “Ədəbiyyat qəzeti” və “Bakraboçi” ver, – dedi.

– Qaçay müəllim, bu gün Çərşənbə axşamıdı e, deyəsən, günləri səhv salmısınız, – dedi. – “Ədəbiyyat” yoxdu, amma “Bakraboçi” var.

– Bir qutu da “Bakı”... – Qaçay Çəndirli siqaret kötüyünü yerə atdı və çəkməsiylə tapdaladı.

Qəzeti və siqareti götürüb köşkçü Süleymanla ödəşdi. Cibindən bir siqaret də çıxarıb yenə də solaxay tərzdə odlayanda Rəssamlar İttifaqından çıxan adamları gördü.

Əvvəlcə prezident çıxdı. Onun maşını hamıdan birinci yerindən tərpəndi. Ardınca da daha bir “Mercedes”. Binanın qarşısında bircə maşın qaldı. Və elə bu an gözləri Rəssamlar İttifaqından çıxan daha böyük bir qələbəliyi aldı.

Qaçay Çəndirli eynəyinin bir tayı sınıq şüşələrinə ağzından çıxan buğu üfürüb cib yaylığıyla sildi. Sonra gözünə taxdı. “Yox, ola bilməz”, – deyə düşünmüşdü ki, asta-asta pillələrlə enən mədəniyyət nazirinin gözü uzaqdan sinni ədəbiyyatşünas-alimi tutdu.

Hökmlü, lap timsahınkı kimi, miskin şikarına qarşı tam rəhmsiz baxışların ifadəsi altında Qaçay Çəndirli özünü o qədər yazıq, əlacsız hiss elədi ki, günün bu ikinci təhqirindən sonra elə dayandığı yerdəcə ölmək istədi.

Nazir əhatəsindəki adamların baxışlarına və ona ünvanlanan sözlərə, demək olar ki, nə əhəmiyyət verir, nə də qulaq kəsdirirdi.

O, Qaçay Çəndirliyə baxa-baxa maşınına doğru gedirdi. Qətiyyən tələsmədən. Tez-tez ayaq saxlayaraq.

Bu kiçik, on addımlıq yol marafon məsafəsi kimi o qədər uzun oldu ki, yaşlı ədəbiyyatşünas-alim, yazıçı Rəhbərlə ilk tanışlıqlarından indiki anadək olan zaman kəsimini bütünlüklə, sürətlə dəyişən kadrlarla göz önünə gətirə bildi. Köhnə, ağ-qara, səssiz sənədli filmin kadrları kimi.

Maşının yanında dayanmış təhlükəsizlik xidməti əməkdaşı qapını açaraq nazirin əyləşməsini gözlədi. Amma o sanki vaxtı bilərəkdən uzadaraq Rəssamlar İttifaqının sədrinə kəsik, qırıq ifadələrlə nəsə deyirdi.

Əhatəsindəki adamlar buyruq gözləyən kölələr kimi qolları qabaqlarında, əlləri bir-birinin üstünə qoyulmuş, başları da azca irəli əyilmiş halda onu dinləyirdilər.

“Müntəzir duruş!” – anidən Qaçay Çəndirlinin beynindən keçdi və ilk sözün mərhum ədib Cəlil bəy Mürşüdbəylinin gənclik illərində yazdığı şeirlərdəki təxəllüsü ilə eyniyyətini dərhal xatırlayan 75 yaşlı ədəbiyyatşünas-alim, yazıçı diksinən kimi oldu.

Əhatəsindəki adamlarla xudahafizləşən nazir Rəssamlar İttifaqı sədrinin əlini sıxaraq maşına sarı çöndü və əyləşməzdən öncə başını qaldıraraq düz Qaçay Çəndirlinin gözlərini içinə baxdı. Bir an.

Amma elə bir an ki, nazirin gözünü küçənin o biri üzündə dayanmış adama zillədiyini hamı sezdi. Rəssamlar İttifaqının qarşısındakı adamlar da baxışlarını köşkün yanında dayanmış adama tuşladılar. Bu o qədər aydın görünürdü ki, hətta köşkçü Süleyman da bunu duyub:

– Qaçay müəllim, deyəsən, sizə baxırlar, – dedi. Qorxa-qorxa. Təəccübdən çənəsi az qala yerə dəyən halda. Köşkçü Süleyman bunu dedi və ixtiyarsız ayağa qalxdı. Dar köşkün içində farağat vəziyyətdə qaldı. Üzü donuq maskaya çevrildi. Kirpiyini qırpmağa belə cəsarət etmirdi.

Nəhayət, nazir maşına oturdu. Təhlükəsizlik xidməti əməkdaşı isə qapını örtdü. Maşın yerindən tərpəndi. Binanın qarşısında dayanmış adamlarsa sürətlə uzaqlaşan avtomobili baxışlarıyla uzun-uzadı ötürdülər.

75 yaşlı ədəbiyyatşünas-alim, yazıçı, Sosialist Əməyi Qəhrəmanı isə elə bil yerə mıxlanmışdı. Əzələləri, sümükləri daşlaşmışdı. O bircə anlıq və son baxış kabusla qəfil görüşü xatırladırdı.

Gözlərini dəlib keçən nəzərlər Qaçay Çəndirlinin içinə, damarlarına hopmuş, axıcı qan qorxunu məsamələrlə ayaqlarının altına, barmaqlarının ucunadək aparıb çıxarmış, sonra da eyni sürətlə beyninə vurmuşdu.

– Qaçay müəllim...

Köşkçü Süleyman piştaxtaya söykənmiş Qaçay Çəndirlinin dirsəyinə toxunmaqla sanki onu məkrli kahinin sehrindən çıxardı.

75 yaşlı ədəbiyyatşünas-alim, yazıçı diksindi, silkələndi, ovsunlu iksirlə daşlaşmadan çıxan əzələ və sümüklərini yuxarıdan-aşağıya bir-bir duymağa başladı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG