Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:53

Götür bu gənci, apar zirzəmiyə...


Aleksandr Qrin
Aleksandr Qrin

- "Gözlənilmədən zirzəminin qaranlıq küncündəki divarada yerləşən lyukun dəmir qapağı cingilti ilə açıldı və Henri qaranlıqda, otağın ortasındakı sütunun arxasından çıxıb, ona sarı yönələn iki, qızmış kömür kimi işıq saçan, gözü görüb diksindi."

Rus dilindən Araz Gündüz çeviribdir

Aleksandr QRİN

(hekayə)

ROŞFORUN YIRTICISI

Qraf Puluza de-Lotrekin bər-bəzəkli və yaraşıqlı kabinietində əl-ayağı sarınmış bir gənc dayanmışdı, – onun işi yaş idi: Lotrek özünə qarşı pislik eləyəni bağışlayanlardan deyildi.

–Hamınız bayıra çıxın!–deyə, qraf qulluqçularına çımxırdı. Dustaqla təklikdə, göz-gözə qalanda qraf onun üstünə qışqırdı:

–Henri! Siz mənim etibarımdan və qonaqsevərliyimdən sui-istifadə elədiniz. Mən sizi arvadımla bir yataqda tutmuşam. İndi isə başınıza gələ biləcək işlərdən ən pisini gözləyin. Mən sizinlə təkbətək vuruşmayacağam, sizdən qisas almaq üçün həyatımı risqə qoyan deyiləm. Bu gün siz öləcəksiniz!

–Qraf!–Henri dilləndi:–Mənim yaşım çox olmasa da, ancaq bərkə-boşa düşüb-çıxmış adamam, qorxmağı isə çoxdan yadırğamışam.

–Çox gözəl!–qraf Lotrek bunu deyib zəngi çaldı. Otağa çox qəribə geyimli və qeyri-adi görkəmi olan bir adam girdi. Arıq bədəni, sümükləri çıxmış yanaqları olan bu adamın görkəmindən üzgünlük yağırdı, çuxura düşmüş gözləri qalın qaşlarının altından, qorxunc və solğun bir alov saçaraq, parıldayırdı. Meymun əllərinə oxşayan uzun əllərinin barmaqları səyriyirdi.

–Roşfor!–Qraf dedi.–Mən sənin necə sadiq və ağzıbütöv birisi olduğunu yaxşı bilirəm. Səni, Tanzidə, adamyeyənlərin əlindən necə qurtardığımı da, yəqin unutmamısan. Götür bu gənci, apar zirzəmiyə və öz yırtıcını burax bunun üstünə. Yaramaz adamın ölümü gərək qorxunc olsun!

–Sizin işinizə yaraya bildiyim üçün çox şadam, qraf,–üzündə iyrənc bir təbəssüm oyanan Roşfor dilləndi.–Mənim yırtıcım çoxdan idi əylənmirdi. Buyuruğunuz, necə deyirsinizsə eləcə də yerinə yetiriləcək.

–Qatillər!–deyə Henri qışqırdı.–Gün gələcək, ədalət məhkəməsi mənim qisasımı sizdən alacaq!

–Bunu hələ bilmək olmaz,–qraf Lotrek soyuqqanlıqla dilləndi.–Sənə yaxşı yol!

Çox keçmədən, qrafın buyuruğu ilə, dörd nəfər irigövdəli gənc otağa gəlib Henrini qamarladılar və sürüyərək, qəsrin altındakı yarımqaranlıq zirzəmiyə apardılar, onu, nəmişkən daş döşəmənin üstünə atıb getdilər. Zirzəmidə yalqız qalan Henri yanyörəsinə göz gəzdirməyə başladı.

Zirzəmi alçaq və tağ çəkilli tavanı, ortasında qalın bir sütun dayanan böyük bir otaq idi. Kiçik yarıqlar şəklində düzəldilmiş pəncərələrdən otağa güclə gün işığı sızırdı. Səssizlik idi...

Henri indicə nə isə qorxunc bir olayın baş verəcəyini gözləyərək dinməzcə uzanmışdı. Gözəl qrafinya Diana de-Lotrekin qoynunda keçirdiyi ötən gecədən sonra yaranan əzginlik hələ də bədənindən çıxmamışdı.

Gənc bütünlüklə yorğun olmasa da, ancaq, düşüncələrini bir yerə toplaya bilməyəcək qədər dalğın bir durumda idi. O artıq öləcəyini bilirdi...

–Diana!–deyə, gəncin köksündən ah dolu bir hayqırtı çıxdı, bu anlarda Henri, gözəl qrafinyanın onun ürəyində alovlandırdığı və sonradan cinayətə çevrilən o möcüzəli ehtirası bir də xatırladı.

Gözlənilmədən, zirzəminin qaranlıq küncündəki divarada yerləşən lyukun dəmir qapağı cingilti ilə açıldı və Henri qaranlıqda, otağın ortasındakı sütunun arxasından çıxıb, ona sarı yönələn iki, qızmış kömür kimi işıq saçan, gözü görüb diksindi. Yırtıcının nəriltiyə qarışan nəfəsi eşidilirdi.

Duyduğu qorxu bir anlığına gənci yerində dondurdu, ancaq çox keçmədən o özünü ələ alıb qorunmağı qət elədi.

Zirzəmiyə atandan sonra onun əl-ayağını açmışdılar. Henri sıçrayıb ayağa qalxdı, divara sığınıb səyriyən əllərini yumruq kimi düyümlədi.

İri gövdəli benqal pələngi sütunun arxasından çıxıb qarşısındakı insanı görəndə yırtıcılıq yağan üzünü qırışdırdı, başını ön pəncələrinə sarı əyib çənəsini geniş açdı. Bir an sonra yırtıcı sıçrayacaqdı və bununla da gənc Henri sonsuzluğa gömüləcəkdi. Ancaq birdən, belə bir iş baş verdi:

Divara dirənib dayanan Henri, özü də bilmədən, ayağı ilə, döşəmədən aşağıya açılan qapının yayını basdı. Qapı açıldı və Henri gözlənilmədən açılan bir boşluğa yıxıldığı üçün bərkdən qışqırdı.

Gənc keçirdiyi qorxudan huşunu itirmişdi. Ayılanda kiçik bir daş pilləkənin aşağı qurtaracağında uzanıb qaldığını gördü, pilləkən parlaq gün işığı düşümüş böyük bir pəncərəyə dirənib qurtarırdı, pəncərə isə çayın dik sahilinə açılırdı.

Bəxti gətirən Henri gecikmədən, pəncərənin şüşəsini sındırdı, çayın sahilindəki çiçəkliyin arası ilə uzanan cığırla aşağı enərək suya girdi... Sonra birdən-birə hər şey yox oldu və Henri öldü.

Aşağıya açılan qapı, çay və uğurlu qaçış, bu bədbəxt gəncin ölümqabağı qarabasmaları idi; pələng bir sıçrayışla Henrini yerə sərəndə o, bir andaca huşunu itirmişdi.

Henrinin gəmirilməkdən eybəcərləşmiş cəsədi isə yeyib-doymuş və indi uzanıb mürgüləyən pələngin ayaqları altında düşüb qalmışdı.

***

Görkəmli rus yazıçısı, şairi Aleksandr Qrin (1880-1932), rus ədəbiyyatında neoromantizmin yaradıcılarından sayılır.

Onun fəlsəfi-psixoloji janrda yazdığı bədii əsərləri simvolik fantastika elementləri ilə zəngindir. Qrinin əsərlərindəki olayların çoxu, onun öz düşüncəsində yaratdığı, sonradan ədəbi tənqidin “Qrinlandiya” adlandırdığı bir ölkədə baş verir. Qrinin əsərləri sırasında “Dalğalarla qaçış” və “Al yelkənlər” daha çox tanınır və oxunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG