Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:31

Rasim Əliyevin işi məhkəməyə göndərilir


Zakir Qaralov
Zakir Qaralov

►«Hüquqi müstəvidə araşdırılan cinayət işlərinin siyasiləşdirilməsi yolverilməzdir»

Report-un məlumatına görə, qətlə yetirilən jurnalist Rasim Əliyevin işi haqda danışarkən baş prokuror Zakir Qaralov belə deyib.

O jurnalistlərə bildirib ki, həmin cinayət işi üzrə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq əməliyyat qrupu yaradılıb və cinayət işi hərtərəfli araşdırılıb:

«Bu cinayətdə iştirak edən şəxslər müəyyən edilərək onların barəsində tədbir görülüb. Yaxın zamanlarda iş məhkəməyə göndəriləcək. Bu məsələnin siyasiləşdirilməsi yolverilməzdir. Dünyanın hər bir ölkəsində jurnalist qətlləri baş verir. Biz bundan təəssüf hissi keçiririk. Bu, bizim cəmiyyətə xas olan hal deyil».

Avqustun 8-də Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. O, çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Buna da bax: Ölmədən neçə nəfər pensiya ala bilir?

Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Dövlət başçısı bu cinayət işini xüsusi nəzarətinə götürüb.

Az sonra hüquq-mühafizə orqanları jurnalisti döyənlərin «Qəbələ» futbol komandasının kapitanı Cavid Hüseynovun yaxınları olduğunu bəyan edib. Futbolçu da daxil olmaqla 5 nəfər həbs olunub.

Rasim Əliyev futbolçu Cavid Qurbanovun əcnəbi jurnalistlə davranışını «facebook» sosial şəbəkəsində tənqid etmişdi.

Əshabəli Mustafayev.
Əshabəli Mustafayev.

VƏKİL: İSTİNTAQ AZI İKİ AY ÇƏKƏCƏK

«Rasim Əliyevin cinayət işini siyasiləşdirmək deyəndə, nə nəzərdə tuturlar, mən başa düşmürəm. Çünki heç kim deməyib ki, Rasim Əliyevi siyasi əqidəsinə, baxışına görə öldürüblər. Ancaq söhbət jurnalistin ölümündən gedir, jurnalistin fəaliyyəti də istər-istəməz ictimai fəaliyyətdir, siyasi mahiyyət daşıyır».

Qətlə yetirilən jurnalist Rasim Əliyevin vəkil Əshabəli Mustafayev AzadlıqRadiosuna belə deyir.

«Ancaq biz bu qətli siyasiləşdirməmişik, nə mən vəkili olaraq, nə də ailəsi. Biz həmişə demişik ki, bu işin hüquqi müstəvidə araşdırılmasını istəyirik. Ola bilsin, baş prokuror bu qətlin Avropa Parlamentinin qətnaməsinə düşməsini nəzərdə tutur. Bu da bizlik məsələ deyil».

Buna da bax: Ciqarxanyan deyir azərbaycanlı nazirin qızı ilə dostdur

O ki qaldı, baş prokurorun istintaqın yaxın vaxtlarda yekunlaşdırılıb məhkəməyə göndərilməsi haqda dediklərinə, vəkil bunu real saymır:

«Mən dünən müstəntiqlə görüşmüşəm. İstintaqın yaxın zamanda başa çatacağına inanmıram. Ən yaxşı halda bir ay, ay yarım davam edəcək. Bu işlə bağlı hələ iki rəy alınmalıdır. Rəylərdən biri Səhiyyə Nazirliyindən gəlməlidir. Rasim Əliyevin müalicəsində həkim səhvi olub-olmadığı müəyyənləşdirilməlidir. Onun əsasında həkimlərin işinə qiymət verilməlidir. İkincisi, məhkəmə tibb ekspertizasının rəyini gözləyirik. Bu rəy həm jurnalisti döyənlərin, həm də vəkillərin əməllərini yenidən qiymətləndirməyə imkan verəcək. Həmin rəylər nə zaman alınacaq hələlik bilinmir. Hətta bu rəylər yaxında alınsa belə, istintaq ən azı iki aya yaxın çəkəcək».

Hadisə avqustun 8-də baş verib. Rəylərin verilməsi yubanırmı? Vəkil deyir ki, belə düşünmür. İkincisi, Əshabəli Mustafayev güman etmir ki, tələsmək lazımdır: «Çünki söhbət ölüm işindən gedir. Biz istintaqın tələm-tələsik yekunlaşdırılıb məhkəməyə göndərilməsinin tərəfdarı deyilik. Əksinə, hərtərəfli araşdırılmasını istəyirik».

XS
SM
MD
LG