Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:54

Obama niyə Xədicənin fotosuna baxmaqla kifayətlənir?


Obama #FreeThe20 stendini nəzərdən keçirir.
Obama #FreeThe20 stendini nəzərdən keçirir.

-

«Yeni Müsavat» sual edir: «Obama niyə Xədicə İsmayılovanın fotosuna baxmaqla kifayətlənir?».

ABŞ prezidenti Barak Obama-nın «Twitter»dəki mikrobloqunda fotoşəkil yayılıb. Həmin fotoşəkildə Barak Obama Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayılın və hüquq müdafiəçisi Leyla Yunusun da fotosunun yer aldığı stendi nəzərdən keçirir.

Qəzet yazır: «Göründüyü kimi, son dövrlər Qərb təsisatlarının, xüsusən də ABŞ prezidentinin ölkəmizdəki problemlərlə bağlı mövqeyi ənənəvi müxalifətinkindən fərqlənmir. Sadəcə narahat olmaqla kifayətlənirlər. Müxalifətin əlində hər hansı təsir mexanizmləri, rıçaqları olmadığını nəzərə alsaq, onların passivliyi anlaşılandır. Bəs Obama niyə ancaq fotolara baxmaq, onları yaymaqla kifayətlənir? Azərbaycan iqtidarına bu və ya digər formada təsir imkanlarından niyə istifadə olunmur?».

«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev qəzetə deyib ki, Azərbaycan tərəfi ilə məsləhətləşmələr gedir. 20 noyabrda Antalyada baş tutacaq böyük görüşə qədər xeyli məsələlər həll oluna bilər: «İndiki məqam – seçkiqabağıdır. Ona görə də bu mənada gərginlik keçirirlər. Amerikanlılar üçün ən vacib məsələ stabillikdir».

M.Əliyev bildirib ki, hökumət bəzi addımlar atmasa, Azərbaycanda iqtisadi durum ildən-ilə pisləşməyə doğru gedəcək: «Azərbaycanda neftin istehsalı yaxın 8 ildə 23 milyona, yəni, iki dəfə aşağıya düşəcək. Bu itkini hansı vəsaitlərlə doldura bilərik? Azərbaycanın 20 illik strategiyası var: pensiyalar, maaşlarla bağlı. Ona görə də təxmin etmək olar ki, bu sahədə çox böyük itkilər olacaq və bu, cəmiyyətdə narazılıqlara səbəb olacaq. Hökumət bunu başa düşür və narahatdır. Ona görə də cəmiyyətə maksimum nəzarət xəttini götürüb».

Rəşad Həsənov.
Rəşad Həsənov.

ÖLÜMÜNDƏN SONRA MÜKAFAT KİMİ BİR ŞEY...

«Bizim yol»un təqaüd yaşının artırılması haqda məqaləsi belə adlanır.

İqtisadçı ekspert Rəşad Həsənov qəzetə deyib ki, Azərbaycanda indi bu istiqamətdə qərarın qəbul edilməsi düzgün olmazdı: «Azərbaycanda orta yaş həddi dünya ölkələri ilə müqayisədə aşağıdır. Orta avropalı pensiyaya çıxdığı dövrdə təxminən 15 il müddətində öz pensiya vəsaitlərindən istifadə edərək həyatını normal şəkildə yaşayır».

R.Həsənovun sözlərinə görə, Azərbaycanda pensiya yaşı ilə orta ömür yaşı arasında 5 ilə qədər fərq var. Baxmayaraq ki, Statistika Komitəsi orta ömür yaşını artırır, ancaq müşahidələr göstərir ki, bu, 5 ilə qədərdir: «Bu vəsaitlərin də məbləği Azərbaycanda yaşamaq hədləri ilə müqayisədə xeyli aşağıdır. Bu baxımdan yanaşdıqda, yəni pensiya yaşının artırılması əslində insanların pensiya hüququndan istifadə etmək imkanlarını məhdudlaşdırır».

Tahir Rzayev.
Tahir Rzayev.

SEÇKİ KEÇİRİLMƏMİŞDƏN NƏTİCƏLƏRİNİ ŞÜBHƏ ALTINA ALIRLAR

«Azərbaycan» yazır: «Təzyiq və qaralama cəhdləri Azərbaycanda seçki mühitinə təsir göstərməyəcək».

Qəzet noyabrda keçiriləcək parlament seçkilərinə toxunur. Bu seçkilərin də yüksək demokratik şəraitdə baş tutacağını bildirir.

Ancaq qəzet daha sonra yazır ki, buna baxmayaraq Azərbaycanın uğurlarına, artan beynəlxalq nüfuzuna hansı yollarlasa xələl gətirməyə çalışan müəyyən qüvvələr hələ seçkilər keçirilməmişdən onun nəticələrini şübhə altına alırlar: «Bu sırada Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da yer alır. Aydın şəkildə görünür ki, antiazərbaycançı şəbəkə və onların əlaltıları Azərbaycanda baş tutan mühüm ictimai-siyasi, beynəlxalq tədbirlər ərəfəsində yenə də öz mənfur simalarını nümayiş etdirirlər».

Milli Məclisin deputatı Tahir Rzayev bildirir ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil və bu təşkilat qarşısında heç bir öhdəlik götürmədiyi üçün Avropa Parlamentinin qəbul etdiyi hər hansısa bir qətnamənin hüquqi əsası yoxdur: «Bu qətnamələr bilavasitə ölkəmizin inkişafını istəməyən qüvvələrin təhriki ilə hazırlanaraq qəbul edilib».

Qətnamədə1 noyabr parlament seçkiləri ilə də bağlı əsassız və qərəzli fikirlərin əksini tapdığını vurğulayan T.Rzayevin fikrincə, seçkilərə xeyli müddət qalmış onun demokratik keçirilməyəcəyi haqda fikir yürütmək və bunu qərarlaşdırmaq savadsızlıqdan, ən başlıcası isə məkrli niyyətlərdən xəbər verir: «Bu, əslində bizə yox, Avropa Parlamentinin özünə ləkədir. Onun fəaliyyətinə zərbədir».

Mirşahin Ağayev.
Mirşahin Ağayev.

NUŞİRƏVAN MƏHƏRRƏMLİNİN XOŞQƏDƏM PROBLEMİ

ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev Milli Televiziya və Radio Şurasının qərarıyla «Sən Tək deyilsən!» və «Xoşqədəmlə axtarıram səni» verilişlərinin bağlanması haqda suallara cavab verib.

Mirşahin Ağayev ANS-ə deyib ki, bu qərarı, qərarın mətbuatda bu şəkildə afişalandırılmasını gözləmirmiş. Onun sözlərinə görə, özü MTRŞ-nin iclasında iştirak edərək bu verilişləri oktyabrın 5-dən efirdən çıxardıqlarını bildirib: «Bu layihələri biz efirdə yalnız ona görə saxlamışdıq ki, həmin efir vaxtında oxşar layihə ilə rəqabət zərurəti var idi. Onu da deyim ki, MTRŞ-da bizim belə bir mövqeyimizdən hələ çoxdan xəbərdar idilər ki, belə verilişləri bəyənmirik və bu tipli layihələri etməmək üçün televiziya rəhbərlərinin vahid mövqeyi olsa faydalı olar».

Mirşahin Ağayev deyib ki, ANS-nın öz verilişlərini bağlamaq qərarını MTRŞ-nın rəsmiləşdirməsinə ehtiyac yoxdur: «MTRŞ buna qədər bir dəfə də ANS-in hansısa layihəsi ətrafında qərəzli qərar vermişdi və o zaman biz qurumu məhkəməyə verdik və əsassız xəbərdarlığı ləğv etməyə nail olduq. Düşünürdük ki, bu, yəqin ki N.Məhərrəmliyə ən azı stolüstü vəsait olar ki, gələcəkdə ifadələr seçərkən ehtiyatlı olsun... Çünki verilişlərinin bağlanmasına səbəb kimi göstərilənlər ANS-in işgüzar nüfuzunu zərbə altına alır və bizim tamaşaçılarımızı incidir, onların zövq və istəklərini təhqir edir...».

Mirşahin Ağayev MTRŞ rəhbərliyinin bağlanan verilişlərin aparıcısına münasibətindən də danışıb: «Mən Nuşirəvan Məhərrəmlinin Xoşqədəm xanıma münasibətini bilirdim. Amma məsələnin bu dərəcədə ciddi olduğunu təsəvvür etmirdim. Çünki, buna qədər bir necə dəfə cənab Məhərrəmlidən Xoşqədəm Hidayətqızı kimi adamların efirdən ayağını kəsmək kimi tövsiyələr eşitmişdim. Deməli, N.Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. məhz Xoşqədəm xanımla. Təəssüf...».

ANS rəhbərliyi imici və işgüzar nüfuzunu qorumaq məqsədilə məhkəməyə müraciət edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG