Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:16

►"Ən pis ssenari bank sisteminin çökməsi, əmanətlərin batması ola bilər”.

"Bank of Baku"nun paytaxtda yerləşən 3 filialı fəaliyyətini dayandırıb.

Bank filialların fəalliyyətinin sərfəli olmadığını əsas gətirib onların yaxınlıqda yerləşən digər filiallara birləşdiyini açıqlayıb.

“Bu qədər filial saxlamaq sərfəli deyil”

Bundan əvvəl də bank sektorunda depozit qəbulunu saxlayan, kredit verməyəcəyini bəyan edən, filialının, ya özünün fəaliyyətini dayandıran banklar oldu.

Ölkə banklarının fəaliyyətində müşahidə edilən çaxnaşmalar maliyyə sektoruna necə təsir edəcək?

Əkrəm Həsənov

Əkrəm Həsənov

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, baş verənlər bank sektorunun dərin böhran içində olmasından xəbər verir:

“Filialların kütləvi bağlanması hələ qabaqdadır. Səbəb də odur ki, bank xidmətlərinə tələbat azalır. Əmanətlər, kreditləşmə həcmi azalır, iqtisadi problemlər yaşandığından pul köçürmələri də əvvəlki kimi deyil. Buna görə də bu qədər filial saxlamaq banklara sərfəli deyil”.

Əkrəm Həsənov deyir ki, kreditləşmə olmayan yerdə iqtisadiyyatın normal fəaliyyəti mümkün deyil:

“Daha təhlükəlisi bankların bağlanmasıdır. Mən narahatam ki, bu proses genişlənə bilər, bu halda ən pis ssenari bank sisteminin çökməsi, əmanətlərin batması ola bilər”.

Buna da bax: Qayçı ilə çəlləyin nisgili (Karikatura)

“Filialların bağlanması davam edəcək”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, manatın devalvasiyasından sonra bank sektorundakı hazırkı problemlərin üzə çıxması gözlənirdi:

“Devalvasiyadan özünə gəlməmiş banklar Mərkəzi Bankın sərt qaydaları ilə üzləşdilər. Komisyon haqları azaldıldı, istehlak və mikrokreditlərə limit qoyuldu. Təbii, indi banklar çıxış yolu kimi xərclərin optimallaşmasına çalışırlar”.

Samir Əliyev

Samir Əliyev

Samir Əliyevin fikrincə, müşahidə olunanlar bank sektorunda ixtisarların, maaşların azalmasının davam edəcəyini göstərir:

“Bu, Azərbaycan bank sektorunun çətin dövrüdür. Filialların bağlanması da davam edəcək”.

Ekspert deyir ki, neftin qiymətinin yüksək olması Azərbaycanda bankların süni şəkildə çoxalmasına gətirib çıxarmışdı:

“Amma bu say çoxluğuna rəğmən biz bank sektorunda rəqabət müşahidə etmədik”.

Buna da bax: "Xoşqədəmin verilişi pornoqrafiya deyil axı..."

Kredit qoyuluşu dayanıb

Bank sektorunda dalbadal baş verənlər maliyyə bazarına mənfi təsirsiz ötüşməyəcək, - Samir Əliyev deyir. Onun sözlərinə görə, bunun ilk simptomları əhalinin bank sektoruna etimadının getdikcə azalmasıdır:

“Artıq görürük ki, ötən illərlə müqayisədə bank sektorunda əmanət qoyuluşu azalır. Bundan başqa, əmanətlər dollarlaşmaya doğru gedir. O cümlədən, əmanətlərin təmərküzləşməsi də müşahidə edilir, yəni vəsaitini depozitə qoymaq istəyən əmanətçilər iri banklara gedirlər, bu isə kiçik bankların işini çətinləşdirəcək. Əmanət qoyuluşunun azalması kredit qoyuluşuna təsir edəcək. Məsələn, manatın devalvasiyasına qədər biz müşahidə edirdik ki, hər il kredit qoyuluşu 20-30 faiz artırdı, artıq bu temp dayanıb və azalmağa doğru gedəcəyi gözlənir”.

Samir Əliyev əlavə edir ki, ölkədə ötən illərlə müqayisədə dövriyyədə olan pul həcmi də azalıb:

“Əgər ötən ilin bu vaxtı dövriyyədə 12 milyard manata yaxın vəsait vardısa, indi bu, 7 milyard manata enib. Dövriyyədə pul kütləsinin azalması iqtisadi fəallığı zəiflədir, yeni iş yerlərinin açılmasına mane olur”.

XS
SM
MD
LG