Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:08

Rayon maşınlarının sürücüləri: «10 manatın canı sağ olsun»


-

publika.az saytı yazır ki, rayon maşınlarına Bakıya daxil olmaq qadağan olunsa da, sürücülər problemin həllini tapıblar.

«- Haradan gəlirsiz?

- Zaqataladan.

- Bu saatda necə keçə bildiniz maşınla? Rayon qeydiyyatı deyil sizdə?

- Hə, rayondur. Amma 10 manatın canı sağ olsun. Verib keçdim.

Müşfiqabad keçidində sürücü deyir ki, qadağa qoyulan gündən indiyədək paytaxta gündüz vaxtı bir neçə dəfə gəlib, hər dəfəsində də yol polisinə 10 manat rüşvət verib Bakıya girib.

Sürücünün bu iddialarına münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktın araşdırılmalı olduğunu deyib: «Avtomobildəki şəxs xəstə, yaxud Bakı qeydiyyatında olan məcburi köçkün ola bilər. İstənilən halda bu fakt araşdırılmalıdır. Kiminsə 5-10 manat verib, məhdudiyyət olan saatlarda paytaxta daxil olması ciddi ittihamdır. Bu halla rastlaşanlar bizə müraciət etməlidir».

İŞ DƏFTƏRİ VALİDEYNİN MƏCBURİYYƏTİNƏ ÇEVRİLİB

«Bizim Yol» qəzeti yazır ki, orta məktəbdə dərsliklər pulsuz paylansa da, Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, rus və ingilis dilləri, informatika dərsliyi üçün hər il yeni iş dəftəri tələb edilir.

Foto illüstrasiya.

Foto illüstrasiya.

Mağazalarda iş dəftərlərinin qiyməti 4 manatdan 7 manata qədərdir. İki uşağı məktəbə gedən Murad Hacıyev deyir ki, məktəblə bağlı əlavə xərcləri ödəyə bilmir: «Məktəbli forması, çanta, bəzi dərsliklər, dərs ləvazimatları ilə yanaşı, iş dəftərləri və testləri də almaqla aylıq maaşımın 80 faizini xərcləmək məcburiyyətində qaldım. Hər ay məcburi qaydada olmasa da, müəyyən pul yığımları olur. Məsələn, müəllimlər günündə, bayramlarda pul yığılır. İmkanı olan valideynlər də məmnuniyyətlə bu pulu verirlər. Ancaq imkanı olmayanlar pis vəziyyətdə qalır. Narahat qalırıq ki, o biri valideynlər verdiyi halda, biz verməsək, müəllim uşağa qarşı ayrı-seçkilik tətbiq edəcək. Belə hallar dəfələrlə baş verib. Çünki pul yığıldıqdan sonra müəllimə verildiyi zaman, ona siyahı da təqdim edilir».

PENSİYA YAŞININ ARTIRILMASI NƏYƏ XİDMƏT EDİR?

«Azadlıq» qəzeti yazır ki, gəlirlər azaldıqca, hökumət ağlagəlməyən variantlara əl atır.

İqtisadçı ekspert Oqtay Haqverdiyev qəzetə deyib ki, gəlirlərinin azalması fonunda belə bir məsələnin ortaya atılması təbiidir:

Oqtay Haqverdiyev.

Oqtay Haqverdiyev.

«Neftdən gələn gəlirlər aşağı düşür və büdcə yerinə yetirilmir. İlin birinci yarısı kəsirlə icra olunub, ilin sonuna qədər kəsir yəqin ki, 1 milyard 500 min olacaq. Baxanda adi görünsə də, obyektiv vəziyyət əslində çox ağırdır. Bəziləri çıxış edərək vəziyyətin çox yaxşı olduğunu deyir. Lakin auditoriyanı aldatmaq lazım deyil».

AZƏRBAYCAN MÜSTƏQİL SİYASƏTİNDƏN ƏL ÇƏKMƏYƏCƏK

«Azərbaycan» qəzeti yazır ki, seçki ərəfəsində Qərb dairələri Azərbaycana təzyiq göstərsələr də, ölkə yolundan dönməyəcək.

«Hər dəfə Azərbaycanda həyata keçiriləcək mühüm hadisələr ərəfəsində «fəallaşan» Qərb dairələri böyük problemlər içərisində olsalar da, öz çirkin əməllərindən çəkinmirlər. Azərbaycanda parlament seçkiləri ərəfəsində onlar yenidən meydana atılıblar. Müasir dövrdə demokratiyanın «beşiyi» hesab olunan Avropa demokratiya, azadlıq sözlərinin anlayışını dəyişir. Təəssüf ki, bu gün Avropada ikiüzlülük və şəxsi maraqlar əsasında qurulmuş siyasət, satqınlıq, korrupsiya əməlləri ali amil hesab olunur. Azərbaycan isə əksinə, ənənəvi, əsl demokratiya dəyərlərinə əsaslanaraq bu gününü və sabahını qurur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG