Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:15

Müharibənin uşaqları...


Hikmət Carçılı Orhun
Hikmət Carçılı Orhun

- "Bir saat söhbət edəndə öz-özünə sual verirsən ki, bunları doğan ana faşist olub, ya əkən ata?! Özgə vaxt da ermənilər haqqında təsəvvürümüzdə bir model canlandırırıq ki, onlar hələ uşaqları bələkdəykən qulağına “türk sənin düşmənindir” pıçıldayırlar.

Yox axı, deyəsən, biz onları ötmüşük! Bu doğrudan da, biabrçılıqdır."

Hikmət Carçılı Orhun

Müharibənin uşaqları...

Müharibədə itirən uşaqlar olur, günahsız uşaqlar. Müharibədə uşaqlar ölür. Dünya tarixinə gəlib getmiş heç bir müharibəni onlar başlamadı, ancaq birinci onlar öldürüldü.

Birinci onların uşaqlıqlarını, oyuncaqlarını, xəyallarını, ata-analarını, dostlarını, oyun meydançalarını, nağıllarını, məktəblərini əllərindən aldılar. Biri-birinə qarşı savaşan millətlərin, ideologiyaların qurbanı uşaqlar oldu.

Halbuki, uşaqlar gününün çox hissəsini dostları ilə gizlənqaç oynamaq, dalaşıb barışmaq, cizgi film izləmək, kəpənək qovmaq, dovşan sığallamaq, top dalınca qaçmaq, pəncərə sındırmaq, raqadka götürüb quş quşlamaq, oxuduğu, eşitdiyi nağıl qəhrəmanlarının aləminə varmaq istər.

Bütün xoşbəxt uşaqların həyatı belə keçdi. Xoşbəxt uşaq varmı?! Yaxşı. cümləmizi düzəldək: yuxarıda sadaladığımız şeylər bütün uşaqları xoşbəxt edər.

Uşaqlar səfeh mövzularla, güllə səsləri ilə, şəhid xəbərləri ilə psixologiyalarının pozulmasını istəməzlər. Vətən belə, umrunda olmaz uşaqların. Vətən, millət mövzusunu biz böyüklər onların beyninə yeritdik. Yazıq elədik uşaqları, yazıq.

Yazıq elədilər bizi, yazıq. Müharibədən ən çox əziyyət çəkən biz olduq; müharibə görməyən, ancaq müharibəni bütün ağrı-acısı ilə öz üzərində hiss edən bizlər – doxsanlarda güllə altında doğulanlar.

Müharibəni dövlətlərin böyükləri başladı. Bizim atalarımız döyüşdü; uşaqlar yetim qaldı, bir qarnı tox, bir qarnı ac böyüməyə məhkum oldu.

Bir az əli-ayağı tutan uşaqlar bazarlarda araba daşıyıb, su satıb çörəkpulu qazandılar. Kimisi oğurluq elədi.

Heç bir uşaq qaramat şəhərciklərdə dərs oxumaq, qaçqın düşmək istəmədi. Başqaları kitablarını çoxlu cibi olan çantlara yığanda müharibənin uşaqları selofan torbalara yığdı.

Özgələri yaraşıqlı məktəblərdə, təmiz paltarlarda təmiz partalarda oturanda onlar bu üzündən o üzü görünən sinif otaqlarında soyuqdan titrədilər. Heç bir uşaq qaçqın düşmək istəmədi.

Müharibə təkcə bu sadaladıqlarımızdan ibarət deyil. Savaş təkcə həmin dövrdə doğulan uşaqların psixologiyasını pozmur.

Çox zaman faşizm ideyaları üzərində köklənən xalqlar içlərində bəslədikləri kini-kidurəti nəvələrinə, nəvələrinin uşaqlarına, nəvələrinin nəvələrinə qədər ötürürlər.

***

Amerikalı rejissor Mark Hermanın yazıçı John Boyne'un eyniadlı romanının motivləri əsasında çəkdiyi “Zolaqlı pijamalı oğlan” filminin qəhrəmanı 8 yaşlı Bruno və ailəsi hərbçi atasının təyinatı üzündən Almaniyanın qərbində dostları ilə xoşbəxt həyat sürdüyü anda uzağa – Polşaya köçməli olur. (davamı aşağıda)

Yəhudi yaşıdı ilə tanış olandan sonra Brunonun həyatı tamamilə dəyişir. Belə ki, onun dostu yarım milyon yəhudinin qətl edildiyi əsir düşərgəsində yaşayır.

Ailəsi gündəlik söhbətlərində yəhudilərin insan olmadığını ona başa salmağa çalışır, onu da özləri kimi millətçi ruhda görmək istəyirlər.

Hətta anası onu bir an gözdən qoymaq istəmir ki, birdən düşərgəyə gedər. O, atasının, anasının, bacısının söhbətlərini, evdə ona dərs verən müəllimin “möhtəşəm” alman tarixinə dair danışdıqlarını həzm edə bilmir, bütün bunlar ona cansıxıcı gəlir.

Həmişə onun ağlında düşərgəyə getmək, yaşıdı ilə oynamaq olur.

Bildiyi kimi də edir; anasının, atasının, bacısının və tarix müəlliminin danışdıqlarına baxmayaraq, o, hər gün düşərgənin yaxınlığına gələrək öz dostu ilə söhbət edir, ona yemək gətirir, oyun oynayır.

Axıra kimi həmin düşərgədə baş verənlərdən xəbərsiz olan alman uşağı yəhudi dostunun düşərgədə işlədiyi yerdə qəfil yoxa çıxan atasının axtarışları zamanı dostu və digər əsir yəhudilərlə bir yerdə qaz sobasında yandırılır.

Bir növ yəhudilərə qarşı nifrət hissi ilə yaşayan atasının qurbanlarının aqibətini yaşayır. Film haqqında yazanlar qeyd edirlər ki, rejissor tarixin acı ilə dolu xatirəsini kiçik bir uşağın gözü ilə yaddaşlara qaytararaq, məsumiyyət və insanlıq dəhşətini zərif bir dillə lentə köçürür.

Müharibənin qəddarlığını özündə ehtiva edən bu filmin məntiqi davamı olaraq, holland rejissoru Dennis Botsun “Müharibənin sirləri” filmini misal gətirmək istəyirəm ki, o da bir yəhudi və alman uşağın dostluğundan bəhs edir. (davamı aşağıda)

Gününü kənddəki meşəliklərdə biri-birinin milliyyətindən xəbərsiz gəzərək, oynayaraq keçirən uşaqların dostluğunu müharibə başlar başlamaz kəndə gələn yəhudi qızın yəhudi oğlana verdiyi sirr pozur.

Yəhudi oğlan da qıza öz sirrini açır ki, onun ailəsi yəhudi dəstələrinə kömək edir. Artıq alman oğlanla onların dostluqları qabaqkı kimi deyil, danışılan yalanlar, tutulan sirlər üzündən getdikcə biri-birilərindən üzülüşürlər.

Hətta bu üzdən alman oğlan kənddəki donuzların yığılmasına baxmayaraq, yəhudi qızın öz donuzunu hamıdan gizlətdiyini atasına deyir.

Həmin gün faşistlər qızı və ailəsini kənddən əsir düşərgəsinə köçürürlər. Qızın kənddən köçürüldüyünü biləndə yəhudi dostu onların evlərinə gəlir, dalaşırlar.

Elə həmin gün yəhudi oğlanın ailəsinin də yəhudilərə kömək etdiyi məlum olur. Onlar qaçaraq kənddəki mağaraya sığınırlar.

Bu dəfə alman dost öz günahını yumaq üçün mağarada gizlənən yəhudi dostunun ailəsinə yemək aparır, sağ qalmaqlarına kömək edir.

Sağ qalan ailə mağaradan bir çıxış yolu tapıb, Belçikaya keçərək xilas olmağı bacarır.

Filmin sonu xoşbəxtliklə bitsə də, bizə məktəbdə öyrətdikləri kimi, uşaqların beyni ağ kağız olur, nə yazsan, qalar. Müharibələr, ayrılıqlar... insanların uşaq yaddaşından heç zaman silinmir, ömür boyu onlara əzab verir.

***

Mən yuxarıdakıları yazmadan da yaşıdlarım və bizdən öncəkilər müharibənin nə demək olduğunu, onun nə ilə nəticələndiyi yaxşı bilirlər.

Hər halda mən belə bilirəm. Lakin son zamanlar rast gəldiyim, gündəlik həyatda qarşılaşdığım, çoxusu əlifbanı belə, doğru-dürüst bilməyən orta məktəb şagirdlərinin çıxışlarını dinlədikcə adamı dəhşət bürüyür!

Bu tifil, hələ ayaqqabısının sağını soluna, solunu sağına geyinən uşaqların beynini “Erməni bizim düşmənimizdir, əsgər olub onları qıracam”, “Erməninin qanı halaldır” kimi faşizm yüklü cümlələrlə doldurmaq, o balaca beyinlərini yormaq olmaz.

Hər insan dostunu, düşmənini özü seçməlidir. Bizim onlara dost, düşmən bəlirləməyə haqqımız yoxdur.

Deməli, o gün status da yazmışdım ki, bir aparıcı 9-10 yaşlı əlil uşağı efirə çıxarıb sual verir:

“Böyüyəndə nə olacaqsan?” Uşağın cavabı özünü gözlətmir: “Əsgər olacam, erməniləri qıracam”.

Ümumiyyətlə, son zamanlar bu tip cavablar uşaqların dilinə şeir, nəğmə əvəzi, beyninə nağıl əvəzi hopub.

Bir saat söhbət edəndə öz-özünə sual verirsən ki, bunları doğan ana faşist olub, ya əkən ata?!

Özgə vaxt da ermənilər haqqında təsəvvürümüzdə bir model canlandırırıq ki, onlar hələ uşaqları bələkdəykən qulağına “türk sənin düşmənindir” pıçıldayırlar. Yox axı, deyəsən, biz onları ötmüşük! Bu doğrudan da, biabrçılıqdır.

Mən demirəm, düşmən tapdağı altında olan iyirmi faiz torpağımızı, o torpaqlar üzərində qanı tökülən şəhidlərimizi, gözü yaşlı qalan ana-bacılarımızı unudaq, vətənpərvərlik aşılamayaq. Əsla!

Deyirəm ki, onlarda milli şüur formalaşdıraq. Tariximizi, coğrafiyamızı yaxşı öyrədək. Yaxşı təhsil verək. Hələlik bu onların bəsidir.

Uşaqlarımızı düşmənli eləməyək, düşmən böyütməyək. Öz yanlışlarımızı onların boynuna yükləməyək. Müharibədə hər iki tərəf itki verir, “erməni bizi qırıb” deyərək gözüqorxaq böyütməyək.

Məncə, uşaqlar rahat oyun oynasalar, xoşbəxt böyüsələr, başlarının ölçüsündə olmayan mövzularla yüklənməsələr gələcəkdə vətənə, millətə daha çox xeyir verə bilərlər. Gəlin əl-ələ verib onları xoşbəxt edək! Bu, onların haqqıdır.

Bir haşiyə: Yeddinci sinifdə oxuyanda bir erməni və bir azərbaycanlı uşağın dostluğundan hekayə yazmışdım. Ədəbiyyat müəllimim oxuyub dedi ki, erməni ilə azərbaycanlının dostluğu baş tutmaz.

Bir də belə şey yazma, adını "vətən xaini"nə çıxarlar, düz gedərsən. Hekayəni yazdığım on iki vərəqli dəftəri də odun sobasına atdı. Gözüm baxa-baxa qaldı, gözüm baxa-baxa...

İndi o müəllimi yadıma saldıqca keçirdiyim hissləri ifadə etməkdə acizəm. Bilmirəm nifrətdi, yoxsa nə?

Hər halda bir uşağın beyninin məhsulunu “vətənə xəyanət” kimi qiymətləndirib, odun sobasına atmaq təqdir olunası şey deyil.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG