Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

Leonardo DiCaprio-nun pulları qaytarılır


Vladimir Putin və Leonardo DiCaprio - 2010.

Vladimir Putin və Leonardo DiCaprio - 2010.

-

Rusiyada Ədliyyə Nazirliyinin «xarici agent» elan etdiyi qeyri-hökumət təşkilatı fəaliyyətini davam etdirə bilmək üçün pul toplayır. «İnsan haqları uğrunda» hərəkatının lideri Lev Ponamarev təşkilatın dara düşdüyünü bəyan edib və 300 min rubla ehtiyacları olduğunu deyib.

Sentyabrın 18-də «xarici agent» elan olunan «Ekovaxta Saxalina»dan olan təbiət müdafiəçiləri və brakonyerliklə mübarizə aparanlar belə qərar veriblər: Leonardo DiCaprio Fondunun verdiyi maliyyəni geri qaytarsınlar. Bu pul «Şərq» yasaqlığının qorunması üçün verilmişdi. «Ekovaxta» saytında ekoloji layihələrin davamı üçün vəsait yığımına başlandığı haqda elan da yerləşdirilib.

DiCaprio Fondu bu ilin iyulunda «Şərq» yasaqlığı və vəhşi qızılbalıqların qorunması məqsədilə təşkilata böyük məbləğdə ianə bağışlayıb.

1998-ci ildə yaradılan DiCaprio Fondu bütün dünyada vəhşi təbiətin qorunması layihələrinə dəstək verir. 2014-cü ilin sentyabrında DiCaprio BMT-nin qlobal iqlim problemləri üzrə səfiri təyin edilib.

Aktyor 2010-cu ildə «Pələngə yardım edək» beynəlxalq Peterburq Forumuna qatılıb və ovaxtkı baş nazir Vladimir Putin-lə görüşmüşdü. Putin DiCaprio-ya işinə görə təşəkkür etmiş və onu «əsl kişi» adlandırmışdı.

2013-cü ildə aktyor planetdə pələnglərin qorunmasına milyon dollar ayırıb. Eləcə də onun başçılıq etdiyi Fond okeanların müdafiəsi ilə məşğul olan «Ocena» təşkilatına 3 milyon dollar verib.

«Ekovaxta Saxalina» DiCaprio Fondunun dəstəyini alan ilk Rusiya təşkilatıdır. Hərçənd 159 min dollarlıq vəsait bu günlərdə Fondun hesabına qaytarılıb.

Bundan başqa, «Ekovaxta Saxalina» yaxın vaxtlarda «Vəhşi qızılbalıq mərkəzi» adlı qeyri-kommersiya qurumunun ona verdiyi 30 min dolları da qaytarmaq niyyətindədir. Bu vəsait Sakit Okean qızılbalığının populyasiyası üçün alınıbmış.

Dmitry Lisitsyn.

Dmitry Lisitsyn.

«DICAPRIO QARŞISINDA DA PİS VƏZİYYƏTDƏ QALMIŞIQ»

Ədliyyə Nazirliyi sentyabrın 18-də «Ekovaxta Saxalina»nı əcnəbi agentlər reyestrinə daxil edib. Təşkilat təkid edir ki, nazirliyin bu addımı atmaq üçün əsası olmayıb, çünki o siyasi fəaliyyətlə məşğul deyil. Ancaq hər ehtimala qarşı ekoloqlar xarici maliyyədən imtina ediblər.

«Ekovaxta Saxalina» əcnəbi agent statusundan məhkəmə yoluyla azad olmaqda niyyətlidir. 1995-ci ildən fəaliyyət göstərən təşkilat rədd cavabı alacağı təqdirdə fəaliyyətini dayandıracağını bildirir. Bunu AzadlıqRadiosunun rus xidmətinə təşkilatın başçısı Dmitry Lisitsyn deyib. Onun sözlərinə görə, nazirliyin bu qərarını gözləyirmişlər və ona mənən hazır olublar. Lisitsyn bundan bir neçə gün öncə Ədliyyə Nazirliyinin yoxlama aktını aldıqlarını, həmin sənəddə hansı fəaliyyətlərinin siyasi hesab edilməsinin göstərildiyini də bildirib.

Lisitsyn-ın dediyinə görə, nazirlik onların Vkontakte-dəki qeyri-rəsmi səhifəsində Ümumdünya Vəhşi Təbiət Fondunun Arktikada neft-qaz yataqlarının işlənməsi ilə bağlı petisiyasını paylaşmasını siyasi fəaliyyət kimi dəyərləndirib:

«Biz sadəcə səhifəmizdə bu petisiya ilə bağlı istinadı yerləşdirmişik. Ümumdünya Vəhşi Təbiət Fondu bir neçə min imza toplamışdı. Bu Fond xarici agent kimi tanınmayıb, bizsə tanınmışıq, bizim bir postu yerləşdirməyimiz siyasi fəaliyyət sayılır».

«Ekovaxta Saxalina»nın rəhbəri xarici maliyyədən imtina etmələrindən danışıb: «Bu, əlbəttə, bizim üçün böyük itkidir. Bu qrant bir neçə il üçün verilmişdi. Biz indi Leonardo DiCaprio qarşısında da pis vəziyyətdə qalmışıq, ancaq dövlət bizi elə duruma salıb ki, bu addımı atmağa vadarıq».

Rusiya Ədliyyə Nazirliyi 93 təşkilatı xarici agent elan edib. Onlardan çoxu fəaliyyətini dayandırmağa məcbur qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG