Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:19

Prezidentin Moskvaya və Nyu-Yorka getməməsinin sirri


İlham Əliyev.
İlham Əliyev.

-

«Yeni Müsavat» qəzeti yazır ki, Moskvada Mərkəzi Məscidin açılış mərasiminə dəvət alsa da, İlham Əliyevin oraya getməməsi müxtəlif mülahizələrə səbəb olub.

Bəzi ekspertlərin fikrincə, Erdoğan-la Vladimir Putin-in qatıldığı tədbirə İlham Əliyevin getməməsi çox təəccüblüdür. Onların sözlərinə görə, bunun ciddi səbəbləri olmamış deyil. «Son aylar ərzində Azərbaycanın Rusiya ilə yaxınlaşması Qərb ölkələri ilə ciddi qarşıdurma yaradıb. Qərb ölkələri də prinsipial məsələlərdə Azərbaycan hakimiyyətinə güzəştə getməyəcəklərini açıq şəkildə bildiriblər. Hətta Azərbaycana qarşı iqtisadi münasibətlər sahəsində ciddi məhdudlaşdırmaların ola biləcəyinə işarə vurulub.

Bu isə Azərbaycana ağır zərbə ola bilərdi. Görünür, İlham Əliyev bütün bunları nəzərə alaraq açıq şəkildə Rusiya ilə yaxşı münasibətlərdə olduğunu göstərmək istəmir»,- deyə ekspertlər bildirib.

İlham Əliyev BMT-nin yubiley sessiyasına da qatılmadı. Fakt budur ki, Azərbaycanın dövlət başçısı Nyu-Yorka getməyib. BMT-nin ali toplantısında ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Politoloq Natiq Miri isə hesab edir ki, Moskvada Azərbaycan prezidentinin Moskvaya səfər etməsi üçün ciddi zərurət olmayıb. Çünki Rusiya prezidenti ilə keçiriləcək görüşdə müzakirə olunacaq məsələlər haqda istər Putin-in, istər Əliyevin mövqeləri bəllidir.

Ekspert onu da bildirdi ki, prezident eyni zamanda, bu səfərə getməməklə bir neçə gün sonra Nyu-Yorka getməmək üçün zəmin yaratdı: «Çünki BMT-nin yubiley sessiyasında Azərbaycan prezidenti üçün müəyyən arzuolunmaz bir mühitin ortaya çıxacağı ehtimalı var idi. Ola bilsin ki, rəsmi Bakıda bu barədə məlumat var imiş. Mümkün idi ki, Azərbaycan iqtidarına ünvanlanan bəzi xoşagəlməz çıxışlar təşkil edilsin. Belə bir vəziyyətdə Azərbaycan orada təklənə bilərdi. İstisna deyil ki, bu xoşagəlməz situasiyadan yan keçmək üçün Nyu-Yorka səfər təxirə salındı».

Əli Kərimli.
Əli Kərimli.

ƏLİ KƏRİMLİNİN SONU

ANSPress Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayından və Əli Kərimlinin yenidən yekdilliklə partiya sədri seçilməsini şərh edib:

«Qurultayın sovet dövrünün partiya iclaslarını xatırladan sonluğunda heç səslərin sayılmasına da ehtiyac olmadı. Lehinə olanlar soruşulanda çoxluq əlini qaldırdı, əleyhinə və bitərəf olanlar soruşulanda isə kimsə dinmədi. Beləliklə, Əli Kərimli, sovet partiya iclaslarında olduğu kimi, gurultulu alqışlar altında qələbə nitqini elədi: «Əlimdən gələn hər şeyi edəcəyəm ki, siz bu etimada görə peşman olmayasınız» və s. və i.a.

Müəllifə görə, qurultay AXCP-nin durğunluq içində olduğunu, partiya sədrliyinə alternativ namizəd tapa bilmədiyini protokolla təsdiqlədi.

Daha sonra yazıda, AXCP sədrinin müşaviri Sahib Kərimlinin də tələb etdiyi kimi, səsvermənin gizli olmasının vacibliyi vurğulanır:

«Beynəlxalq təcrübə göstərir ki, istənilən quruma seçkilərin azad keçirilməsi üçün səsvermənin gizli olması vacibdir...

Sahib Kərimli seçkilərdə müəyyən qədər səs toplaması partiyada fikir müxtəlifliyinin olduğunu göstərərdi. Bu, AXCP-də Əbülfəz Elçibəyin ölümündən sonra islahatçılarla klassiklərin (KXCP) ayrılması nəticəsində tarixə gömülmüş plüralizmi bərpa edərdi. Bu, həm də partiyada potensial liderlərin yetişməsinə imkan yaradardı».

Qadir İbrahimli.
Qadir İbrahimli.

DÖVLƏTİN DOTASİYALARI ARADAN QALDIRMASI NƏ VƏD EDİR?

«Azadlıq» qəzeti yazır ki, Azərbaycanda dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflər (qiymətlər) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılacaq. Bu barədə məlumat Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində öz əksini tapıb.

Qəzet dotasiyanın ləğvinin hansı sahələrdə qiymət artımına səbəb ola biləcəyini araşdırıb.

İqtisadçı Qadir İbrahimli bildirib ki, dotasiyalar ləğv olunursa, bu o deməkdir ki, dövlətdən dotasiya alan bir sıra sahələrdə qiymət artımı yaşana bilər. Bu sahələrdən biri metropolitendir. Dotasiyanın ləğvi bu sahədə qiymətləri bahalaşdıra bilər: «Bakı Metrosu birbaşa dotasiya ilə işləyən dövlət müəssisələrindən biridir. «Azərenerji» və «Azəriqaz»da bahalaşma olacağına inanmıram. Çünki bu müəssisələrin əhaliyə satdığı həm işıq, həm qaz maya dəyərindən bah satılır. Orada dotasiyaya ehtiyac yoxdur. Ancaq metropolitendə bahalaşma ola bilər. Eyni zamanda daxili reyslərdə biz qiymət artımını müşahidə edə bilərik. Naxçıvana təyyarə qiymətində bahalaşma ola bilər. Çünki müəyyən dotasiyalar bu sahələrə yönəlir. Əgər bu dotasiyalar kəsiləcəksə, metropolitendə və aviauçuşlarda qiymət artımı gözlənilməlidir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG