Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:30

-

Arzuladığınız bütün yerlərə maşınla getmək mümkün deyil. Elə yerlər var ki, ora təyyarə ilə gedirsiniz. Üstəlik təyyarə sərnişinləri mənzil başına tez çatdırır. Ancaq uçuş heç də ucuz başa gəlmir. Hava yolu şirkətləri ildən-ilə qiymətləri qaldırırlar. Amma səfəri qabaqcadan planlaşdıranda uçmağa daha az xərc çəkmək olur.

UCUZ BİLET ALMAĞIN YOLLARI

Hava yolu şirkətləri biletləri satışa çərşənbə axşamı çıxarır. Həmin gün ucuz bilet tapmaq üçün ən yaxşı gün sayılır.
Həftənin uçuş üçün populyar olmayan günlərində uçun. Çərşənbə axşamı, çərşənbə və şənbə günləri uçuşların ən az olduğu günlərdir. Sübh tezdən olan reyslərə də ucuz biletləri daha rahat tapmaq olur. Çünki çox adam gün çıxmamış yerindən durub aeroporta getməyi xoşlamır. Sübh tezdən uçan təyyarələrin başqa reyslərin gecikməsi səbəbindən, ya da mexaniki məsələlərə görə gecikmək ehtimalı xeyli az olur.

Bunu da oxu: Su qiymətinə dünyanı gəzən azərbaycanlı

Təyyarədəki yerinizi qabaqcadan seçməyin. Bəzi şirkətlər onlayn bilet alanda təyyarədəki yeri seçməyə görə rüsum tuturlar. Uçuş günü aeroporta bir az tez gəlin. Belədə münasib yeri pulsuz tapa bilərsiniz. Təyyarədəki ən yaxşı yerlərin bir çoxu – nə qədər ki, onları böyük rüsum ödəyib alan olmayıb, uçuş gününə kimi sahibsiz qalır. Çox pul verib əvvəlcədən bu yerləri alanlar isə çox az olur.
Bilet almaq üçün nə çox yez tərpənin, nə də son dəqiqəyə kimi gözləyin. Səyahət edənlərin çoxu münasib qiymətə bilet almaq üçün uyğun zamandan xəbərsizdir. Bileti uçuşdan xeyli qabaq, yaxud uçuşa çox az qalmış almaq sizə baha başa gələcək. Bilet almaq üçün ən yaxşı vaxt uçuşdan 3 ay əvvəldən tutmuş 6 həftə qalanadək olan müddətdir.

ƏLAVƏ RÜSUMLARDAN UZAQ DURUN

Hava yolu şirkətləri az qala hər şeyə görə sərnişindən əlavə pul tuturlar. Elələri var ki, hətta aeroportun tualetlərindən istifadəyə görə də əlavə rüsum tutmağa cəsarət edir. Söz yox ki, bütün həmin əlavə rüsumlar üst-üstə gələrək sizin uçuş xərcinizi artırır. Ona görə ehtiyacınız yoxdursa, həmin xidmətlərə görə rüsum ödəməyin.

arxiv fotosu

arxiv fotosu

Aeroporta çatandan sonra pulunuzu mümkün qədər cibinizdə saxlaya bilmək üçün bunlara diqqət edin:

-Zəruri deyilsə, uçuş sinfinizi dəyişməyin. Əksər şirkətlərdə ekonom sinifdən biznes sinfinə keçmək olduqca baha başa gəlir.

-Özünüzlə sadəcə əl yükü götürün. Məbləğ ayrı-ayrı şirkətlərdə fərqlidir. Ancaq onların hamısı baqaja görə rüsum tutur. Özü də bu rüsum az olmur. Nəyə görə paltarlarınızın da sizinlə uçmasına görə pul ödəyəsiniz ki?

-Səfər çantanızdakı əşyalarınızı azaltmağa çalışın. Götürdüyünüz bütün paltarların bir-birini tamamladığına əmin olun . Onda paltarlarınızdan daha çox istifadə edə biləsiniz. Tualet əşyalarının yalnız səfər ölçüsündə olan növlərindən yararlanın.

-Özünüzə qəlyanaltı götürün. Əgər uçuşunuz beynəlxalq uçuş deyilsə, çətin ki, hanısa havayolu şirkəti daxili reysdə sizə pulsuz yemək versin. Təyyarədəki yeməklər ucuz olmur. Ən əsası sağlamlıq üçün faydalı olmur. Yaxşı olar ki, evdən özünüzə yeməyə nəsə götürəsiniz. Bu, həm ucuz başa gələr, həm də daha sağlıqlı olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG