Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:54

İŞİD Mosulda özündən betərinə rast gəlib


İraqda Xalq Səfərbərliyi birləşməsinin döyüşçüsü – 2015.

İraqda Xalq Səfərbərliyi birləşməsinin döyüşçüsü – 2015.

-

Onların şəxsiyyəti gizli saxlanılır. Onlar günəş batandan sonra şəhərin boş yerlərində üzə çıxıb işlərini görürlər. Onların bir də nə vaxt zərbə endirəcəklərini heç kim bilmir. Onlar düşmənlərini hər dəfə başqa-başqa yerdən hədəfə alırlar.

Onların missiyası sadədir: İraq Şam İslam Dövləti (İŞİD/İD) yaraqlısını qətlə yetirmək.

Onların hədəfləri heç vaxt dəyişməsə də, üsulları müxtəlifdir. Hərdən onlar İD yaraqlısını aşkarlamaq üçün snayperdən istifadə edirlər. Hərdən onların avtomobilini partlatmaq üçün yolları minalayırlar. Hərdən düşmənlərini bıçaqlayaraq, hərdən də boğaraq öldürürlər.

Onlar Mosulun «Sayıq döyüşçülər» briqadasıdır. Briqada üzvləri hərbi cəlladlara çevrilmiş sıravi vətəndaşlardan ibarətdir. Gizli fəaliyyət göstərir. Nəinki İŞID döyüşçülərini, həm də onları dəstəkləyənləri məhv edir.

İD bu cəlladları aradan götürmək üçün əlindən gələni edir. Bacardığı qədər onları izləməyə çalışır. Nəticədə öldürdükləri də olur. Amma Mosulun yerli sakinlərinin dediyinə görə, bu anonim müqavimət hərəkatı İŞİD-ə elə bir zərbə endirir ki, onlar öz itkilərini gizlədərək Mosuldakı fəaliyyətlərinə düzəlişlər edirlər.

SAQQAL ARXASINDA GIZLƏNƏRƏK

«Siz bilirsinizmi, İŞİD niyə bütün kişilərə saqqal buraxmağı əmr edib?» - Cavan oğlan gülərək soruşur. «Ona görə ki, özləri onlardan fərqlənməsinlər», - söyləyərək özü də cavab verir.

Bu cavan oğlanın dediyinə görə, İŞID yaraqlılarını öldürən Mosul briqadasının üzvüdür. O, radionun Mosuldakı müxbirinə deyib ki, məxsus olduğu qrup snayper tüfəngindən istifadə edərək yaraqlıları aşkarlayıb. O iddia edir ki, buna görə də İD əsgərləri adi vətəndaşdan seçilməmək üçün maskalanmağa cəhd edir – saqqal buraxır.

Adını gizlədən cavan oğlan deyir ki, o və dostları İD hərbi maşınlarını məhv etmək üçün Mosul yollarına minalar basdırıb. Son terror aktları ucbatından İD silahlıları indi avtomobillərini gözə soxmamaq üçün fərqlənmə nişanları olmadan idarə edirlər.

MÜQAVIMƏT GÖSTƏRMƏK YERSIZDIR?

Radionun İraqda işləyən müxbirinə görə, Mosulda İD-ə qarşı dirənən hərbi qruplaşmaların olması təzə söhbət deyil.

Onlar keçən ilin yayından - İŞİD bu şəhəri ələ keçirən vaxtdan mövcuddurlar. «Mosul Briqadası», «Nineveh-in qisası», «Nineveh şirləri», «Mosulun azadlığı briqadası» – İŞİD-dən qisas almaq yolunda mərdlik nümunəsidir.

İŞİD döyüşçüsü Mosulda – 2014.

İŞİD döyüşçüsü Mosulda – 2014.

Bu qruplardan bəziləri artıq fəaliyyət göstərmir. İD bəzilərininizinə düşərək məhv edib. Bəzilərisə, deyilənə görə, Bağdaddakı İraq dövlətindən heç bir kömək görməyərək dağılıblar.

Amma nə İD, nə də ehtiyatların çatışmazlığı Mosuldakı müqaviməti qıra bilib. Yerli sakinlərin dediyinə görə, Sayıqların silahlı qrupları İD üçün problemlər yaşadır.

ÖRT-BASDIR ETMƏK

Mosuldakı şahidlərin sözlərinə görə, İD əsgərlərinin ölümlərindən özünü itirib, hətta onları gizlətməyə çalışır.

Buradakı morqlardan birinin adının açıqlanmasını istəməyən işçisinin radioya söylədiyinə görə, dəqiq rəqəm deyə bilməsə də, vaxtaşırı İD əsgərlərinin cəsədlərini təhvil alır.

«İD bu ölü bədənlər haqqında az danışır», - morq işçisi deyir. «Nəsə demək məcburiyyətində qalandasa bu ölümlərin döyüşdə və ya koalisiya qüvvələrinin hava zərbələri zamanı baş verməsi ilə izah edirlər».

Amma cəsədlərdəki zədələr bu izahla üst-üstə düşmür. Onlar səsboğuculu «Kalaşnikov» avtomatından açılan atəşdən, boğulma və ya deşilmə-kəsilmə nəticəsində ölürlər. «İŞİD ölümlərin sirrini gizli saxlamağa çalışır», - morq işçisi əlavə edir. Silahlılar gecə qaranlığında işləməyi üstün tuturlar. Onlar meyitləri morqa gecə gətirir, ailələrə də onları gecə vaxtı verirlər.

QARANLIQLARA ƏKS-ZƏRBƏ

Mosul sakinləri İŞİD-in hərbi müqaviməti yatırtmağa cəhd etdiyini söyləyirlər. Hər şeyi özlərinə ram etmək üçün, adətən, əsas vasitə kimi qorxu və qəddarlıqdan istifadə edirlər.

Morq işçisinin dediyinə görə, əsgəri öldürülən İD silahlıları keçmiş təhlükəsizlik əməkdaşlarını həbs edir və başqalarında qorxu yaratmaq üçün hamının gözü qarşısında edam edirlər. Qurbanları casusluqda və İraq qüvvələri ilə əməkdaşlıqda ittiham edirlər.

«İD onlardan biri öldürüləndə dəli olur», - morq işçisi deyir.

Kürd qüvvələri Mosulda İŞİD-in nəzarətində olan ərazilərə hücum edir – 2014.

Kürd qüvvələri Mosulda İŞİD-in nəzarətində olan ərazilərə hücum edir – 2014.

TƏRƏFDAŞLARIN QƏTLİ

«Mosul Briqadası» kimi qrupların hədəfi yalnız İŞİD deyil. Onlar deyirlər ki, İD ilə əməkdaşlıq edən və onlara dəstək verənləri də öldürürlər.

Mosul briqadasından olan cavan oğlan İŞİD-ə dəstək verənlərdən, oğurluq və talanla məşğul olan yerli sakinlərdən də qisas alacağına and içir.

Cavan oğlan bildirir ki, o və dostları artıq 5 nəfər yerli sakini öldürüblər. «Biz bunu ona görə etdik ki, onlar buna layiq idilər», - deyir o. «O insanlar öz doğma şəhərlərini satıblar».

«BİZ İŞİD-LƏ DÖYÜŞMƏYƏ HAZIRIQ»

Mosuldakı sıravi vətəndaşlar İD-a qarşı vuruşan silahlı qrupları dəstəklədiklərini bildirirlər.

«Hər bir kəs tez-tez İŞİD-dən olan oğlanların ölümünü eşidir», - Mosul sakini Ahmad Ghanim deyir. Onun adı təhlükəsizlik naminə dəyişdirilib. «Mosuldakı əhalinin İŞİD-i dəstəklədiyi doğru deyil. Mən, kişilərin çoxu, hətta qadınlar da orduya, hər-hansı İraq qüvvələrinə və ya Mosulu azad etməyə gələn birləşmiş qüvvələrə dəstək verməyə hazırıq», - o deyir. «Şəhər İŞİD-dan əziyyət çəkir».

Özünü M.M.kimi qələmə verən Mosulun qadın sakini deyir ki, o özü İD əleyhinə silah götürməyə hazırdır.Əks halda, o müqavimət qüvvələrinə köməklik göstərmək istəyərdi. Bunu o, yaralı döyüşçülərin qayğısına qalmaq və ya silah kontrabandası yolu ilə etmək arzusundadır.

«İndi üzə çıxmaq və bu ekstremistlərə qarşı vuruşmağın vaxtıdır», -M.M. belə deyir. Əlavə edir ki, o, Mosulda baş verənləri və qlobal susqunluğu başa düşmür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG