Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:40

►Sizcə, bu yaxşıdı, ya pis?

"Gördüm kişinin buranı fermaya döndərmək fikri var. evimi satıb ordan çıxmalı oldum”.

"Nə olsun bura şəhərdir. Kimə maneçiliyi var?"

2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dağüstü Park ərazisində - Teleteatrın qarşısındakı yaşıllıq ərazidə qoyun otaran Məmmədtağı kişinin qoyunlarını maşına yığıb aparmışdı.

Dediyinə görə, qoyunları sənədləşdirib internat evinə vermişdi.

İndi dörd il əvvəlki kimi qoyunlar şəhərin mərkəzində otlamasalar da, kənarda qoyunları da, keçiləri də, toyuq-cücəni də tez-tez görmək olur.

Kənar deyəndə Bakı kəndlərindən söhbət getmir.

Mərkəzdən bir az aralı, metronun Nərimanov, Xətai stansiyasılarının yaxınlığındakı həyət evlərində toyuq-çücə qaqqıltısını, bir az da o yana - Əhmədli, Yeni Günəşli qəsəbələrində mələşən qoyunları görmək olur.

İndi Bakıda maşın yolunun kənarında yun çırpan qadınları, xalça-palaz yuyan qız-gəlinləri görəndə də heç kim təəəcüblənmir.

Buna da bax: Sumqayıt qatarı tələbələrə problem yaradır- [Video]

Əvvəlcə toyuq-cücə görünməyə başladı

Təxminən 20 il əvvəl Bakıda ilk belə görüntülər adamların əllərini üzündə qoyurdu. Bakı sakini Əmirulla Vəlizadə deyir ki, ona qədər belə şey görməmişdi:

“Biz onda İçərişəhərdə yaşayırdıq. Həyətdə iki qonşu idik. Evimiz birmərtəbəli, xudmani, səliqəli ev idi. Elə oldu ki, qonşum evini 90-cı Kazım adlı bir kişiyə satdı. İlk aylar elə bir narahatlıq yox idi. Günün birində işdən gələndə burnuma pis qoxu gəldi. Ora-bura baxdım, heç nə yox idi. Birdən qulağıma küncdəki evcikdən toyuq səsi gəldi. Bir il əvvələ qədər əvvəlki qonşumun uşaqları bu evcikdə bizim uşaqlarla “xala-xala” oynayırdılar. Kazım kişi ora iki toyuq, bir xoruz salıb hinə çevirmişdi”.

Əmrulla Vəlizadə deyir ki, qonşusunu bu yoldan çəkindirməyə çalışsa da, Kazım kişi toyuq-cücə sevdasından əl çəkməyib:

“Şikayətimə də baxan olmadı. Axırda gördüm ki, yox, deyəsən kişinin buranı fermaya döndərmək fikri var. Nəsə onunla bacarmadım, mən evi satıb ordan çıxmalı oldum”.

Elə həmin illərdə beşmərtəbəli binada göy-göyərti əkən, yorğan-döşək üzlərini həyətlərin dəmir məhəccərlərinə sərənlər haqda xəbərlər çoxalmağa başlayırdı.

Belə xəbərlər çox vaxt şişirdilirdi də. Məsələn, kimsə “qonşusunun qonşusunun”, ya da “filankəsin” 9-cu mərtəbənin balkonunda qoyun saxlamasından da danışırdı.

Buna da bax: Tale Bağırzadə: "Bizi avtomatla qorxuda bilməzsiz"

Yeməmisən qaz ətini...

Ancaq dolaşan “şəhər əfsanələrinin” bəziləri doğru idi. İllər keçdikcə, toyuq-cücədən başqa şəhərdə qaz, ördək də saxlanılmağa başıladı.

Firuzə Kərimova köhnə peşə məktəblərinin birində - 5-ci mərtəbədə yaşayır. Peşə məktəbinin həyətində isə bir sürü qazı var. Qazların sahibi deyir ki, onlarsız bir günü olmasın:

“Qışda bilirsən nə ləzzətli olurlar. Qaçqın adamam. Bir-ikisini satıram. Ya da kəsib yeyirik. Nəyi pisdir ki? Nə olsun bura şəhərdir. Kimə maneçiliyi var? Bir az pulum olsun, üçünü-dördünü də alacağam”.

Firuzə Kərimovanın qonşuları isə toyuq-cücə saxlayır.

Əhmədli qəsəbəsində ətrafında çoxmərtəbəli binalar olan kiçik bir tikanlıq var. Tikanlıq ərazidə adda-budda ot da görmək olur. Yanında uşaq bağçası da var. Tikanlıqda hər axşamüstü bir neçə qoyun, bir keçi otlayır. Qoyun-quzunun sahibi Məmməd Ələsgərov onlar üçün yaxınlıqda tövlə də salıb:

“Gördüm ki, dolanmaq mümkün deyil. Getdim kənddən bir erkək, bir dişi aldım. İndi balaları da var. Düzdür, yem sarıdan korluq çəkirlər, elə buralarda nə tapdılar, yeyirlər. Ancaq külfətin əlindən tutur”.

Buna da bax: Kadyrov: "Məkkədə ölənlərə həsəd aparırıq"

Maşın yolunun kənarında yun çubuğunun səsi

Əvvəllər şəhərin köhnə məhəllələrində də qadınlar yun çırpır, yorğan-döşək salırdılar. Fatmaxanım Abbasova deyir ki, həyətləri kiçik olsa da, bunu həmişə həyətdə ediblər. Heç vaxt qapıdan kənara çıxmayıblar:

“Onda Kürdəxanıdan Sovetskiyə təzə gəlin gəlmişdim. Ev-eşik, həyət kiçik idi. Bizimsə Kürdəxanıda böyük həyət-bacamız vardı. Bir gün qaynanamla yorğanları sökdük. Çırpmaq vaxtı gələndə dedim ki, “mömə, həyət balacadır, gəl qapının ağzında töküb çırpaq”. Arvad mənə çəpəki baxıb dedi: “Ağlını başına yığ, gəlin, deməzlər ki, Nənəxanım arvadın başına hava gəlib, gəlini də götürüb qapının ağzında yun çırpır?” Odu, budu, belə işlərimizi həmişə həyətdə görmüşük”.

Metronun Xətai stansiyasının yaxınlığında, maşın yolunun kənarında yaşayan, adını demək istəməyən ortayaşlı qadın isə Fatmaxanım kimi fikriləşmir. Günün hansı vaxtı olsa, palazını salıb yun çırpır. Bir onu deyir ki, Cəbrayıldan məcburi köçkündür. Yun çırpıb yoğan salmaqdan pul qazanır. Hər gün neçə-neçə sifarişi olur. Tətil vaxtı yuduğu yunları kisələrə yığıb yaxınlıqdakı məktəbin dəmir məhəccirlərindən asıb qurudurdu. Dərslər başlayandan bunu eləyə bilmir.

Buna da bax: Uşaqlara ən çox bu adlar qoyulur

“Şəhəri özlərinə uyğunlaşdırdılar”

Fəxrəddin Kazımlı kulturoloji təhslini Türkiyədə alıb. Deyir ki, o, Türkiyədə də bu cür hadisələrin şahidi olub. Bugünkü Bakıda baş verənlər ona təbii gəlir:

“Artıq indiki şərait təbii bir şeyə çevrilib. Əvvəl rayonlardan Bakıya təhsil almağa gələn gənclər az olduqlarından şəhər mədəniyyətinə uyğunlaşırdılar. 90-cı illərdə Bakıya gələn qaçqın və məcburi köçkünlər isə çox idi. Həm də o dövrdə onların dərdləri başlarından aşırdı. Harda qalmaq, uşaqlarına nə yedirtmək hayında idilər. Bir otaqda iki ailə yaşayan qaçqın yataqxanalarında, dəhlizlərində, həyətlərində, nəhayət ətraflarında səliqə-sahman yarada bilmədilər. Heç bunu istəsəydilər də, o şəraitdə eləyə bilməzdilər. Sonradan iqtisadi çətinliyə, işsziliyə görə Bakıya Azərbaycanın başqa rayonlarından da əhali axışmağa başladı. Artıq gələnlərin sayı, yerli əhalini əməlli-başlı üstələdi. Onlar şəhər mədəniyyətinə yox, şəhəri öz mədəniyyətlərinə uyğunlaşdırmağa başladılar. İndi Bakı, Türkiyə türkləri demişkən, əsl başkənddir”.

Kulturoloq deyir ki, təkcə şəhərin mərkəzində şəhər görüntüsü yaratmaq bəs eləmir:

“Paytaxt əsl şəhər olmalıdır. Hər şeyiylə. Görüntüsüylə də, adamların yaşayışı, davranışıyla da. Düzdür, həmişə deyirik ki, hər şeyi hökumət eləməlidir. Hökumət eləməlidir, ancaq bu şəhərdə yaşayan adamlardan da çox şey, mən deyərdim, hər şey asılıdır”.

Mövzuyla bağlı fikrini aşağıdakı "Şərhlər" bölümünə yaz

Günün bütün mövzuları

XS
SM
MD
LG