Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:22

- Rafiq Əhməd

Şeirlər

Xatirələr

İnsanlar bir-birlərini nəyə görə sevirlər,
yalnız geriyə xatirələr buraxmaq üçünmü?
Elə isə bir Kamaz xatirəm var,
gəl, sür apar bunları buradan,
harasa başqa yerә…

Payız elə ləng gəlir ki bu xarabaya,
ölüm ayağında olan əsgərin
ürəyinə süngü soxub burur sanki,
bezdirib bu sevgidən yazan şairlər dә,
bu sevgi şeirləri,
bezdirmişəm özümü hәm dә;
özümə salam vermәmәkçün
uzaqdan görәndә yolumu dәyişirәm artıq
vә əsl mən hansıyam,
düşünürəm bəzən;
bezdirənmi,
bezənmi..?
Hər iki halda
qayıqların yenə yelkәni cırılıb yarı yolda,
dәryanın ortasında…

Bu gecə Romeo yaşamaqçün özünə daha bir şans verir,
çünki qonşuları
Kurtun çatdığı fəlsəfi aydınlıqdan xəbərsiz olaraq
intiharı acizlik sayır,
media gecə-gündüz afrikalı qaçqınlardan danışır,
bombalar bu gecə yaxın şərqin
gözdən-könüldən uzaq bölgələrinə sülh aparır,
ruhum da bədənimdən immiqrasiya edir yavaş-yavaş,
qәlbim ağlıma nota göndәrir,
ağlım qəlbimi bombardmana tutur,
Qәzzada pəncərədən baxan ata-anasız körpə isə
çox ümid bağlamışdı bu gecəyə…

Öz ilan-qurbağa xәtti ilә
hәkim bәy kasıb evsizә dәrmanlar yazır,
- “gündә 3 dәfә,
yemәkdәn sonra” -
ancaq xәstәsinin gözünә baxan Hippokrat anlamırdı ki,
o zavallı gündә heç 2 dәfә yemәk tapmır,
onda bildim,
dәqiq bildim,
insanlar bir-birlәrini sevmir,
sevәndә dә
yalnız geriyə xatirələr buraxmaq üçün sevir,
mәnim dә bir Kamaz xatirəm var,
gәl, sür apar bunları buradan,
harasa başqa yerә,
xatirәlәrin acı,
acıların xatirә vermәdiyi yerә.

Lənət olsun bütün xatirələrə!

Axı hələ

Hәlә o qәdәr nәğmә var,

dinlәmәmişәm,
o qәdәr foto var hәlә,

çәkmәmişəm,
oxumadığım kitablar,
baxmadığım filmlәr “n” qәdәrdir,
hәlә rәfim tam dolmayıb sevimli disklәrlә…
Nazlı dilbәrin dodaqlarını doyunca öpüb,
arıq çiyinlәrini özümә qısıb,
uzun-uzun saçlarını doyunca qoxlamamışam hələ mәn qaragün…
Xәritәmdә işarәlәyib getmәdiyim çox şәhәr var hәlә,
üzmәk istәdiyim çox su hövzәlәri,
fәth etmәk istәdiyim çox dağlar,
qarşılamaq istәdiyim çox zühur,
çox qürub var hәlә…
Mәn bәdbәxt hәlә doyunca sevinmәmişәm axı,
doyunca kәdәrlәnmәmişәm,
hәlә nәnәmә demәmişәm onu necә çox sevdiyimi,
hәlә sevincindәn qәhәrlәnmәdiyim çox kasıb toyu var mәnim…

Mәn özümә “Oğlum, xoşbәxtsәn” çığırmışam axı hәlә…

Bәs hara tәlәsirsәn, saat,
hara çapırsan mәni, hәyat,
hara qovursan axı mәni, günәş?
Çatdırmayacam,
vallah,
billah,
çatdırmayacam…
Bir az aramla,
bir az sәbr et,
bir az daha sәbrlә dön,
dünyam,
nә olar?!

Sübh psixodelikası

Sübhün ilk carçılarının

ilk cikkiltilərini

ilk sən dinlədin

və artıq

üzünə qonan ağcaqanadları qovmağa belə heyin yoxdur,

səhərin ilk azan sədalarını eşitdin,

ilk avtomobil siqnalını,

ilk avtobus cüyültüsünü,

asfalta sürtülən ilk süpürgə səsini;

xalalar yenə şəhərin yuxulu gözlərini ovxalayırdı.

Budur,

binaya uğultu salan liftin ilk düyməsi də basıldı;

o da indi kiminsə ümidlərinə doğru qalxır...

…təbrik edirəm,

dost,

daha bir sabahı diri gözlərlə açdın,

fəqət bilirsən,

fikirləşməklə düzəlmir heç nə.

Günün bütün mövzuları

XS
SM
MD
LG