Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:58

Seymur Həzi aclığı dayandırdı


Seymur Həzi məhkəmə zalında, arxiv fotosu

Seymur Həzi məhkəmə zalında, arxiv fotosu

-

Şüvəlandakı 3 saylı istintaq təcridxanasında aclıq edən jurnalist Seymur Həzi sentyabrın 24-dən aksiyanı dayandırıb. Bu barədə AzadlıqRadiosuna jurnalistin yaxınları məlumat verərək bildirib ki, onu bu etiraz aksiyasına əl atmağa vadar edən səbəblər aradan qalxdığına görə Seymur Həzi aclığı dayandırıb.

Yaxınlarının sözlərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində sentyabrın 22-də keçirilən məhkəmə iclasına aparılarkən təcridxanada Seymur Həzinin üzərinə baxış keçirilib və onun yazılı çıxışı əlindən alınıb. Həmin gün o, məhkəmədən geri qaytarılarkən təcridxanada akt tərtib olunub və jurnalistin üzərindən “təxribatçı material tapılması” səbəbilə ona töhmət verilib.

Seymur Həzinin atası Məşgül Həziyev də AzadlıqRadiosuna bildirmişdi ki, təcridxanaya qayıdandan sonra oğlundan Apellyasiya Məhkəməsində son sözlə çıxış etməmək tələb olunub. Ondan, hətta sentyabrın 29-na təyin olunmuş növbəti məhkəmə iclasında çıxış etməyəcəyi barədə imzalı təminat vermək tələb edilib. Lakin o, imtina edib.

Bayramla əlaqədar rəsmi iş günü olmadığından Penitensiar Xidmətin məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, “Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzi ötən il avqustun 29-da həbs olunub. Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham olunan jurnalist bu ilin yanvarında Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

Hazırda Sumqayıt Apellyasiya Məhkəməsində həmin hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi davam edir. Növbəti məhkəmə iclası sentyabrın 29-na təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG