Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:53

►Amerikalı konqresmenlər Dağlıq Qarabağda təmas xəttində atəşkəsin qorunmasına kömək etməyə çalışır

ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Ed Roys və komitənin nüfuzlu üzvlərindən olan demokrat Eliot İngel öz həmkarlarına müraciət ediblər. Onlar Dağlıq Qarabağda təmas xəttində atəşkəsin qorunub saxlanması üçün Amerikanın aparıcı rolunun bərpası çağırışına qoşulmağa çağırıblar.

Amerikada fəaliyət göstərən “Ay Dat” erməni lobbi qrupunun Vaşinqton bürosunun məlumatına görə, adıçəkilən iki konqresmen hazırda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlickə ünvanladıqları məktuba imza toplamaqla məşğuldurlar. Məktub müəllifləri ABŞ və ATƏT-ə müraciət edib. Onları atəşkəsin pozulması hallarına münasibətdə “yalançı tarazlığı” qoruyub saxlamaq kimi “uğursuz siyasətdən” imtina etməyə çağırırlar. Müəlliflərin fikrincə, bu siyasət gərginliyi azaltmayıb. Əksinə, daha da artıraraq çox təhlükəli həddə gətirib çıxarıb.

Konqresmenlər üç konkret təklif irəli sürürlər. Yaxın perspektivdə neçə-neçə insan həyatını xilas və müharibədən qaçmağa kömək edəcək, uzaq perspektivdə isə hərtərəfli və uzunmüddətli sülhün bərqərar olmasına şərait yaradacaq həmin 3 təklif bunlardır:

1. Bütün tərəflərin təmas xətti boyunca snayperlər yerləşdirməmək barədə razılığa gəlməsi;

2. Atəşkəs rejiminin monitorinqini daha yaxşı həyata keçirmək məqsədilə ATƏT-in atəşkəsin pozulmasına səbəb olan atəş nöqtələrini müəyyən etməyə imkan verəcək yeni müşahidə sistemi qurması;

3. Eyni məqsədlə ATƏT-in əlavə müşahidəçilərinin yerləşdirilməsi.

Məktub müəllifləri bildirirlər ki, Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi bu təşəbbüsləri dəstəkləsələr də, Azərbaycan “yox” deyib.

“Ay Dat”ın Vaşinqton bürosunun rəhbəri Aram Abramyan bu təşəbbüsə görə hər iki konqresmenə təşəkkür edib.

Eyni mənbənin məlumatına görə, Nümayəndələr Palatasının Kəşfiyyat məsələləri üzrə xüsusi komitəsinin tanınmış üzvü, demokrat Adam Shiff də Dövlət Departamentinə müraciət edərək, Warlickə analoji məktub göndərib.

Shiff bildirib ki, bu münaqişədə təcavüzkar barədə açıq danışmaqdan çəkinmək Azərbaycana onun cəzasız fəaliyyət göstərə biləcəyinə dair mesaj anlamına gəlir.

“Düşünmürəm ki, Azərbaycanın artan müharibə çağırışlarına etinasız yanaşılması və təmas xəttindəki zorakılıqlara görə hər iki tərəfin təqsirinin eyni olmamasına baxmayaraq, onların eyni səviyyədə qınanması sülhə xidmət edir”, -- deyə konqresmen vurğulayıb.

Azərbaycan isə təcavüzkarın Ermənistan olduğunu və bəzi Qərb dairələrinin təcavüzkarı adı ilə çağırmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG