Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:11

- "Ey məsum xalq, gərək bu bayramda hər evdən qəpik-quruş toplayıb bir yekə dəvə alaydınız. Onu da varlılara, böhranın belə, muflis edə bilmədiyi zənginlərə paylayaydınız. Bəlkə onlar qəbul edərdi qurbanınızı, bəlkə ondan sonra artardı maaşlarınız, enərdi kreditlərinizin faizləri..."

Orxan Bahadırsoy

Qoyunların bayram sevinci...

Bəli, bu ilk bayram idi ki, mən insanların gözündə bayram sevinci görə bilmədim.

Bu ilk bayram idi ki, həyətindən manqal tüstüləri göyə ucalan, kabab, qovurma qoxuları ətrafa yayılan evləri çox az görmək olardı.

Bu ilk bayram idi ki, bu bayrama insanların əvəzinə qoyunlar sevinirdi – onları satın alıb kəsməyə, dərisini soymağa, doğramağa, bişirməyə insanların pulu yox idi deyə...

Bayrama on-on beş gün qala şəhərin demək olar ki, hər tərəfində qoyun bazarları gözə dəyirdi. Məftil çəpərlərin içində ölümə gün sayan, məsum-məsum otlayan biçarə qoyunlar satılacağı və kəsiləcəyi günü gözləyirdilər.

Əli çomaqlı, başı papaqlı dağ adamları həmin çəpərlərin önündə yoldan keçənlərə yalvarış dolu baxışlarını dikib “qurbanlıq quzu” deyə pıçıldayırdılar.

Bəli, pıçıldayırdılar. Bu dəfə ürəklə bağırmağa, hay-həşir salmağa üzləri gəlmirdi. Bilirdilər ki, bu il insanların qurban kəsməyə pulu yoxdur...

Qoyunlar isə bunu gec anlamışdı. Lap bayram günü... Bəli, bu məsum qoyunlar bayram günü anladılar ki, onları heç kəs satın almır və kəsmir.

Bəlkə bu xalq Haqqın yolunu azıb, dindən-imandan çıxıb deyə başlarını qaldırıb Yaradana sual dolu nəzər saldılar. Amma sonra Haqqı da, din-imanı da unudub ölümdən qurtulduqlarına görə həmin çəpərlərdə şıllaq atmağa, acgözlülüklə otlamağa, harın-harın mələşməyə başladılar. Onlar sevinirdilər...

Böhran yaranandan bəri borclarını, kreditlərini ödəmək üçün məhz bu bayrama ümid bəsləyən zavallı çobanlar isə başlarını çomaqlara söykəyib qoyunların sevincinə tamaşa edirdilər.

Əslində onlar belə olacağını əvvəlcədən bilirdilər. Amma ümid etmişdilər ki, bəlkə bu böhrandan qurtulmaq, borclardan, kreditlərdən xilas olmaq üçün hər evdə bir qurban kəsəcəklər, əlllərini göyə qaldırıb öz Tanrılarından ümid dilənəcəklər.

Amma bayram günündə anladılar ki, xalqın artıq Tanrıya da ümidi qalmayıb.

Bir yandan da mən səslənirəm o çobanlara: bu il bu ölkənin ən varlı adamları qurban kəsə bildi. Onların da qurbanı xaricdən gəlir, çoban qardaşlarım.

Bizim kəndlilərin cılız qoyun-quzuları onların qarnını doyurmaz. Siz bu il də otarın o qoyunları, gələn ilə biraz da çəkiləri artar. Görək başımıza nə gəlir...

Ey məsum xalq, gərək bu bayramda hər evdən qəpik-quruş toplayıb bir yekə dəvə alaydınız. Bu ölkənin tən ortasında qurban kəsəydiniz o dəvəni. Onu da varlılara, böhranın belə, muflis edə bilmədiyi zənginlərə paylayaydınız.

Ətindən varlı kişilər kabab çəkəydi, dərisindən varlı qadınlar kürk tikdirəydi özünə, sümüklərindən varlı uşaqları oyuncaqlar düzəldəydi.

Bəlkə onlar qəbul edərdi qurbanınızı, bəlkə ondan sonra artardı maaşlarınız, enərdi kreditlərinizin faizləri...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG