Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:52

Rasət Pirisoyu. Əslində Suriyadakı bu dava


Rasət Pirisoyu
Rasət Pirisoyu

- Rasət Pirisoyu

DAVA

(İntihar etmiş 12 yaşlı məktəbli İsmət Əsədovun xatirəsinə,

yaxud Suriyadıkı davanın anatomiyası haqqında poema)

Əslində,

Suriyadakı bu dava,

indiki kimi

böyük dava deyildi,

bapbalaca bir davaydı -

Bu bapbalaca davanı

bapbalaca

bir uşaq salmışdı.

Əhvalat belə olmuşdu;

Yepyekə,

heyvərə bir kişi

bir uşağın

əlindən

qoğalını almışdı,

Uşaq əvvəl ağlamışdı,

Bapbalaca əlləriylə

kişinin

heyvərə

ayaqlarından tutub,

saxlamışdı.

Yepyekə kişi

heyvərə ayağını

uşağın

əllərindən çəkmişdi,

uşaq ağzı üstə

yerə çökmüşdü,

ağzı - burnu

qanamışdı uşağın

ağlaya-ağlaya

qalxımışdı yerdən uşaq,

tozun - torpağın içindən

əlinə

yekə bir daş

almışdı birdən uşaq.

Yepyekə

heyvərə kişi

-a.. aa… a! -

eləyincə,

uşaq vurub yarmışdı

kişinin başını,

o boyda

zırpı kişi

itirmişdi huşunu…

Sonrasını

yaxşı xatırlamıram,

bilmirəm

yer üzündə

çaylarımı qurumuşudu,

dağlarmı yıxılmışdı,

işıqlarmı sönmüşdü,

Bu bapbalaca davanın

üfüqlərində

yepyekə,

laaappp yekə

kişilər görünmüşdü,

Bu yekə kişilərin

ağıllarında çoxdandı

bir yekə dava salmaq

havası vardı,

hər birinin

çiyinləri üstündə

illərlə dərd yığılan

qazana dönmüş

qafası vardı,

Birinin dərdi

yağlı yemək dərdi idi,

birinin dərdi yavan,

biri qoca olmaq istəyirdi,

biri cavan,

birini

mister Con qızışdırmışdı,

birini tovariş İvan,

Xülaseyi- kəlam,

Hərə öz dərdini götürüb,

girmişdi

bapbalaca uşaqla,

yepyekə

heyvərə kişinin

davasının içinə…

Birini bu demişdi,

birini o,

sonra bu deyişmədən

pay düşmüşdü

yoldan keçənə,

küçədən keçənlər

yavaş - yavaş

ayaq saxlamışdılar,

bəziləri hətta

- azadlıq! - deyib

bağıraraq

yolu bağalamışdılar,

adamlar

biri - birinə daraşmışdı.

Ən nəhayət,

bu dava- dalaşa

gözəlim

polis qarışmışdı,

şivən düşmüşdü…

Birinin başı yarılmışdı,

birinin qaşı,

birinin

barmağındakı ağrı böyümüşdü,

birinin qarnındakı…

Aləm dəymişdi biri - birinə,

Qan axmağa başlamışdı

su yerinə…

Uşaq yaddan çıxmışdı,

qoğal yaddan çıxmışdı,

yepyekə

heyvərə kişi

yaddan çıxmışdı,

Beləliklə,

Suriya üç gün üç gecə

oda girmişdi,

oddan çıxmışdı,

sonra bu üç gün

üç ay olmuşdu,

üç ay üç il…

Əvvəl

söyüş səsləri eşidilmişdi,

sonra sillə,

sonra kəllə,

sonra güllə,

Tank tankın üstünə yerimişdi,

Təyyarə təyyərənin,

İndi

Suriyada

bir dəli - divanə sualı var

hərənin:

«bu davanı kim saldı?»

İndi heç kəsin

yadına düşümür ki,

Bu dava əvvəl

Bapp…balaca,

Laap balaca

Bir davaydı,

Əslində

heç dava da deyildi,

bir qeylü - qaldı.

…………………………..

…………………………..

…………………………..

………………………….

İndi

əmilər,

dayılar,

istəyirsiniz aşağıda olun,

istəyirsiniz yuxarıda,

istəyirsiniz

əllərinizi

təzək sobasında qızdırın,

istəymrsiniz buxarıda,

istəyirsiniz hacı olun,

istəyirsiniz

ələm ağacı,

istəyirsiniz

Dubayda

malikanəniz olsun,

istəyirsiniz Parisdə,

İstəyirsiniz

deputat olun,

İstəyirsiniz idmançı,

İstəyirsiniz xəstə…

Az da olsa, çox da olsa

Qozunuz,

fındığınız,

kişmişiniz,

uşaqlarla

olmasın işiniz!!!!!

Qoyun

Hər bir uşağın

çiynində çantası olsun,

ağlında

nağılı olsun,

əynində paltarı olsun,

əlində qoğalı olsun…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG