Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:44

►"İnterpolda yanlış və qanunsuz orderlərin verilməsinə imkan yaradan sistem hələ də yerindədir.​"

Azərbaycanda insan haqlarının vəziyyəti barədə xəbər və yazılar son aylarda Qərb mətbuatında az qala adi bir hala çevrilib.

Azərbaycanlı siyasi fəal Azər Səmədovun, başına gələnlər barədə Hollandiyanın Trouw.nl saytında dərc olunmuş məqaləsi də bu mənada istisna təşkil etmir.

Amma diqqəti cəlb edən fərqli bir məqam hər halda var.

Sözügedən məqalədə söhbət təkcə hazırda Hollandiyada yaşayan Səmədovun 2003-cü ildən bəri başına gələnlər yox, həm də bir sıra beynəlxalq qurumların, bu halda isə "İnterpolun bəzən dünya avtoritar liderlərinin əlində alətə çevrilməsindən" gedir.

Azərbaycanı 2003-cü ildə İlham Əliyevin prezident olmasının ardınca repressiyaya məruz qalacağından çəkinərək tərk etdiyini, Gürcüstana qaçdığını deyən Səmədovu öz “keçmiş vətəni”ndə bu gün bəlkə də yada salan yoxdur. Elə onun özü də 2008-ci ildə Hollandiyada sığınacaq aldıqdan sonra belə, Azərbaycan hökumətinin müraciəti ilə hələ də İnterpolun “qırmızı bildiriş siyahısında” olduğundan xəbərsiz imiş.

İttihad-İslam

Azər Səmədov haqqında daha bir sayt məlumat verir. Britaniyada qeydiyyatda olan Fair Trials insan haqları təşkilatının saytında dərc olunmuş məqalədə deyilir ki, Azərbaycandan olan siyasi mühacir hazırda Hollandiya vətəndaşıdır. 2009-cu ildən bəri onun barəsində İnterpolun həbs orderi olub.

2003-cü ildə İlham Əliyevin prezidentliyinə müxalif olanların cərgəsinə Səmədovun aid olduğu “İttihad-İslam” təşkilatı da qoşulub. Azər Səmədov bu təşkilatın fəalı kimi Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (məqalədə DTK) üç zabiti tərəfindən təhdidlərə məruz qaldığını söyləyib. O daha sonra təqiblərdən qaçaraq Gürcüstana gəlib. Burada siyasi fəaliyyətini davam etdirib. 2006-cı ildə gözlənilmədən Gürcüstanın antiterror polisi tərəfindən Azərbaycan hakimiyyətinin ricası ilə həbs edilib. Onun barəsində artıq 220-ci maddə - “kütləvi iğtişaşların təşkili” və 315-ci maddə “hakimiyyət nümayəndəsinə müqavimət” ittihamları üzrə cinayət işi qaldırılıbmış.

Buna da bax: "Diktofon məndədi, orda açıq alver gedir"

“Yaxşı beynəlxalq dostlar”

Lakin Səmədov Amnesty International və Human Rights Watch insan haqları təşkilatlarının təzyiqi ilə Gürcüstan həbsxanasından zaminə buraxılıb.

İki həftə sonra o, BMT-nin Qaçqınlarla İş Üzrə Ali Komissarlığından siyasi sığınacaq istəyib. 2008-ci ilin mayında BMT Komissarlığının qaçqın mandatı ilə Hollandiyaya gəlib.

Fair Trials yazır ki, Azər Səmədov İnterpolun order siyahısında olduğundan 2009-cu ilin aprelində Amsterdamın Şipol hava limanında həbs olunanda xəbər tutub. Səmədov hava limanına Azərbaycandan səfər edən anasını qarşılamaq üçün gəlibmiş.

Azərbaycanda prezident seçkilərindən sonra polislə toqquşmalar, 16 oktyabr, 2003

Azərbaycanda prezident seçkilərindən sonra polislə toqquşmalar, 16 oktyabr, 2003

O, anası ilə birlikdə dörd saat polisdə saxlanıb. Sonra hər ikisi buraxılıb. Polislərdən biri ona zarafatla “yaxşı beynəlxalq dostların varmış” deyib.

Məsələ bununla bitməyib. 2009-2010-cu illərdə İnterpol onun Azərbaycana ekstradisiyasına dair sənədləri tərtib edib və nəhayət 2014-cü ildə, onun ektradisiya tələbindən 4 il keçdikdən sonra adı həbs orderi siyahısından çıxarılıb.

Şübhəli rejimlər

Fair Trials yazır ki, bu heç də xoşbəxt sonluqlu bir əhvalat deyil. Bu illər ərzində Azər Səmədovun səhhəti pozulub, o, diabet xəstəliyinə tutulub, lakin həbs orderinə görə Almaniyaya müalicəyə gedə bilməyib.

Trouw.nl saytı yazır ki, Səmədov, ailəsi və dörd övladı ilə birlikdə bütün bu məşəqqətlərə cibində siyasi qaçqın sənədi ola-ola məruz qoyulub.

Sayt yazır ki, üzv ölkələrin İnterpola müraciətləri hər il minlərlə adın “qırmızı bildiriş siyahısına” daxil edilməsinə səbəb olur. Məqalədə deyilir ki, Şimali Koreya, Tayvan və bir sıra ada ölkələrini çıxmaqla dünyanın bütün ölkələri bu təşkilata üzvdür.

“Bu 190 ölkənin arasında Səudiyyə Ərəbistanı, İran, Rusiya və bir neçə şübhə doğuran rejimlər də var – deyilir məqalədə, - Bu rejimlərdən bəziləri öz siyasi opponentlərinin tapılması üçün İnterpoldan ideal alət kimi istifadə edirlər. Buna görə də öz ölkələrində təqibdən qaçan fəalların təqibi xaricdə də dayanmır.”

Məqalədə deyilir ki, "Azər Səmədov kimi insanlara həbsxanalarda işgəncə verən Əliyev rejimi də bu qəbildən olan ölkələrdən biri sayılmalıdır."

Buna da bax: Həccdə 700 adam ölüb

Yanlış həbs orderi sistemi

Trouw.nl saytı xatırladır ki, 1923-cü ildə təsis olunmuş İnterpolun öz nizamnaməsinə görə siyasi əqidə, hərbi mükəlləfiyyət, dini və irqi zəmində təqib olunanlar barədə üzv hökumətlərin ricası ilə həbs orderi verilə bilməz. Məsələn, xarici humanitar agentlik işçilərinin həbsi barədə Misirin ricası 2012-ci ildə məhz bu əsasla rədd edilib.

Buna baxmayaraq, Britaniyanın Fair Trials təşkilatı hər il barələrində əsassız olaraq İnterpol orderi verilmiş yüzlərlə insanın şikayətləri ilə məşğul olur.

Amerikalı vəkil Michelle Estlund bu qənaətdədir ki, İnterpol sadəcə olaraq yazılı prosedurlara əməl edərək order dərc edir və bu zaman bu sayaq yanlışlıqlar baş verir. Nəticədə İnterpol haqsızlıq qurbanlarının daha böyük haqsızlığa məruz qalmalarına yadım etmiş olur.

Maraqlıdır ki, adamların əksəriyyəti, barələrində həbs orderinin olduğunu həbs edilənədək bilmirlər.

Bakı 6000 avro cərimə olunub

Azər Səmədov barəsində həbs orderi ləğv olunsa da, o, başına gətirilənləri bağışlamayıb və mübarizəsini davam etdirir. Bu mübarizənin hədəfi həm də Azərbaycandakı rejimdir və mübarizə töhfə də verir.

BBC Azərbaycanca 2014-cü ildə yazırdı ki, Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsinin hökmü ilə Azərbaycan hökuməti “İslam-İttihad” ictimai birliyinin üzvləri Azər Səmədov və İlqar Allahverdiyevə vurulan mənəvi zərərə görə 4000 avro və məsrəflərin qarşılanması üçün 2 min avro məbləğində kompensasiya ödəməlidir.

Buna da bax: "Diktofon məndədi, orda açıq alver gedir"

İnterpol vəd versə də...

Məqalədə deyilir ki, Səmədov mübarizəsində tək deyil. Fair Trials 2013-cü ildə İnterpolun “qırmızı bildiriş siyahısına” dair hazırladığı tənqidi hesabatı Avropa Parlamentinə təqdim edib.

2015-ci ilin mayında İnterpol özünün həbs orderi siyasətini nəzərdən keçirməyi vəd edib.

İlkin addım kimi Qaçqın Konvensiyasına görə qaçqın statusu olanlara qarşı həbs orderi verilməməsi qərara alınıb.

Lakin insan haqları fəalları bildiriblər ki, bu hələ qələbə deyil. İnterpolda yanlış və hətta qanunsuz orderlərin verilməsinə imkan yaradan sistem hələ də yerindədir.

Üstəlik, bu da nəzərə alınmalıdır ki, məqalədə sözü gedən “şübhəli rejimlər” öz opponentləri barədə siyasi yox, qondarma ittiham taktikasından istifadə edirlər.

XS
SM
MD
LG