Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:35

Hər 100 almana bir qaçqın düşəcək


Qaçqınlar Yunanıstanla sərhədə getmək üçün İstanbulda avtobuslar gözləyirlər – 16 sentyabr 2015.
Qaçqınlar Yunanıstanla sərhədə getmək üçün İstanbulda avtobuslar gözləyirlər – 16 sentyabr 2015.

-

QAÇQIN BÖHRANININ HƏLLİNİ İSTƏYİRSİNİZ? MÜHARİBƏNİ BİTİRİN

«The Wall Street Journal»da dərc olunmuş məqalədə deyilir ki, yalnız Suriyada münaqişənin sona çatdırılması minlərlə qaçqının axınını dayandıra bilər.

«Bu böhran heç də proqnozlaşdırılmayan, yaxud qaçılmaz deyildi. Suriyalılar 2011-ci ildən bəri evlərindən didərgin düşməyə başlamışdılar. 9 milyon suriyalı didərgin düşüb. Yarıdan çoxu Suriyadadır, qalanı qonşu ölkələrə sığınıb. 4 milyon əhalisi olan Livan bir milyon qaçqını yerləşdirib. Yəni hər 4 livanlıya bir suriyalı qaçqın düşür. Müqayisə üçün, bu il, gözlənildiyi kimi, 800 min qaçqın Almaniyaya sığınsa, hər 100 almana bir qaçqın düşəcək».

Birləşmiş Ştatlar suriyalılara humanitar yardım ayıran ən böyük donor olsa da, yalnız 1500 qaçqın qəbul edib. Obama administrasiyası daha 10 min qaçqını yerləşdirməyə boyun olsa da, müəlliflər vurğulayırlar ki, ABŞ daha çox didərginə qucaq aça bilər. Axı Avropa və Yaxın Şərqdəki müttəfiqlərdən eyni şey gözlənilir.

«Bu, ABŞ-ın dəyərlərinə və indiyədək gördüyü işlərə uyğundur: Birləşmiş Ştatlar son onilliklər ərzində Kuba, Vyetnam, Şimali İraq və Kosovadan yüz minlərlə qaçqın qəbul edib».

«Daha çox qaçqının qəbulu İordaniya, Livan və Türkiyədə şərtləri yüngülləşdirməklə yanaşı, milli marağımıza da uyğundur. Yaxın Şərqdəki çaxnaşmanı nəzərə alsaq, bu müttəfiqlərin sabitliyinə istənilən töhfə diqqətlə öyrənilməlidir. Hər bir qaçqının Birləşmiş Ştatların təhlükəsizliyinə hər hansı hədə törətmədiyi öyrənilməklə yanaşı, Suriya və İraqdan olanlara xüsusi qorxu ilə də yanaşmaq olmaz. «İslam Dövləti»nin barbarlığından, Bashar al-Assad-ın çəllək bombalarından qaçanları cəlladların cinayətlərinə görə ittiham etmək acı istehza olardı».

Bashar al-Assad və Vladimir Putin.
Bashar al-Assad və Vladimir Putin.

PUTIN-İN SURİYA OYUNU

«Vladimir Putin Suriyada əslində hansı oyunu oynayır? Latakiya aeroportu yaxınlığında hava qüvvələri, bombardmançılar, vertolyotlar yerləşdirib. Məqsəd yalnız prezident Bashar Assad rejimini ayaqda saxlamaqdır. Ancaq Assad hökumətini diriltmək, Suriyada vətəndaş müharibəsini uzatmaq əslində Putin üçün son məqsəd deyil. O, Rusiyanın regionda mövcudluğunu genişləndirmək istəyir».

Bunu isə «Bloomberg View»da oxuyuruq.

«Görünür, Rusiya prezidentinin əsl məqsədi Suriyadakı çıxılmaz duruma həll tapmaqdır, elə bir Suriya dövləti yaratmaqdır ki, azlıqda olan ələvilər çoxluğa çevrilsin. Başqa sözlə, Putin Assad-i dəstəkləyir ki, onu sata bilsin».

«Bəzən deyirlər, Putin Suriyaya ona görə girişib ki, Ukraynada əməliyyatların genişləndirilməsindən diqqəti yayındırsın. Bu izah çox sadə görünə bilər. Putin Qərblə mübadilə etməyə elə bir şey axtarır ki, Ukraynada möhkəmlənməsinə imkan versin. Bu oyunun adı diqqəti yayındırmaq deyil – təzyiqdir».

«Dünyaya baxanda görürük ki, Rusiyanın Qərbə istədiyini təklif edəcəyi çox yer yoxdur. Suriya isə elə bir yerdir ki, Rusiya ABŞ və Avropaya məqsədinə çatmağa kömək edə bilər. Qaçqın böhranı Suriya müharibəsini Avropanın daxili məsələsinə çevirməkdədir. ABŞ vətəndaş müharibəsinin sona varmasında ciddi şəkildə maraqlıdır, çünki bu savaş «İslam Dövləti»nin genişlənməsinə ideal şərait yaradır».

Petro Poroshenko
Petro Poroshenko

PETRO POROSHENKO: «NİYƏ REGİONLARA HAKİMİYYƏT VERİLMƏLİDİR»

«Avqustun 31-də Ukrayna parlamentində hakimiyyətin mərkəzsizləşdirilməsinə dair konstitusiya dəyişikliklərinin qəbulu dünyaya göstərdi ki, ölkəmizdə strateji və demokratik baxışlı məsuliyyətli siyasətçilər çoxdur». Bunu «Newsweek» dərgisində Ukrayna prezidenti Petro Poroshenko yazır.

Poroshenko vurğulayır ki, Ukraynada mərkəzsizləşdirmə 20 ildən çoxdur müzakirə olunur, ancaq heç bir hökumət bu məsələdə real addım atmağa ürək etməyib: «Hakimiyyətin mərkəzsizləşdirilməsi Avropa dövlətinin qurulması üçün vacibdir, nöqtə. Bunu andiçmə nitqimdə də demişəm, indi də deyirəm».

«İndiki idarəçilik modeli həddən artıq mərkəzləşib və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, sovet qalığı Ukraynada endemik korrupsiyaya, geniş iqtisadi və siyasi idarəsizliyə öz töhfəsini verib. Biz indi çoxdan olunmalı olanı edirik».

«Aydın şəkildə bildirirəm ki, konstitusiyaya təklif etdiyimiz islahatlar regionlara və nəticədə Ukraynanın bütün vətəndaşlarına daha geniş hakimiyyət verməyə şərait yaradacaq. Mərkəzsizləşdirmə Ukraynanı gücləndirəcək, zəiflətməyəcək».

Bu dəyişikliklərin əsas məqsədi mərkəzi hakimiyyətin bəzi səlahiyyətlərini, eləcə də maksimum səmərəylə istifadəsi üçün maliyyə resurslarını yerli hakimiyyətə yönəltməkdir.

XS
SM
MD
LG