Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:56

- "Heyvanları itaətə xoşluqla alışdırmaq mümkün deyilkən, çox qəribədir, təbiətin yaratdıqlarının ən uca pilləsində dayanan, azad yaşamaq üçün doğulmuş insan nədən öz təbiətinə bu qədər arxa çevirir, azadlıq ehtirasını, onu geri almaq arzusunu nədən itirir?!"

"Çoxları bunu ən bəsit yollarla, yəni mərd insanları fiziki məhv, həbs və ya sürgün etməklə həyata keçirdiyi halda tarixdə elə tiranlar da olmuş ki, təbəələr üçün anlaşılmaz olan hiylələrdən istifadə etmişlər."

Étienne de La Boétie

(16-cı yüzil, fransız yazıçı)

Könüllü köləlik haqda mühakimə

(ixtisarla)

Azadlığın təbii nemət olduğunu müzakirə etməyə ehtiyac belə yoxdur, çünki köləliyə düçar olan kimsə onun doğurduğu iztirabları hiss etməyə bilməz; kölə kimi alçaldılmaq son dərəcə dözülməzdir.

Etiraf olunmalı ki, azadlıq təbiidir və hər kəsə anadangəlmə olaraq nəinki azadlıq haqqı, habelə onu qorumaq öhdəliyi verilib.

Bütün bunlara dair hər hansı şübhə varsa, yaxud öz nemətimizi dərk etməyəcək qədər nadanıqsa, bunu heç olmazsa yabanı heyvanlardan öyrənə bilərik.

Əgər heyvanların bizim kimi dili olsaydı, “Yaşasın azadlıq!” deyən hayqırtılarını eşidərdik. Onların bir çoxu məhz azadlıqdan məhrum olduğu üçün tələf olur.

İstər böyük, istər balaca bir heyvanı ovlayanda onlar bütün gücləri ilə, dişlə, caynaqla, buynuzla müqavimət göstərir, bununla əyan edirlər ki, çox qiymətli bir şeyi itirirlər, itirmək istəmirlər.

Əsirliyə düşüncə onların davranışından özlərini nə qədər Bədbəxt hiss etmələri açıq-aşkar görünür və bundan sonrakı həyatlarını köləliyə boyun əyməklə deyil, itkinin xiffətini çəkərək başa vururlar.

Biz dayçaları doğulduğu ilk günlərdən itaətə alışdırırıq, amma onu nə qədər əzizləsək də, böyüyüb xidmət etmək çağına yetişdikdə başına keçirilən yüyəni gəmirməyə başlayır, dartınıb əldən çıxmaq istəyir, bununla bir növ göstərir ki, itaətə ram olmaq niyyəti yoxdur, xidmət edəcəksə, bunu öz xoşu ilə deyil, çarəsizlik ucbatından edəcəkdir.

Bir sözlə, hissiyatı olan, itaətin yamanlığını duyan bütün canlılar azadlığa can atırlar.

İnsandan aşagı pillələrdə dayanmış heyvanları itaətə xoşluqla alışdırmaq mümkün deyilkən, çox qəribədir, təbiətin yaratdıqlarının ən uca pilləsində dayanan, azad yaşamaq üçün doğulmuş insan nədən öz təbiətinə bu qədər arxa çevirir, azadlıq ehtirasını, onu geri almaq arzusunu nədən itirir?!

Çox maraqlıdır, azadlığını itirən xalq qısa zaman keçincə azadlıqdan elə yadırğayır, onu geri almaq uğrunda savaşmağı bir yana, heç yadına da salmır itirilmiş azadlığı.

Elə həvəslə itaət edirlər, sanki itirdikləri azadlıq yox, köləlik idi.

Doğrudur, əvvəlcə insanlar məğlub və məcbur edilirlər, amma onların azadlığı heç vaxt görməmiş və nə olduğunu bilməyən yeni nəsilləri öz sələflərinin məcburən etdiyi xidməti heç bir təəssüf çəkmədən, könüllü yerinə yetirirlər.

Kölə ailəsində dünyaya gəlib tərbiyə olunan və bu üzdən, göz açdığı şəraiti təbii qəbul edən insanlar həyatın bu tərzi ilə razılaşır, malik olduqları cüzi haqq və nemətlərdən əlavə nəyəsə nail olmağı ağıllarına belə, gətirmirlər.

Axı insan oğlu nə qədər israfçı və etinasız olsa da, öz vəziyyyətinə bir nəzər salmalıdır, görsün, bütün haqlarından istifadə edirmi, onun və ya onun sələfinin əlindən nəyisə almayıblar ki.

Bəli, vərdişin insan üzərində ümumən böyük hakimiyyəti var və çox güman, insanı köləliyə alışdırmaq, ona köləliyin acı zəhərini xoşhallıqla içməyi öyrətmək qüdrəti bu hakimiyyətin zirvəsidir.

İnsan üçün azad olmaq və bunu arzu etmək təbiidir, bununla belə, onun xisləti elədir ki, çox şeyə vərdiş etməyi bacarır... Belə nəticə çıxır, insan üçün onun vərdiş edə bildiyi hər şey təbiidir.

Deməli, könüllü köləliyin başda duran səbəbi vərdişdir. Həmin vərdiş ki, atları əvvələn yüyəni gəmirməyə, sonradan onunla oynayıb əylənməyə vadar edir; əvvələn qoşqu yəhərindən dartınıb qurtulmağa çalışır, sonralar yəhər altında sanki fəxrlə nazlanırlar.

İnsanlar söyləyirlər ki, onlar həmişə təbəə olmuşlar, dədə-babadan belədirlər.

İtaətə boyun əyməyin vacibliyini düşünür, yaxud özlərini buna inanmağa sövq edirlər. Ta qədimdən bu yolla gəlmişik deyib, tiranın zülmünə haqq qazandırırlar.

Amma çoxluqca itaətkar olanlarla yanaşı, mərd insanlar da var ki, kölə tərzini qəbul etməyib, ondan qurtulmağa çalışır və heç vaxt itaətə vərdiş etmirlər.

Belə insanlar, Uolles [William Wallace] kimi qəhrəmanların timsalında, dənizlər və meşələr üzərində öz ocağının tüstüsünü görməyi arzu edir, əcdadların təbii haqlarını yaddan çıxarmırlar; aydın dərrakəyə və iti ağıla malik olmaqla onlar, qaba kütlələr kimi, ayaqları altında olanla kifayətlənmir, çiyinləri üzərində baş gəzdirdiyinin fərqinə varırlar.

Bunlar o insanlardır ki, azadlıq dünyanı əbədi tərk etsə belə, insanlar üçün həmişəlik itirilsə belə, onu həmişə öz ruhlarında hiss edəcək, onu həmişə sevəcəklər, çünki köləliyin istənilən forması onların gözündə yalnız nifrətə layiqdir.

Könüllü köləliyinin başlıca səbəbi - insanların bu vəziyyətdə doğulub tərbiyə olunması - ikinci bir səbəbin qaynağına çevrilir.

Belə ki, tiranların hakimiyyəti altında insanlar qorxaq, məzlum və rəzil kütləyə çevrilirlər.

Əksər tiranlar öz hakimiyyətini bərkitmək üçün baş işlətmək əvəzinə çox mürtəce bir üsula əl atır, ölkədə bir nəfər də olsa ləyaqətli insanın qalmamasına çalışırlar.

Çoxları bunu ən bəsit yollarla, yəni mərd insanları fiziki məhv, həbs və ya sürgün etməklə həyata keçirdiyi halda, tarixdə elə tiranlar da olmuş ki, təbəələr üçün anlaşılmaz olan hiylələrdən istifadə etmişlər.

Məsələn, Lidiyanı tutduqdan sonra Kir lidiyalıların çarı Krezi əsir götürüb özü ilə aparır. Bir müddət sonra ona xəbər çatdırılır ki, lidiyalılar yenidən baş qaldırmışdır.

Kir üsyanı yatırır, amma bu gözəl şəhəri viran qoymaq və ya şəhəri əldə saxlamaq üçün böyük ordu yerləşdirmək əvəzinə başqa üsul fikirləşir. Şəhərdə çoxlu əyləncə yerləri, meyxanalar, fahişəxanalar, tamaşa səhnələri qurdurub, bütün bunları cəmi sakinlər üçün açıq elan edir.

Bu üsul o qədər səmərəli oldu ki, ondan sonra Kir bir daha lidiyalılarla vuruşmalı olmadı. Nadan şəhər sakinləri fərqinə çox da varmadan əyləncənin əsirinə çevrilib, günlərini yeni-yeni oyunlar yaratmaqla keçirirdilər.

Vaxtı əyləncə ilə keçirmək anlamında olan “ludi” sözü romalıların dilinə məhz lidiyalıların aqibətinə nəzərən keçmişdir.

Türk sultanı da bu məsələyə ciddi diqqət edir. O anlamışdır ki, kitablar və alimlər insanları özünüdərkə və müstəbidliyə nifrətə sövq edir. Deyilənə görə, onun məmləkətində yalnız ona lazım olan alimlərə yer vardır.

Buna görə, azadlığa hər şeyə rəğmən sadiq insanların sayından asılı olmayaraq, onların şövq və qeyrəti həyata yol tapmır; danışmaq və hətta fikirləşmək azadlığının qadağan olunduğu bir şəraitdə onlar bir-birini tanımaq, ünsiyyət qurmaq və birləşmək imkanından məhrumdurlar.

Əlbəttə, heç bir tiran açıb etiraf etməz ki, onun niyyəti təbəələrin ləyaqətini əllərindən almaqdır.

Fəqət Kirin lidiyalılara qarşı nisbətən aşkar tərzdə etdiklərini bütün tiranlar öz təbəələrinə qarşı müxtəlif pərdəli üsullarla törədirlər.

Sadə xalqın xisləti elədir ki, onu gerçəkdən sevənlərə şübhə ilə yanaşır, onu aldadanların təsirinə isə asanlıqla düşür.

Avam xalqı aldadıb əsarətə almaq bir quşu tələyə salmaqdan, yaxud bir balığı qarmağa cəlb etməkdən daha asandır.

Oyunlar, təlxəklər, qladiatorlar, qəribə heyvanlar və digər əyləncələr kölələr üçün tələ yemi, onların azadlığının bədəli, tiranlar üçün isə ən güclü silah idi.

Tiranlar bu vasitələrin köməyi ilə təbəələri boyunduruq altında yuxuya verirdilər.

Assuriya və daha sonra Midiya çarları xalqın arasına nadir hallarda çıxırdılar. Bununla, onların varlığı xalqa nəsə qeyri-adi, mistik əzəmət təlqin edirdi, çünki insanlar görmək imkanında olmadıqları şeyi öz təxəyyülərində şişirtməyə meyllidir.

Çarla bağlı xalq arasında rəvayətlər dolaşır, çarın sirlərlə dolu varlığı özlüyündə köləlik üçün güclü zəmin yaradırdı. Xalq illərlə üzünü görmədiyi, yaxud görünüşünü xatırlamadığı ağaya şövqlə itaət edir və bu itaət etiqad səviyyəsinə çatırdı.

Misirin ilk çarları xalq arasına çıxarkən başlarına çələng hördürür, bəzənsə məşəl quraşdırır, üzlərinə maska tuturdular. Bu görünüş təbəələri riqqətə gətirir, çara ilahi ehtiram doğururdu.

Yəqin ki, həmin insanlar arasında düşüncəliləri də vardı və onlar çarın oyunbazlığını, xalqın rəzalətini kinayə ilə seyr edirdilər.

Çox güman, xalqın özünü bunca rəzil duruma salmasını çar özü də kinayəli təbəssümlə qarşılayırdı, amma onun üzü maska ilə örtüldüyündən, kimsə bunu görə bilməzdi.

Buracan bəhs etdiklərim sadə və qaba kütləni düşüncə [mental] əsarətində saxlamağın əsas üsullarıdır. Özünü qoruyub-saxlamaq üçün tiraniya qorxunc və qəddar təşkilat sisteminə malik olur.

Kim hesab edirsə ki, tiranların əsas mühafizə üsulu əli silahlı keşikçilər və qala divarlarıdır, dərindən yanılır.

Əlbəttə, silahlı keçikçilərin də, qala divarlarının da rolu var, amma bunlar əsas etibarı ilə xof yaratmaq üçündür.

Böyük qala divarları, keşikçilərin çoxluğu və sayıqlığı bir fakt olaraq özlüyündə kifayətdir ki, hansısa kənar şəxslər tiranın həyatına qəsd etməyi ağıllarına belə gətirməsinlər.

Əgər Roma tarixində imperatorların qətlini araşdırsaq, məlum olacaq ki, onların əksər qismi elə öz keşikçilərinin əli və ya vasitəsilə öldürülmüşdür.

Tiranları taxtda saxlayan silahlı keşikçilər yox, onun ən yaxın ətrafındakı beş-altı adamdan başlayan böyük şəbəkə olur. Bunlar tiranın möhkəm etibarını qazanır, bütün ölkənin onun əsirinə çevrilməsində baş rolları bölüşürlər.

Onlar tiranın bütün qəddar əməllərinin bilavasitə məsləhətçiləri, təşkilatçıları, rəhbəri olur; bütün saray tədbirlərində tiranın yanında olurlar.

Təbəələrə qarşı törədilən qəddarlıqlar təkcə tiranın iradə və qənaətlərini deyil, habelə bu adamların iradəsini, ağlını ehtiva edir. Tiranın qəddar xisləti bu adamların hər birinin qəddarlığı, məkri, hiyləgərliyi ilə tamamlanır.

Bu altı adamın hər biri öz növbəsində azı yüz adamı hakimiyyət altına alır. Bunlar qohumlar, dostlar, dostların dostları və başqa adamlardır ki, həmi adamlardan müxtəlif yollarla faydalanır, ona xidmət edirlər.

Hakimiyyətin pilləvari ierarxiyasını göz önünə gətirsək, yuxarıdan aşağıya doğru: birinci pillədə tiran, ikincidə altı adam, üçüncüdə bu altı adamın əlaltıları olan altı yüz adam, bunların da hər birinin öz əli altında daha on adamı saxladığı fərz edilərsə, növbəti dördüncü pillədə altı min adam dayanmış olur.

Beləcə, aşağıya doğru ierarxiya dərinləşdikcə yüz minlərlə adamın tiraniyaya xidmət etdiyi şəbəkəni təsəvvür etmək çətin deyil.

Onların əksəriyyəti müvafiq mənfi keyfiyyətlərinə görə seçilmişlədir. Onlara müxtəlif gəlirli vəzifələr, imtiyazlar verilir, güzəştlər olunur.

Bunların müqabilində şəbəkə üzvləri qəddarlığa, talançılığa, yaltaqlığa, çuğulluğa, üzə durmağa, bir sözlə, hər cür yamanlığa həvəslə qatılır, gözə girmək, vəzifədə yüksəlmək üçün əllərindən gələni edir, bu yolda digər şəbəkə üzvlərini şərləyib bada verməkdən də çəkinmirlər.

Beləcə, tiranlar təbəələrin bir qismini qalan qisminə qarşı istifadə etməklə, cəmi xalqı əsarətdə saxlayırlar. Qədim məsəldə deyildiyi kimi, “odunu yarmaq üçün istifadə olunan paz elə həmin ağacdan düzəldilir”.

Şəbəkəni daha da genişləndirmək üçün tiranlar inzibati vəzifələrin sayını mümkün qədər artırırlar.

Bəzi naşı ara həkimləri bədəndə yaranın üzərinə hər cür dəxlsiz məhlulları tökdüyü kimi, tiranlaşan hökmdarlar da öz şəbəkəsinə hər cür şərəfsizləri, oğruları, yaramazları cəlb edirlər.

Əllərindən düz-əməlli bir iş gəlməyən bu yaramaz sürüsü öz tamahkar və qəddar xislətləri ilə böyük tiranın balaca tirancıqlarına çevrilib xalqa zülm edirlər.

Yerlərdə kəşfiyyat aparır, xəbərçilik edir, vergi adı altında əhalini talayır, qətllər törədirlər.

Şəbəkə daxilində geniş rol bölgüsünə rəğmən, onlar hamısı bu işlərdən az və ya çox faydalanmaqla son nəticədə tirana xidmət edir, onun hakimiyyətini qoruyub-saxlayırlar.

Beləcə, tiranlar təbəələrin bir qismini qalan qisminə qarşı istifadə etməklə, cəmi xalqı əsarətdə saxlayırlar. Qədim məsəldə deyildiyi kimi, “odunu yarmaq üçün istifadə olunan paz elə həmin ağacdan düzəldilir”.

Tiraniya şəbəkəsində əsas rolların son dərəcə yaramaz adamlara məxsusluğu bütövlükdə sistem üçün ən böyük təminata çevrilir.

Əlbəttə, tiraniya rejimində çalışanlar arasında yaxşı adamlar da var, onlar yamanlıqlardan mümkün qədər uzaq olmağa çalışır, qanun daxilində vəzifələrini yerinə yetirməyi üstün tutur, çox vaxt özləri də yamanlığın qurbanına çevrilirlər.

Tərcümə: Ruslan Köçərli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG