Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:15

-

«Bakı kəndlərindən sonra ilk qaz abonenti olan sakinlərik. Burada mədənlər tapılandan sonra yaşayış bərpa olunub. Qısa zamanda mavi yanacaqla tam təmin olunmuş kənd idi. 58 yaşım var, ağlım kəsəndən kənddə qaz təchizatı normal olub. 80-90-cı illərdə sovet hakimiyyətinin islahatlarının dalıyca gələn iqtisadi böhranlardan sonra qazın verilməsində fasilələr yarandı».

Neftçala rayonu, Mirqurbanlı yaşayış massivinin sakini, Mirqurbanlı kənd orta məktəbdə müəllim işləyən Hüseyn Fərəcov yaşayış massivinin sosial problemlərindən danışır.

«GEDİN, BAŞINIZA ÇARƏ TAPIN»

Bu yaşayış məntəqəsinin köhnə adı «26-lar adına qəsəbə» olub. 90-ci illərdə dəyişdirilib «Həsənabad qəsəbəsinin Mirqurbanlı yaşayış məntəqəsi» adlanıb. Həmin ərəfələrə qədər insan yaşayışı üçün hər rahatlığı olan yaşayış massivində indi bu rahatlıqdan əsər-əlamət qalmayıb:

«Burada əməlli-başlı sivilizasiya vardı. Qaz, su, işıq, kinoteatr, idman zalı… Yüksək səviyyədə beş seanslı kinolara baxırdıq. 1990-cı ildən sonra bunları bir- bir itirməyə başladıq. Başlıca səbəb magistral nəqliyyat yolunun dəyişdirilməsi oldu. Hələ buralar «26-lar qəsəbəsi» olanda, rayonun mərkəzinə getmək üçün yol xətti buradan keçirdi. Məlumdur ki, yol üstə olan ərazilərdə həmişə inkişaf güclü olur. Həmin vaxtlar qəsəbənin bir hissəsi rayonun mərkəzinə köçürüldü. O vaxtdan buralarda qaz təminatı dayandırıldı. Yalnız təsərrüfatlara qaz verilirdi. Təmir edilmədiyindən yarım əsr istifadə olunan qaz boruları getdikcə sıradan çıxmağa başladı. Neftçala Qaz İstismar İdarəsindən gəlib boruların yararsız olduğun görüb, qazın verilməsini tamamilə dayandırdılar».

Regionların sosial–iqtisadi inkişafına dair birinci Dövlət Proqramı (2004-2008) üzrə qazlaşdırılmalı olan kəndlərin siyahısında Neftçalanın Həsənabad və Bankə qəsəbəsi də yer alır. Mirqurbanlı yaşayış məntəqəsi Həsənabad qəsəbəsinin tərkibində olduğundan bu ərazilərdə qaz xətləri çəkilməli imiş. Hətta Mirqurbanlının qazlaşdırılması üçün borular da məktəbin həyətində yığılır. Həsənabad qəsəbəsinə qaz xətləri çəkilərkən boruları yığışdırıb aparırlar.

Hüseyn Fərəcov: «Zəng vurduq maraqlandıq ki, boruların taleyi necə oldu? Dedilər, Həsənabaddakı qazlaşma işlərinə sərf olundu. Dedik, bəs bizim massiv? Bir kəlmə cavab verdilər ki, gedin başınıza çarə tapın».

AĞAC KƏSƏNİ CƏRİMƏLƏYİRLƏR

Mirqurbanlılar aidiyyəti təşkilatlara müraciət ediblər. Ancaq müsbət cavab almayıblar. Mirqurbanlı sakini Hüseyn Fərəcov isə deyir, əsasən də qış aylarında əsas istilik mənbəyi olan qazın çəkilməməsi kəndlilərə baha başa gəlir:

«Həyətimizdə də yandırılası ağac qalmayıb. Çöldə yabanı halda bitən yulğun ağaclarını kəsməyə isə icazə verilmir. Kəsəni cərimələyirlər. O zaman bizə çıxış yolu göstərsinlər. Bir daha sizin vasitəniz ilə səslənirəm. Bu qədər insan faktoruna, həyatına biganə yanaşılmaz. Bütün sivil yollardan, qanun çərçivəsində istifadə etdik ki, vətəndaş kimi bizə çatan haqqımızı əldə edək. Nəticə göz qabağındadır. Qazın verilməsi üçün yüzlərlə imza toplayan mirqurbanlılar sabah yol kəssə, ya qaz idarəsinin qarşısına yürüş etsə, o zaman buna başqa don geydirəcəklər. Neftçalanın icra strukturları kəndləri sosial problemlərdə boğmaqla vətəndaşlarla dövləti üz-üzə qoyur».

Neftçala Qaz İdarəsindən bildiriblər ki, Mirqurbanlının qazlaşdırılması 2009-2013-cü illər üçün nəzərdə tutulmuş Dövlət proqramına daxil edilib. Layihə çərçivəsində işlər hələ başa çatmayıb. Ora yaxın ərazilər - Bankə və Xıllı qəsəbələri qazlaşdırılıb və yaxın vaxtlarda Mirqunbanlı yaşayış məntəqəsinə də qaz çəkilməsi nəzərdə tutulub.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG