Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:36

- Yazıdan seçmələr: "Qorxuruq axı; Hökumətdən, Sistemdən, Qurumlardan, Dövlət Orqanlarından. Çox qorxuruq. Bilmirik oralarda nə baş verir. Bizə yeni nə hazırlayırlar. Bizəmi hazırlayırlar, bizimi? Bizi nə gözləyir? Bilmirik."

"Mənim fikrimcə, Alov Dilləri də bizim şəhərin arxitekturasına heç cür yapışmır. Mən bəlkə də yanılıram. Yaxın gələcəkdə şəhərin başına nə oyun gətirəcəklərindən xəbərim yoxdur axı. Bəlkə, bir iyirmi il sonra bütün şəhəri söküb qüllələrə uyğun tikəcəklər. Hardan bilim?!"

"Əgər bütün nazirlər öz binalarında otururlarsa, onda bu binadakı kabinetlərdə hansı nazirlər oturur? Əgər hökumətin tərkibi nazirliklərdən ibarətdirsə, onda Hökumət evində kimlər oturur?"

Ziya F.M.

Bakı. Payız. İt gəzdirən qız.

(hekayə)

Şəhərə çıxmalıyam. Maşınla getməyə dəyməz. Tıxacların əlindən. Hansısa bir dövlət tədbiri var. Hər yeri bağlayacaqlar. Bayıldan mərkəzə aparan aşağı yolla da getməyə dəyməz, keçmək mümkün olmayacaq. Maşın ləğv olunur. Avtobus da.

Piyada! Metroya qədər. Sonrası asandır.

Aşağı yolla metroya getmək də maraqsızdır. Gedəcəyim yol boyu imkanlarından və hər hansı bir sərnişinin istəyindən dəfələrlə yavaş hərəkət edən maşınlara baxmaq qanımı qaraldır.

Piyada! Yuxarı Bayıl küçəsi ilə! Məktəbin yanı, Dəniz Administrasiyasının yerləşdiyi kiçicik meydan, daha sonra isə “Gülüstan” sarayına olan döngənin yanına kimi ikitərəfli avtomobil yolunun kənarı ilə dar piyada “cığırı”.

Saray döngəsindən sonra həm cığır genişlənir, həm də asfaltın keyfiyyəti yaxşılaşır. Amma ora çatana qədər ehtiyatlı olmaq lazımdır. “Cığırın” istiqaməti hərəkət istiqaməti ilə üst-üstə düşür.

Dünya təcrübəsi var; səki yoxdursa, piyada maşınların hərəkətinin əks istiqamətində getməlidir. Amma bu yerdə maşınlar arxadan yaxınlaşır.

Sol tərəfdə piyada səkisi yoxdur. Heç xoşagələn hiss deyil. Ölümcül vursalar yaşadığın həyatın “kinolenti” gözlərinin qabağından gəlib keçməyə imkan tapmayacaq.

Haqsızlıqdır! Necə yəni?! Bu qədər yaşayasan, axırda da yolun düzgün düzəldilməməsi səbəbindən tərcümeyi-halının ən maraqlı və parlaq hadisələrinin kiçik “videoxülasəsinə” baxmağa imkanın olmasın.

Qabaqda bir meydança da var; yenidən qurulan Bakının panoramını görə biləcəyin kafeyə aparan, işıqlandırılmış pilləkənlərin yanında.

Bir-iki il qabaq iki sıra düzülmüş maşınların əlindən buradan keçmək olmurdu. Bir-iki mövsüm basabas oldu, vəssalam. Dönüb, çıxıb getdilər başqa yerlərə.

Bizim şəhərdə restoran və kafelərin ömrü buna görə gödək olur. Bir və ya iki mövsümə hamı marağını doyuzdurduğundan. Nə yeməyin, nə də qulluğun keyfiyyəti vəziyyəti xilas edə bilmir.

Bizimkilər həmişə yeni yer axtarırlar. Köhnəni artıq görüblər. Gördülər, qurtardı! Nəsə yeni bir şey lazımdır. Bir yerə bağlanmaq, daim həmin yerə getmək, bundan bir ənənə düzəltmək bizlik deyil.

Qoy lap adını, sahibini, mətbəxini dəyişsinlər. Yenilik duyğusu onsuz da olmayacaq. Çünki ora cəlb edən Bakının görüntüsü idi. Ona isə hamı artıq baxıb. Həmin görüntüyə bir də, artıq başqa ad daşıyan, başqa yemək təklif edən kafedən baxmağa lüzum yoxdur. Artıq maraqlı deyil...

...İndi isə “qorunan” sahə başlayır. İlk qaranquş - sağ tərəfdə qoyulmuş polis “budkası”dır, qabaqda isə - altdan işıqlandırılmış Qəhrəmanlar evi görsənir.

Deyəsən, mən bu qulaqları heç vaxt sevməyəcəm

Üst tərəfdən “Flame Tower”in qulaqları çıxıb. Göy üzünün bir hissəsini tutub. “Dəxlisiz”.

Deyəsən, mən bu qulaqları heç vaxt sevməyəcəm, fransızlar Parisdəki işgüzar mərkəz kimi tikilən, Defans və ya La Defans deyilən müasir, modern kvartalı heç cür həzm etmədikləri kimi.

Oranı hətta “Paris Manhetteni” adlandırırlar. Avropanın ən böyük işgüzar mərkəzi sayılır. Amma fransızlar oranı xoşlamırlar, “dəxlisiz” amerikanizm təzahürü saydıqlarına görə.

Mənim fikrimcə, Alov Dilləri də bizim şəhərin arxitekturasına heç cür yapışmır. Mən bəlkə də yanılıram. Yaxın gələcəkdə şəhərin başına nə oyun gətirəcəklərindən xəbərim yoxdur axı. Bəlkə, bir iyirmi il sonra bütün şəhəri söküb qüllələrə uyğun tikəcəklər. Hardan bilim?!

Mən üçüncü meydançaya yaxınlaşıram. Sol tərəfdə bərpa olunub aqlayla üzlənmiş , heç kimə lazım olmayan “Teleteatr” binasıdır.

Nə vaxtsa bu məkan televiziyada hansısa bir novatorluq missiyasını daşıyırdı. Eksperimental tutumlu verilişlər burada çəkilirdi.

Proqramda xüsusi qeyd olunan “Teleteatr” sözü yorucu, üzücü, yeknəsəq sovet estetikasından bezmiş tamaşaçılara nəsə bir yenilik hissi ümidi verirdi.

İndi, geri boylanarkən, başa düşürəm ki, orada çəkilən verilişlərdə də maraqlı heç nə olmurdu və ola da bilməzdi. Amma həmin vaxt “Teleteatr” işçilərinin digərlərindən bir az daha sərbəst olduğu və nəsə qeyri-adi bir şey edə biləcəkləri hissi keçib getmirdi, baxmayaraq ki, onlar da bu hissə uyğun olan, onlardan gözlənilən heç nə eləmirdilər.

Teleteatr isə ondan gözlənilənlərdən heç birini eləməyib sadəcə yoxa çıxdı. Öldü. Heç kim də başa düşmədi , deyə də bilmədi ki, gözlədiyi nə idi.

Adətən, bu saatlarda, bu yerdə maşın əlindən tərpənmək olmur. Tıxac olanda, vəziyyəti xilas etmək üçün maşınlara aşağı, Prezident Apparatı , Filarmoniyanın yanındakı qəribə dairəyə (artıq dördüncü) tərəf dönməyə icazə verirlər.

Bu gün, bu saat, bu dəqiqə bu yer bom-boşdur. Yol polisi boş-bekar düz yolun ortasında dayanıb. Yolu haradansa kəsiblər. Maraqlı ifadələrdir; yol kəsmək də, yolu salmaq da, yola salmaq da, yolda qalmaq da.

Heç kim bıçaqla yol kəsmir, yolu əlindən salmır, yolla pis-pis işlər görmür (görmürmü?), və yollarda yaşamır (yaşamırmı?). Amma indi yolu kəsiblər.

Yazıq... Yol polisini deyirəm. Düzdür, bizdə hamı yenə onu “qaişnik” adlandırmağa davam edir. O, bu anda İlf və Petrovun “On iki stul” əsərində darvazasız həyətdə dayanan dalandara oxşayır.

Vacibliyini göstərməyə, idarə etməyə, üstünə çığırmağa, göstəriş verməyə heç kimi yoxdur. Maşın yoxdursa, sürücü də yoxdur, sürücü yoxdursa, yol polisi də mövcüd deyil.

Əsas sürücü və avtomobildir, yol polisi onlardan törənəndir. Əvvəlkilər varsa sonrakı da var, onlar yoxdursa sonuncunun da heç bir mənası yoxdur. Mənim üçün onun bu an heç bir mənası yoxdur. Mən piyadayam.

Mən Prezident Apparatı tərəfə getmirəm. Dövlət qurumu üçün, lap hətta bina üçün də çox qəribə səslənən addır. Apparat! Heç olmasa saray adlandırardılar. Bizim realığımıza, qavrayışımıza (mentalitet) daha uyğun olardı.

Mən Nazirlər Kabinetinin yanı ilə gedirəm. Burada da qəribəlik var. Axı bir Hökumət evimiz də var, almanlar tikən. Demək olar ki, bütün nazirliklərin də öz binası var.

Oturmaq da qəribə sözdür, işləməyin sinoniminə çevrilib.

Əgər bütün nazirlər öz binalarında otururlarsa, onda bu binadakı kabinetlərdə hansı nazirlər oturur?

Əgər hökumətin tərkibi nazirliklərdən ibarətdirsə, onda Hökumət evində kimlər oturur? Oturmaq da qəribə sözdür, işləməyin sinoniminə çevrilib.

Bura lap sakitlikdir. Solda, ancaq kliplərdə, bir də AZTV-nin çarxlarında gördüyüm fəvvarə kompleksidir. Yuxarı qalxıb ona baxmağa həvəsim yoxdur. Olsa da alınmayacaq.

Dostumla görüşməliyəm. Haşiyə çıxsam (yazdıqlarımdakı kimi), onu gözləməyə məcbur edəcəyəm. Punktuallıq onsuz da bizim qanımızdan yan keçib. Onsuz da “5-10 dəqiqəyə gəlirəm”ə heç kim inanmır. Adi haldır.

Dostumu çoxdandır ki, görmürəm. Əlbəttə, istərdim ki, həm fəvvarəyə baxım, həm də dostumla görüşə gecikməyim. Dost indi daha vacibdir. Ümumiyyətlə, dost - fəvvarədən həmişə vacibdir.

Fəvvarənin aşağısından keçirəm, düz binanın qabağındakı səki ilə, gözlərim ora-bura qaçır, mülki geyimli mühafizəçiyə fikir verirəm; o, özünü elə aparır ki, guya məni görmür.

Görür. İkinci mərtəbənin altındakı kamera da görür. Giriş və ya çıxış , - baxır kim hansı tərəfə hərəkət edir, binanın içərisinə və ya bayırına, - darvazasının qabağında duran hərbi formalı mühafizəçi də mənə göz qoyur.

Qəribədir. Şəhərin digər yerlərindəki tünlük burada yoxdur. Yəqin yaxınlıqdakı binaların zəhmi onları basdığından burada avara-avara gəzənlər çox azdır.

Qorxuruq axı; Hökumətdən, Sistemdən, Qurumlardan, Dövlət Orqanlarından. Çox qorxuruq. Bilmirik oralarda nə baş verir. Bizə yeni nə hazırlayırlar.

Bizəmi hazırlayırlar, bizimi? Bizi nə gözləyir? Bilmirik. Ona görə qorxuruq. Bu ağır, mühafizəli darvazanın arxasında baş verənləri biz - adi adamlar başa düşmədiyimizdən ona – darvazaya baxmağa da çəkinirik, qorxumuzdan başımızı o tərəf bu tərəfə çeviririk. Mən də boylanıram.

Ərtafda isə heç kim və diqqəti çəkəcək başqa heç nə yoxdur.

Siz fikir vermisiniz, şəhərdə adamların sayı nə qədər çoxalıb? Hamı harasa gedir, haradasa dayanır, nəyisə gözləyir, veyillənirlər, söhbət edirlər, müzakirə edirlər, tində dururlar, baxırlar, gülürlər, yolu keçirlər, qarşıdan gəlirlər, ötüb-keçirlər, hay-küy salırlar.

Dəstə olsunlar, ya cütlük, ya da tək , dəxli yoxdur, hamı bir yerdə, kütlə şəklində görünür. Bölünmüş, hissələrə parçalanmış, amma yenə də kütlə. Bir yerdə, bütöv kimi qavranılan kütlə. Detalları olan kütlə.

Adam çox olanda detallara o qədər də varmırsan, kiməsə baxa, fikir verə bilmirsən. Kimisə bu kütlənin içindən ayırmaq çətin olur. Onun həyatını təsəvvür etmirsən, taleyinin təfərrüatına varmırsan.

Elə bil futbolsuz stadiondasan, amma qol vurulub və ya hakim on bir metrlik zərbə təyin etməyib, hamı bağırır, uğuldayır, qarıldaşır. Gəl indi bu qədər adamın içərisində maraqlı birisini tap görüm, necə tapırsan. Axtarmağa dəyərmi heç?

Bakının bütün yerdə qalan hissələrində genişlik çatışmır. Şəhər ağzına qədər doludur; adamlarla, binalarla, maşınla, dükanla. Hamı da eyni yerə toplaşır, başqa , boş yerlər olsa da.

Amma burada, bir neçə yüz metrlik çevrədə heç kim yoxdur. Yaxşı qulluq edilmiş otluq, təmiz səki, artıq şəhərin digər yerlərində çoxdan rast gəlinməyən çoxillik ağaclar.

Başqa yerlərdəki ağaclar dizayna uyğun dəyişdirilib. Yenidən tikilən şəhərin dizaynı yaşlı ağaclarla tərs mütənasibdir.

Onlar sadəcə olaraq kökündən çıxardılıb, dibindən kəsilib, yenilərinə dəyişdirilib; binalar, komplekslər, küçələr kimi. Hər şey dəyişdirilib; amma uzun müddət dəyişməyəcək adamlarsa hələ də qalır.

Onlar isə şəhərin yeni dizaynına, arxitekturasına , görkəminə uyğun gəlmir. Onları köçürürlər, şəhərin kənarına, mərkəzdən uzağa.

Amma bura, “Kabmin”in yanı - şəhərin sovet vaxtından görkəmini saxlayan , demək olar ki, dəyişməmiş tək-tük mərkəzi yerlərindəndir.

Burada həmişə “elita” yaşayıb; pullu, vəzifəli. Nəyi və kimi dəyişməliydilər ki?! Hamısı yerindədir.

Görkəmləri dəyişib, paltarları təzə dəbdədir, ideologiya yenilənib, “Volqa” avtomobillərini yeniləri ilə - Prada, Ferrari, Porşe və onlara oxşarlarla əvəzləyiblər, təşkilatların adlarına yüngülvari əl gəzdiriblər.

Amma daxildə çox şey əvvəlki kimidir. Həmin üzlər, həmin ailələr yenə iş başındadırlar, yenə əlləri pulla oynayır. İnanmıram ki, onlar işdən sonra buralara gəzməyə çıxsınlar.

Burada bircə qız var, o da itlədir, elə indi, bu an pillələrlə fəvvarədən aşağı düşür.

Bəlkə də xidməti vəzifəsini yerinə yetirməyən yeganə varlıq olduğuna görə bu qız mənim diqqətimi çəkdi. Ətrafda heç kim yoxdur. Bir it gəzdirən qız və mən.

Başqa vaxt olsaydı, heç ona fikir verməzdim də. Qeyri-adi heç bir şey də baş vermir. Qız məndən qabaqdadır. Eyni istiqamətdə çəpəki hərəkət edir. Fəvvarədən enib küçəni diaqonal üzrə keçərək səkiyə yaxınlaşır.

Əynindəki cins şalvar o qədər də dar deyil. Adi ağ köynək geyinib. Ayaqqabıları da çox elə gözə girmir. Krossovka deyillər, amma it gəzdirmək üçün kifayət qədər münasib və yumşaqdırlar.

Boyu bəstə, bədən quruluşu mütənasibdir. Kök deyil. Amma dar, cins şalvar geyinsə istənilən kişi uzun müddət gözlərini onun aşağı hissəsindən ayıra bilməyəcək.

Alaqaranlıqdır. Nə işıqlı, nə də qaranlıq. Toyuq korluğu vaxtıdır. Məndə belə xəstəlik yoxdur. Ancaq üzünü görə bilmirəm. Məndən qabaqda olduğuna görə.

Biz artıq bir xətt üzrə hərəkət edirik. Mən tədricən ona yaxınlaşıram. Həm itim yoxdur, həm də boyum uca olduğundan addımlarım daha iridir.

İtin cinsi barədə heç nə deyə bilmərəm. Qoyun itini taksadan və ya çi-ua-uadan ayıra bilərəm, əlbəttə ki.

Ruslar niyə bütün dünyanın çi-ua-ua dediyi itə «чи-хуа-хуа» deyirlər, görəsən? Yadıma elə onların özlərinin zarafatı düşür:

-Мама, пожалуйста, купи мне собачку, хотя бы маленького чи-хуа-хуёныша.

Ancaq bu itin cinsini müəyyənləşdirməyə çətinlik çəkirəm. Qulaqları yellənir, ayaqları hər tərəfə əyilir. Nə gözəlliyi, nə nəcabəti var.

Xaltası, qayışı, gəzdirəni olmasa, elə bilərsən ki, adi küçə itidir. Amma gəzdirilməyi xoşuna gəlir. Sahibəsi də ola bilsin heç sahibəsi deyil, bəlkə də yaxınlıqdakı evlərdə yaşayan yekəşaqlılardan birinə xidmət edənlərdəndir.

Hiss olunur ki, it onu gəzdirən qızdan daha xoşbəxtdir. On addımlıqlarındayam. Aramızdakı məsafə azalır. Qabaqda, sağda, Nazirlər Kabinetinin binasından sonra qəribə fiqurlarla bəzənmiş kiçik park başlayır.

Mən bir az da tez getsəm, onlara çatacağam. İt bir az da fərəhlənir, quyruğu oyur-oyur oynayır, qulaqları atlıb-düşür. Qız itlə bir yerdə kiçik parka dönür.

Və...

Qız dayanır, parkın girişində dönüb bir neçə saniyəlik düz gözlərimin içinə baxır...

...Mən özümü bircə dəqiqəlik gecikməklə dostumla sözləşdiyimiz yerə çatdırıram. Yığılıb qalmış fikirlərimizi bir-birimizə yükləyirik. Nərimanov metrosunun yanındakı parkda gəzişirik. Hay-küy, vurnuxma, uşaqlar, çayxana, pivəxana, attraksionlar, sevən cütlüklər, təqaüdçülər...

Hər yer qaynayır. Hamı bağırışır. Mən Nazirlər Kabinetinin yanında hiss etdiklərimi yada salıb onları sözlərə, cümlələrə çevirib dostuma danışıram.

Şəhərin çox kiçik olmağından, adamların çox, genişliyin az olmasından şikayətlənirəm. İt gəzdirən qız fikrimdən çıxmır.

Dostum məni başqa yerə, bu parkdan o qədər də uzaq olmayan kiçik bağa aparır. Yerlilər bura “Поляна” deyirlər. Bura haradasa Nərimanov metrosundakı parkla H.Əliyev mərkəzinin arasındadır.

Nə kafesi, nə çayxanası, nə də əyləncə attraksionları var. Ağaclar, skamyalar, vəssalam. Adam da azdır. Sakit, rahat yerdir. Elə bil Parisdə sərv ağacının (kiparis) altında və ya sovet vaxtlarından salamat çıxmış hansısa köhnə rayon mərkəzi parkının sərinliyindəsən.

Mən əslində Bakı payızı haqqında düşünürdüm. Fikirlərim küçə və parklardakı ağaclar ətrafında dolaşırdı. “Nyu-Yorkda payız” filminin rəngləri yadıma düşmüşdü. Payız elə olar, filmdəki kimi.

Bizdə isə elə bil qəsdən həmişəyaşıl ağaclar əkirlər. Nə payız bilinir, nə də yaz. Bəlkə ona görə insanların arasında sevgi bu qədər azdır? Bəlkə elə ona görə hamı bir-birini acılayır, nə qədər mümkündür, bir-birindən aralı durmağa çalışır?

Bax indi, həmin qız iti ilə birlikdə burada olsaydı mən ona diqqət yetirərdimmi? Onunla hansısa kənar bir mövzuda, lap elə it cinsləri barədə söhbət edərdimmi?

Onunla, indi dostumla etdiyim kimi, heç bir başqa, yaxşı və ya pis niyyətim olmadan gələcək münasibətlərə yönəlməmiş, sadəcə fikir bölmək üçün söhbətə cəhd edərdimmi?

O, mənimlə danışardımı? Bəlkə Nazirlər Kabinetinin yanında onun çevrilib baxmasına səbəb, mənim səbəbimlə, ətrafda adamların olmaması ilə demək olar ki, eyni olan, tam sakitlikdə arxadan yaxınlaşan addımlardan doğan narahatçılıq idi?

Bəlkə fikirləşmişdi ki, mən onu təqib edirəm?...

Mən itlə gəzən qızın ani baxışlarında bunların heç birini oxuya bilmədim.

...Çox qısa müddət ərzində biz onunla bir istiqamətdə hərəkət etdik. Mən heç onun üzünü də yadımda saxlaya bilmədim. Yadımda qalan onun üzünün çox adi, sakit və boyanmamış olması idi. Hətta ona gözəl də demək olardı.

Amma...

... gələn dəfə, adamlar arasında onu bir də görsəm, tanımayacağam.

06.10.2014. Bakı. Payız.

Günün bütün mövzuları

XS
SM
MD
LG