Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:53

- "Kimlərsə bəlkə də heç vaxt sənət, temperament baxımından bu iki şəxsi müqayisə etməzdi. Fərqli qütblərin, fərqli mədəniyyətlərin, fərqli sənət sahələrinin insanları əslində hamı kimi eyni xronoloji ardıcıllığı yaşamışdılar."

Günel Eyvazlı

Siluet

(esse)

Qaranlıqları işıqlandıran küçə lampaları yolumuza aydınladır. Başını aşağı dikən lampalar məzlum görünüşləri ilə ürəyimi parça-parça edir.

Bəzən onların əvəzinə yoruluram da. Bütün günü ayaq üstə dayanırlar. Qəribə hissdir. Ağaclara qarşı da beləyəm. Onlara yazığım gəlir...

Bütün əşyalar, hadisələr müxtəlif tərəflərə malikdirlər. Tərəflərin varlığını həndəsədə daha yaxşı hiss etmək olur. Çünki maddi, gördüyümüz əşyaların tərəfinə baxmağı daha yaxşı bacarırıq.

Qarşılaşdığımız olaylarda, hadisələrdə isə mücərrəd rakurslar axtarışına çıxa bilmirik. Nəyin doğru, nəyin yalan, nəyin məqsədəuyğun olmasını aşkarlamaqda, fərqli tərəfdən baxmaqda çox vaxt çətinlik çəkirik.

Bu, daha çox divar boyu asılmış güzgü effektinə bənzəyir. İnsanın güzgülərlə əhatələnmiş otaqda otaq boyu səpələnmiş surətini, hissələrini, fərqli tərəflərini sezmək maraqlı olduğu qədər həm də olduqca tükürpədicidir.

Mənim üçün küçə lampaları yorğun görünə bilər. Bəlkə də səbəb ədəbiyyatdır. Bir başqası göz nurundan məhrum olduğundan bu lampaların varlığından belə, xəbərsizdir. Bəziləri üçün sadəcə işıq dirəkləridir.

Deyilənə görə, Salvador Dali eyni rəsmin adını dəfələrlə dəyişərmiş. Məsələn, rəsm bu gün bu adla tanınırdısa, növbəti ayda başqa ad ilə sərgilənirdi.

Dali bu hərəkəti ilə eyni əşyaya, hadisəyə müxtəlif müstəvilərdən baxmağın mümkünlüyünü bəlkə də göstərmək istəyirdi.

Elə hamı kimi mən də onun tablolarına saatlarla baxmaqdan və hər çalardan məna axtarışına çıxmaqdan zövq alıram.

Maraqlıdır, bu gün diqqətimi özündə cəmləyən “Yox olan obraz” rəsmi itən və görünən tərəfləri bəlli etdiyi halda, sabah bir başqa cür adlansaydı, nələri gözlərim önündə canlandıracaqdı? Məsələn, “Qaranlıqdan işığa” adlansaydı.

Çünki özündə pessimist, sentimental ab-havanı daşıyan “Yox olan obraz” bəlkə də “Qaranlıqdan işığa” adlanmaqla daha nikbin notlara köklənmiş olardı.

Daliyə sevgim onun tablolarını tanımadıqdan öncə başlamışdı. Bir zamanlar Salvador Dali adı mənim üçün sadəcə sevimli ətirimin adı idi.

Demək ki, qoxuya olan sevgim günlərin birində sənət qarşılaşması nəticəsində böyük məhəbbətə də çevrilə bilərdi. Çevrildi də.

Qəribə, qeyri-adi təsir bağışlayan yaradıcı insanlar hər hərəkətləri ilə heyrət doğura bilirlər. Bəlkə də sadəcə heyrətlənmək istədiyimizdən insanlarda qəribə məqamların şahidinə çevrilmiş oluruq. Axı insan çox vaxt görmək istədiyini görür.

Dünyada heç kim əbədi deyil. İstənilən yaradıcı insanın həyatı boyu yazdıqlarına, rəsm etdiklərinə nəzər saldıqda, heykəltaraşdırsa, yaratdığı heykəllərə göz gəzdirdikdə əsəri yaşının hansı çağında yazmasını, çəkməsini və yaxud hazırlamasını müşahidə edə bilirik.

Gənclik vaxtlarında çağlayan nikbinlik, qocalığa doğru daha çox rahib libasına bürünür.

İstənilən halda belə bir yaradıcı xronologiya mövcuddur. İstər Salvador Dali rəsmləri olsun, istərsə də dahi Tolstoyun yaradıcılığı olsun. Əvvəldən sona qədər addımlasaq yaradıcılıq ekskursiyasında hər il dəyişən yazıçını və hər il dəyişən rəssamı görəcəyik.

Kimlərsə bəlkə də heç vaxt sənət, temperament baxımından bu iki şəxsi müqayisə etməzdi. Fərqli qütblərin, fərqli mədəniyyətlərin, fərqli sənət sahələrinin insanları əslində hamı kimi eyni xronoloji ardıcıllığı yaşamışdılar. Onlar da hamı kimi “Yox olan obraz” olaraq yer üzündən silinmişdilər.

“Yesenin” filmində maraqlı ifadəyə rast gəlmişdim. Yesenin xanım Dunkana “Siz rəqqasların sənəti yaşadığınız zaman yaşayır. Öldükdən sonra sənətiniz də sizinlə birgə ölür. Biz isə əbədiyik. Çünki yazırıq” deyir.

Əslində yaradılan fotolar, video yazılar zamana qalib gəlmə istəyindən doğan kəşflərdir.

Məsələn, nə Dali, nə də Tolstoy həyatda yoxdur. Biz isə asanlıqla fotolara nəzər salaraq onları beynimizdə canlandıra bilirik. Dirildirik. Axı bu da yaşamağın bir başqa növüdür. Heç kimin yadına düşməyən, xatırlanmayan canlı ölülər görmədikmi?

Bircə onu bilirəm ki, yaradıcı insanlar ölmək istəməyən insanlardır. Eqoistlərdir. Həqiqətən belədirlər. Onlar yox olduqdan sonra da beyinlərdə yaşamaq ehtirası ilə qovrulurlar.

Çox güman ki, yaradıcılıqlarının qarşısında belə bir istək dayanır. Elə bu səbəbdən də fərqlənməyə, fərqli olmağa can atırlar.

Tolstoy yazıçı idi. Həm də həyat obrazı idi. Mükəmməl işlənmiş obraz idi. Cilalanmış, qüsursuz görkəmə malik, ağsaqqal, dahiyanə fikirlər müəllifidir. Ədəbiyyat Allahı, mifi, bütü. Toxunulmazı, əsrarəngizidir.

Eyni sözləri qeyri-adi, absurd hərəkətləri ilə ətrafının diqqətini üzərində cəmləməyi bacaran Dali obrazı haqqında da demək mümkündür.

Bu fiqurlar müxtəlif zamanlarda doğulub, müxtəlif əyalətlərin tərbiyəsi altında böyüyüblər. Əlbəttə, fərqli baxışları, fərqli dünya görüşləri olub. Amma obraz olaraq həyat adlanan yaşamı yaşamışdılar.

Yuxarıda sadaladıqlarım hər iki qütbün görünən tərəfləridir. İndi isə işıq obrazların digər tərəfinə keçmiş olur. Kölgə oyununda yeni simalar görünməyə başlayır.

Tolstoy ailədə bədbəxt olan, çox vaxt intihar haqqında düşünən, düşüncələrində belə, Yaradandan qorxan, bütün malını, dövlətini ömrünün sonuna yaxın paylayan, cənnəti satın almaq istəyində olan obrazdır. Məsələn deyək. Bütpərəstləri qıcıqlandırmamaq üçün.

O, onu anlamayan həyat yoldaşı, bezgin tale, qaçaq ömür baxımından iztirablarla əhatələnmiş obrazdır. Yüklənmiş obrazdır.

Tolstoy həm də mübarizdir. Həyatın bəxş etdiyi iztirablara baxmayaraq daxili potensial, mənəvi güc, yaratma eşqi üzərindən xətt çəkə bilmir. Tolstoy bir-birinin ardından gözəl əsərlər yaratmağı bacara bilirdi. Əslində bütün bunlar mənəvi qüdrətindən, yenilməzliyindən xəbər verir. Çünki insanı ayaqda saxlayan ayaqlar yox, ruhudur.

Salvador isə zamanın qüdrətli siması, elə sağlığında dahi adını qazanmış rəssam idi. Şöhrtpərəst idi. Əslində o bunu gizlətmirdi. “Bəli, mən şöhrəti və pulu sevirəm.” Səhv etmirəmsə belə söyləyirdi.

Bu, Salvadorun görünən tərəfləri idi. Görünməz tərəfləri rəsmlərdə daha çox diqqət çəkir. Məsələn, psixoloqların sözlərinə görə o, heç vaxt tablolarında yaşıl rəngdən istifadə etməyib.

Yaşıl rəng isə daxili sabitlik, dinclik rəngidir. Demək ki, xaricən xoşbəxt, ərköyün həyat tərzi keçirən Salvadorun ruhu narahat idi.

Əslində Karenina obrazını yaradan Tolstoy da daxilində çırpınan hisslərini ört-basdır edə bilməmişdi. Özünü qatar altına atılan xanım Karenina, elə eyni iztirabları yaşayan Tolstoyun qadın prototipi idi.

Çünki istənilən halda yaradıcılıq daxili dünya süzgəcindən dolanaraq vərəqlərə tökülür.

Kimin daha çox cəmiyyət üçün obraz yaratması mənim üçün müəmmalıdır. Həyatımız montaj olunmasa belə, qəlibləşdirərək onu müəyyən biçimə sala bilirik.

İnsanlar var ki, ömrünün sonuna qədər yalnız yamsılama ilə məşğul olur. Bütün həyatı - doğulandan ölənə qədər təqlidə xərclənir. Belə olmaq dəhşətlidir.

Çünki ömrünün sonuna qədər yalançı maska ilə gəzmiş olursan. Mən adını çəkdiyim şəxslərin hansı miqdarda maskalanmasını söyləyə bilmərəm.

Amma yaşadığım dövrə nəzər salıb fortepiano arxasına keçərək, Vaqif Mustafazadəni yamsılayan, hətta bakenbordlarını belə, onun kimi uzadan, saç düzümündə belə, ona bənzəyən onlarla pianist görürəm.

Onlar darıxdırıcı və pis kopyalarıdırlar (surətlər). Və yaxud mey məclislərində yalançı şair obrazları yaradıb, şairliyin badədən keçdiyini söyləyən, yox, daha çox sərsəmləyən kifayət qədər dırnaqarası şair görürəm.

Onlar üçün yaratdıqları obraz daha önəmlidir, nəinki şəxsi həyatları. Çünki bütün ömürləri bayağılığa hesablanıb.

Hər halda bir gün onlarında ömrü xronoloji ardıcıllıqla sıralanacaq. Doğuldu, yaşadı, yaratdı, nə yaratdı, harada və necə öldü...

İndi isə xronoloji ardıcıllıqla addımlamış olsaq, ömrünü 82 yaşında tamamlamış Tolstoyun, 85 yaşında tamamlayan Salvadorun həqiqi obrazlarını görəcəyik.

Çünki insanın son anları artıstlik libası geyinə bilmir. Əsla, mən onları artist adlandırmıram. Yəni obraz həqiqi surətini məhz bu məqamda, son məqamda kölgə arxasından bəlli edir.

Müqayisə etdiyim şəxslərin əsas fərqi daha çox daxili inamlarındadır. Tolstoy mənəvi sarsıntılar keçirdiyi dövrlərdə dini inanclara fanatik dərəcədə yaxınlaşdığı zaman Salvador özünü gah monarxist, gah anarxist, ateist, gah da katolik adlandıraraq ərköyün uşaq kimi çırpınırdı.

Əslində fikirləri belə qərarsız idi. Bu gün insan ölümünün, inkvizisiyanın qəti əleyhdarı, sabah bütün bunlara haqq verənə çevrilirdi.

Əslində hər şey məsələyə hansı tərəfdən nəzər salmaqdan asılıdır, bəlkə də. Günlərin birində isə o, ciddi şəkildə “Hitleri sevin!” deyir.

Ümumiyyətlə, onun müasirləri Dalinin dediklərinə ironik qiymət vermirdi, o, nə söyləyirdisə ciddiyyətlə qəbul olunurdu.

Tolstoy isə rus xalqı üçün ədəbiyyat günəşi idi. Minlərlə insan onun yaşadığı məkana gedib olduğu, oturduğu yerlərdə gəzir, dediyi sözləri isə hədis kimi dəftərinə yazmaqla məşğul olurdu.

Tolstoy ailəsində yaşadıqlarını cəmiyyət üçün pünhan saxlayırdı. O, insanlar qarşısında dahi yazıçı olduğu halda, bəlkə də özü üçün dünyanın ən bədbəxti idi.

Amma bütün baş verənlərə rəğmən daxilində yaradana inam bəsləyən yazıçı həyatla mübarizə aparmağı daha yaxşı bacarırdı. Təpki göstərirdi.

Mənəvi xərclənmə daxili yoxsulluğun pik həddidir. Elə bir hədd ki, saatlarla tək qaldığın otaqda boynuna ip salaraq intihara belə gedə bilərsən. Necə ki, öz etiraflarında, gündəliyində Tolstoy bunu söyləyir.

Həyat mükəmməl sənət əsəri olaraq öz obrazları üzərində iş aparmağı və yaratdıqlarının maraqlı tərəflərini aşkarlamağı sevir.

Elə gecə-gündüz də gizlənqaç oyununa bənzəyir. Qaranlıqda gizlənənlər səhərlər aşkar olur.

müəllif: Salvador Dali

müəllif: Salvador Dali

Yəqin elə bu səbəbdən rəsmlərdə obrazların surətlərini çox zaman kölgə təsvirlərinin yardımı ilə çəkən Salvador özü də kölgədə gizlənirdi.

“Yox olan obraz” kiminçünsə öncə məktub oxuyan qadını, kiminçünsə küncdən boylanan kişini aşkar edir.

Ömrünün sonlarını keşiş libasına bürünən (mənəvi bürünmə) Tolstoy yaradana inam ilə ömrünü keçirirdi. Son yeddi gününü dəmir yol stansiyasının rəisinin evində keçirməsi də həyat ssenarisi üzrə heç də təsadüfi deyildi, bəlkə də.

Yəqin ki, Tolstoy yeddi gün ərzində qatar taqqıltısını eşitməli və ruhu növbəti dünyaya getmək üçün tam hazır vəziyyətə gəlməli idi. Saatın əqrəbi 6:05 radələrinə yaxınlaşdıqda yazıçının ürəyi dayanır.

Hamı üçün ateist kimi tanınan Salvador da sonralar daha çox dini motivlər əsasında rəsmlər yaradır. Ölümünə üç gün qalmış evinə keşiş dəvət edir.

Daha çox etiraflar edərək daxili sıxıntılarından yaxa qurtarmağa çalışır. Sevimli qadınının ölümündən sonra başqalarının köməyi ilə, fiziki, ruhi sarsıntıyla yaşayan Dali, sevimli emalatxanasına gedə bilməyir. Sehrli çubuğunu, fırçasını əlinə ala bilməyirdi.

müəllif: Salvador Dali

müəllif: Salvador Dali

Onun son rəsm əsəri “Qaranquş quyruğu” adlanır.

Bir neçə qövsvari xətlərin kəsişməsindən yaranan, daha çox uşaq qaralamasını xatırladan bu əsərdə diqqəti daha çox “S” və “D” hərfləri çəkir.

Bilmirəm, bəlkə mən belə görürəm. Axı abstrakt, sürrealist əsərlər hərədə bir cür fikir yaradır.

“Yox olan obraz”da isə döşəmə kimi rəsm edilmiş şahmat taxtası hamı üçün elə eyni cür görünür. Salvadorun sarı, qara, işıqlı, qaranlıq təsiri bağışlayan bu rəsmi elə kişi, qadın kontekstində həyat lövhəsi üzərində gediş etməyə məhkum olan obrazların rəsmini çəkir.

Bəli, Salvador da, Tolstoy da, - elə hamımız - həyat lövhəsi üzərində gediş edirik. Hər birimiz öz gedişimizlə fərqlənir və yaddaşlarda qalırıq. Dahi rəssam “Qaranquş quyruğu” əsərində öz sonuncu imzasını atır.

Ölüm haqqında düşünən bütün düşüncəli insanlar kimi hələ də yaşamaq üçün çabalayır. Axı əsas missiyamız cəmiyyətə, vətənə, xalqa, insanlığa, bəşəriyyətə töhvə vermək, xeyirli bir işə yaramaq olsaydı heç birimiz yaratdığımız əsərlərin sonunda imzamızı atmazdıq.

Demək ki, daha çox yox olandan sonra da yaşamaq haqqında eqoistcəsinə düşünürük. Zaman qarşısında isə hamımız üz cizgiləri bilinməyən qara, sadə konturlarla işlənən siluetdən başqa bir şey deyilik.

Günün bütün mövzuları

XS
SM
MD
LG