Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:54

- "Elə bu da başçının qohumu Qurumsaq Mozuya dərd olmuşdu və yaxın qohumu olan başçını gecə-gündüz başdan etmişdi ki, o lövhə ləğv olunmalıdır."

Zəka Vilayətoğlu

“Günahkar” şəkillər

Pişik siçanı həyətin ortasında yerə qoyub, ehmalca, balaca bir top kimi pəncəsiylə vurdu və sonra çəkilib bir kənardan baxdı.

Azacıq kənara düşmüş siçan yerindən tərpənmədi. Qorxu içində olduğu, balaca bədəninin titrəyişindən hiss olunurdu. Qaçıb xilas olmağa da cəhd etmirdi.

Pişik yalandan üzünü yana çevirdi, guya siçanı görmür və bununla onu qandırmaq istəyirdi ki, mən səni görmürəm və sən, qaçıb canını qurtara bilərsən.

Siçan elə bil bunu duydu və son gücünü toplayıb qaçmaq istədi; bir qədər irəliyə can atdı. Onun uzaqlaşdığını hiss edən pişik yerindən güllə kimi atıldı və siçanı yenidən qamarladı.

Bir qədər dişlərində sıxdı, pəncələriylə atıb - tutdu və təkrar sərbəst buraxıb kənara çəkildi.

Siçan ani donuqluqdan sonra halsızcasına hərəkətə gəldi və əbəs yerə qaçmağa cəhd etdi, pişik onu tutmaq üçün daha bir sıçrayışla irəli atılsa da, siçana tərəf uzanan sarı dimdik siçanı qamarladı və an ərzində siçan yoxa çıxdı. Pişik başını qaldıranacan Çil xoruz tələm-tələsik siçanı uddu.

Hər şey anidən oldu. Çil xoruz bayaqdan pişiklə siçanı izləyir və fürsət gözləyirdi.

Pişik acizanəliklə altdan yuxarı xoruzun qabarmış boğazına baxdı. Çox çəkmədən o qabarmış boğazın yenidən öz adi halına qayıtdığını görüncə, ümidi tamam üzüldü, bir tərəfdə kötük üstündə əyləşmiş Kişiyə, sonra yaxındakı talvarın altında əyləşib əri üçün yun corab toxuyan qadına və yerdəki yumağa baxdı.

Qadının əlləri hərəkət etdikcə yerdəki yumaq da ona uyğun olaraq çözələnirdi. Az öncə pişik o yumaqla xeyli oynamış, top kimi atıb-tutmuşdu. Divar küncündən eşitdiyi zəif ciyilti onu bu sevimli işindən ayırmış, qəfil yoxa çıxmış və çox keçmədən ağzında siçanla qayıtmışdı.

Ovunun əlindən çıxmasından sonra pişik çox yazıqlaşmışdı. Yenidən yumaqla oynamağa heç həvəsi qalmamışdı. Sivişib suyu süzülə-süzülə harasa getmək istərkən yenidən son ümidilə çil xoruzun dimdiyinə, şahanə duruşuna baxdı.

Elə bil xoruzun onun siçanını geri qaytaracağına inanırdı. Son dəfə Kişiyə baxıb yazıqcasına miyoldadı. Ona məhəl qoymayan kişi öz aləmindəydi.

O, yorğun-yorğun kötüyün üstə oturaraq, ala pişiklə çil xoruzun oyunundan xəbərsiz halda öz içinə qapanıb qalmışdı.

İki gün əvvəl bağda iri bir alma ağacının nəfir bir budağı, meyvələrin ağırlığınaa tablamayıb sınmışdı.

Bundan təəssüflənsə də, “Tanrının məsləhətinə şükür! Görürsən, bir il heç nə olmur, meyvəyə tamarzı qalırsan! Növbəti il ağaclar elə bar gətirir, budaqlar başını ağırlıqdan elə aşağı salır ki, elə bilirsən; qızdan-gəlindən abır-həyalıdır. Amma noolsun, bir də baxırsan, meyvələrlə dolu budaqların altına dayaq qoymağına baxmayaraq, hansısa bir budaq bu ağırlığa, bu boyda “abır-həyaya” tablamayıb şaqqıltıyla gövdədən ayrılır və torpağa sərilir. Hə, bu da sənə bar-bərəkət! Nə bilim, nə deyim, yenə Tanrı özü bilən məsləhətdir! Qismətdən qaçmaq olmaz!” – deyərək baltanı, mişarı götürüb həmin budağı doğrayıb odunluq etmiş, bərk yorulmuşdu.

Kal meyvə ilə dolu budağı kəsməyə ürəyi gəlməsə də, ağacda qalmış ilişgisindən tamam ayırıb doğramağa, heç olmasa odunluq etməyə məcbur idi.

Budağı xırda-xırda doğrayıb bir tərəfə yığdıqdan sonra yorulduğunu, susadığını hiss etdi. Bu yerdə bir samovar çayı çox ləzzətli olardı. Pürrəngi, xoruzquyruğu dəmlənmiş bir stəkan çayın yerini heç nə verməzdi.

Amma kim qaynadacaq, kim dəmləyəcəkdi o çayı? Arvadı illər idi, şəkərli diabet xəstəsi idi. Ayaqları güclə yeriyirdi. Buna baxmayaraq, bütün gücünü toplayıb əri üçün fədakarlıq edir, xidmətində durmağa çalışırdı.

Arvadına bir söz demədən özü od saldı samovara. Sonra bir tərəfdə qoyduğu kötüyün üstündə əyləşib keçənləri, olanları bir-bir saf-çürük eləməyə başladı.

Həyətin ortasında dünyanın ağasıymış kimi məğrurcasına gəzib-dolanan çil xoruz tez-tez gözünə sataşdıqca son illər həyatında baş verənləri təəssüflə xatırlamağa başladı.

Sanki elə bu an keçmiş Başçının bu kənddən olan qohumu Qurumsaq Mozu (Məzahir idi adı) qəfil qapıdan girib yenə deyəcəkdi ki, başçı iki xoruz istəyir, qonaqları olacaq.

Baxmayaraq, Başçının da, Mozunun da xoruzunu zaman özü vermişdi qoltuqlarına, amma yenə də, Başçının xoruz “havası” ara-sıra Kişinin qulağına dəyirdi.

O, bu dəfə də, “uf” demədən bu çil xoruzu Qurumsaq Mozunun qoltuğuna verərdi, Başçı üçün. Niyə? Ona görə ki, bir neçə gün öncə həmin o keçmiş başçı caamaatın gözü qarşısında, aralarında heç bir umu-küsü, inciklik olmamış kimi,.. Nə isə...

İndi nə o başçı vardı, nə də xoruzyığan Qurumsaq Mozu. Hansı ki, həmin Mozu başçının adıyla bir yox, həmişə iki xoruz qoparmışdı Kişidən.

Məlum məsələydi ki, xoruzun biri də onun özünə qalırdı. Kənddə hamı danışırdı ki, Qurumsaq Mozunun həyətində toyuğun, xoruzun əlindən tərpənmək olmur.

Kişi üzünü arvadına tutub dedi:

-Ay xalaqızı, dünyadan baş açmaq olmur eeee! - Kişi hərdən, aralarındakı doğmalığı, istiliyi bir az da artırmaq üçün arvadına “ xalaqızı” deyirdi.

-Yenə nə olub?

-Məni saya – hesaba salmayan, bütün yaxşı xidmətlərimə göz yuman keçmiş başçı, o gün bilirsən, neylədi?.. İnan Allaha, camaatın içində o tərəfdən mənə doğru necə gəldi, adımı necə mehriban, necə istiqanlılıqla çəkib boynuma sarıldısa, özümü itirdim. İnana bilmədim, gözümü silib bir də baxdım, görəm, bu adam, o adamdırmı! İnsan necə dəyişərmiş, necə yumşalarmış! O eqoist, yekəxana, o insantanımaz məxluq birdən-birə necə muma dönərmiş! İnan, mənə qarşı etdiyi bütün nadanlıqları unutdum, bağışladım onu.

-Sən beləsən də, dostunu-düşmənini tanıya bilmirsən. Biri sənə əlli dəfə pislik edib, bircə dəfə üzünə gülsün, adını mehribanlıqla çəksin, o dəqiqə unudursan hər şeyi.

-Hə, bax, həmən o istilik əridir, mənim bütün kinimi, nifrətimi. İnan, vallah, adamın elə beləsi yaxşıdır. Nə çıxar kindən, nifrətdən, pislikdən, şərdən?

-Hə, elədir, amma o adam sənə həmişə pislik etdi. Əvvəla, qapında toyuq-cücə qalmadı. Hələ bu lövhə, buna bir bax... Adam olan kəs bu cür alçaqlıq etməzdi.

Kişi kötüyün üstündən qalxıb arvadına yaxınlaşdı. Arvadının arxa tərəfində divara söykədilmiş iri dəmir lövhəyə baxdı. Çox baxdı, dinmədi. Arvadı haqlıydı və elə bu haqqla da sözünə davam etdi:

-O başçıdan qabaq sən neçə başçıyla işlədin, bilirsən?

-Hə. Ona qədər dörd başçıyla.

Hansı biri səndən toyuq-xoruz tələb etmişdi - heç biri. Amma bu... Haram xoşu olsun, dərdim toyuq-xoruz dərdi deyil, o, iblis idi. İnanma, onun şirin dilinə, gülər üzünə. Bu saat onu çıxar taxta, yenə həmin iblisi görəcəksən taxtda!

-Sağ ol, xalaqızı, sən mənim ağıllı vəzirimsən!

Kişi düz əlli il, kənd orta məktəbinin müəllimi, bu əlli ilin iyirmi səkkiz ilini də direktoru olmuşdu. Bütün rayonda hörməti, adı-sanı vardı.

Respublika səviyyəsində zəhməti dəyərləndirilmiş müəllimlərdən idi. Amma o keçmiş başçı onun bütün əməyini yerə vurmuşdu. Lap doğrusu, ürəyinə bir çat salmışdı, yaramaz hərəkətlərilə.

Bir vaxt başçı özü göstəriş vermişdi ona ki, iri bir lövhə hazırlat və bu kəndin, bu məktəbin yetirməsi olan bütün tanınmışların şəklini vurdur o lövhəyə.

Məktəbdə gözəgəlimli bir yerdə qoydur, qoy hamıya nümunə olsun. Daha sonra da demişdi ki, elə bununla bağlı da maraqlı bir tədbir hazırlasın və başçı kimi onu da dəvət etsin.

Kişi deyilənlərə əməl etmişdi. Kəndin, ölkədə sənətçi kimi, alim kimi qismən məşhur olan öncüllərinin şəkillərini lövhəyə vurdurmuşdu. Bu sırada özünün də üç oğlunun fotosu yer alırdı.

Hətta sonrakı tədbir zamanı, onun dəvətilə başçının məktəbə gəlişi, lövhənin yüksək səviyyədə hazırlanması, başçının, onun bu işini yüksək dəyərləndirməsi çox ürəkaçan olmuşdu.

Başçı özü etiraf etmişdi, Kişinin oğlanlarının fotolarının həmin lövhədə olmasının haqq olduğunu. Demişdi, qoy hamı onlardan nümunə götürsün. Onlar bütün rayonumuzun fəxridirlər.

Elə bu da başçının qohumu Qurumsaq Mozuya dərd olmuşdu və yaxın qohumu olan başçını gecə-gündüz başdan etmişdi ki, o lövhə ləğv olunmalıdır.

Nəhayət, başçı lövhəni ləğv etmək, məktəbdən çıxartdırmaq qərarına gəlmişdi, amma bununçün uyğun bir bəhanə tapa bilmirdi. Sonda o bəhanəni tapmışdı.

Kişi, rayonda keçirilən bir tədbir zamanı söz alıb danışdı və xahiş etdi ki, qonşu kəndlə onların yaşadığı kənd arasındakı çaya körpü salınsın.

Belə bir körpünün yoxluğu üzündən kənd camaatı çox əziyyət çəkir, çaylar daşıb, sel suları gələndə o çaydan keçmək çox çətin olur. Bu an başçı dilə gəlib qəzəblə dedi:

“O şəklini lövhəyə vurduğun adamlar var eee, get, onalara de, onlar saldırsın körpünü! Yox, əgər etməsələr, onların şəklini çıxar və həmin çaya at, getsin!” Bu sözlər, Kişinin həyatda eşitdiyi ən ağır sözlər idi. Elə zənn edirdi, bütün ömrü boyu bu sözlərin acısını unutmayacaq.

Aradan günlər keçmişdi. Kişini dərd-fikir alıb aparmışdı. Özünə yer tapa bilmirdi. Arabir dəmir lövhənin qarşısına keçir, şəkillərə baxır, düşünürdü.

Şəkildəkilərdən bir neçəsinin maddi imkanı çox yaxşı idi və onlar öz vəsaitləri hesabına kəndin yollarını abadlaşdırmış, məktəbyanı sahəni hasara aldırmışdılar ki, burda əkilmiş ağaclar, yaşıllıqlar qorunsun.

Digər şəkillərdəkilərdən kimisi şair, kimisi həkim, kimisi də elm xadimi idi. Bunların işığı, adı elə bu kənd üçün yetərli idi. Gör, başçı,.. bəli, bir rayonun rəhbəri hansı düşüncənin, hansı əqidənin sahibi idi, nələr danışır, nələr deyirdi?!..

Qurumsaq Mozu o gündən sonra bir neçə dəfə məktəbə gəldi və çox təkidlə, amiranə tərzdə dedi ki, başçının tapşırığıdır; bu lövhə məktəbdən çıxarılmalıdır.

Kişi lövhəni çıxartdırdı və öz evinə gətirtdi. Həyətdə, yayda istirahət üçün düzəltdirdiyi talvarın altında divara söykədi. Bu şəkillərdəki insanların hər biri ona öz övladları kimi əziz idilər.

Nəinki onunçün, elə kənd əhli üçün də bu, belə idi. Nə qədər o sağdır, bu lövhə, bu şəkillər elə bu cür də onun evində, həyətində ən yaxşı yerdə dayanacaq, necə ki, dayanmışdı.

Və çox keçmədən, yaş məsələsinə görə dövlət onu təqaüdə göndərdi. Artıq yetmiş yaşı vardı. Buna baxmayaraq cövhərli, enerjili idi.

Üstəgəl, yaşından da çox cavan görünürdü. Bununçün də ürəyində, əvvəl-əvvəl bir inciklik yaransa da, sonradan bu da keçib getdi və indi kişinin təsəllisi həmin lövhə və o lövhədəki şəkillər idi.

-Hər şey olur həyatda, ay xalaqızı, hər şey olur! Neynək, o adam da həyatı bu cür görürdü. Sən demiş; dərd, toyuq-xoruz dərdi olsaydı, nə vardı.

Həyət qapısında at kişnərtisi eşidildi. Sonra kimsə dəmir darvazanı taqqıldatdı. Kişi qapıya çıxdı. İllərlə üzünü görmədiyi uzaq bir qohumu və həm də uşaqlıq dostu Şəmsi gəlmişdi.

Arzulanan bir gəliş idi. Kişinin üzü gülürdü. Bir neçə ay idi, arvadıyla özündən savayı bu həyət-bacada bir kimsə gözə dəymirdi.

Böyüdüb ərsəyə çatdırdıqları övladları qocaman şəhərin qoynuna sığınmış, oğul-uşaq sahibi olmuşdular və ancaq yaydan-yaya bu həyət-baca, nəvələrinin səs-küyü ilə şənlənir, qaynayırdı.

Bu yay, niyəsə onlar da gecikir, gəlib çıxmaq bilmirdilər. Elə darıxmışdılar ki, qapıdan hər kim girsə belə onların üzü güləcək, ürəkləri sevinəcəkdi. Kişinin uşaqlıq dostuna gəlincə, onun gəlişiylə, sanki dünya təzələnmişdi.

Qonağın gəlişi münasibətilə, Kişi çil xoruzu kəsdi və arvadı dərhal dadlı çığırtma bişirməyə başladı. Yemək süfrəyə gələnəcən hərə öz həyatından, olanlardan-keçənlərdən, uşqalıq xatirələrindən danışdı.

Şəmsi uzun illər idi şəhərdə yaşayırdı. Çoxdandı, kəndə gəlmirdi, on beş il olardı. Əvvəllər tez-tez gələr, hər gəlişində Kişiyə baş çəkməyi unutmazdı.

-İnan Allaha, müəllim, ürəyim səni elə arzulayırdı. Şəhərin istisində ciyərlərim dağ suları üçün yandığı kimi, ürəyim yanırdı sənin üçün. Burnumun ucu göynəyirdi... Amma göz dəyməsin, yaxşı qalmısan. Deyəsən, bacım sənə yaxşı baxır, - Şəmsi, Kişinin xanımına işarə edib güldü.

-Var ol, Şəmsi. Açığı, xəstəlik bu xalaqızını da əldən salıb... Ay xalaqızı, bizim o şüşədəki “suyumuzdan” gətirməyi də unutma, - Kişi söhbəti dəyişib arvadına dedi.

-Allah sizi ayırmasın! - Şəmsi dilləndi.

-Kəndə təkmi gəlmisən, ya külfətlə? – Kişi soruşdu.

-Bizimkilər kəndi bəyənmirlər. Gəldim, ata yurdunu bir az səhmana saldım, şənlik yaratdım. Ölüm-itim dünyasıdır, dünyaya etibar yoxdur. Son gedəcək, gələcək yerim-yurdum elə bu kənddir. Şəhərlə mənim aramda da elə bir uzun vaxt qalmayıb, bilirəm. Həyatdır də, indən sonra nə yaşasaq, qazancımızdır.

-Atın da yaxşı atdır, yəqin təzə almısan?- Kişi, dirəyə bağlanmış kəhərə işarə edib gülümsədi.

-Qonşunun atıdır. Sağ olsun, sözümü tutdu, yəhərləyib gətirdi hüzuruma. Yoxsa, bizim kənddən bura gəlmək, mənim kimi uzun illər şəhərin rahatlığına öyrəşmiş, yaşlı, həm də kök bir adam üçün çox çətin olardı.

Yemək gəlincə söz-söhbətə ara verdilər. Kişi süfrəyə qoyulmuş butılkanı götürüb, ağzını açdı. Tut arağının xoş ətri ətrafa yayıldı. Kişi tut arağının təmizliyindən, cana faydasından söz açaraq, qədəhlərə araq süzmək istəyəndə dostu soruşdu:

-Bu nədir?

-Öz məhsulumuzdandır. Tut arağıdır. Adama yüz-yüz içək, ruhumuz təzələnsin.

-Yoooox, nə danışırsan, çoxdandır içmirəm!-Şəmsi etiraz etdi.

-Niyə, sən axı, ara-sıra olsa da içərdin! Qorxma, bu, çox təmiz məhsuldur, hərəmizə yüz qram heç nə eləməz, - Kişi təkid etdi.

-Yoox, qardaş, bizim ailədə hamı, çoxdandır namaz qılır. Mən də üç ildir başlamışam.

-Allah qəbul eləsin! – Kişi daha üz vurmadı və arvadına dedi: - Ay xalaqızı, bunu götür burdan, bizi günaha batırma.

Arvadı əl uzadıb araq butılkasını stoldan götürmək istəyəndə Şəmsi bir anlıq duruxdu, kəkələdi və tez də özünü ələ alıb dilləndi:

-Yoox, bacı, dəymə, götürmə, qoy qalsın. Düzünü deyim, tutun ətri ağlımı başımdan aldı. Bu nəfs deyilən şey ki, adamın ağası oldu... Neynim, ölsəm də içəcəm. Allah keçsin günahımdan. Süz, qardaş, süz içək! Elə bilirəm, yüz qrama görə Allah bağışlar məni. Həm də, gör bir nə vaxtdır, görüşmürük! Bu şərəfə içməməyin özü günah olar!

-Çək, isti-isti yemək çək, Şəmsi!

-Qardaş, Allah ruzinizi bol eləsin! Düzü, kənd yeməklərinin, dadı-tamı qalsın bir yana, ətri adamı məst eləyir.

-Nuş olsun, Şəmsi. Sən bu evin ən əziz adamlarındansan!

İştahayla yeməyə girişdilər. Çil xoruzun əti çox dadlıydı. Birillik xoruz olduğundan elə də bərk deyildi, yaxşı bişmişdi.

Yeməyin qoxusuna, az keçmiş ala pişik də gəlib çıxdı və kişinin ayağına şırmanaraq, astaca miyoldadı. Yemək istədiyi bəlli idi. Kişi xəsislik etmədi, xoruzun ətli bir tikəsini boşqabdan götürüb, pişiyə atmazdan öncə Şəmsiyə üzünü tutaraq, dedi:

-Çox yaxşı pişikdir. Mahir ovçudur.

-Nə gözəəəl! Evdə pişiyin olmağı yaxşıdır, - Şəmsi təsdiqlədi.

-Bu pişiyin bir yaxşılığı da odur ki, oğru deyil, toyuq-cücəyə toxunmaz, qonşudan oğurluq etməz. Ona görə də buna verilən bütün yeməklər halalıdır...

Qonaq, ara-sıra maraqla, divara söykədilmiş iri dəmir lövhəyə, lövhədəki şəkillərə baxır, nəsə soruşmaq istəyirdi. Dostunun maraqlı söhbətlərini yarıda kəsmək istəmədiyindən, marağını boğmalı olurdu. Nəhayət, aradakı boşluqdan istifadə edib soruşdu:

-Qardaş, bu nə lövhədir belə? Bayaqdan baxıram, soruşmağa da utanıram! Doğrusu, xoşum gəldi, qəşəng düzəldiblər. Şəkillər də qəşəngdir. Adətən bu cür lövhələri məktəblərdə yaradırlar. Yəqin məktəbin, şagirdlərin qoxusunu bu lövhədəki şəkillərdən alırsan. Peşəsini, sənətini candan sevmək belədir də... Oğlanlarını tanıdım, - Allah saxlasın, xalqımızın fəxridirlər, - bəs o biriləri kimin şəkilləridir?

-Çox sağ ol, Şəmsi, sənin də balalarını Tanrı qorusun!.. Düz deyirsən, məktəbin, məktəbli illərin qoxusunu indi, ancaq bu “günahkar” şəkillərdən alıram, - Kişi köks ötürərək dilləndi.

-Bəs niyə günahkar?

-Uzun söhbətdir, Şəmsi, sonra danışaram. Yaxşısı budur, adama yüz qram da içək, özümüzdən danışaq... Xoş gəlmisən! Sənin şərəfinə!

Ala pişik tikə payını yeyib dodaqlarını yalayaraq, altdan yuxarı yenə kişiyə baxır, daha şırmanmır, arabir sağ pəncəsini qaldırıb ehtiyatla Kişinin ayağına toxundururdu.

Bəlkə günahkar, bəlkə yazıq baxışlarıyla nə demək istədiyi bəlli idi. Kişi isə yenidən özünə qapanmışdı. Gözlərinin içindən bir dağ çayı axıb gedirdi.

Kimsə qəddarcasına o “günahkar” şəkilləri dəmir lövhədən qoparıb bir-bir həmin dağ çayının sularında axıdırdı...

17.09.2015

Günün bütün mövzuları

XS
SM
MD
LG