Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:19

«Nəqliyyat naziri olacağım haqda deyilənlərdən xəbərim yoxdur...»


Cavid Qurbanov

Cavid Qurbanov

-

«Yeni Müsavat» qəzeti «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri Cavid Qurbanovdan müsahibə alıb:

- Gələcəkdə rəhbərlik etdiyiniz quruma nazirlik statusu verilə bilərmi?

- Bu haqda bir söz deyə bilmərəm. Həm də bunun nə fərqi var. Prezident bizə bu sahəni tapşırıbsa, nazirlik olmadan da o tapşırığı can-başla yerinə yetirib dövlət başçısının etimadını doğrultmaq lazımdır.

- Bu sərəncamdan sonra yəqin dəmiryoluna ayrılan vəsaitdə də artacaq...

- Məsələ ondadır ki, dəmiryolu özü pul qazanmalıdır. Sadəcə hazırda dünyada daşımaçılıqdan əldə olunan gəlirlər azalıb. Haradasa 30-40 faizə qədər enib gəlirlər. Amma bu sahənin yeniləşməsi lazımdır. Çalışmaq lazımdır ki, beynəlxalq yüklərin daşınmasında biz də iştirak edək. «İpək yolu» işə düşsün, Bakı-Tbilisi-Qars dəmiryolu tezliklə açılsın. Bu sahədə işlər artıq yekunlaşmaq üzrədir. «Şimal-cənub» marşrutunun inkişafı ilə məşğul olmaq lazımdır. Yəqin ki, möhtərəm cənab prezident bunları nəzərə alıb və bu cür qərar qəbul edib. Hər halda mən belə başa düşürəm.

- Mətbuat yazır ki, Siz yaxın zamanlarda nəqliyyat naziri təyin ediləcəksiniz. Gerçəkdən belə bir plan varmı?

- Bilirsiniz, bəzən vəzifəyə başqa cür yanaşılır. Əslində vəzifə çox ciddi məsuliyyətdir. Bunlar ara sözləridir. Xahiş edirəm, belə şeylərə fikir verməyin. Vəzifəyə təyin edən, vəzifədən çıxaran ölkə başçısıdır. Bu işlər onun müstəsna səlahiyyətidir. Qərarları cənab prezident verir. Bilmirəm qəzetdə kim nə yazır, vallah mənim bu işlərdən xəbərim yoxdur. İnanın səmimiyyətimə, heç o haqda fikirləşmirəm. Dövlətin başçısı mənə kifayət qədər ciddi iş tapşırıb, üzərimə məsuliyyət qoyub. Mən bu an o işləri yüksək səviyyədə görüb, ortaya ciddi nəticələr qoymaq haqda düşünürəm.

- Mətbuat son sərəncamı Ziya Məmmədovun vurulması kimi təqdim edir. Bu, hazırkı nəqliyyat nazirinin səlahiyyətlərinin əlindən alınması, onun siyasi baxımdan gözdən düşməsi kimi yozulur.

Ziya Məmmədov

Ziya Məmmədov

- Doğru yanaşma deyil. Nazirlik təsərrüfat işi ilə yox, dövlət siyasəti ilə məşğul olmalıdır. Dəmiryolu da təsərrüfat qurumudur. Yəqin cənab prezident də fikirləşir ki, təsərrüfatla təsərrüfat qurumları məşğul olsun. Nazirlik də dövlət siyasətində iştirak etsin, konsepsiyasını hazırlayıb təqdim etsin. Yolçu getsin yolunu tiksin, dəmiryolçu öz işini görsün, dənizçi dənizçiliyini etsin.

ZİYA MƏMMƏDOV MƏZUNİYYƏTDƏN QAYITMAYA BİLƏR

«Bizim yol» qəzeti son rəsmi tədbirlərdə görünməyən nəqliyyat naziri Ziya Məmmədovun postundan uzaqlaşdırılacağı ehtimalından yazır:

«Habelə Ziya Məmmədovun ailə biznesinin aktivlərinin bir-bir alındığı haqda xəbərlər var. Məsələn, Qubadakı «Rixos Quba» otelinin mülkiyyətçisinin dəyişdiyi bildirilir. Ziya Məmmədovun oğlu Anar Məmmədovun ABŞ-dakı lobbi təşkilatı olan Azərbaycan-Amerika Alyansının da fəaliyyətini dayandırdığı barədə xəbərlər yayılıb.

Beləliklə, ölkənin ən iri oliqarxlarından biri tədricən mövqelərini itirir və gözləmək olar ki, onun vəzifədən azad edilməsi üçün çox gözləmək lazım gəlməyəcək.

Məmmədovların artıq Azərbaycanda olan obyektlərinin satışa çıxarıldığı bildirilir.

Taleh Xasməmmədov

Taleh Xasməmmədov

Dünən Nəqliyyat Nazirliyindən yayılan açıqlamada nazir Ziya Məmmədovun növbəti əmək məzuniyyətində olduğu bildirilirdi. Proseslər bu istiqamətdə davam etsə, onun məzuniyyətdən işə qayıtmayacağı real görünür…».

HÜQUQ MÜDAFİƏÇİSİ HƏBSXANADAN MÜRACİƏT YAYDI

«Azadlıq» qəzeti yazır ki, Gəncə İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi, siyasi məhbus Taleh Xasməmmədov ictimaiyyətə müraciət edib. O, bu ilin fevralında həbs olunub. Müraciətdə deyilir: «İttihama görə guya ki, mən bir mülki şəxs və dörd polis əməkdaşına qarşı zor tətbiq edərək onlara yumruq-təpik zərbələri vurmaqla xidməti geyimlərini, poqon nişanlarını, şevronlarını və s. dartaraq cırıb yerə atmışam.

Mən qanunlar qarşısında deyil, mafiozların iradəsinə uyğun olaraq həbsdəyəm. Həbsim birmənalı şəkildə hüquq müdafiə fəaliyyətimlə bağlıdır. Bu həbslər məni qorxutmur və öz fəaliyyətimdən, mübarizəmdən döndərə bilməz. Mən bundan sonra da haqqı- hüququ tapdanan insanların yanında olacağam».

Mahmudəli Çöhrəqanlı

Mahmudəli Çöhrəqanlı

«BAKIDAN DEPORTASİYA EDİLMƏYİMDƏ RUSİYANIN DA ƏLİ OLUB»

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri, hazırda ABŞ-da mühacirətdə yaşayan Mahmudəli Çöhrəqanlı modern.az saytının suallarını cavablandırıb.

Mahmudəli Çöhrəqanlı müsahibəsində deyib ki, sonuncu dəfə 2006-cı ildə Bakıdan deportasiya edilib: «Bu, İran rejiminin istəyi ilə olmuşdu, hətta sağlam mənbələrə dayanaraq deyə bilərik ki, bunda Rusiyanın da barmağı olub. Bölgəmiz çox həssas transformasiyalardan keçir. Görünən odur ki, daha ciddi dəyişikliklər baş verəcək. Bu gün Azərbaycanın tək günahı millətini sevərək onun üçün ürəyi çırpınan çöhrəqanlıları deportasiya etməkdir. Biz onları qınayırıq. 2012-ci ilin avqust ayında - 6 il aradan sonra gəldiyimiz qardaş ölkənin qapısından bizi geri qaytardılar. Amma mən yenə də Azərbaycana gəlməkdən vaz keçməmişəm».

Elmar Məmmədyarov

Elmar Məmmədyarov

MƏMMƏDYAROV: «ABŞ-DA BƏZİ DAİRƏLƏR...»

yap.org.az yazır ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Evelyn Farkas-ın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Elmar Məmmədyarov terrorizmə qarşı mübarizədə Azərbaycanın beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini diqqətə çatdırıb. O, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasına yardım etdiyini və Azərbaycanın sülhməramlı qüvvələrinin Əfqanıstanda uğurla xidmət etdiklərini söyləyib.

Azərbaycan ilə ABŞ arasında əlaqələrə toxunan nazir Birləşmiş Ştatlarda bəzi dairələrin Azərbaycana aid məsələləri ictimai müzakirə obyektinə çevirməsinin və onların Azərbaycana qarşı fəaliyyətlərinin iki ölkə arasında strateji xarakter daşıdığı qeyd olunan münasibətlərin ruhuna uyğun olmadığını deyib. O əlavə edib ki, enerji, terrorizmə qarşı mübarizə, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq siyasi əlaqələri tamamlamalıdır.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti, TANAP və TAP layihələri haqqında danışan xarici siyasət idarəsinin rəhbəri bu layihələrin regionun nəqliyyat və enerji mənzərəsini dəyişəcəyini vurğulayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG