Keçid linkləri

Təcili xəbərlər

Üzeyir bəylə üç görüş...


Üzeyir Hacıbəyov
Üzeyir Hacıbəyov

-

Bu səs yazılarının içində məni ən çox kövrəldən Üzeyir bəyin öz çalğısıdır…

Çox az sürən bu səsyazısı adamın qəlbini göynədir...

Sevda İsmayıllı

SƏS VƏ YA ÜZEYİR BƏYLƏ 3 GÖRÜŞ…

“İz” proqramının yaranmasından ötən 12 ilə yaxın zamanda AzadlıqRadiosu Üzeyir bəylə bağlı neçə-neçə veriliş hazırlayıb.

Onun hər əsərinə ayrıca buraxılış həsr edilib.

Beləcə, “Leyli və Məcnun” və“Arşın mal alan”a, “O olmasın, bu olsun” və “Koroğlu”ya, “Arşın mal alan”ın Vyana səfərinə və yerli teatrlardakı hər bir premyerasına, Üzeyir bəyin jurnalistlik fəaliyyətinə, hətta tapılan hər felyetonuna aid xüsusi “İz”lər hazırlanıb.

Zaman-zaman Üzeyir bəylə bağlı müxtəlif mədəniyyət olayları - yubiley yığıncaqları, bu böyük şəxsiyyətin şərəfinə açılan portal, onun ev muzeyində keçirilən çeşidli anım tədbirləri diqqət hədəfində olub.

Beləcə, AzadlqRadiosunun arxivində Üzeyir bəylə bağlı əvəzsiz səs yadigarları yaranıb və qorunmaqdadır.

BİRİNCİ SƏSYAZISI: ÜZEYİR BƏYİN ÖZ ÇALĞISI…

Bu səs yazılarının içində məni ən çox kövrəldən Üzeyir bəyin öz çalğısıdır…

Gözlə

No media source currently available

0:00 0:01:15 0:00
Direct-ə keçid

Çox az sürən bu səsyazısı adamın qəlbini göynədir.

Verilişlərimizdə, zaman-zaman, bu səsyazısından yararlandıq.

İKİNCİ SƏSYAZISI: MAESTRO AZAD ƏLİYEVİN ARŞINMALÇI SEVGİSİ…

Bu səs yazılarının içində mənə ən çox ləzzət edən “Arşın mal alan”ın Vyana premyerasından danışan tanınmış dirijor Azad Əliyevindir.

Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

Operettanın premyerasında müxtəlif millətlərə məxsus ifaçılar Üzeyir bəyin atmacalarını, ara-sıra da olsa, Azərbaycan dilində söyləyiblər (“Xalan sənə qurban”, “Sən dədənin goru” və s.). Bunu xatırladan rəhmətlik Azad müəllim, AzadlıqRadiosunun indi qapanmış Bakı studiyasında doyunca gülüb, bizləri də güldürmüşdü…

…Və sonda hətta arşınmalçı sayaq da oxumuşdu Azad müəllim.

ÜÇÜNCÜ SƏSYAZISI: YAZIÇI ANARIN ÜZEYİR BƏYİ CANLI-CANLI GÖRMƏSİ

Bu səs yazılarının içində məni ən çox duyğulandıran yazıçı Anarın Üzeyir bəyi yaxından görməsini təfərrüatı ilə danışması olub.

İz - Azərbaycanda hamının sevdiyi tək Adam…
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00

Ötən əsrin 40-cı illərində, Anar müəllim hələ kiçikkən, Bakıya bir sovet sənədli filmi gətirilir. Təbii ki, Azərbaycanın ovaxtkı rəhbərliyi bu sənədli filmə seçilmiş adamların baxmasını tələb edir. Həmin dövrdə Rəsul Rza kino naziri çalışırmış. Filmə baxmağa gedən Rəsul müəllim balaca Anarı da özüylə götürür.

“XALA-XƏTRİN QALMASIN…”

Anar müəllimin dediyinə görə, Üzeyir bəy də filmə baxmağa gələnlər arasında imiş. Film balaca Anarda heç bir təəssürat oyatmır. SSRİ-də bədən tərbiyəsi paradlarına həsr olunmuş filmdə müxtəlif respublikaların idman nailiyyətləri göstərilirmiş. Anar müəllim deyir ki, bu filmdə Azərbaycana çox az yer ayrıldığından, filmə baxanlar bundan da narazı qalmışdılar. Baxışdan sonra hər kəs öz incikliyini ifadə edirmiş və nədənsə Anarın yadında ancaq Üzeyir bəyin dediyi sözlər qalıb: “Xala-xətrin qalmasın deyə, bizi də göstərdilər…”.

Üzeyir bəy Azərbaycana ayrılan cüzi paya bizim populyar xalq məsəli ilə cavab verib və balaca Anar bu ifadəni ilk dəfə Üzeyir bəyin dilindən eşidib …

Yazıçı Anar gəncliyində
Yazıçı Anar gəncliyində

Sonralar (1945-ci ildə) konservatoriyaya bağlı musiqi məktəbində oxuyan Anar müəllim Üzeyir bəyi daha tez-tez gördüyünü söyləyir. O dönəmlər Üzeyir bəy konservatoriyanın rektoruymuş və hər dəfə kabinetindən çıxıb maşına oturarkən Anar müəllim onu müşahidə edirmiş.

DAHA BİR GÖRÜŞ - BUZOVNA BAĞLARINDA…

Anar müəllim Üzeyir bəylə bağlı ikinci canlı görüşü belə danışır: “ Ömrünün son illərində Üzeyir bəy Bakı ətrafında yaşamaq üçün bağ seçirdi. Bir gün Buzovnadakı bağımızda qapı döyüldü. Atam işdə olduğundan anamla mən qapıya çıxdıq və gördük ki, Üzeyir bəylə Ramazan Xəlilovdur (Ramazan Xəlilov Üzeyir bəyin bacanağıydı və sonralar onun ev muzeyinin direktoru oldu). Anam onları içəri dəvət etdi, amma gəlmədilər. Dedilər, qonşuluqdakı bağa baxmağa gəlmişik. Bəlkə həmin bağı götürdük. Amma Üzeyir bəy o bağı götürmədi. Sonra Mərdəkandakı bir bağı bəyəndi...”.

YAZMAQLA QURTARMAZ!

Əziz oxucum! Bu gün Üzeyir bəyin 130 yaşı tamam olur. Evinizdə, işinizdə ailə və dostlarınızla Üzeyir bəyi anın: Onun məzarını ziyarətə gedin. Çiçək qoyub, yad edin. Məzəli dialoqlarını səsləndirin, felyetonlarından parçaları ucadan oxuyun, mahnılarını zümzümə edin… “Nə yaxşı ki doğuldunuz!” – deyib duyğulanın və duyğulandırın!..

… Bu 3 səsyazısı dəryada damladır, təbii. Qoy hər kəsin beynində bu gün – Üzeyir bəyin doğum günündə onunla bağlı nəsə dolaşsın, nəsə iz salsın, nəsə həkk olunsun…

SON GÖRÜŞ

Üzeyir bəylə bağlı məni duyğulandıran son görüş bu günlərdə oldu. Bilirsiniz ki, Üzeyir bəyin görüntüsü elə də çox qalmayıb. Televiziyaların birində onun Azərbaycan musiqisi haqqında lent yazısına baxdım. Bu lentə əvvəllər də baxmışdım. Amma məni belə kövrəltməmişdi. Aradan keçən 70 ildə Üzeyir bəyin səsi heç yad görünmürdü. Sanki mən bu səsi hardasa başqa bir yerdə də eşitmişdim. Harda? Birdən xatırladım. Məhəmməd Əmin Rəsulzadənin yeganə səsyazısında!.. Təxminən eyni vaxtlarda (7-8 il ara ilə) lentə köçürülən bu səslər bir-birinə yaman bənzəyirdi…

DOĞMA SƏSLƏR

Uzaq 1910-cu illərin dostları - Üzeyir bəylə Əmin bəy az qala həmyaşıd idilər (1884 və 1885).

Gözəl bir gələcəyə ümidlə baxırdılar.

Biri Azərbaycan Cümhuriyyətinin qurucusu, o biri cümhuriyyət himninin bəstəçisi və parlamentin orqanı olan “Azərbaycan” qəzetinin redaktoru.

Yollar tezcə ayrıldı.

Hər şey alt-üst oldu…

Əmin bəy getdi, Üzeyir bəy qaldı.

Sonrakı həyatlarını bir-birini görmədən yaşadılar, amma şərəflə yaşadılar.

Aradan 30 il ötsə də, müxtəlif quruluşlarda yaşasalar da, əməlləri Azərbaycan naminə oldu.

Beləcə, səsləri, nəfəsləri də bir-birinə bənzədi.

Amma ən önəmlisi, bu səslərin bizlərə gəlib çatmasıydı.

Yupyumşaq, ipisti, canayaxın iki səsin - Üzeyir bəylə Əmin bəyin səsinin!..

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Ən son yazılan

XS
SM
MD
LG