Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:13

- "Birdən bu qafqazlı gənc ağzını belə marçıldatmasaydı, böyük bir gül buketi alıb qıza bağışlasaydı, onda bu gözəl qızın nə edəcəyini indi daha kimsə deyə bilməz."

"Polislərin üzündən, onların ürəkləri istədikləri hər şeyi eləyə biləcəklərinə inam oxunur..."

"Moskvalı səhər yuxudan demokratiyanı sevən və “Spartak” klubunun fanatı kimi ayıla bilər, gündüz isə onda millətçilik duyğuları baş qaldıra bilər, o, yenidən Sovet İttifaqına qayıtmağı arzulayar."

VİKTOR YEREFOYEV

ALKİMUDLAR

Rus dilindən Araz Gündüz çeviribdir

(romandan bir parça)

(Romanın qısa özəti: Əsərdəki olaylar Moskvada baş verir. Romanın girişində yazıçı paytaxt Moskvada yaşayan insanların həyatından söz açır, moskvalıların mənəvi aləmi ilə bağlı düşüncələrini oxucu ilə bölüşür.

Birdən, gözlənilmədən, metronun Mayakovski stansiyasında ölülərin basqınının baş verməsindən danışılır və bununla da əsərin süjetində kəskin bir dönüş başlayır. Əsərin bu hissəsində “Rusiya yalnız ölülər üçündür!” şüarı səslənməyə başlayır.

Rusiya mistik sınaqlar üçün poliqona çevrilir, ölülər xortlayaraq dirilərlə qanlı bir savaşa başlayırlar.

Kitabda “biz nə üçün yaşayırıq?” sualının cavabı: inqilab alovlarının, dəlilik səviyyəsinə çatan sevgilərin, qaniçənliyin, seksin, bayağılığın və müqəddəsliyin, habelə, çağdaş ədəbiyyatın qəhrəmanları ilə “yeni tanrı” olan Akimudun qarşıdurması fonunda axtarılaraq həll olunur.)

RUSİYA YALNIZ ÖLÜLƏR ÜÇÜNDÜR

Viktor Yerofeyev

Viktor Yerofeyev

Moskvada heç kim biri-birinə inanmır və buna görə də çox tez-tez dalaşırlar.

Budur, yüzillik şam ağaclarının daldasında, Moskvanın çoxdankı sakinlərinin buynuzlu ilbizlər sayağı süründükləri, kölgəliyi ürək açan Pluşixedəki Əmanət bankında növbəyə dayanmışam.

Bankda sovet dönəmində olduğu kimi basırıqdır, məndən qabaqda dayanan, orta yaşlı, açıq qəhvəyi rəngdə pencək geyinmiş kişi yaraşıqlı operator-qızdan soruşur:

– Bu gün ayın neçəsidir?

Qız cavab verir:

– On beşi.

– İndi hansı aydır?

Qız təəcüblənmir, elə biləsən yaşadığımız dünyada heç kim hansı ayda yaşadığını bilməyə borclu deyil və dillənir:

– Noyabr.

– Siz buna əminsiniz?

– Hə.

– Ancaq məncə, indi oktyabrdır.

– Yox, noyabrdır.

– Yox, oktyabrdır. Mən yaxşı bilirəm. Oktyabr.

– Oktyabr siz özünüzsünüz! – birdən qız özündən çıxır.

Bax indicə o, gözəl və istiqanlı bir qız idi, birdən özündən çıxdı, üz-gözü əyildi və indi daha yaraşıqlı da görünmür.

Ancaq orta yaşlı kişi, onun acıqlanmağını sezmədən mənə sarı dönüb soruşur:

– İndi oktyabrdır, yoxsa noyabr?

– Bilmirəm, – mən soyuqqanlıqla dillənirəm.

Moskvada “bilmirəm” demək ən uğurlu cavab sayılır. Sən bununla öz üzərinə heç bir məsuliyyət götürmürsən. Biz alman deyilik ha, hansı ayda yaşadığımızı bilməklə bağlı üzərimizə məsuliyyət götürək.

– Yaxşı, heç olmasa deyin, indi payızdır, yoxsa qış? – açıq qəhvəyi rəngli pencək geyinmiş kişi məni biraz da artıq təkidlə sorğu-suala tutur.

Onun mənə ilişmək istədiyini anlayıram. Çox ola bilər, o, həkimlərin gözündən yayınmış bir dəlidir, ya da elə indicə bizim gözlərimizin önündə ağlını itirmişdir, bizdə, Moskvada dəlilər olduqca çoxdur, ona görə də gərək ehtiyatlı olasan.

– Kimi üçün payız, kimi üçün də qışdır, – mən indicə dava baaşlayacağını anladığımdan, geriyə çəkilmək üçün özümə yol axtararaq, ona filosafsayağı bir cavab verirəm.

Opertaor-qız büsbütün hövsələdən çıxır, başını qarşısındakı, pulun güclə keçdiyi bacadan bayıra çıxaracaqmış kimi yönəldir və növbədə dayananlara sarı qışqırır:

– Kim deyər, bugün Moskvada oktyabrdır, yoxsa noyabr?

Bu yerdə üzdən çoxbilmiş adama oxşayan çox qoca bir kişi dillənir:

– O baxır, hansı stillə götürürsən, köhnə ilə yoxsa yeni ilə?

– Necə?

Qız başını itirib: o ayları hesablamaq üçün müxtəlif stillərin olduğu ilə bağlı heç nə bilmir, habelə, haçan və nə üçün inqilab olduğunu da xatırlamır, ona görə də, baxışları ilə yan-yörədəkiləri köməyə çağırır.

Boynuna saldığı yaraşıqlı şarfın ziyalı görkəmi verdiyi orta yaşlı, açıq qəhvəyi rəngli pencək geyinmiş kişi yenidən dillənir:

– Köhnə stil inqilaba qədər idi, indi heç kim onu işlətmir. Yaxşısı budur, siz mənə deyin görək, indi oktyabrdır, yoxsa noyabr?

Ancaq çoxbilmiş qoca gözlərini maymaqcasna döyüb dillənmir. Onda yerkökü rənginə çalan saçları olan bir qadın dillənir:

– Heç utanırsınız?! Mən indicə küçədən gəlirəm. Orada oktyabr ayıdır!

Bu dəfə qoca dilə gəlir:

– İndi gedib yoxlayaram. – Sonra qapıya sarı yönəlir.

Bu qoca veteran olmasın? Bir neçə ay qabaq Moskvada keçirilən böyük bir bayramda, ölkədə istehsal olunan, köhnə dəbli yaşıl şlyapalarda və ya papaqlarda, pencəklərinin yaxasında çoxsaylı parıltılı medal və ordenləri olan qocalar gözə dəyirdi.

Bu şərəfli döyüşçülərin: Almaniyaya qalib gəlmiş, Avropanın yarısını basmarlamış adamların az qala hamısı indi ölüb gediblər, ancaq onların bir çoxu nəvə-nəticələrinin sayğılarını görənədək yaşaya bilmişdilər, bu nəvələr babalarına sayğılarını: maşınlarına georgi lentləri bağlamaqla və maşının baqajının üstünə “Qələbəyə görə babama sağol deyirəm” şüarı yapışdırmaqla çatdırırlar.

Yaşıl formalı, ağ yaxalıqlı operator-qız hiddətindən bizi ondan ayıran şüşəyə var gücü ilə bir yumruq ilişdirdi, şüşə yuxarıdan aşağıdayədək çatladı və sonra qız qışqırdı:

– Qurtardı! Mən işdən çıxıram! Özüm də bu ölkədən çıxıb gedəcəyəm!

Açıq qəhvəyi rəngli pencək geyinmiş kişi Əmanət bankının işçisinin çox kəskin bir qərar verməyə hazırlaşdığını görüb, gözlənilmədən, yumşaldı və xoş bir təbəssümlə dilləndi:

– Özünüzü darıxdırmayın! İstəyirsiniz qoy lap noyabr ayı olsun. Mənim üçün fərqi yoxdur!

Mən ona bxıb başımı yellədim, o da mənə sarı başını yellədi və hər halda ovsunlayıcı bir tərzdə, yenidən məndən soruşdu:

– Belə çıxır, noyabr ayıdır, eləmi?

– Çox ola bilsin, elədir.

Bu vaxt giriş qapısı çırpıldı. Baxışları alov saçan, ola bilsin, müharibə veteranı olan qoca qayıdıb gəldi.

– Mən yoxladım!– deyə o, qışqırdı.– Küçədə qar yağır. Baxın, budur! – O, yerdən götürdüyü bilinən bir ovuc qar topasını ovcunda tutub adamlara göstərdi.–Demək, artıq dekabrdır. Çox keçmədən Yeni il bayramı olacaq!

Moskvada həmişə belə olur. Oktyabr ayında Əmanət bankına girirsən, növbədə daynırsan–və birdən!–bayıra çıxıb görürsən dekabr ayıdır. Moskva möcüzələrin baş verdiyi şəhərdir.

Birdən mən necəsə MKİ (Mərkəzi kəşfiyyat idarəsinin) casusu olaraq, Moskva ilə bağlı bilgi toplamaq və buradakı adamların nə düşündüklərini öyrənmək üçün buraya göndərilsəydim, mənə elə gəlir, burada heç bir iş görə bilmədən, ümidsizliyə qapılıb qalardım.

Moskvada hərə özü üçün yaşayır və hərə də özü kimi düşünür. Hamının başında bir dolaşqılıq var, ancaq hərənin öz məxsusi dolaşıqlığı var, düşdükləri bu dolaşıqlıqdan baş aça bilmək üçün buradakı insanlar ya biri-biri ilə çox yaxından dostluq eləyir, ya da biri-birini qanına bələyəcək savaşlara girirlər.

Bundan başqa da, gün ərzində insanların düşüncələri kökündən dəyişilə də bilər.

Moskvalı səhər yuxudan demokratiyanı sevən və “Spartak” klubunun fanatı kimi ayıla bilər, gündüz isə onda millətçilik duyğuları baş qaldıra bilər, o, yenidən Sovet İttifaqına qayıtmağı arzulayar, Avropanın adını eşitməkdən ürəyi bulanar, axşam isə “Spartakı” görməyə belə, gözü olmaz.

Moskvada hər şey toqquşmalardan asılıdır. Baxın, Moskvanın yaz günlərinin birində olduqca gözəl bir qız çox qısa donu ilə gəzməyə çıxıbdır.

Donu çox qısa olduğundan, gərək qız metronun eskalatorunda gedəndə ona, aşağıdan yuxarı baxmayasan və budur, gözlənilmədən, bu gözəl qızın baxışları iri gövdəli bir ruhani ilə toqquşur.

Ruhani gözəl qıza qınayıcı baxışlarla baxmır, o, qıza erkəklik duyğusu olmayan, hansısa özgə bir varlıq kimi yanaşır.

Birdən qızın başında hər şey tərsinə çevrilib biri-birinə qarışır, o hər şeyi unudur, ən yaxındakı, damı xaş-xaş çiçəyinin çanağına oxşayan kilsəyə qaçır, orada özünə bürüncək tapır: qısa donunu tozlu bir kisə ilə örtür və iki saatlıq ibadətdən sonra, kilsənin qapısından duyğulu və göz yaşları içində çıxır.

Yaxud da, bu gözəl qız eskalatorla yuxarı qalxır, onun arxasınca isə Çeçenistandan olan bir dağlı gəlir, dağlı oğlan gözünü onun qısa donunun altına dikib baxır, qızın qırmızı rəngli alt tumanının nazik telə oxşar arxa hissəsini görüb ağzını bərkdən, ədəbsizcəsinə, marçıldadır və bunu görən qız bir anın içində bütün yadellilərə yağı gözü ilə baxmağa başlayır, metrodan çıxıb meydana toplaşan adamlara qoşulur, onlarla birgə qışqırmağa başlayır:

“Moskva yalnız moskvalılar üçündür!”

Birdən, bu qafqazlı gənc ağzını belə marçıldatmasaydı, böyük bir gül buketi alıb qıza bağışlasaydı, onda bu gözəl qızın nə edəcəyini indi daha kimsə deyə bilməz.

Yox, birdən bu, iş axtarmaq üçün Moskvaya gələn gənc, öncə bu qıza çiçək buketi bağışlayıb, sonra, tutalım, onu qaranlıq bir dalana çəkib, qızın qəmli düşüncələr doğuran bu qırmızı alt tumanının nazik ipini dartıb qırsaydı, sonra onu zorlasaydı, onda qız dilemma qarşısında qalacaqdı.

O, indi hara getməlidir? Yoxsa polisə gedəcəkdi?.. Polisdə onun qısa donuna və cırıq alt tumanına baxıb güləcəkdilər, çox ola bilsin, söz ataraq da, əl ataraq da, onu aşağılayacaqdılar.

Qız bütün bunlardan acıqlanacaqdı, qanun keşikçilərinin şişkin və özündənrazı üzlərini görməyə gözü olmayacaqdı və ertəsi günü Triumf meydanına gedib orada millətçilərin “narazılar” adlanan təşkilatının keçirdiyi mitinqə qoşulacaqdı, buradakı müxalifət liderləri ilə tanış olacaqdı, birdən o gün bu liderləri polis saxlamasa, onlar qızı evlərinə çağıracaq, ona mövcud “əliqanlı rejimi” tanıdıb gözünü açacaqdılar və bu vaxt onun dizini sığallamağı da unutmayacaqdılar.

Ya da bu müxalifət liderlərinin hamısını tutacaqdılar, qızı da onlarla birlikdə saxlayacaq, ayaqları və əllərindən tutub yaxınlıqda dayanmış avtobusa aparacaq, orada üst-başını axtarandan sonra “meymun qəfəsi” adlanan müvəqqti saxlama kamerasına salacaqdılar.

Mən Afrikadan başqa heç bir yerdə rus polisi kimi əlindəki hakimiyyətdən keflənmiş polis işçisi görməmişən.

Polislərin üzündən, onların ürəkləri istədikləri hər şeyi eləyə biləcəklərinə inam oxunur, onlar bacardıqları qədər hər şeyi yoxlayıb sınaqdan keçirməyə haqlıdırlar, ona görə də, Adəmin daddığı idrakverici almadan da bir dişləm götürüb, onun yeməli olmadığını bilərək, ağızlarındakı alma qırığını asfaltın üstünə tüpürmüşlər.

Oradakı “meymun qəfəsində” bu gözəl qızı yetərincə ələ salıb ona qarşı zorakılıq elədiklərindən, qızın psixi sağlamlığı korlanacaqdır: o gündən sonra bu qız liftə tək girməkdən və balıq yeməkdən çəkinəcəkdir, axı balıq yeməkdən güclü zəhərlənmək olar.

Yaxud da polislə və ya müxalifət liderləriylə intim yaxınlıq eləyəndən sonra, onda birdən-birə bütün kişilərə qarşı qatı nifrət yaranacaqdır və o öz cinsi təlabatını bacılığı olan Tanka, ya da Lyubka ilə, ya da onların ikisi ilə birdən ödəməyə başlayacaqdır.

Qızlar cütləşirlər... Laokanın heykəlinə oxşar bir qızğınlıqla biri-birinə sarmaşıb seksə qapıldıqları bir anda Tankanın atası səssizcə qapını açıb otağa girir.

Mayor rütbəli keçmiş hərbiçi olan qocanın əlində ərzaq dolu çanta vardır. Zabit utandığından özünü itirir. Tanka divanın üstündən ona çəp-çəp baxıb qışqırır:

– Sən nə üçün gəldin?

– Yemək gətirmişəm.

– Yaxşı, get gəziş! Axşam gələrsən!

– Mən mətbəxdə oturum. Çay içmək istəyirəm.

– Sənə dedim: itil get!

Çılpaq qızlar kişnərtiyə oxşar bir səslə gülüşürlər.

– Çantanı saxlayımmı? – mayor sıxıntı içində soruşur.

– Sənə dedim, itil buradan! – Tanka onun üstünə bağırır.

Tanka atasına görə xəcalət çəkir. Sovet zabitlərinin zamanı keçdi, vaxt var idi onlar küçədə biri-birini görüb əllərini papaqlarının günlüyünə qaldırardılar, onlarla hər yerdə qarşılaşmaq olardı, onlar belə çox olduğundan, Moskva bir hərbi şəhərciyə, mülki adamlar isə paytaxtın qonaqlarına bənzəyirdi.

İndi zabitlər gözəgörünməz olublar və əllərini papaqlarının günlüyünə aparıb salamlaşan adamlar da gözə dəymir, birdən onları görsən, adama elə gəlir, bunlar artıq başqa adamlardır: toxdaqlıq və susqunluq içində keçib gedirlər, elə biləsən, hansısa müharibəni uduzublar...

– Kütbeyin! – Tanka atasının ardınca qışqırır.

Qızlar yenidən kişnəşirlər.

– Nə yaxşı, mənim atam ölüb, – bizim tanışımız olan gözəl qız ayaqlarını yelləyərək dillənir. – O da zabit idi!

Qızlar yenidən şaqqanaq çəkib gülürlər... Onlar birazdan durub diskotekaya gedəcək, orada oğlanları özlərinə yaxın buraxmayacaq, onlara yuxarıdan aşağı baxacaqlar.

Sonra onlar biri-birinə qüssəli yalanlar danışacaqlar, indi Moskvadakı bütün qızların hansısa xəstəliyə yoluxduqlarını, onların içində sağlam birisini tapmağın mümkün olmadığını, hamısının ya başında tarakan, ya da qasığında bit yuvası olduğunu deyəcəklər.

Uzun-uzadı danışıb sızıldayacaqlar. Hələ desən dalaşacaqlar da.

Ancaq aralarında nə baş verirsə versin, onlar bazar günü, yenidən, bir yerə yığışacaqlar; bəzənib düzənərək yaşadıqları beşmərtəbələrdən: kimisi Mitinodan, kimisi Cənubi Butovdan, lap ola bilsin Mıtişidən çıxıb, “Çistıe prudı” bulvarına kapuçino kofesi içməyə gələcəklər.

Qarasaçlı Tanka Armani firmasının geyimlərində, qara gözlük taxıb gələcək, Lyubka uzunqıç torlu corabda olacaq, bizim tanışımız olan gözəl qız isə, elektrik qatarına minsə də, romantik xəyallardan yaranmış buludların üstündə uçaraq görüş yerinə gəlib çıxacaqdır.

Onlar baxanların ehtiraslarını coşduran ayaqlarını sürüyə-sürüyə yeriyirlər. Onlar hər an, amansız Moskva küləyinin dağıtdığı saçlarının qayğısını çəkirlər. Onların üzlərinə tülkücəsinə bir gülüş qonub, elə bil, onlar indidən bu gecə başlarına nələrin gələcəyini bildikləri üçün belə bic-bic gülümsəyirlər.

Onların bədəni kamanın yayı kimi dartılıbdır, özləri isə ox kimi atılmağa hazırdırlar. Onlarda çatışmayan bircə şey varsa o da xristian həlimliyidir, qalan bütün şeylərini üstlərində gəzdirirlər. Ancaq onlar hələ gələcəkdə ruhanilərlə də görüşəcəklər...

Beləcə, vaxt ötüşəcək və günlərin birində, Tanka, Lyubka və bizim tanışımız olan gözəl qız, moskvalı nənələrə çevriləcəklər.

Bu nənələr, öz ömürlərini gözəçarpmadan və çox yeyinliklə yaşayaraq ölümsüzlük fiqurlarına çevrilirlər, bu ölümsüzlüyü onlar öz ərlərini və bir neçə rus hakimini yola salmaqla qazanırlar.

Ölümsüzlüklərinə çatandan sonra isə, bu qoca qarıların başlıca qayğıları gəncliyin cılızlaşması və gərəksiz bir ömür sürməsi, bir də özlərinin ürəyəyatımlı pravoslav görünüşlərini yaradıb ortaya çıxarması olacaqdır.

Axsayaraq yeriyən bu qarılar ara vermədən dönüb arxaya baxırlar, deyəsən, kiminsə onları güddüyünü düşünürlər, sizinlə danışmağa başlayanda isə, onlar dik gözünüzün içinə baxır, elə bil, sizin hansısa pis niyyətinizin olduğunu sanırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG