Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:35

"Kənd camaatına məxsus gölü zəbt ediblər"


İllüstrasiya
İllüstrasiya

►“Bu göldə hər il tonlarla balıq olur. Heç bir yerdə iş tapmayan, qazancı olmayan kəndlilər ac qalmamaq üçün ovlayıb dolanırdılar.

İndi icra hakimiyyəti başçısının yaxın qohumları gölə də, ruzimizə də qənim kəsiliblər”

Zərdabın Gödəkqobu kənd sakinləri kənddəki gölün zəbt olunduğunu deyirlər.

Abdulhəmid Əhədov:

“Kənd inhisara alınıb. Gözə gələn nə varsa, açıq- aşkar talayırlar. Kənddə yerləşən 16 hektar ərazini əhatə edən gölü saxta sənədlərlə zəbt ediblər. Hansı ki, dədə-babadan kənd camaatı həmin göldən balıq tutub, quş ovlayıb. İndi isə rayon məmurları gölü zəbt edib özləri üçün qanunsuz balıqçılıq təsərrüfatı qurublar. Balıq satıb mənfəət pul qazanırlar. Sadə kəndlilərsə gölə yaxın düşə bilmirlər. Halbuki bu göl kənd camaatına məxsusdur”.

KÜLLİ MİQDARDA GƏLİR...

Kəndli deyir, uzun illər gölü qoruyublar. İndi isə həmin gölün balığına, quşuna həsrət qalıblar:

“Bu göldə hər il tonlarla balıq olur. Heç bir yerdə iş tapmayan, qazancı olmayan kəndlilər ac qalmamaq üçün ovlayıb dolanırdılar. İndi icra hakimiyyəti başçısının yaxın qohumları gölə də, ruzimizə də qənim kəsiliblər”.

Şikayətçi bu işlərdə konkret adlar da çəkib. Onun iddiasına görə, bu işlərin başında dayananlar rayon icra hakimiyyəti başçısının Gödəkqobu kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Müzəffər İxtiyarovla qardaşı oğlu - Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarovdur:

“Həmin göldə saxlanılıb satılan balıqdan əldə edilən gəlirin məbləği külli miqdardadır, ancaq dövlət vergisi də verilmir. Bu barədə icra hakimiyyətinin başçısı Lütfəli Babayevə etdiyimiz şikayətlərə baxılmayıb, heç bir tədbir görülməyib”.

GÖLÜN BİR HİSSƏSİ İCARƏYƏ VERİLİB?

Zərdab rayon icra hakimiyyətindən bildiriblər ki, gölün bir hissəsindən Bayram Novruzov adlı şəxs icarə müqaviləsi əsasında istifadə edir. Yəni gölün nə kənd bələdiyyə sədri, nə də kənd icra nümayəndəsi ilə heç bir əlaqəsi yoxdur.

Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarov isə məsələyə belə aydınlıq gətirdi:

“O göllə mənim heç bir bağlılığım yoxdur. 2002-ci ildən Bayram Novruzov həmin göldən təsərrüfat məqsədilə istifadə üçün müraciət edib. Həmin il keçmiş Torpaq və Xəritəçəkmə Komitəsindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bütün lazımi sənədləri əldə edib. Tam qanuni şəkildə istifadə edir. İndi özünə məxsus olan hissəni qoruq kimi hasara alıb, bu da bəzi adamların xoşuna gəlməyib. İcarəsində olan yerdir. Həm də Abdulhəmid Əhədovun dediyi kimi, ərazisi 16 hektar yox, 8 hektardır”.

Kənd sakini isə iddia edir ki, adına icarə sənədi düzəldilmiş şəxs də elə İxtiyarovların yaxın qohumudur.

Hüquqşünas Namizəd Səfərov deyir, kütləvi istifadədə olan sahələr fərdi şəxslərə icarəyə verilə bilməz. Əgər kəndlilər göldən istifadə edə bilmirlərsə, məhkəməyə müraciət edə bilərlər.

XS
SM
MD
LG