Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:01

İcra başçısının oğluna yüngül cəza...


İcra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli (solda).

İcra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli (solda).

-

«Baş prokuror söz verdi. Hər halda, o boyda adam sözü deyirsə, nə isə olar. Ona görə də hələ ümidimi tam üzməmişəm...» – bunu AzadlıqRadiosuna Qəbələ rayonunun Karxana kənd sakini Qəhrəman Süleymanov deyir.

Oğlu Əhliman Süleymanov paytaxtın Nəsimi rayonunun yeni, Səbail rayonunun isə sabiq icra başçısı Asif Əsgərovun oğlu, 1998-ci il təvəllüdlü İlham Əsgərli ilə birlikdə yol nəqliyyat hadisəsinə görə mühakimə olunub.

Ötən il sentyabrın 27-də Türkan-Zığ yolunda İlham Əsgərlinin idarə etdiyi «Mercedes S500» markalı avtomobil Əhliman Süleymanovun idarə etdiyi «Howo» markalı yük maşını ilə toqquşub. Nəticədə həmin vaxt «Mercedes»də olmuş, «McDonald's»ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev dünyasını dəyişib.

Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə çıxarılan hökmə əsasən, Əhliman Süleymanov 6 il, İlham Əsgərli isə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər heyəti hökmü İlham Əsgərli ilə bağlı hissədə dəyişərək, icra başçısının oğlunun cəzasını 3 ilə endirib. Əhliman Süleymanovun cəzası isə olduğu kimi saxlanılıb.

«YƏQİN GÜLLƏLƏYƏRDİLƏR»

Qəhrəman Süleymanov

Qəhrəman Süleymanov

İlham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qəhrəman Süleymanov deyir ki, məhkəmə nəinki onun oğluna, iki azyaşlı nəvəsinə münasibətdə də çox böyük ədalətsizlik edib: «Mənim oğlumun günahı nədir? Öz yolu ilə getdiyi yerdə gəlib onu arxadan vurublar. Ekspertin rəyində də var ki, «Mercedes» 180-200 sürətlə gəlib vurub. Hələ bunu arxadan vurublar, 6 il verdilər, gör indi bu vursaydı, yəqin güllələyərdilər. Belə haqsızlıq olar? İş oxuyanda dedilər ki, birinci dəfə məhkum olunmağı, qəzadan sonra düşüb dərhal yaralıya yardım göstərməsi, himayəsində iki körpə uşağın olması yüngülləşdirici hallardır, amma axırda da həmin maddədəki ən ağır cəzanı verdilər. Niyə? Məgər o, hansısa məmur balasına demişdi ki, «gəl, maşını mənim sürdüyüm maşına çırp»? Mənim uşağımın əlləri işləməkdən qabar-qabardır. Yük daşımaqla ailəsini saxlayırdı. Bunu Allah götürər?! Bu 6 il tək Əhlimana yox, həm də onun ailəsinə, iki körpə balasına verildi. İki qızı var, biri 3 yaşında, biri də yaş yarımlıq. 3 yaşında uşağın gözləri tutulur. Əvvəllər müalicə etdirirdik, atasının başına bu iş gələndən sonra edə bilmədik. Vəziyyəti lap ağırlaşdı. Kənd yeridir, iş-güc yox, mən bunları necə dolandırım? Dayandığımız yerdə bütün həyatımızı məhv etdilər...».

Əhliman Süleymanov 6 il azadlıqdan məhrum edilib.

Əhliman Süleymanov 6 il azadlıqdan məhrum edilib.

İNTİHAR FİKRİNDƏN DAŞINIB

Qəhrəman Süleymanov deyir ki, oğlu barədə məhkəmənin məlum hökmündən sonra dövlət orqanlarından birinin qarşısında intihar etmək istəyib. Amma sonra fikrindən daşınıb:

«Fikirləşdim ki, mən də ölsəm, bu körpələri kim saxlayacaq? Ata yox, ana işləmir, acından öləcəklər. Prezident Administrasiyasına nə qədər ərizə yazmışam, Fuad Ələsgərovla görüşmək üçün nə qədər ayaq döymüşəm. Alınmadı, kimdir bizi ora buraxan?!».

Cinayət işi hazırda Ali Məhkəmənin icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin qərarından həm Əhliman Süleymanov, həm də iş üzrə zərərçəkmiş Maqsud Mirzəyevin nümayəndəsi, vəkil Afət Qazıyeva Ali Məhkəməyə kasasiya şikayəti verib. Eyni zamanda, Maqsud Mirzəyev İlham Əsgərlinin cəzasının azaldılması ilə əlaqədar prezident İlham Əliyevə məktub yazıb.

«Bakı Apellyasiya Məhkəməsi ədalət mühakiməsini bir məmurun sifarişinə qurban verib. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə qəbul olunan qərar insanlarda ədalətə olan inamı öldürməklə bərabər, həm də qanun qarşısında hamının bərabər olmadığını göstərir», - deyə məktubda qeyd edən Maqsud Mirzəyev dövlət başçısının bu işi öz nəzarətinə götürməsini istəyib.

ZAKİR QARALOV SÖZ VERİB

Ali Məhkəməyə kasasiya şikayəti verilsə də, işin hansı hakimin icraatında olduğu, məhkəmənin günü hələ məlum deyil. Oğlunun 14 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığını deyən ata imkansızlıqdan onun yanına gedə bilmir:

Zakir Qaralov

Zakir Qaralov

«İyunun 29-da apellyasiya məhkəməsi qərar çıxardı, ondan bir az sonra «14-cü kolon»a köçürdülər. Baxmayaraq ki, həftədə bir dəfə getmək olar, amma imkansızlıqdan yanına gedə bilmirəm. O vaxtdan cəmi iki dəfə getmişəm...».

Bütün bu baş verənlərə baxmayaraq, Qəhrəman Süleymanov ümidini üzmür. Onda ümid yaradan isə Baş prokuror Zakir Qaralov olub: «Baş prokuror Qəbələ rayonuna gələndə onunla görüşə bildim. Vəziyyəti ona danışdım, sağ olsun, diqqətlə dinlədi. Axırda dedi ki, «narahat olma, özüm bu işlə məşğul olacağam, nəzarətdə saxlayacağam». Hər halda, baş prokuror söz veribsə, deməli, nəsə olar. Qismət Allahdan...».

4 İL 6 AYDAN ARTIQ CƏZA OLMAMALIYDI

Məhkəmədə Əhliman Süleymanovun hüquqlarını müdafiə etmiş vəkil İlqar Musayev də AzadlıqRadiosuna bildirib ki, qanuna görə, məhkəmə ona 4 il 6 aydan artıq cəza verə bilməzdi:

«Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində göstərilib ki, təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə tibbi və ya başqa cür kömək göstərirsə, bu, yüngülləşdirici hal sayılır. 60-cı maddədə də göstərilib ki, əgər təqsirləndirilən şəxsin əməlində CM-nin 59.1.10-da müəyyən olunmuş yüngülləşdirici hal varsa, ona təyin olunan cəza maksimum həddin dörddə üçündən artıq ola bilməz. Yəni, qanun bunu birmənalı göstərir. Məsələ burasındadır ki, qəzadan sonra «Mercedes»də yanğın başlayıb və Əhliman yanan maşının söndürülməsində, yaralıların içəridən çıxarılmasında, təcili yardımın çağırılmasında və xəsarət alanların ora yerləşdirilməsində iştirak edib. Bunu məhkəmədə şahidlər də dedilər. Cinayət Məcəlləsinin 263.2-ci maddəsində maksimum hədd 6 ildirsə, deməli, ona 4 il 6 aydan çox cəza verilə bilməzdi. Amma faktiki nə yüngülləşdirici hallar nəzərə alındı, nə də qanunun tələbi. Həm də qanuna görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərdə cəza beş ilə qədər olanda, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. Görünür, həm də buna imkan vermək istəmədilər...».

Həm İlham Əsgərli, həm də Əhliman Süleymanov barəsində ibtidai istintaq və birinci instansiya məhkəmə dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi. Mayın 12-də hökm çıxarılarkən onların hər ikisi məhkəmə zalında həbs olundu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG