Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:00

Bir dəfə parkda


Hikmət Carçılı Orhun
Hikmət Carçılı Orhun

- "Klassiklərdən danışanda müxtəlif təzkirəçilərin yazdığı oçerklərin üzərinə danışdı, müasirlərdən danışanda müasir tənqidçilərin yazılarına istinad elədi."

Hikmət Carçılı Orhun

Atatürkə oxşatdığım Heydər Əliyev

...Nahara az qalırdı. Qarnım ac olduğundan yumurtası tərs gəlmiş toyuq kimi Sahil bağında o yana, bu yana dolanır, az əvvəl zəngləşdiyim dostları gözləyirdim.

Onların gəlməyini gözləyirdim ki, bir yerə varıb naştoylanaq. Yuxarıda dediyim kimi, ətrafda axşamdan içib, skamyalarda yatan əyyaşları, qəzet oxuyan əmi-dayıları, velosiped sürən, göyərçinləri tutmağa çalışan uşaqları süzə-süzə var-gəl edirdim.

Bir az aralıda biri-birinə çəmkirən sevgililər diqqətimi çəkdi. Deyəsən, oğlan vədələşdikləri saatdan xeyli gec gəlmişdi.

Qızın əsəbiləşdiyini görəndə min bir bəhanə ilə özünə haqq qazandırmağa çalışır, əl-ayağı ilə yerə-göyə işarə edir, and içirdi.

Günüqaranın səsi get-gedə yüksəlirdi. Birdən saçına əl atdı. Saçını, başını yolub özünü yerə çırpdı: “Sən mənə heç nə edə bilməzsən”.

Skamyalarda qəzet oxuyan ağsaqqal kişilər, övladını gəzdirən valideynlər, velosiped sürən, göyərçinləri tutmağa çalışan uşaqlar bir anlıq başını qaldırıb, gözünü onlara dikdilər.

Yarı başını bulayırdı, yarı dizini döyüb üzünü cırırdı. Hamının üzündə bir ifadə hakim kəsilmişdi: “Görəsən, oğlan qıza nə etmək istəyir?” Ətrafda sakitlik idi, qəfil bir səs qopdu: “Yazıq! Dəlixanalıqdır”.

Elə bunu eşitmişdi, oğlan qızı bir-iki dəfə şapalaqlayıb qoltuğuna vurdu. Parkın başında gözdən itdi. Qayıdacaqlarını gözləyirmiş kimi gözlərimiz hələ də ora dikili qalmışdı. Maraq kopolu şeydi, mən ölüm!

İki-üç dəqiqədən sonra həyat öz axarına düşdü. Elə bil, bayaqkı həngaməni yuxuda görmüşdük. Nə o qız, nə o oğlan, nə o hadisə, nə o səs-küy olmuşdu elə bil.

Yenə saçı dümappağ ağarmış ağsaqqallar qəzet oxuyur, valideynlər övladlarının əlindən tutub ətrafı gəzdirir, ata-anasının əlindən qurtulan uşaqlar isə göyərçinləri tutmağa çalışır, bir balaca böyükləri velosiped sürürdülər.

***

Nahara yaxın idi. Adamlar yavaş-yavaş seyrəlir, gedənlərin yerlərini yeniləri tuturdu.

Bir haşiyə çıxım: Ümumiyyətlə, fikir vermişəm, Bakıda yarı yaşı yaxalamış adamların əksəriyyəti ya işsizlikdən, ya da pensiyaya çıxdığından gününü parklarda keçirməyə üstünlük verir.

Halbuki, rayon və kənd yerlərində “əlimi ağdan-qaraya vurmaram”, - deyən ağsaqqal adamların altmış, yetmiş faizi azı bir ağacın dibini belləməyi, bir gülün budağını daramağı bacarır.

Bu səbəbdən təklif edirəm, Bakıda pensiyaya çıxandan sonra qulpundan yapışmağa iş tapmayan yaşlıları evdən, mal-qaradan alıb, rayon yerlərinə yollayasınız. Onlar işləməsələr, dayana bilməzlər.

Bu fikir daha çox Sovetlər birliyi dağılandan sonra evdən bayıra çıxmayan, televizor qabağında oturmaqdan beli bükülən, nə edəcəyini bilmədiyindən “ah” çəkən, “ah” çəkə-çəkə saçı tökülən adamlara şamil edilir.

***

Bir saata yaxın idi, skamyaların birində oturub gözləyirdim. Dostlarım isə gəlmək bilmirdi.

Bu müddətə üzərimdəki aclığı götürmək üçün bir dönər yemiş, hətta, yenidən acmışdım. Park isə boşalmış, bir də dolmuşdu. İstirahət günü olduğundan gedən-gələnin sayı-hesabı bilinmirdi.

Bu dəm panamalı, qara eynəkli, top saqqallı bir nəfər gəldi. Qara ayaqqabısının dabanını əyib, çəkələk eləmişdi. Qırmızı sızıqlı polis şalvarı, qara kostyum geyinmişdi. Əlindəki torbanı yelləyə-yelləyə oturduğum skamyaya yaxınlaşdı, icazə istəyib əyləşdi.

Kostyumunun yaxasına vurduğu şəkildəki adamı əvvəl Əbülfəz Elçibəyə, sonra Atatürkə oxşatdım.

O yana, bu yana yırğalandıqca gözüm cibindəki kitaba sataşdı. O kitabın üstündə də Atatürkün şəkli var idi. Bir azdan döşünü irəli verib, fəxrlə oturmuşdu. İkimiz də susurduq.

Çox keçmədi, bayaqdan əlində tutduğu torbanın içindən bir boz dəftər, bir qara qələm çıxardı. Tələm-tələsik nəsə yazıb, yerinə qoydu. Sonra yenidən torbanı qurdalayıb, bir mal konservi, bir para çörək çıxardı. İfcin-ifcin düzəndən sonra yönünü mənə çevirdi:

- Qonağım ola bilərsiniz...

Mal konservi yeyən adam olmadığıma görə, dostlarımı gözlədiyimi, bir neçə dəqiqəyə gedəcəyimi bildirib, təşəkkür etdim. Elə mənə də bu lazım idi, danışmağı.

Bayaqdan diqqətimi çəkən dəftərinə nə yazdığını soruşdum: “Olmaya şairsiniz?! Şeir yazırsınız?”

Dua yazırmış. Adəti beləymiş. Hər dəfə çörək kəsməzdən, çay içməzdən, uzaq yola çıxmazdan əvvəl yazar, işini tədbirli tutar. Bəşəriyyətin xilası Yaradana dua etməkdədir.

Deyir, hər kəs dua etməli, yaratdığı tüm nemətlərə görə, təşəkkürünü bildirməlidir: “Şairlər isə axmaqdır!”

Nizamini, Füzulini, Nəsimini bir düha kimi qəbul edir. Onun fikrincə, ədəbiyyat da, şairlik də elə onların dövründə qalıb. Dindar deyil, ancaq həm də elə düşünür ki, şairlər bir növ Allaha şərik qoşurlar.

Bir xeyli söhbət elədik. Naxçıvanın Şahtaxtı kəndindənəm dedi. Adı Pərviz Baba idi. Gəlib keçmiş şairlərin hamısının yaradıcılığından xəbəri vardı. Az qala hərəsindən bir bənd, bir beyt dedi.

Klassiklərdən danışanda müxtəlif təzkirəçilərin yazdığı oçerklərin üzərinə danışdı, müasirlərdən danışanda müasir tənqidçilərin yazılarına istinad elədi. Məlumatlı olduğu bəlli idi.

Ayrılar-ayrılmaz sual verdim ki, bu məsələlər aydındır. Dua edəndə vətənin, millətin taleyinə dair nəsə deyirsinizmi? Ölkədə bu boyda problem var, vəziyyətdən necə çıxacağıq? Ölkə kasıblayır, insanlar işsiz, uşaqlar əyninə geyinməyə paltar, yeməyə çörək tapmır. Axırımız nolacaq? Bu rejim nə vaxt dəyişəcək?

Kişi ağzını açıb cavab vermək istəyirdi ki, telefonuma zəng gəldi. Dostlarım idi. İnternetdə çox oynadığıma görə, enerjisi az olduğundan zəngə cavab verməyə macal tapmamış söndü.

El dilində desək, “prostoy” telefonumu çıxarıb, dostlarımı yığmaq istəyirdim ki, ağsaqqal əlimdən tutdu: “İki telefon işlədirsən, özün də aclıqdan, problemdən danışırsan. Bundan gözəl hökumət?!”

Telefonda dostlarımın nömrəsini yığa-yığa əyilib ağsaqqalın yaxasındakı şəklə bir də baxdım. Əvvəl Əbülfəz Elçibəyə, sonra Mustafa Kamal Atatürkə oxşatdığım kişi Heydər Əliyev imiş.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG